12.06.2011

Samir Sədaqətoğlu. Bir redaksiyada (Pyes)


Bir pərdəli məzhəkə
İştirak edirlər:
Kitabə xanım – katibə, 30 yaşlarında.
Tahirə Bəxtsiz – 30-32 yaşlarında.
Şair Qələmdar – 20-25 yaşlarında.
Manıs – 20 yaşlarında, bəstəkar. İri, qara eynək taxıb, çiyinlərinə qədər uzanan saçları, qulaqlarının birində sırğa var. Enli şalvarı, şalvarının üstünə buraxdığı ağ güllər və naxışlarla bəzənmiş qara rəngli enli köynəyi xüsusilə diqqəti cəlb edir.
Baş redaktor – 45-50 yaşlarında.
Redaksiyanın əməkdaşları.
 İşıq yanır. Qəbul otağı. Qəbul otağının sol tərəfində üstündə “Baş redaktor” yazılmış lövhə asılan qapı var. Qəbul otağında katibə KİTABƏ XANIM telefonla danışır.
KİTABƏ XANIM (dəstəyə): Hə, hə… Həəə? (Gülür) Ha-ha-ha! Hə? Hm… Hə… Ha-ha-ha… Yox, yox… Hə… Yooox…
TAHİRƏ BƏXTSİZ gəlir.
KİTABƏ XANIM (dəstəyə): Hə. Baxaram da! Hı… Yoox! Alacaqsan?.. Hə, yox? Ehh…  (TAHİRƏ BƏXTSİZi görür) Yaxşı, gələn var, sonra zəng vuraram. (Dəstəyi qoyur).
TAHİRƏ BƏXTSİZ: Fu! Bütün katibələr belədi. Gün uzunu ya telefondan sallanırlar, ya da…
 KİTABƏ XANIM: Ya da nə?
TAHİRƏ BƏXTSİZ: Ya da müdirdən… Eh, nə isə. Çox lazımdı mənə?.. Şef yerindədi?
KİTABƏ XANIM: Həri. Amma gözləməli olacaqsan.
TAHİRƏ BƏXTSİZ: Niyə, yenə iclasdı? Görəsən, bunnarın başının ayıq vaxtı olur ya yox? Həftənin yeddi günü, səhərdən axşama kimi: iclas-iclas, iclas-iclas. Fu! A balam, adam nə qədər iclas eliyər? Tuluqları partdasın bunnarın! Cəhənnəmə ki, keçirəm içəri.
KİTABƏ XANIM: Gözlə görüm. Mənə söz vermişdin, nə oldu?
TAHİRƏ BƏXTSİZ: Nə söz vermişdim ki?
KİTABƏ XANIM: O məsələ də…
TAHİRƏ BƏXTSİZ: Bir açıq danış, görək nə deyirsən də.
KİTABƏ XANIM: Deməli, heç maraqlanıb-eləmiyibsən, yadından çıxıb. Əvvəlcədən bilirdim ki, yalan danışırsan. Sənin ipüvün üstünə odun yığmaq olmaz. (Hikkəylə) Bilirsən nə var, bu gün şefin qəbul günü deyil!
TAHİRƏ BƏXTSİZ: Həə, hə, yadıma düşdü. Aaz, adam kimi acıq danış, başa düşək də. Demişəm, danışmışam hamısını. Elə indi də ordan gəlirəm. Bacısıynan söhbət eləyirdim.
KİTABƏ XANIM: Alacaq yəni?
TAHİRƏ BƏXTSİZ: Ağzı nədi almasın!
KİTABƏ XANIM: Deyirəm, birdən bu da o KAMAZ şoferi kimi aradan çıxar ha!
TAHİRƏ BƏXTSİZ: Aaz, yoox, nə danışırsan, aradan çıxıb-eliyən deyil. Ağlın olsun, sən bunu şoferə-moferə tay eləmə. Bu, ziyalıdı! Domino üzrə ustalığa namizəddi.
KİTABƏ XANIM: Sənə deyim ki, heç o KAMAZ şoferi də pis deyildi. Getdim görüşdüm axı onnan. Elə KAMAZın kabinəsindəcə nətəhər ora-buramı qurcaladısa, əli dəyən yerlərin hamısı gömgöy göyərdi. O göyərmiş yerlərin sağalması iki həftədən də çox çəkdi. Əsl kişi belə olar! Odlu, atəşli… Eh, əvvəl-əvvəl alaram deyirdi, amma hayıf, sözünün üstündə durmadı, o görüşdən sonra ilim-ilim itdi. Nə qədər axtarsam da, xeyri olmadı. Elə bil o boyda KAMAZnan birgə iynə olub yoxa çıxdı.
TAHİRƏ BƏXTSİZ: Yox, aaz, bu, ciddi söhbətdi. Anası da, bacısı da razıdı. Bircə qalıb oğlan. O da səndən asılıdı. Bu gündə-sabahda özü sənə zəng vuracaq. Görüşərsiz. Lazım olsa, lap gedərsən onun üzvü olduğu “Domino” klubuna. Narahat olma, orda oğlanın ayrıca kabineti də var. İnşallah, bu dəfə işlərin düzələr.
KİTABƏ XANIM: Nə bilim, vallah. Allah özü ağzından eşitsin! Budu, səhərdən qəzeti qoymuşam qabağıma, bir-bir zəng eləyirəm “Tanışlıq” rubrikasındakı nömrələrə. Heç kim dəqiq söz vermir ki, alacaq ya yox. Elə hamısı deyir, gəl, əvvəl görüşək. Biri evə çağırır, biri otelə… Mən yazıq neyləyim, gedirəm, görüşürəm. Nə deyirlər, necə deyirlər, razı oluram. Ancaq səhərisi gün zəng vuranda, ya ümumiyyətlə telefona cavab vermirlər ya da çəm-xəm eləyib sözlərinin üstündən qaçırlar. (Gözləri yol çəkir, kədərlə) Heç olmasa, biri… biri verdiyi sözə əməl eləsə… Elə arzulayıram ki, mənə də elçi gəlsin, nişan qoyulsun… Dəbdəbəynən toyum olsun… Çəkim əynimə o ağappaq, uzun gəlinlik paltarını! Qoy o bəzi ağzıgöyçəklər ki var, qarımısan, evdə qalmısan deyirlər, baxsınlar görsünlər, partdıya-partdıya qalsınlar. (Hikkəylə)Bircə ölməyəydim, o günü görəydim!
TAHİRƏ BƏXTSİZ: İnşallah, görərsən. Yeri gəlmişkən, sənə bir məsləhət verim. Bu qəzetə-məzetə çox da aludə olma. İstəyirsən, bəxtini bir internetdə də sına.
KİTABƏ XANIM: Yox-yox, sən Allah, interneti məndən uzaq elə! İnternetnən tapılan ər nə olar.
TAHİRƏ BƏXTSİZ: Aaz, sizin bu idarədəki kişi sürüynəndi. Tovlaya bilmirsən bunlardan birinin başını? Hamısı da, maşallah, məhşuri-cahan. Yazıçı, şair. Adamı gözləriynən yeyirlər ki, bunlar.
KİTABƏ XANIM: Bunların əlindən mənasız yazılar yazmaqdan, bir də aşıb yıxılanacan içməkdən savayı başqa bir iş gəlmir. Şefdən də ki, əlimi tamam üzmüşəm. Necə ki qızdı, ay sən mənim ilham pərimsən, ruhumun qidasısan, arvadımı boşayacağam deyir. Lakin üstündən bir saat keçdimi, köpü yatdımı, dedikləri yadından çıxır.
TAHİRƏ BƏXTSİZ: Vallah, mən sənin yerinə olsam, heç ərə gedib eləmərəm. Azadlığa, sərbəstliyə nə çatar, aaz! Yadında saxla, bu kişi tayfasına qətiyyən etibar yoxdu. Götürək elə mənim ərimi. Denən, heç qədrimi bildimi? Vəfasız çıxdı. Evlənəndə əhd eləmişdik, peyman bağlamışdıq… Pozdu ilqarını, etibarsızlıq elədi. Bir fıstırinkə arvad var, pravadnik işləyir. Getdi uydu ona, girdi onun kupesinə. Bütün şeirlərimdə də bu barədə yazıram. Dünən gecə də birini yazmışam. Qulaq as, oxuyum. (Çantasından bir vərəq çıxarıb oxumağa başlayır).
O sonuncu gecə, elə mətbəxdə,
Sən məni döydün, təhqir eylədin.
Könlümü sındırdın, qəlbimə dəydin,
Məni atıb getdin, ay etibarsız.
Pozdun əhdimizi, ilqarımızı,
Dəyişdin sən bizim qatarımızı…
Başa düşürsən də, burda qatar niyə yazmışam? O pravadnik şortuya görə. Hə, nə isə, qulaq as.
 Pozdun əhdimizi, ilqarımızı,
Dəyişdin sən bizim qatarımızı…
Tahirə Bəxtsizəm, vıfasız çıxdın,
Heç düşünmədin ailəmizi
Məni atıb getdin, ay etibarsız,
Əğyara satıb getdin, ay etibarsız.
KİTABƏ XANIM: Fikir eləmə, hara gedir getsin, axırda yenə sənin yanına qayıdacaq.
TAHİRƏ BƏXTSİZ: İndən belə neynirım o bivəfanı. Çətin daha ondan mənə yar olsun. Ancaq vaxt gələcək, it kimi peşman olacaq o. Qoy bir şeirlərim cap olunsun, Xalq şairi olum, gəlib qarşımda dizin-dizin sürünəndə deyərəm ona. Eh, nə isə. Mən keçirəm içəri.
KİTABƏ XANIM: Şef soruşub eləsə, məni görməmisən. Deyərsən, guya mən təzə nömrənin siqnalnısını gətirmək üçün mətbəəyə getmişəm.
TAHİRƏ BƏXTSİZ qapıdan içəri keçir.
KİTABƏ XANIM (qəzet götürür, nəsə axtarırmış kimi səhifələyir, sonra telefonda nömrə yığa-yığa): Bunun domino çempionuna çox da bel bağlamaq olmaz. Bir də gördün, olmadı belə, oldu elə. O birilər kimi bu da yoxa çıxdı. Özüm də axtarışlara davam eləsəm yaxşıdı. Aha, çağırır… Alo, mənəm. Hə… Hə… Alacaqsan?.. Həə?.. Yox-yox… Yooox…
ŞAİR QƏLƏMDAR və MANIS gəlir.
KİTABƏ XANIM:  Hə… Hə-hə… Ooy! Yox-yox, elə yox, qorxuram… Hm… Gələrəm… Hə… Bəs sən?.. Hə… Alacaqsan?.. Həə?.. (ŞAİR QƏLƏMDARı və MANISı görür) Yaxşı, gələn var. Dediyin yerdə görüşərik. (Dəstəyi qoyur. ŞAİR QƏLƏMDARla və MANISa) Nə lazımdır?
ŞAİR QƏLƏMDAR: Qəbula gəlmişik, katibə xanım. Şikayətimiz var.
KİTABƏ XANIM:  Birincisi, mənim adım Katibə xanım yox, Kitabə xanımdı. İkincisi, gözləyin, şefin yanında iclas gedir.
ŞAİR QƏLƏMDAR: Harda iclas gedir?
KİTABƏ XANIM: Şefin yanında!
ŞAİR QƏLƏMDAR: Harda?
KİTABƏ XANIM: Şefin ya-nın-da!
ŞAİR QƏLƏMDAR: Şefin yanında? Katibə xanım, günün günorta cağı?
KİTABƏ XANIM: Dedim axı, adım Kitabə xanımdı. Bu bir. İkincisi isə siz bilməlisiniz ki, bizim şef işçilərə qarşı çox tələbkardı. Hər gün öz yanında iclas eləyir. İşin gedişiylə anbaan maraqlanır. Hələ bu harasıdı? Əməkdaşlarımız onun xasiyyətini bildiyindən, son məlumatları isti-isti xəbər vermək üçün gün ərzində azı 3-4 dəfə yanına girirlər. Yoxsa, ayrı cür burda iş getməz. Bəli, bəli! Nə gözlərinizi bərəldirsiniz? Bizim şef işinə məsuliyyətlə yanaşan adamdı! Hər an yanına kimsə girir. Həmişə yanında kimsə var. Gün uzunu basırıqdı, növbədi. Bir basabas olur ki!
ŞAİR QƏLƏMDAR: Katibə… e, Kitabə xanım, bəs sizin bu işçilər müdirin e… yaa…nından nə vaxt çıxacaqlar?
KİTABƏ XANIM: Dəqiq deyə bilmərəm. Bu, işin miqyasından asılıdır. Bəzən elə olur ki, səhər tezdən girirlər şefin yanına, axşamacan qalırlar orda. Eh, o qədər iş var ki… Heç soruşmadım, siz şairsiz, yazıçısız, dramaturqsuz, publisistsiz yoxsa esseist?
ŞAİR QƏLƏMDAR: Şairəm…
KİTABƏ XANIM (MANISa işarə ilə): Bu qız da şeir yazır?
ŞAİR QƏLƏMDAR: O, nə qızdı, nə də şeir yazır.
KİTABƏ XANIM: Onda sizin cangüdəninizdir? Oy, ilk dəfədir ki, teleaxranitelli şair görürəm. Evlisiz?
ŞAİR QƏLƏMDAR: Xeyr, subayam.
KİTABƏ XANIM (sevincək): Nə yaxşı! Eh, görünür, sizin də bəxtiniz mənimki kimi düyünə düşüb. Yəqin siz də mənim kimi axtarırsınız?!
ŞAİR QƏLƏMDAR: Nə axtarıram?
KİTABƏ XANIM: Halal südəmmiş.
Bu zaman TAHİRƏ BƏXTSİZ paltarının orasını-burasını düzəldə-düzəldə Qəbul otağına daxil olur. Hərəkətlərində, danışığında sərxoşluq əlamətləri hiss olunur.
TAHİRƏ BƏXTSİZ: Off, bir sürüdülər canıyanmışlar! Bir sürü… Hərəsi bir şeirimi götürdü. (Əl-qolunu havada yelləyir) Fu!.. Mən getdim… Cigəri yanmışlar!.. (Oxuya-oxuya gedir) Pozdun əhdimizi, ilqarımızı… Dəyişdin… qatarımızı…
MUSİQİ.
Qapısının üstündə “Baş redaktor” lövhəsi olan kabinetdə işıq yanır. Kabinetin ortasında stol var. Stolun baş tərəfinə müxtəlif kağız qovluqları, kitablar, jurnallar yığılıb. Digər tərəfdə isə araq şüşələri, konserv qutuları, külqabı və başqa ləvazimatlar var. Kabinetdəki 7-8 nəfərin hamısı sərxoşdur. Kiminsə əlində badə var, kimsə siqaret çəkir, kimsə fürsət tapıb kimisə qamarlayaraq cani-dildən öpür, kimsə təngnəfəs halda öskürür, amma biz bunu eşitmirik. Sonra onlar xorla oxuyurlar. Paralel olaraq Qəbul otağında KİTABƏ XANIMla ŞAİR QƏLƏMDARın söhbəti davam edir. Onların da danışdığını görsək də, eşitmirik.
ƏMƏKDAŞLARIN XORU:
Cızma-qara eləyirik,
Kağızları qaraldırıq.
 Hər gün yeyib-içirik biz,
Hər gün yazıb-yaradırıq.
Yaxşı ilham verən bizə
Yüzdən
yoxdur bu dünyada.
Biz dahiyik, əjdahayıq,
Bizdən yoxdur bu dünyada.
Tək öz yazdıqlarımıza
Ədəbiyyat deyirik biz.
Əgər kimsə oyaqdısa,
Tezcə başından basırıq
Əbədi yat deyirik biz,
Əbədi yat deyirik biz.
Biz dahiyik, əjdahayıq,
Bizdən yoxdur bu dünyada.
Xor bitəndən sonra BAŞ REDAKTORdan başqa hərə stolun üstündən bir şey – kimisi araq şüşəsi, kimsə konserv qutusu, kimsə yarım çörək götürüb Kabinetin qapısından Qəbul otağına keçərək gedirlər. ŞAİR QƏLƏMDARla MANIS təəccüblə onlara baxır, sonra asta addımlarla, çəkinə-çəkinə Kabinetə daxil olurlar.
ŞAİR QƏLƏMDAR: Salamməleyküm.
BAŞ REDAKTOR (sərxoşdur, tez-tez hıçqırır, gəyirir): Salam, salam, hı-ı, ay mənim ağıllı balam.
ŞAİR QƏLƏMDAR: Mən sizə şikayət eləməyə gəlmişəm.
BAŞ REDAKTOR: Əcəb eləmisən gəlmisən, hı-ı. Xoş gəlmisən, hı-ı, səfa gətirmisən. Bəlkə bu münasibətlə, hı-ı, əlli qram vuraq? Hı-ı? Çox yox, əlli qram…
ŞAİR QƏLƏMDAR: Xeyr, xeyr! Mən bura içməyə yox, şikayətə gəlmişəm.
BAŞ REDAKTOR (gəyirir): Nə-yə gəlmisən? Şikayətə? Hı-ı, hı-ı, kimdəndi şikayətin?
ŞAİR QƏLƏMDAR: Sizin əməkdaşlardan.
BAŞ REDAKTOR (MANISa işarə ilə): O gözəl qız da şikayətə gəlib, hı-ı? İnanmıram. Ola bilməz! Belələri heç vaxt şikayət eləmirlər.
ŞAİR QƏLƏMDAR: Burda qız-filan yoxdur. O…
BAŞ REDAKTOR: Yoxdu? Hı-ı… (Gözlərini ovuşdurur) Hı-ı, bəs o, kimdi?
ŞAİR QƏLƏMDAR: O mənim dostumdu, amma qız deyil.
BAŞ REDAKTOR: Neyləməli, hı-ı, niyə əsəbiləşirsən? Qız deyil, deyil də, bir az da yaxşı… Duldu? Boşanıb? Hı-ı?..
ŞAİR QƏLƏMDAR: O nə evlənib, nə də boşanıb. Subaydı, su-bay!
BAŞ REDAKTOR: Hı-ı, deməli, həm evlənməyib, həm də qız deyil. Olar, hı-ı, olar, niyə də olmasın, iyirmi birinci əsrdi.
ŞAİR QƏLƏMDAR: Xahiş edirəm, bu söhbətlərə son qoyaq. İndi də mənim şikayətimi dinləyin.
BAŞ REDAKTOR: Danış… hı-ı, sən danış… (MANISa) Hı-ı, quu-zuuum, uzaqda niyə durmusan, gəl mənim qucuma. Tez ol, tez ol, gəl, gəl əminin qucuna. Cü-cü-cü, cü-cü-cü, hı-ı. Gəl, gəl! Gəəəl, gəəl…
ŞAİR QƏLƏMDAR: Xahiş edirəm, çox-çox xahiş edirəm, məni dinləyəsiniz.
BAŞ REDAKTOR: Danış ki… (gəyirir) …dinləyim. (MANISa) Quzum, hı-ııı…
ŞAİR QƏLƏMDAR: Sizin əməkdaşlar mənə qarşı haqsızlıq edirlər. Şeirlərimi çap eləmirlər, məni get-gələ salırlar. Biri deyir şeirdən iyrənirəm, biri ər axtarır, o biri əxlaqsız hərəkətlərə yol verir…
BAŞ REDAKTOR: Qoyma, hı-ı, sən imkan vermə ki, əxlaqsızlığa yol versinlər. Nə qədər ki, təbin var, hı-ı, yaz, poz. (MANISa) Gözəl, sən də yazırsan, hı-ı?
ŞAİR QƏLƏMDAR: O yazmır, bəstələyir.
BAŞ REDAKTOR: Bəstələyir? (Gəyirir) Laap yaxşı! (Oxuyur)
Bu gələn, hı-ı, yar olaydı,
Sinəsi, hı-ı, nar olaydı,
İkimiz bir köynəkdə, hıı-ıı,
Yaxası dar olaydı.
Dar olaydı, hı-ı, dar olaydı.
ŞAİR QƏLƏMDAR: Xahiş edirəm ki, siz özünüz şəxsən mənim şeirlərimi oxuyub fikrinizi bildirəsiniz. (Şeir yazılı vərəqləri BAŞ REDAKTORauzadır).
BAŞ REDAKTOR: Hı-ı, ver. Ver görüm. (Oxuyur) Sinəsi nar olaydı, hı-ı… Görüm, nə yazmısan, necə yazmısan?
ŞAİR QƏLƏMDAR: Əgər siz əməkdaşlarınızla bağlı tədbir görməsəniz, bu məsələyə bir əncam çəkməsəniz, sizdən də şikayət edəcəyəm. Dəvədən böyük fil var!
BAŞ REDAKTOR: Dəvədən böyük fil var? Bəli, var! Hı-ı! Fil kimdi, hə? Hı-ı, kimə şikayət edəcəksən?
ŞAİR QƏLƏMDAR: AŞPA-ya, ATƏT-ə! Bütün Avropa qurumlarına! Bir-bir hamısına müraciət edəcəyəm.
BAŞ REDAKTOR (gəyirir): Əcəb eliyərsən! Hı-ı! Get kimə istəyirsən şikayət elə! Get, hı-ı… (MANISa) Sən isə getmə, hı-ı, quzum, gəl, gəl mənim qucuma. Sinəsi, hı-ı, nar olaydı…
ŞAİR QƏLƏMDAR: Gedərəm, bəli! Lazım olsa, Amerika Dövlət Departamentinə də müraciət eliyərəm!
BAŞ REDAKTOR: Hı-ı, elə bala, (gəyirir) elə, hı-ı (yenə gəyirir) bö… bö… hı-ı… böö… (ŞAİR QƏLƏMDARın şeirləri yazılan vərəqləri ağzına tutaraq qaytarır) Bööööööööö…
İşıq sönür.
Son.
2009.
Qeyd: Samir Sədaqətoğlunun bu əsəriylə yanaşı “Yerə-göyə sığmayan” və “Azadlıq həzzi” pyesləri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi “Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində II yerə layiq görülərək toplu şəklində çap olunmuş və səhnələşdirilərək Bakı şəhər Xalq Teatrlarının Festivalında nümayiş olunmuşdur.

Комментариев нет:

Отправить комментарий