04.06.2011

Xalq “Kitab bayramı”nda


Filarmoniya bağında  IV Ümumrespublika ənənəvi kitab bayramı keçirilir. Tədbirdə müxtəlif nəşriyyatların nümayəndələri, yazarlar, musiqiçilər, aktyorlar və oxucular iştirak edirlər.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin Sərəncamı ilə yeni nəşr olunan kitablar, müxtəlif mövzular üzrə ədəbiyyatların sərgilənib. Sərgi ilə yanaşı həm də ölkənin müxtəlif nəşriyyatlarında çap olunan kitabların satışı keçirilir.
Kitab bayramında Yayım Assosiasiyası, “Ada”, “Nil”, “Akademiya”, “Dom russkoy kniqi”, “Əli və Nino” kitab mərkəzləri, “Hədəf nəşrləri”, “Nurlan”, “Ekson”, “Beşik”, “Qlobal”, “Qanun”, “Qərb-Şərq”, “Olaylar” və “Xəzər” nəşriyyatlarınınm stendləri iştirakçıların ixtiyarına verilib.
Qeyd edək ki, hələ tədbirin başlanmasına 1 saat qalmış artıq Filarmoniya bağında qələbəlik idi. Əksəriyyəti artıq hazır olan stendlərin önündə toplanan oxucular yeni kitab nümunələrinə baxır, artıq əsərləri ilə tanış olduqları yerli müəllifləri axtarır, gənc yazarlar iki-üçbir toplaşaraq bayramla bağlı gözləntilərini bölüşürdülər.
Oxuculardan birinə yaxınlaşıb söhbətləşirik. Özünü təıdim edir: Xanım Əliyeva. Deyir ki, maraqlı kitabla hər tanışlıq onun üçün bayrama çevrilir. Amma müsahibimiz əvvəlcədən haqqında eşitdiyi kitablara üstünlük verir, çünki vaxtı azdır və bu az vaxtını keyfiyyətsiz əsərlərə xərcləmək istəmir. Daha çox müzakirə olunan kitabları seçir, bu işdə ona başqa oxucu dostlarının rəyi də kömək edir. Kompyuter mühəndisliyi təhsili alan bu xanım daha çox roman janrına müraciət edir: “Orta hesabla ayda 3-4 kitab alıram, çünki daha artığını oxumağa vaxtım olmur. Amma kitab bayramında ilk dəfədir iştirak edirəm, sevinirəm ki, kitablarımızın görünüş və keyfiyyət səviyyəsi getdikcə yüksəlir”.
“Qanun” kitab evinin stendi qarşısında gənc aktyor Elnur Kərimov gözümüzə dəyir. Fürsəti fövtə verməyib bayramla bağlı ilkin təəssüratlarını öyrənirik. “Kitab bayramı maraqlı keçir. Gördüyümüz kimi, burada həm də kitablar satılır. Bu çox yaxşı haldır” deyir. Onu da əlavə edir ki, ədəbiyyatla bağlı iştirak etdiyi tədbirlərdən sonra kitablara marağı daha artıb: “Kitab almaq, oxumaq bizim borcumuzdur. Son vaxtlar ən çox gənc yazarlarımızın yaradıcılığı ilə maraqlanıram və daha çox şeir kitablarına üstünlük verirəm”.
Tədbirdə bayram geyimlərində olan kiçikyaşlı uşaqlar da gözə dəyirdilər. Müəllimələrinə yaxınlaşıb öyrəndik ki, balacalar Daxili İşlər Nazirliyinin Səbayel rayonunda yerləşən 2 saylı uşaq bağçasından gəliblər, onlar müxtəlif mövzularda söyləcəkləri şeirlərlə kitabsevərlərin bayramını təbrik etmək istəyirlər.
Kitab bayramını Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin canlı ifası müşayiəıt edir. Fasilə zamanı dirijor, Azərbaycanın əməkdar artisti Fəxrəddin Kərimovla söhbətləşirik. Deyir ki, bayramın yüksək əhval-ruhiyyədə keçməsinə sevinir. Bu cür bayramların keçirilməsinin gənc nəsildə mütaliəyə maraq oyatmaq üçün böyük təkan olduğunu düşünən incəsənət xadimi eyni zamanda özünün kitablara münasibətindən danışır və söyləyir ki, kitablardan kənarda həyatı təsəvvür edə bilmir. F.Kərimov özü klassik ədəbiyyata, romantik əsərlərə daha çox üstünlük verir.
Bundan başqa, kitab bayramında Bakıdakı ev muzeylərinin (Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin ev muzeyləri) kollektivləri də xüsusi stendlərlə iştirak edirdilər. Eyni zamanda bağda quraşdırılan notbuklarda internetə giriş təmin olunmuşdu, bu yolla Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Bakının 11 rayonundakı filiallarının hər birinin internet resursu ilə tanış olmaq mümkün idi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya şöbəsinin rəhbəri Kamal Rzayevin bildirdiyinə görə, ilk dəfə olaraq bu filialların hər biri üçün ayrıca sayt işlənib hazırlanıb. Bu saytlardakı elektron kataloqlar vasitəsilə kitabı safarişi vermək, elektron kitablarla tanış olmaq mümkündür.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğluna yaxınlaşırıq. Ş.Xuduoğlu kitab bayramını oxucu ilə, cəmiyyətlə nəşriyyatlar və nəşriyyatların özləri  arasında körpü adlandırır: “Belə bayramlar naşirlərə imkan verir ki, cəmiyyətin istəkləri, tələbləri ilə daha yaxından tanış olsunlar. Bütün hallarda bu cür tədbirlərin əhəmiyyəti var. Hələlik, gördüyünüz kimi, tədbir yeni başlayır. Artıq gətirdiyimiz kitablardan satılanları var və oxucuların istəyilə bəzi kitablardan bu gün ikinci dəfə bura gətirməli olmuşuq”.
Yeri gəlmişkən qeyd edək ki, “Qanun” nəşriyyatının stendi bir sıra maraqlı məqamlarla diqqət çəkirdi. Oxucuların nəşriyyatda kitabı çap olunan gənc yazarlarla təmas qurmaq və imzalı kitablarını əldə etmək imkanı qazanmışdılar. Bundan əlavə, nəşriyyat Teyyub Qurbanın M.Ə.Rəsulzadədən bəhs edən “Dönməzlik” romanını da ilk olaraq burada oxuculara təqdim etdi.
Xatırladaq ki, tədbir bu gün saat 19-00-a qədər davam edəcək.

RƏBİQƏ                 ANN.Az                   Foto: Elvin Kazımlı

Комментариев нет:

Отправить комментарий