04.06.2011

Yaşar. Unudulanların sorağında


İstedad da insan kimidi: uşaqlıq, yetkinlik, dövrü olur. Elə istedad var ki, zaman, dövr keçsə də böyümür, uşaq kimi qalır; eynən infantil yaşlı adam kimi. Amma elə istedadlar da olur ki, zaman keçdikcə nəinki böyüyür, hətta qədərindən artıq, ağlasığmaz sürətlə böyüyür, binadan onun üçün çəkilmiş, imkanı daxilində olan çərçivələrlə razılaşmır, barışmır, bu həddləri, səddləri aşıb keçərək özünə sonsuzluq, hüdudsuzluq qazanır. Və burdan o yana seçkinlik, böyüklük başlanır. Anadangəlmə istedad demək olar ki, hər adamda var. Amma bu istedadı kim, haracan apara biləcək? Əsas olan da elə budu.
Örnəklər az deyil. Məsələn, mənim aləmimdə bu “istedad marafonunun” ən layiqli “qaçışçı”larından biri rus kinorejissoru Nikita Mixalkovdu. Belə ki, onun erkən filmləri istedadlı, son filmləri isə artıq böyük rejissorun bədii məhsuludu. O, uzun axtarışların, ağır zəhmətin hesabına istedadlı rejissordan böyük rejissor yarada bildi. Yaxud, bu yaxınlarda “Xəzər” jurnalı üçün müsahibəsini tərcümə edərkən son Nobel mükafatçısı Varqas Lyosanın Qustav Flober haqqında dediyi bir fikir diqqətimi çəkdi. O, Floberin ilkin dövrlərdə ortabab bir yazıçı olduğunu, sonralar öz üzərində inadkarlıqla çalışdığını qeyd edərək, onun “Madam Bovari”sini sadəcə istedadlı yox, artıq böyük yazıçının ədəbi məhsulu adlandırır. Deməli, Floberin inadkarlığı öz bəhrəsini verdi və nəticədə istedadlı yazıçı özündən böyük yazıçı yarada bildi.
Kamal Abdullanın yenicə çapdan çıxmış “Unutmağa kimsə yox…” romanını oxuyarkən mən oxşar nümunəni azərbaycanlı müəllifin timsalında da gördüm.
“Unutmağa kimsə yox…” Kamal Abdullanın hələlik son romanıdı. Amma bu əsəri müəllifin yaradıcılığının (nəsri, dramaturgiyası, hətta elmi-bədii əsərləri də daxil olmaqla) sırf yekunu kimi deyil, müəyyən mənada başlanğıcı kimi də qəbul etmək olar. Yəni, müəllif bu romanıyla bu günə qədərki Kamal Abdulla yaradıcılığına yekun vurmaqla yanaşı, həm də hardasa yeni Kamal Abdullanı təqdim edir.
Bəzən hansısa əsəri oxuyandan sonra oxucuda belə bir sual yaranır: görən, filan yazıçı bu mövzunu necə işləyərdi? “Unutmağa kimsə yox…” romanını oxuyandan sonra isə məndə belə bir qəti qənaət əmələ gəldi: bu romanı ancaq Kamal Abdulla yaza bilərdi. Və burda söhbət konkret nədənsə yox, həm üslubdan, həm obrazlardan, həm müşahidələrdən və s. gedir. Səbəb, daha doğrusu səbəblər rəngarəng, müxtəlif və fərqlidi. Və mən bu yığcam yazıda daha çox bu səbəblər üzərində dayanmaq istərdim.
Dil yazıçının həm silahı, həm səngəri, həm gözü, həm səsidi. (Bu siyahını kifayət qədər uzatmaq da olar.) Odur ki, ilk əvvəl romanın dili üzərində dayanaq. Bu məqamda bir daha təkrar etməliyəm, bəli, bu romanı ancaq Kamal Abdulla yaza bilərdi. Çünki bu romanı ancaq dilçi-alim yaza bilərdi. Müəllif eksperiment apararaq sanki oxucuya Azərbaycan dilinin hüdudlarını, daha doğrusu hüdüdsuzluğunu göstərir. Hər iki yazıçının təhkiyəsi və yaratdıqları mənzərə tam fərqli, hətta deyərdim ki, əksqütblü olsa belə bu dil mənə nədənsə digər bir nasiri, böyük rus yazıçısı Andrey Platonovu xatırlatdı. Platonovun nəsri daha çox dil üzərində qurulan nəsrdi. Onun əsərləri necə deyərlər, həm rus dilindədi, həm də rus dilində deyil. Və yazıçı yaratdığı dil sisteminin içərisinə traktor, entuziazm, paravoz, elektrikləşdirmə və s. kimi antibədii sözləri elə uyğunlaşdırır ki, oxucu bu sözlərin poetikasına vurulmaya bilmir. Yəqin elə bu səbəbdəndi ki, Platonov nəsri sırf rus diliylə nəfəs alır, bu dilin çərçivələrindən kənarda demək olar ki, yaşam hüququnu itirir. Və həm də yəqin elə bu səbəbdəndi ki, Platonovun nəsri demək olar ki, tərcüməyə gəlmir.
Kamal Abdulla rus sələfindən fərqli olaraq bu romanında dil üzərində eksperimenti sözlərin deyil, təhkiyənin və ritmin üzərində aparır. Oxucu ilk əvvəl karıxır. Yox, deyəsən bu cümlə nəsə düz olmadı. Sonra bir də oxuyur. Yox, deyəsən, elə belə olmalıymış. Nəhayət, bir də oxuyur. Hə, ən düzü elə bu imiş. Beləcə, oxucu ilə yazı dili arasında gedən bu mükalimə sonucda qarşılıqlı anlaşma ilə yekunlaşır. Bu yerdə bir məsələni də qeyd etməliyəm. Belə ki, bu gün “Biləcəri səddini” adlamış nadir yazıçılarımızdan biri də Kamal Abdulladı. Deməli, bu eksperimentlə müəllif əsərin tərcümə tərəfini kifayət qədər çətinləşdirib və həm də qəlizləşdirib. Yaxşı yadımdadı, bir vaxtlar Rusiyaya çıxmaq və bu dil vasitəsilə ümumittifaq miqyasda tanınmaq üçün bizim bəzi nasirlər hətta əsərlərinə ad verəndə belə onun ilk öncə rus dilində necə səslənəcəyini nəzərə alırdılar. Kamal Abdulla isə bu romanla, daha doğrusu romanın diliylə onun barəsində olan stereotipləri alt-üst etdi. Yəni, müəllif çoxlarının iddiasına rəğmən əsərlərini əcnəbi oxucular üçün deyil, ilk öncə azərbaycanlı oxucular üçün yazdığını təsdiqləmiş oldu. Bəli, bu dil, müəllifi özgə dillərə tərcümə sarıdan müəyyən qədər uduzduracaqsa belə, Azərbaycan ədəbiyyatının qazancı sözün hər mənasında göz qabağındadı.
Niyə bu romanı məhz Kamal Abdulla yaza bilərdi? Növbəti səbəbə diqqət edək. Çiçəkli yazını oxumağa ezam olunmuş baş qəhrəmanın yetişdiyi, işlədiyi və yaşadığı mühit müəllifin özünə çox doğmadı. O, bu mühitə nəinki dərindən bələddi, hətta onun ən xırda nüanslarını belə təkcə müşahidə etməklə kifayətlənməyərək, hətta hiss edir. Çiçəkli yazı kimi öz adının da deşifrəyə ehtiyacı olan F.Q. kimdi? Müxtəlif mülahizələr irəli sürülə bilər, amma mənim anlamımda F.Q. müəllifin özüdü. Çünki əks halda müəllif romanını F.Q.-nın deşifrə etdiyi Çiçəkli yazıdan olan bir iqtibasla adlandırmazdı. Və bu yerdə roman içində roman anlamına gəlirik. Bəlkə elə Kamal Abdullanın yazdığı roman özü də əslində bütünlüklə F.Q.-nin deşifrə etdiyi Çiçəkli yazıdı? Kamal Abdulla niyə bütün obrazlardan fərqli olaraq F.Q-nin adını tam açıqlamaq istəmir? Bəlkə elə romana, həm də Çiçəkli yazıya açar söz elə F.Q. özüdü. Hər halda o, müəllifin bizlərə birbaşa təqdim etdiyindən daha sirli, daha müəmmalı obrazdı – ilk baxışdan ən üzdə olan, dərinə vardıqca ən çoxqatlı, ziddiyyətli və mürəkkəb obraz.
Roman içində roman dedik. Digər tərəfdən “Unutmağa kimsə yox…” həm də roman içində romanlar silsiləsidi. Qabriel Qarsiya Markes “Yüz il tənhalıqda” romannın içində epizodik təqdim etdiyi bəzi süjetləri, hadisələri sonralar bu mətndən çıxararaq müstəqil hekayələr kimi oxucularına təqdim etdi. Kamal Abdullanın son romanında isə bu yanaşmanın əksi müşahidə olunur. Kamal Abdulla daha öncə yazdığı “Parisin seçimi” və “Dəvə yağışı” hekayələrini əgər belə demək olarsa, son romanına transplantasiya eləyir. İlk əvvəl mən bu priyomu hardasa eksperiment kimi qəbul etdim. Amma mətnin məğzinə vardıqca anladım ki, bu hekayələr vaxtilə müstəqil əsərlər kimi yazılsalar da əslində nəhayət, indi öz yerlərini tutdular. Və bu roman bu hekayətlərsiz, daha doğrusu, bu əhvalatlarsız yarımçıq görünərdi. Və niyə məhz elə bu iki hekayə? Sualın cavabını bu keçidlərə açar funksiyasını yerinə yetirən Stiks çayının sirrində axtarmaq lazımdı. Əgər bu romanda yerdən göyə yağan o qəribə yağışı məkan içində zaman kimi qəbul etsək, həmin o Stiks çayı da heç şübhəsiz zaman içində məkandı. Və bu xronotop bütün roman boyu oxucunu izləyir. Oxucu həmin yağış və axar çay vasitəsilə bu gündən həm keçmişə (Parisin seçimi), həm də gələcəyə (“Dəvə yağışı”) boylanır.Parisin seçimindən fərqli olaraq, dəvə yağışı əhvalatının bu mətnə necə uyğunlaşa biləcəyi doğrusu ilk öncə mənə inanılmaz göründü. Amma hadisələr bir-birini əvəz etdikcə mənim bu çaşqınlığım da öz-özünə qeyb oldu. Ümumiyyətlə Kamal Abdulla nəsrinin bir özəlliyi də elə budu: müəllifin yaratdığı aləmə istənilən mətni daxil etmək mümkün olsa da, sonra bu aləmdən nəinki hansısa əhvalatı yaxud məqamı, hətta hansısa bir abzası, yaxud cümləni belə xaric etmək mümkün deyil. Çünki bunacan yazılan yazılıb, pozulan pozulub və artıq bu binanın (romanın) hörgüsü elədi ki, burdan bir kərpic (söz) belə düşə bilməz.
Müəllif əsərində ilk baxışdan hiss olunmayacaq dərəcədə gizli bir priyomdan da istifadə edir. Bu romanda üç xətt var ki, onların hər biri ayrı-ayrılıqda müstəqil yaşam hüququ və statusu almış mətn kimi də qəbul oluna bilər:
I. Çiçəkli yazını kimin oxuya biləcəyi ilə bağlı şəhərin elmi dairələrində, institutlarda, Tutuquşu zalında gedən yarıdramatik, yarıironik müzakirələr, bu mühitin ən xırda detallara qədər dəqiq və sərrast müşahidələrlə təqdim olunması, bu xəttin digərlərinə qəti qarışmayan situasiyaları, obrazları və s.
II. F.Q.-nin Çiçəkli yazını oxumaq üçün ezam olunduğu kənd. Bu kəndin Bəhramı, Mübarizi, Şirazı, Gülsümü. Bu kəndin Çoban papağında, mağarasında, Qarağacın ətrafında baş verən əcaib-qəraib hadisələr, Bozların müəmması və s.
III. F.Q.-nin Afaqla eşq tarixçəsi.
Birinci mətn əsasən dialoqlar, gizli və aşkar müşahidələr, vizual effekt, hardasa səhnəni xatırladan teatral elementlər üzərində qurulub.
İkinci mətn isə özündə sırf psixoloji qatları ehtiva edir. Bu mətndə deyilməyənlərin çəkisi deyilənlərdən daha ağır gəlir. F.Q.-nin Bəhramla, Mübarizlə səsli və səssiz mükalimələri sarsıntı həddinəcən gəlib çataraq psixoloji gərginlik yaradır. Bu mətndə hətta əhvalatdan doğan əhvalatlar da, qəfildən dalğa kimi gəlib dalğa kimi qeyb olan ikinci dərəcəli obrazlar da məhz bu psixoloji qatın tamamlanmasına xidmət edir.
Üçüncü mətn isə sırf lirik – sentimental ovqat üstə köklənib. Sanki bu mətn – F.Q.nin eşq tarixçəsi oxucuya istirahət vermək, onu həmin psixoloji gərginlikdən müəyyən müddətə xilas etmək üçün təqdim olunub.
Və bu üç xətti ayrı-ayrılıqda müstəqil mətn kimi təqdim edərkən romanda növbəti priyom, daha doğrusu, növbəti keyfiyyət aşkarlanır. Oxucuda belə təsəvvür yaranır ki, bu mətn içində mətnləri sanki üç müxtəlif yazıçı təsvir və təqdim edir. Romanın baş qəhrəman F.Q.nin deyil, Bəhrəm kişinin nakam məhəbbətinin öləziyən işartıları ilə yekunlaşması isə ən sonda belə yeni suallara rəvac verir. Niyə F.Q.nin Afaqı yox, Bəhramın Gülsümü? Bəlkə elə bu tarixçə (roman, kitab) bütünlüklə Bəhram kişinin təxəyyülünün məhsuludu? Bəlkə bu hadisələri oxucuya əvvəldən sonacan elə məhz Bəhram kişi nəql edirmiş? Bəlkə o möhtəşəm ahəng də, qəribə yuxular da, paralel dünyalar da eləcə Bəhram kişinin qallüsinasiyalarıdı?..
“Əlindəki ağ torbanı və içindəki kitabı yenə də barmaqları ilə əzizləyə-əzizləyə Gülsüm nənə oturduğu yerdən mənə yaralı-yaralı (hüznlə) baxdı. Bu baxış yavaş-yavaş öz yarasını onu qorumağa çalışan çox incə, çox həzin və çox köməksiz bir təbəssümə bürüdü. Həqiqətən, mən çox təbəssüm görmüşəm, amma beləsini görməmişdim. Həqiqətən, gülümsər Gülsüm onun haqqında deyilən kimi gözəllər gözəli imiş.
Amma o təbəssümün gəlib qonduğu yaşıl (mavi, bənövşəyi?) gözlərin dibində mənim getməyimi səbirsizliklə (bir başqa dünyada – səbrlə) gözləyən iki damla yaş var idi. Bəlkə mənə elə gəldi, kim bilir?!”
Bəli, ədəbiyyatın missiyası, sirri-sehri də elə cavabsız suallardadı.
Doğrudan da axı, kim bilir?!
kultaz.com

Комментариев нет:

Отправить комментарий