07.06.2011

Əliyevin güllələnmə tapşırıqları

Hamının yaxşı tanıdığı Əlisahib Orucov və Georgi Markaryan
Bu gün də heç kim bilmir: görəsən, hakim Əlisahib Orucov ölüm hökmünü hansı əsasla çıxarıb? Çünki cənab Orucov nə istintaqdakı şahid ifadələrini, nə də məhkəmədə dindirilən şahidlərin ifadəsini nəzərə alıb. Məhkəmədə bütün şahidlər istintaqdakı ifadələrindən imtina etmişdilər və bildirmişdilər ki, işi aparan müstəntiqlər onları belə ifadə verməyə məcbur ediblər. Yalnız bircə nəfər - erməni Georgi Markaryan ifadəsindən imtina etməmişdi.
Onları cəmi 4 saat sonra güllələdilər
Arkadi Vaksberqin “Gurultulu alqışlar” məqaləsindən sonra “Literaturnaya qazeta”ya gələn minlərlə məktubdan birini Azərbaycan SSR Ali məhkəməsinin hakimi O.Hüseynov yazmışdı. Məktubda deyilirdi: “Babayevlə Quliyevin işi mənə verilmişdi. Məhkəmə sədri işi mənə verəndə dedi: ”Əliyevin tapşırığıdır, hər üçünə güllələnmə verilməlidir". Mən bu işə baxmaqdan imtina etdim. Sonra işi R.Hüseynova verdilər. O da bu səbəbdən boyun qaçırdı. Işi Əlisahib Orucov götürdü. Müşavirə otağında Orucov Ali Məhkəmənin sədr müavini təyin olundu, hökm oxunandan sonra ədliyyə naziri vəzifəsi ilə mükafatlandırıldı...
SSRI Ali Məhkəməsinin sədri qərardan şikayət edəcəyini bildirir. Bu vaxt Əliyev işdə maraqlı olduğunu gizlətmir. Mühüm işlər üzrə müstəntiq O.P.Temuşkin Babayev və Quliyev güllələnəndən 10 il sonra yazırdı:
“Mən bir məsələ ilə bağlı SSRI Ali Məhkəməsinin sədri L.N.Smirnovun otağındaydım. Telefona zəng gəldi. Smirnov zəng edənə adı, atasının adı ilə müraciət etdi. Bildim ki, zəng edən Əliyevdir. O, SSRI Ali Məhkəməsinin Babayev və Quliyevlə bağlı şikayətini geri götürməsini tələb edirdi. Ali Məhkəmə sədri Siyasi Büro üzvlüyünə namizədin qarşısında dayana bilmədi...
Əliyevin tapşırığı ilə “KQB” generalı Abbas Zamanov Moskvaya uçur. SSRI prokurorluğunda və Ali Məhkəmədə məsələni həll edib geri qayıdır. Əvəzində qonşusu və yaxın dostu Qambay Məmmədovun yerinə respublika prokuroru təyin olunur.
SSRI Ali Məhkəməsi şikayətini geri götürəndən 4 saat sonra birinci şəxsin tapşırığı ilə hökm yerinə yetirilir".
***
Yeri gəlmişkən, Rekunkov SSRI baş prokuroru təyin olunan kimi, bu işi aparan mühüm işlər üzrə müstəntiqlər Çicuk və Qusev prokurorluqdan çıxarılmışdılar. Koliniçenko ilə bir yerdə çalışan, 1988-ci ildə onunla birlikdə Sumqayıt hadisələrinin istintaqını aparan Yakovun məlumatına görə, Qusev sağdır. Bizim onunla görüşümüz bizdən asılı olmayan səbəblər üzündən baş tutmadı.
Işlə tanış olmuş vəkillərdən biri mənimlə söhbətində bildirdi ki, müstəntiqlər prosedur qaydaları pozmuş, istintaq müddətində “KQB”dəki otaqlarda oturmuşdular. Işin sifarişli aparıldığı göz önündədir.
Məhkumlar Ali Məhkəməyə, Ali Sovetə şikayət hüquqlarından istifadə edə bilməmişlər.
Əliyevlə Saşa Babayev arasında münaqişənin kökləri
Əliyevin Saşa Babayevlə münaqişəsinin kökləri 60-cı illərə gedib çıxır. 1967-ci ildə Martunidə kolxoz sədrinin 9 yaşlı oğlu vəhşicəsinə qətlə yetirilmişdi. Ermənistan-Azərbaycan münasibətləri çox gərginləşmişdi. Sov.IKP MK bu məsələ ilə bağlı xüsusi qərar qəbul etmişdi. Istintaqı “KQB” və prokurorluğun istintaq idarələri aparırdı. Bu məsələyə görə azərbaycanlı məktəb direktoru və onun iki qohumu həbs edilmişdi. “KQB” müstəntiqlərindən fərqli olaraq,  prokurorluq müstəntiqləri hesab edirdilər ki, 9 yaşlı erməni uşağını azərbaycanlılar deyil, aranı qızışdırmaq istəyən ermənilər, ya da xüsusi xidmət orqanlarının nümayəndələri öldürmüşdülər. Çünki nə məktəb direktorunun, nə də onun qohumlarının erməni kolxoz sədri ilə aralarında münaqişə baş vermişdi. Bu qətldə günahlandırılan Məmmədovlar kənd əhalisinə qoşulub yoxa çıxan uşağın axtarışı ilə məşğul olmuşdular. Stepanakertdə bu məsələ ilə bağlı “KQB”nin istintaq idarəsinin rəisi Əliyevlə Babayev arasında mübahisə düşmüşdü. Şahidlərdən birinin dediyinə görə, onlar əlbəyaxa olmuşdular.
Məhkəmənin gedişində isə ermənilər hücum edib Məmmədovları döyə-döyə öldürdülər və dustaq maşınını yandırdılar.
Əliyev S.Babayevə bu əlbəyaxanı bağışlamadı...
Izik Quliyev isə H.Əliyevin qayınatası Əziz Əliyevlə bağ qonşusu olmuşdu. Çox bilməyi I.Quliyevin ömrünü qısaltdı.
“Əliyevin ən yaxın qohumlarının cinayətlərinin üstünü açdım”
Saşa Babayevdən sonra respublika prokurorluğunda istintaq idarəsinin rəisi olmuş Məmməd Quliyev yazır: “Babayevdən sonra istintaq idarəsinin rəisi mən təyin olundum. Mənim taleyim ürəkaçan olmadı. Mən bir dəfə Əliyevin dediklərinə əməl etməməyə çalışdım, mütəşəkkil cinayətkarlıq üstümə ayaq açdı. Əliyevin ən yaxın qohumlarının çoxsaylı cinayətlərinin üstünü açdım. Qatı cinayətkar S.Hüseynov həbs edilmək əvəzinə Azərbaycan SSR Ali Sovetində şöbə müdiri oldu. Hakimiyyətin gücü ilə özünə cəzasızlıq mühiti yaradan mafiya respublika həyatının bütün sferalarına sirayət edib”.
Nədən bu istintaq üçün məhz, sizi seçdilər, cənab Koliniçenko?
Bu suala Koliniçenko belə cavab verir:
- Ləkələmək çətin deyildi, qulaqdan çox qulaq, gözdən çox göz vardı. Əslində, fərqinə varmadılar, Məmmədovun adı  çəkilən hər məktubu götürdülər. Məmmədovun qurama cinayət işinə şübhə salan bütün məktubları redaksiyalardan, MK-dan, Nazirlər Sovetindən, Ali Sovetdən yığışdırdılar.
- Həmin işlərin təhlilinə sonra keçərik. Bəs siz onda harada idiniz? Necə oldu ki, mühüm işlər üzrə müstəntiq kimi Bakıya sizi göndərdilər?
- Məndən əvvəl Bakıya bir mühüm işlər müstəntiqi gəlmişdi. Bir neçə gün işlə tanış olur. Sonra Heydər Əliyevlə görüşüb Saşa Babayevlə dost olduğunu ona söyləyir və buna görə də işi aparmaqdan imtina edir. Deyim ki, SSRI prokurorluğunun mərkəzi aparatında Saşa Babayevi hamı mərd, sözünün ağası, ədalətli bir hüquqşünas kimi tanıyırdı. Buna görə də iki müstəntiq göndərilir. Onlardan biri sağdır. Mümkün olsa, sizi onunla görüşdürəcəyəm.
Amma hələlik, sizə deyim ki, bu repressiyalar adicə bir kolxoz briqadirinin istintaqı ilə start götürdü. Bəli, bəli, adi bir kolxoz briqadiri ilə bağlı əməliyyat məlumatları ölkədə nəhəng repressiya maşınını işə saldı.
Seyidovun işi...
Xaçmaz rayonunda hüquq-mühafizə orqanlarına məlumatlar daxil olmağa başladı ki, kolxozlardan birinin briqadiri Heydərov planda nəzərdə tutulandan çox sahə əkir. Bu sahədən yığılan tərəvəzi əldə satdırır və qazanılan pulu rayonun bir çox məsul vəzifə sahibləri ilə bölüşdürür.
Yoxlama təşkil edildi. Yoxlamaya rayon kənd təsərrüfatı idarəsinin baş mühasibi Seyidov rəhbərlik edirdi. Yazılan faktlar təsdiq edildi. Bu vaxt Heydərov Seyidova 300 rubl rüşvət təklif edir. Seyidov rüşvət almaqdan imtina edir və yazılmış aktı bütün komissiya üzvləri üçün imza atmağa hazırlayır. Heydərov rayona gedir və məsələ barədə arxası olan milis məmuruna məlumat verir. Milis məmuru Heydərova Seyidovun ondan 300 rubl rüşvət istəməsi haqqında ərizə yazdırır. Belə də olur. Pul tapdılar, nömrələrini yazıb, əməliyyat qrupu yaratdılar və dedilər:
“Tutun o rüşvətxoru!”
Istirahət günü Seyidov kolxoz idarəsində sənədləri yoxlamaya hazırlayırdı. Katibə qəbul otağında aktı makinada yazırdı. Qarşı otaqda kolxozun mühasibi Pəncəliyev otururdu. Rüşvətverən idarə binasına daxil oldu, on dəqiqə sonra geri qayıtdı, briqadir bir qədər özünü itirmişdi, amma işarə verməyi unutmadı: Rüşvət verildi!
Seyidovun otağına milislər doluşdu:
- Əllərinizi stolun üstünə qoyun, tərpənməyin! Siz bir neçə dəqiqə əvvəl rüşvət almısınız!
Özünü itirmiş Seyidov dilləndi:
- Mən heç nə almamışam!
Dəstənin rəhbəri bağırdı:
- Hal şahidlərini çağırın, axtarış aparacağıq!
- Bu, təxribatdır! - Seyidov müdafiə olunmağa cəhd etdi.
Pəncəliyevin çirkli pəncəsi...
Otaqda kağız üstündə kağız qoymadılar, hər yeri ələk-vələk etdilər. Bir nəticə olmadı. Istintaq qrupunun üzvləri, cinayət axtarışı idarəsinin rəisi özünü itirdi. Sərt baxışlarını Heydərova dikləyən qrup rəhbəri “çıx çölə görüm” deyib, onun qolundan tutub dürtmələyə-dürtmələyə çölə çıxardı.
Araya sükut çökdü. Beş dəqiqə sonra qrup rəhbəri özündən razı halda gülə-gülə qorxaq görkəmdə içəri girdi. Onun arxasınca sürgünə gedən adamlar kimi mühasib Pəncəliyev və Heydərov gəlirdi. Mayor təntənəli şəkildə Heydərova müraciətlə soruşdu:
- Sən rüşvəti kimə vermisən?
- Ona vermişəm, ona - Seyidovu göstərərək qımıldandı.
- Bəs siz bütün bunlar haqqında nə bilirsiniz? - bu dəfə mayor Pəncəliyevə müraciət etdi.
Pəncəliyev başını aşağı dikdi, gözlərini o yan bu yana çevirdi, əvvəl, guya çaşdı, Seyidova sarı yönələrək dedi:
- O, mənə pul verdi və xahiş etdi ki, gizlədim.
- Hansı pul, nə pul? - Seyidov birtəhər nəfəs ala bildi.
Onu heç kim eşitmirdi. Qrup Pəncəliyevin otağına sarı qaçışdı. Açıq seyfdən zərfə qoyulmuş pulu çıxardılar. Seyidov pulda əl izlərinin olması ilə bağlı soruşdu, onları ədalətli olmağa çağırdı. Bəlkə də səhv etdi. Bildirdi ki, o yoxladığı adama pul verə bilməzdi, bir də rüşvət almaqla aktı saxtalaşdırmaq mümkün deyildi, artıq ona üç nəfər komissiya üzvü qol çəkmişdi. Qrupun üzvləri də belə, bu nəticəni gözləyirdilər. Nəzərdə tutduqları cavabı aldılar. Həmin gün Seyidovu həbs etdilər.
Bu səhnənin təxribat olduğu istənilən hüquqşünasa aydın idi. Amma Azərbaycanda hüquq deyil, statistika hökmranlıq edirdi, bu adla rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Seyidov ədalətin deyil, statistikanın məhbusu idi.
Hər məbləğə görə cəza verilirdi. Bir çox yüksək vəzifəli məmurları güllələdilər, mərhəmət heç kimin yadına düşmədi.
(ardı var)
azadliq.info                   Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий