04.06.2011

Tehran Əlişanoğlu. Kultaz.com-un benefisinə!


Kultaz-ın 4 yaşı tamamdır; elə də çox olmasa da, ünvanların tez-tez yaranıb-itdiyi, ya gündəmdən düşdüyü virtual aləm üçün az da deyil.
Ədəbiyyat oxucuları arasında Kultaz daha populyardır
Bu yazını Kultaz.com üçün yazdım. Amma ANN də imtina etməsə, yalnız məmnun olaram. Çün ANN-də az-çox qonorar var, Kultaz-a biz sırf entuziazmla yazmaqda davam edirik. Bu mənada Kultaz bir qədər əvvəlki zamanın, artıq 2011-dir və deyə bilərik: ötən onilliyin (bir onil də keçdi!) son yadigarıdır. “Son” sözündən qorxmayaq heç, burda o, nədənsə bizdə hər onildən bir hey yada düşən “sonuncu mogikan” anlamına gəlir. 1990-cı illərdə bu adı mən Vaqif Yusiflinin ədəbi prosesə sədaqətinə yaraşdırmışdım; indi bu sözü mənim özümə və “Tənqid.net”imə aid edirlər (birbaşa eşitdiyim komplimentlərdən savayı, tənqidçi İradə Musayeva da bir müsahibəsində bunu söylədiyini dedi). Ötən onildə bir gör necə və neçə ədəbi internet ünvanları yarandı: Yenisi.net, Alatoran.org, Kultaz, Lit.az, Bizimki, Adyazar… – bu bizdə də internet və ədəbi internet hərəkatının gəlişdiyi zamanlar idi; hərçənd bəziləri hərfən, ya ruhən yenə də qalırsa da, o da gizli deyil ki: o illərin entuziazm-təmənnasızlıq gələnəklərini tam gücü ilə bugün də daşıyan sonuncu mogikan məhz Kultaz-dır.
Kultaz-ın ideolojisi və ədəbi siyasətini mən bütövlükdə liberalizmə yozmuşam; bunu bir ay əvvəl müstəqil ədəbi dərgilərə yönəlik Rasim Qaracanın “Alatoranda görüşlər” tədbirində də (4-7 may 2011) dedim. O mənada ki: 2000-ci illərin əvvəllərində bir yandan AYB-nin heç vəch çəkilmək istəmədiyi ədəbi konservatizm mövqeyi o yandan hər yerdə AYO-nun radikalizmini gətirirdi; və bu o qədər çəkdi ki: 2005-2006 üçün artıq ideoloji çarpışmalardan bezənlərin öz məxsusi estetik cəbhəsi yarandı; bu – Kultaz idi (2007). Əslində, vurğusuna görə Kultaz bədii cəbhədə kəskin ideoloji savaşların az qala kölgəsində qalmış YeniSinin (2002-2005) davamı idi. Amma məhz yeni şəraitdə; YeniSi-də bir bədii dəyər, estetizm kultu vardı, Kultaz isə birbaşa praktikadan, gündəmdən gəlirdi deyə, burda hər cür yeniliyə (bədii, ictimai-siyasi, ideoloji, kültür və s.) qarşı tolerantlıq hakim oldu. Hər növ diktatsız (estetik, ya ideoloji), məhz Müəlliflərin saytı oldu Kultaz. Güman ki, stuxiyalı yaranmış adının mənasını da bu tolerantlığa yozmaq olar: Azların (ya ümumən azərbaycanlılarınmı) Kültürü/Mədəniyyəti! Ya bəlkə daha yığcam: Azərbaycan kultu! Təki azərbaycanlı olub, gündəmin istədiyi mədəniyyəti (ədəbiyyatı, sənəti) yaradasan, ərsəyə gətirəsən, ortaya qoya biləsən!
Kultaz Azərbaycan ədəbiyyatının bugününü Mədəniyyət/Kültür kontekstində təqdim edir; ayrıca portallarda sərgilənən milli incəsənət növlərinə bu nəsə verirmi? – mən bilmirəm, amma bildiyim budur ki: bir müddət cəmiyyətdə ögey münasibətdən, az qala yadlaşmaqdan əziyyət çəkən Ədəbiyyat üçün çox önəmlidir. Gəlişən Mədəniyyətimiz içrə gəlişən Ədəbiyyatımıza diqqət çəkməklə bahəm, Kultaz həm də günün Ədəbiyyatını yeni auditoriyalara çıxara bildi; ona yeni oxucular qazandırdı. Və əksinə: Mədəniyyət və Sənət sahəsində baş verənlərə həssaslıqla ədəbi prosesin lokal təcrid mühiti, özünə qapanmaq xəstəliyindən qurtulmasına təkan verdi. 
Ədəbiyyat oxucuları arasında Kultaz daha populyardır; bunu saytda yayımlanan hər bir yazar təsdiqləyə bilər, mən öz təcrübəmdən deyəcəm. Bir il öncə son entuziazmımı toplayıb da ardbaard Kultaz-a 7 yazı yazdım: ədəbi tənqid, ədəbiyyat bazarı, MKM, poeziyada və nəsrdə son iki onilimiz barəsində. Məsələ beləydi ki, “niyə tənqid susur?” deyə dil boğaza qoymadan burdan, Kultazın səhifələrindən əməlli-başlı hədəfə götürülmüşdük (xüsusən, o zaman meydanı ələ almış Taleh Şahsuvarlını salamlayıram!; indi o haralardadır, görən?); bu da Kultazın prosesi gərginləşdirməsi və gəlişdirməsinin nümunəsi!; bugün baxıb görürəm həmin yazılar il ərzində ən çox oxunan məqalələrimdir (ən çox oxunan: 3956, ən az oxunan: 888). Göstərilər başqa söz də deyir; məsələn, baxsaq-görərik ki: ANN-də, yaxud Kulis.az-da bir Ədəbiyyat (Müəllif)  yazısı həftə ərzində, bir neçə günə topladığı oxucunu  Kultaz-da bir günə yığa bilir. Aydındır ki, ANN də, Kulis də hələ təzədir, populyarlığı da tədricən artır. Amma mən Kultazın ədəbiyyat oxucuları arasında populyarlığını bircə staja yozmuram; hərçənd populyarlığı saxlayaraq staj qazanmağın özü də balaca məsələ deyil.
Bugün Kultaz-ın 4 yaşı tamamdır; elə də çox olmasa da, ünvanların tez-tez yaranıb-itdiyi, ya gündəmdən düşdüyü virtual aləm üçün az da deyil. Dörd il ərzində portal az iş görməmiş, azınnan Ədəbiyyat cəbhəsində məhz ona məxsus missiyaya yiyə durmuş. Nə qədər gənc yazarlar, imza sahibləri bugün deyə bilər: bizi ilk tanıdan Kultaz olmuş; eynən AYO kimi, YeniSi kimi, Alatoran kimi, Bizimki kimi. Hərçənd Kultaz bir az da irəli gedərək (əvvəlcə Lit.az-la birgə, sonra təklikdə), gənclər üçün “Debüt” ədəbi müsabiqəsini yaratdı və yeni imzaların tanınmasına vəsilə oldu. Amma Kultaz-ın ilkin önəmi nə yeni imzaların, nə də təzə-tər mətnlərin kəşfində deyil; hələ bəlkə stixiyalı səciyyəsinə görə bu sarıdan tənqidə də gələ bilər…
Kultaz milli internet aləmində ilk olaraq Ədəbiyyatı informasiyaya çevirə və təqdim eləyə bildi. Söhbət yalnız portalın operativ xəbərləmə başarısından getmir; deyim ki, bu müstəvidə Kultazla yarışa girən Lit.az və Adyazar kimi saytlar axıracan rəqabətə dözmədilər: birincidə informasiya əhatəsi çatmadı, ikincidə ideolojilik (AYO çərçivəsi) əngəl oldu. Məsələ burasındadır ki: materialın xarakterindən asılı olmayaraq (ədəbi-bədii, publisistik, ya tənqid mətni, o sıradan albom materialları, foto-şəkillər), hər bir mətnin özü saytda ilk növbədə İnformasiya vurğusu daşıyır. Mətn rəfləri, kitabxana misalı başqa portallar var (məsələn, Kitabxana.net). Amma Kultaz əvvəldən məhz KİV kimi, İnformasiya saytı kimi strukturlaşıb; hər səhifəyə girib, mətnlərə baxıb Ədəbiyyatın sahələrində (poeziya, nəsr, publisistika, tənqid) nələrin baş verdiyinə agah ola bilərsən; ədəbi prosesin ritmini görə və göstərə bildi Kultaz! Bu, ədəbi bilgi-bilik-səriştə, seçim və duyum qabiliyyətindən savayı, Ədəbiyyata böyük sevgi istəyən bir zəhmətdir; rəqabətə davam gətirmək, əlbəttə ki, asan deyildi; cəmisi bir yerdə olurmu?!
Hələ lap dünənə (il- il yarım öncəyə) qədər Kultaz bu mövqedə yeganəydi; indi Azadlıq radiosunun Oxu zalı da var: hətta daha intensiv, zəngin, texnoloji imkanlı, daha interaktiv. Kultaz-ın yoluyla və daha bərk gedir deyə bilərik. Amma diqqət edin, Oxu zalının arxasında Azadlığa və demokratiyaya böyük dəstək durur (və nə yaxşı ki: durur)! Kultazın arxasında bəs nə/kim durur: entuziazm və Zahir Əzəmət. Yox, əksinədir, Zahir Əzəmət və entuziazm; çün bütün yardımçı heyətin səyinə baxmayaraq (cəmisini salamlayıram!), Zahirin diqqəti azaldımı, bunu Kultazın ritmindən duymamaq olmur. Və dəfələrlə belə məqamlarda oxucuların sayıqlığının, qınaq və tənbehinin (həmçinin Zahirin özünə də) şahidi olmuşam. Asanmış kimi, hamı sevimli saytı ayaqda və rəqabətə davamlı görmək istəyir. Hərçənd təkrar etməliyəm: entuziazm zamanları arxada qalmış; indi bu bəlkə bir face.book-da zəruri və iti silah ola bilər. Hər bir İşin arxasında iş-qüvvə-para-dəstək dursa, yaxşıdır; bu xoş dəmində Kultaza elə bunu da diləyək; yeni relslər və yeni relslər üzərində daha davamlı fəaliyyət istəyək və gözləyək də!
Amma nə bilmək olar, Azərbaycan elə bir yer ki, burda güman mogikanlarsız ötüşmək mümkünsüz; layihələr-dəstəklər gəlib-gedir də mogikanlar qalır. 4 yaşın mübarək, sevimli portal!; hələ cavan və həm qocaman Kultaz!

Комментариев нет:

Отправить комментарий