20.07.2011

Azərbaycan mətbuatının möcüzəsi: Vüqar Səfərli

Əvəz Zeynallı



Kinlidir, azad və müstəqil mətbuatın düşmənidir, savadsız və acgözdür



   Ona «mətbu qəssab» yazdığıma peşimanam…
O, həqiqətən möcüzədir. İnanın, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Allah qoymasa Dövlət Dəstəyi Fondunun icraçı direktoru haqqında yazdığım «mətbu qəssab» ifadəsindən o qədər peşimanam ki. Mən heç belə yanlış etməzdim. Yox, Nərimanov Rayon Məhkəməsinin kəsdiyi 500 manatlıq cərimədən və şikayət etdiyim Apellyasiya Məhkəməsinin 500 manatı 5000 manata çevirməsindən sonra bu qərara gəlməmişəm. Heç vətəndaşların hüquqlarından başqa hər cür işlə məşğul olan Ali Məhkəmənin o 5000 manatı hüquqi qüvvədə saxlamasından da narahat deyiləm. Onsuz da islanmışın yağışdan nə qorxusu. Yox, yox, vallah, mən buna görə «mətbu qəssab» ifadəsindən peşimançılıq hissi keçirmirəm…
Siz 3-cü səhifədə oxuyun. Görün bu Vüqar Səfərli biricik oğlunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ortaq keçirdiyi müsabiqədən qalib çıxarmaq üçün hansı yollara müraciət edib. İnsanın damarlarında qanı donur. Aman Tanrım, bu adam 1000 manata görə qəzetdə tarixləri saxtalaşdırıb, 26 may tarixində iki «Mövqe» qəzeti çıxarıb və 27 may tarixində çıxardığı qəzetin də tarixini 26 may kimi göstərib. Nədi-nədi vaxtını qaçırdığı müsabiqəyə yazı təqdim edə bilsin və 1000 manatı çırpışdırıb oğluna qazandırsın. Yox, «mətbu qəssab» bu hərəkəti və bu əməli ehtiva etmir. Mən səhv etmişəm. Çox böyük səhv etmişəm. Mən Azərbaycan dilinin incəliklərinə o qədər vaqif deyiləm görünür.
Bu haqda silsilə yazılarımız olacaq. Bu gülməli, həm də ağlamalı vəziyyəti Oxucularımızın diqqətinə olduğu kimi çatdırmaq üçün Azərbaycan xalqının və dünya Türklüyünün bütün dil xüsusiyyətlərindən, incəliklərindən istifadə etməyə çalışacağıq. Vüqar Səfərlinin, onun oğlunun, onun rəhbərlik etdiyi təşkilatın, Allah qoymasa qəzetin dili o qədər bərbaddır ki, Azərbaycan dilşünaslığı onu izah etməyə aciz qalır. Bu savadsızlığı, bu qabiliyyətsizliyi və bu məsuliyyətsizliyi bircə onu buralara gətirən Əli Həsənov çözə bilər bəlkə. «Lalın dilini sahibi bilər» misalında deyildiyi kimi. Hər halda Əziz Oxucu, sən Vüqar Səfərlinin bu böyük saxtakarlığını oxu, o zaman biləcəksən ona «mətbu qəssab» adının yaraşmadığını…

«Mövqe»yə 40.000, «Azadlıq»a 30.000!
Budur yağla şorun, mislə qızılın qarışmağı. Qiyamətin əlamətidir. Heç bir azadlığın və azad sözün olmadığı qəzetlərə 40.000, azad və mustəqil qəzetlərə isə kefinin istədiyi qədər maliyyə ayırmaq – yox, «mətbu qəssab»lıq deyil, qəssablıq şərəfli peşədir – olsa-olsa, azad və müstəqil sözün üzünə lappanla tüpürməkdir. Lappan, yəni ağızdolusu, hanxırıb-hınxırıb tüpürmək. Vüqar Səfərli və onun xaç atası Əli Həsənov belə edirlər. Onlar «Mövqe»yə 40.000, «Yeni Müsavt»a da 40.000, «Azadlıq»a isə 30.000 manat verə bilirlər. Hələ utanmaq hissini bir kənara buraxıb bunu tiraja, reytinq əvə populyarlığa görə etdiklərini deyirlər.
Mən KİVDF haqqında bir çox yazılar yazmışam və Vüqar Səfərli adlı media monstrı haqqında yeganə tənqidi yazıları da «Xural» dərc edir. Ona görə də mövzunu yaxşı bilirəm və bu səbəblə detallar üzərində dayanmayacağam. Sadəcə, mənə çox maraqlıdır Rauf Arifoğlunun və Qənimət Zahidin susqunluğu və münasibətsizliyi. Görünür, hakimiyyətin repressiyaları həmkarlarımın gözlərini elə qorxudub ki, onlar hətta «Mövqe» ilə bir sırada dayanmaqdan belə məmnun qalacaq vəziyyətə düşüblər. Dam boyda oliqarxlara göz açdırmayan «Azadlıq» və «Yeni Müsavat» Vüqar Səfərlinin bu boyda saxtakarlıqlarının qarşısında susqun və çarəsizdirlər. «Donuzdan bir tük qoparmaq da qənimətdir» misalında olduğu kimi hərəkət edirlər. Ya da Türkiyədə deyildiyi kimi, «dövlətin malın dəniz, yeməyən domuz»…
Ya müstəqil və azad media uğrunda mübarizə aparacaqsan, ya da öz başının hayına qalacaq, «mənə toxunmayan ilan min il yaşasın» deyib, «az aşım ağrımaz başım» deyəcəksən. «Yeni Müsavat» və «Azadlıq» təəssüf ki, müstəqil və azad media uğrunda döyüşmək ənənəsini buraxmış kimi görünürlər. Belə arzulamazdım və həm Rauf Arifoğlunun, həm də Qənimət Zahidin ciddi münasibət bildirəcəklərini gözləyirəm. Ya «Mövqe» ilə bir sırada dayanacaqsınız, ya da azad mətbuatın avanqardı olacaqsınız.
«Yeni Müsavat» və «Azadlıq» qəzetləri Vüqar Səfərlinin bütün saxtakarlıqlarının tək pərdəsidir. Bu qəzetlər müstəqil mətbuatın yanında olsalar, bircə dəfə bəyanat versələr, ya da azad qəzetlərlə ciddi bir koalisiya yaratsalar, KİVDF-nin taleyi də başqa cür olar, azad mətbuata baxış da dəyişər. Demirəm, «Mövqe» pul almasın, alsın, amma Azərbaycan mətbuatında olduğu yeri, çəkisi qədər.
Yenə sadədə qayıdıram… Bu adam əsla və əsla «mətbu qəssab» ola bilməz. Bu adam sözün bütün mənalarında möcüzədir. Bilmirəm, neçənci möcüzədir, bilmirəm, bu möcüzə onu peyğəmbərliyə qədər aparacaqmı, amma bir adam ki, Azərbaycan mətbuatının dağ boyda kişilərini əsir-yesir edib qarşısında, bir adam ki, məmurların gününü qara edən baş redaktorları 30-40 min manata susdurub, onu Azərbaycanın tam hüquqlu möcüzəsi adlandırmaq olar. Təklif edirəm ki, Müəllif Hüquqları Agentliyi Vüqar Səfərlini növbəti Azərbaycan möcüzələri sırasına daxil etsin. O, Heydər Əliyev boyda nəhəngin edə bilmədiyi etdi. Heydər Əliyev Rauf Arifoğlunun sualları qarşısında bocalayırdı, İlham Əliyev bu redaktorların əlindən nələr çəkmədi, indi nələr çəkmir «Azadlıq»ın əlindən!.. Amma bu… Vüqar Səfərli görün nə edib ki, bizim aslanlarımız sakitləşiblər. Cəmi 40 min manata ha… Hələ «Azadlıq» 30 min manata da qanedir… Deməli, hələ düşməyə yeri var…
Möcüzəsən, Vüqar Səfərli! Allah sənə «mətbu qəssab» yazan klaviaturamı xarab etsin! Görüm bu bilgisayarlarım hərraca çıxarılsın, satılsın, məni bilgisayarsız qalım! Bu boyda möcüzəyə «mətbu qəssab» yazmışam. Görün, nə qədər böyük qəbahət etmişəm. Hətta qələt etmişəm!

Yeni koalisiya yaranmalıdır!

Ya hərəmiz ayrı ayrılıqda təkbaşına mübarizə aparacağıq, ya da keyfiyyətli bir koalisiyada birləşəcəyik. Mən keyfiyyətli bir koalisiya deyirəm. KİVDF-yə ehtiyacımız olmamalıdır. Yaxın saylarımızda daha möhtəşəm bir araşdırma yazısı oxuyacaqsınız. Əli Həsənov prezidentin ona ayırdığı səlahiyyətlərdən sui-istifadə edərək bütün Azərbaycan mətbuatını monopoliyasına götürür. O, bizi satır – qəzetlərimizi satır və onun ədalətinə mən inanmıram. Biz qəzetlərimizi Oxucularımıza birbaşa özümüz çıxara bilməli, özümüzün yayım firmamızı qura bilməliyik. Bizim Bakıda çıxan qəzetimiz uzaqbaşı 10 saatdan sonra ölkənin bütün istiqamətlərinə, kəndlərinə yetişməlidir. Biz mətbuatdakı bu monopoliyanı qırmasaq, öz qəzetlərimizin özümüz sahibi olmasaq, o zaman Əli Həsənov Vüqar Səfərli kimi möcüzələrlə büsbütün axırımıza çıxacaq. Həm də 30-40 min manat kimi rəqəmlərlə. Halbuki bizim öz qəzetlərimizi öz Oxzucularımızla görüşdürməyimiz üçün bizə 100 minlərlə manat pul lazımdır və bizim koalisiyamız o 100 min manatları təmin etməlidir. Mən mətbuatın bundan başqa çıxış yolunu görmürəm.
Ya hərəmiz indiyə qədər olduğu kimi indən sonra da özümüzü qorumaqla məşğul olacaq, «palaza bürün Vüqarla sürün» deyəcəyik, ya da gerçək və azad mətbuatın sərhədlərini genişləndirməklə məşğul olacağıq. Üçüncü yol yoxdur. Mətbuatın prinsipləri də zatən buna imkan vermir.
Hər kəsin özbaşına qürrələnə biləcəyi sahə deyil bizim sahəmiz. Biz zaman-zaman Rauf Arifoğlunun, Qənimət Zahidin, Eynulla Fətullayevin başına gələnləri görmüşük. Zaman-zaman Rauf Arifoğlu, Qənimət Zahid və Eynulla Fətullayev təkbaşlarına çox böyük işlər görüblər, vaxt gəlib gözləri ayaqlarının altını görməyib bu həmkarlarımızın. Amma zaman sübut edib ki, yanına və arxana həqiqətən azad və müstəqil mətbuatı da toplasaydın, işlər tamam başqa cür cərəyan edərdi. Hamımıza aid olan və hamını çarxının arasında əzən mexanizm heç kimin gözlərinin yaşına baxmır. Biz hakimiyyətin «rus ruleti»nin içindəyik. Kimin sırası nə zaman gələcək, bilinmir. Ona görə də bu «rus ruleti»nin içindən çıxmaq gərəkdir. Özümüz… Öz gücümüzə…

Ramil Usubov nümunəsi

Bu sayımızda Daxili İşlər naziri Ramil Usubovla bağlı bir xəbər dərc etmişik. Amma mən bir daha mövzuya təmas etmək istəyirəm. Bizi hər zaman qınayırlar ki, hər zaman tənqid yazırsınız, niyə yaxşı şeyləri də görmürsünüz? O baxımdan, məncə bəzən baş verən müsbət hadisələri də Oxucularımızın mühakiməsinə buraxmalıyıq.
Hər zaman mövqeyimdə qalmışam. Yanlış məqamların üzərinə getmişəm. Azərbaycan polisində baş verən neqativ hadisələri işıqlandırmışam. Xüsusilə, Süleyman Nemətov olayında hələ də davam edən inadkarlığım var. Otağıma quraşdırılan dinləmə qurğusu haqqında hələ də DİN orqanları qəribə bir susqunluq nümayiş etdirirlər. Amma bu boyda hadisələrin qovuşuğunda cənab Ramil Usubovun son olaya – Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun telefonla mənə hədə-qorxu gəlməsinə göstərdiyi operatv reaksiyanı qiymətləndirməmək və bunu təqdir etməmək ədalətsizlik olar. Polis günü ərəfəsində, işlərinin o qədər çox olduğu bir zamanda bir baş redaktora göstərilən bu münasibəti azad və müstəqil mətbuata göstərilən münasibət hesab edirəm. Təcrübəli dövlət adamı Ramil Usubovun davranış tərzi, mətbuat mövzularını həssaslıqla müzakirə etməsi, azad mətbuatın çətin adamının arqumentlərini səbr və təmkinlə dinləməsi, mənə xüsusi zövq verdi. İçimi dərin bir inam hissi bürüdü ki, Azərbaycan dövlətini idarə edənlərə məsələləri çılpaqlığı ilə çatdırsan, onları olduğu kimi məsələdən hali etsən, bir çox şeylər dəyişər. Onlar da dəyişiklik istəyirlər çünki. Amma bunu etməli olan azad mətbuat olmadığı üçün onlar da informasiyaları çılpaq formada ala bilmirlər.
Mən bir baş redaktor kimi xeyli rahatladım. Yadımdadır, Fərhad və Rafiq Əliyevlər üzərimə ley kimi gələndə də cənab Ramil Usubov məni müraciətimdən sonra qəbul etmiş və prosesi nəzarətə götürmüşdü. İndi də üzərimizə gələn bu seldən bir yeni problemi çıxmışdı ki, xeyli rahatladım. Bu, həm də bütün polis təşkilatına, DİN sisteminə bir mesajdır ki, qəzetlərlə, azad mətbuatın təmsilçiləri ilə, jurnalisltlərlə, hələ-hələ bu, baş redaktordursa, onunla necə davranmaq lazımdır. Bunun üçün, azad mətbuata göstərdiyi bu münasibət üçün cənab naziri təqdir edir və ona təşəkkür edirəm.
Yuxarıda bəhs etdiyim Vüqar Səfərli möcüzəsi Allah qoymasa mənim həmkarımdır və Allah qoymasa prezident bunu bizim – azad mətbuatın problemlərini həll etmək üçün oturdub o kürsüdə, Ramil Usubov da hər zaman tənqid etdiyim, bəzən xüsusi amansız tənqid etdiyim hakimiyyətin ən qüdrətli adamlarından biridir…
O məni həmkarım Vüqar Səfərli, bu mənim hər zaman tənqid etdiyim Ramil Usubov… O, mənim qanımı içməyə hazırdır, kinlidir, azad və müstəqil mətbuatın düşmənidir, savadsız və acgözdür, bu, ölkənin 15 ildən çox Daxili İşlər naziridir, müstəqil və azad medianın problemlərini dinləyir, yanlış edən rəislərinə tapşırıq verir ki, media ilə sərt tonda danışmaq olmaz… İndi mən təsəvvür edirəm, Ramil Usubovun yerində Allah eləməsin, Vüqar Səfərli kimi bir möcüzə otursaydı, halımız nə olardı…
Təsəvvür edin ki, bu ölkənin bütün iri çinli məmurları Ramil Usubov kimi davrana. Nə problem qalar ki? Bu, həm də bizim – azad mətbuatın məsuliyyətini birə beş artırar. Bütün məmurları Usubovdan nümunə götürməyə çağırıram…
BAX BELƏ
BU DA GERİDƏ QALAN 433-CÜ HƏFTƏ
“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий