12.06.2011

Çingiz Abdullayev ilə görüş – FOTOLAR


Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli qələm ustası Çingiz Abdullayev ilə görüş və kitablarının “imza günü” keçirilib.
Tədbirdə ADA-nın Kitab Mərkəzinin direktoru Vüqar Zeynalov mərkəz haqqında məlumat verib. Bildirib ki, mərkəzin fəaliyyətə başlamasından iki ay vaxt keçir. Bu qısa müddətdə dünya üzrə ən son nəşrlərin mərkəzə gətirildiyini vurğulayan natiq, həmçinin qeyd etmişdir ki, bu zəngin kitab fondundan hər kəs istifadə edə bilər. Mərkəzin təkcə ADA-nın tələbələrinə deyil, bütün kitabsevərlərə əvəzsiz töhfə olduğunu deyən Vüqar Zeynalov kitabxanada Azərbaycan, rus və ingilis dillərində müxtəlif çeşiddə kitabların mövcud olduğunu bildirib.
 
Məlumat verilib ki, bənzəri olmayan mərkəzdə internet, buraya gələnlərin istirahəti üçün kafe, yeni kitablarla tanışlıq məqsədi güdən oxu zalı, oxucuların kitabları asanlıqla axtarıb tapmasına xidmət edən elektron avadanlıq mövcuddur. Burada uşaqlar üçün ayrıca bölmə yaradılıb. Mərkəzdə işləyən işçilər maraqlandıqları kitabları tapmaqda oxuculara yardımçı olurlar.
Diqqətə çatdırılıb ki, bundan sonra Kitab Mərkəzində kitab təqdimatları, tanınmış şair və yazıçılarla görüşlər keçiriləcəkdir. Bu silsilədən ilk görüş dünya şöhrətli yazıçı Çingiz Abdullayevlədir.
İlk dəfə mərkəzə gəldiyini deyən Ç.Abdullayev burada yaradılmış şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Gənclərimizin mərkəzə gəlib mütaliə ilə məşğul olacaqlarına inamını ifadə edən natiq bunun xalqın mədəniyyəti və gələcəyinə xidmət edəcəyini deyib. Görkəmli yazıçı ADA-nın rəhbərliyinə, tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
Yazıçının “Qisasın gücü”, “Göy mələklər”, “Bakinski bulvar” və digər kitablarının nümayiş olunduğu tədbirdə Ç.Abdullayev oxuculara öz yaradıcılığı, yazdığı son kitablar haqqında danışmış, onların kitablarını imzalayıb.
Görüşdə yazıçı oxucularının, gənclərin, tələbələrin ona ünvanlanan suallarını cavablandırmış və onlarla xatirə şəkli çəkdirib.
Ç.Abdullayevin əsərləri 28 dilə tərcümə edilmiş və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr olunub. Ədibin 600-dən çox kitabı dünyada yayılıb. Amerikanın “Krisçen Sayans Monitor” jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərdən biri kimi dəyərləndirib. Ç.Abdullayev 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Комментариев нет:

Отправить комментарий