03.06.2011

Yuxarı atılan daşlar

Bilal Alarlı           "Nöqtələr" ədəbi qrupu


Gəl, oyun oynayaq,
mən söz deyim,
sən qafiyəsini tut
və anla ki,
nə qədər fərq var
qafiyəsi tutulanlarla
qafiyə tutanların arasında.
...
Sənə gələn zənglərin
səsi qorxa-qorxa çıxır,
amma yaman titrəyir
və titrədir hisslərini.
“Bəli” düyməsini basıb,
“Yox” deyirsən-
qalırsan bu təzadın arasında.
...
Hara tüpürmüşdün,
haranı yalayırsan!
Bilirəm indi qazan dibi qaşımırsan,
daşan yerə çömçə vurursan.
Yal üçün yalayanlar
və yalmananlar
ac qalmır.
Ac qalanlar
hər şeyə bircə dəfə tüpürənlərdi.
...
Başı mənim,
döşü mənim,
leşi mənim deyirsən.
Görürəm elə baş yeyirsən,
döş yeyirsən,
leş yeyirsən.
...
Dünyanın sonuncu şairi
sinəsinə yazacaq son misralarını
donor ürəyini implantasiya edənlər
açıb oxusunlar deyə.
Onun ürəyi köçürülən xəstə
bəlkə də
Yer kürəsinin sonuncu oxucusu olacaq
və anlayacaq ki,
şair ürəyini yeyirmiş neçə vaxtı.
...
Çox görmə sinəmə çəkilən dağı,
dostum, alçaqları mən necə aşım?
Qaynayır içimdə səbrin bulağı,
quruyub qalmışam, deyirsən, daşım...

Hərə bir söz deyir, mən də deyirəm,
səni görən haqdan döndü deyirəm.
Mən Allah demirəm, bəndə deyirəm,
daş bütün önündə əyilmir başım.
...
Ələyin ələnib, əlin boşdadı,
əl daşından keçib ömrü daşladın.
Ayağa düşmüsən, yerin başdadı,
əl nədi, daş nədi, başını gözlə.

Soyuq gün ömrünə isti yazılıb,
yaxşıdı, yamandı, pisdi-yazılıb!
Ayaqda sinədan-üstü yazılıb,
başda başdaşındı, daşını gözlə.

Nə Aşıq Alı var, nə də Ələsgər,
zərgər çəkənləri nə bilir misgər.
Ömür sərkərdədi, günlər də əsgər,
qırılıb-çatılan qoşunu gözlə.
...
Vaxt yetişdi, ağrın alım, ay Vəli,
köçdük, xəbər elə Məmməd İlqara.
Süzdük badələrə sözü şərab tək
içdik, xəbər elə Məmməd İlqara.

Sən yandın, kor olduq biz də tüstünə,
fələk yenə durub şair qəsdinə.
Haqqı gəzə-gəzə haqqın üstünnən
keçdik, xəbər elə Məmməd İlqara.

Əl götürsün qoşma adlı gözəldən,
doymadımı gəraylıdan, qəzəldən?
Əbədi dünyada elə əzəldən
heçdik, xəbər elə Məmməd İlqara.

Üz varmı öyünək əməlimizlə?
haldan-hala düşdü söz əlimizlə.
Bu yanmış zəmini öz əlimizlə
biçdik, xəbər elə Məmməd İlqara.

Geri aldıq girov qoyulan ömrü,
de, kim yaşayacaq o qalan ömrü?
Xoş sözə aldandıq, bu yalan ömrü
seçdik, xəbər elə Məmməd İlqara.
...
Sənə təzə şeir yazmaq istəyirəm,
köhnəsini indicə bitirdim.
Bilirəm, охumayacaqsan,
bu şeiri də
köhnələr kimi
cırıb tullayacağam
zibil qutusuna.
Sən də qutunu bоşaldıb
köhnə qaydayla yandıracaqsan
içindəkiləri… zibildir deyə.
...
Hər şeyi görən adamlar
və görə bilən adamlar
gözlərini yumurlar ki,
kora oxşasınlar,
həm də kor olduqlarına şübhə qalmasın.
Gözü çıxan qardaşlar
ibrət dərsidi
kor gözlərini qoruyanlara.
Baxar korların
yaddaşı güclüdür axı.
...
Bir az yaşın böyükdü,
bir az başın,
elə bilirdin, məndən yekəsən?
Səni elə böyütmüşdüm,
özüm balaca görünürdüm yanında.
Mən nə bilim,
sən içindəki qumluğu sellər yumuş
boş mağarasan.
Səndə daldalanmaq belə təhlükəlidir,
ovulub-tökülürsən
içindəki boşluğa.
...
Nənəm deyərdi,
saqqalım ətdəndi,
sözüm keçmir.
Saqqalı ətdən olan xoruzun
məharətinə heyrət edirəm.
Banlayır
və banladır dünyanı.
Nə tez, nə gec-
vaxtında banlamaq gərəkdir,
o da vacibdir ki,
sən banlayandan sonra
səhər açılsın.
...
Bu da sevgi tortu,
ye, nə qədər istəyirsən,
istəyirsən yala yağlı yerindən,
üstündən bir stəkan
yaxşıca dəmlənmiş çay da vur.
Sonra görəcəksən,
sənə elə barmaqlarını yalamaq qalıb.
Sonra görəcəksən,
səndən yaxşı sorur barmaqlarını
tortunu yediyin.
...
Ən yaxşısı, bilirsən, nədir-
malını və canını yeyənlər
səni küçəyə atmayalar
dizlərin əsəndə.
Ən pisi odur ki,
ayağını öpənlər ayaqlaya səni
ayaqların sözünə baxmayanda.
Ən yaxşının və ən pisin arasında
seçim qalmayanda
tükəndiyinə inanırsan.
Inanırsan ki, canlı meyidsən
Özlərini diri sayan
ölülərin arasında.
...
Belə ki diksinirəm,
başıma hava gələcək,
ya bu gün,
ya da sabah gələcək.
Başqalarının dərdini çəkib
səksəkə içində yaşamaqdan
dəli olmaq yaxşıdı.
Qoy bundan belə başqaları
mənim dərdimi çəksinlər
öz dərdləridir deyə.
...
Qoca yaşımda
qəlbimə dolan məhəbbət
başıma gələn
hava kimi bir şeydi.
Məhəbbət gedir,
hava qalır
yaş ötdükcə.
...
Savadlı adamı sevmir
nə məmurlar,
nə ruhanilər,
nə də cəmiyyət.
Gərək avam olasan,
ya da avam görünəsən
avamların içində.
Çox bilənin başına çox iş gəlir
avamlığından...
...
Mən elə bilirdim, sən də dəlisən,
Yoxsa dəlilərin sirrini sənə verməzdim,
Ömrünü çürüdərdin
ağıllı adamların arasında
dəlinin birinə rast gələnəcən.
...
Gözlərini basmaq üçün
ovcumun içi gidişir.
Yanına düşmüş soyuq əllərini
qaldırıb zövqlə
sinənin üstünə qoymaq üçün
ürəyim gedir.
Ağarmış üzünə baxıb,
çiyinlərimi ata-ata
ağlamaq adıyla hırıldayacağam
üstündə.
Mənə çox gülmüsən axı...                                      
...
Hələ də özünü tanımırsan
Özgələr səni tanıyan qədər.
...
Məni öz düşməni bilən dostlarımdan
biri də öldü
və öldürdü
dostlarımın nə vaxtsa
düzəlmək ehtimalını.
...
Bu da
yol göstəricisi kimi
keçdiyim döngələrə bərkidilmiş
sonuncu işarə:
“Qabaqda uçurum var!”
Mən əvvəldən bilirdim
geriyə yol yoxdur.
...
Hamı ağciyər oldu getdi,
səni qara ciyər apardı.
Bu qədər ağrının içində
bir yaranın dərdini çəkmək
belə ağırdı?
Gözünü yuma bilmədin
gördüklərinə.
Bəlkə buna görə
gözlərini basdılar
görmək istəmədiklərin?!
...
Başımda fikir,
ocağın üstündə yemək qaynayır.
Fikrim daşdanır,
yemək qaynayıb quruyur
fikirli vaxtlarımda.
Ocağın üstündə yeməyimi,
başımda fikrimi bişirirəm guya.
Nə qədər bişsəm də,
nə qədər bişirsəm də,
nə qədər bişirilsəm də,
elə çiydir, deyib
sözümün başına
ip salmırlar
xoşbəxtlikdən.
...
Döşünə döyüb öyünürdü ki,
Koroğlunun sevimli dəlisiyəm.
Öyrəndim,
yalan deyirmiş,
psixodispanserdə baş həkim işləyən
Məmmədağanın dəlisiymiş
birinci qrup əlil kimi.
            
                                    

Комментариев нет:

Отправить комментарий