Əməkdaşımız Oktay Hacımusalının gənc yazar Elnaz Eyvazlı ilə müsahibəsi
- Şeir nədir? Antonimlərin vəhdəti?
- Şeir, baxır kimin üçün nədir. Adam var ki, ümumiyyətlə, şeir onun üçün olduqca mənasız bir şeydir. Bəlkə, heç ömründə bir dəfə də eşitdiyi şeir ruhunu oynatmayıb, gözlərinə yol çəkdirməyib. Mənim üçün şeir hisslərim, düşüncələrim, yaşadıqlarımdır. Hər bir şair həm də özünü yazır. Hər şeirimdə bir hərflik də olsa, mən varam. Antonimlərin vəhdəti deməzdim, daha çox omonimlik var şeirdə. Deyilişi də, yazılışı da hamının bildiyi, lakin hər kəsin bir cür, bir mənada anladığı sözlər, ifadələr. Hərə özü kimi anlayır, başa düşür.
- “Ölümdən daha betərdir,” bəlkə, şeir yazmaq? Və bəzən şeir yazdığın üçün Tanrıya üsyan eləmək?
- Anadan kor doğulan adamlar sonradan gözünün işığını itirənlər qədər əziyyət çəkməz, çünki onlar işığın nə olduğunu bilmir axı, elə bilirlər elə hamı onlar kimi görür. Mənim üçün yazıb dadını görəndən sonra yazmamaq ölümdən betərdir. Çünki heç kimə deyə bilmədiklərimi, içimdən keçirdiklərimi yazmasam, çətin olar. İçimdən keçirdiklərim deyirəm, ürəyimdən, qəlbimdən yox ha. Xoşum gəlir bu sözdən, məsələn, deyirlər ki, filankəs içi olan adamdır. Sözü bilən adam bilir burada hansı içdən söhbət gedir. İçi olmayan adamlar sözü necə anlasınlar?! Bax, budur şeirdəki məcazilik, omonimlik. Şeir yaza bildiyim üçüm Tanrıya etiraz yox, həmişə şükür etmişəm. Hər şeirimi bitirəndən sonra, nöqtəsini qoyub, “min şükür sənə, Allahım!”- demişəm. O, mənə dünyanın ən qiymətli neməti olan SÖZ verib, necə naşükürlük edə bilərəm ki?! Candan əzizi yoxdu, ağrısını sözlə anladırsan. Allaha üsyan etməyə mənim heç haqqım yoxdur. Nəyisə bacardığından çox bacarmadığı üçün narazı qalar da adam. Niyə bacardığım, əlimdə olan ən gözəl bir şey üçün Allaha üsyan edim ki?! O zaman ilk kitabımın adını “Yaxşı ki yaza bilirəm…” qoymazdım.
- Arzularımızı dilə gətirməməklə çoxmu yara vururuq bir-birimizə? Şeir belə anlarda köməyə gəlirmi, sizcə?
- Arzuları dilə gətirmək həmişə vacib deyil ki. Arzu etmək, arzularla yaşamaq özü də gözəldir. Biz insanlar bir-birimizə onları dilə gətirməməklə yox, onları boğmaqla, öldürməklə, anlayış göstərməməklə yara vururuq. ? Ancaq arzuları şeirlə anlatmağın dadı bir başqadır…
- Həmişə istəmişəm sizdən soruşum: Qan ağrısı necə olur?
- O ağrını başqa cür izah mümkün deyil, sadəcə. Bütün vücudumuzu dolanan qandır. Ruhun, qanın ağrısıdır sözə gəlməyən ağrı.
- Sizcə, kişilər daha çox etiraf edirlər, yoxsa qadınlar?!
- Kişi kimdir, qadın kimdir? Hə ikisi insandır.
Mənim üçün həyatda,
Nə qadın var, nə kişi.
İki kəs tanıyıram,
Bir kişi, bir nakişi.
İnsan anlayışı var, İNSAN! Bu insan ya kişidir, ya da nakişi. Kim nəyi bacararsa, onu da edir zatən. Etiraf da belə, bacaran edir, bacarmayan etmir.
-İtirəcək heç nəyin yox,
ağlamağa səbəbin.
Əlin arzularının bir addımlığında,
zibil qutuları əlinin altında.
Mənim kimi demirsən:"Əl uzatsam çatan deyil".
Nə deyək bunun dalınca? Şükür, bu gününə şükür?!
- Bomj şeirimdəndir bu misralar. Əlbəttə ki, şükür. Xoşuma gələn bir aforizm var: “Ayaqsız adam görəndən sonra heç vaxt ayaqqabı dərdi çəkmədim”. Əlində olanı itirib yanmaqdansa, heç olmaması yaxşıdır. Mən ona “əzizim Bomj ” deyirəm, bütün yaşadıqlarına rəğmən. Bəs nə deyəydim, deyəydim ki, yıxıl öl? Adamalar var ki, hər şeyi var, ancaq boş adamdır, başa düşürsüz, boş. Nə vaxtsa bir söz adamı bu gün bomjdursa, məsələn, gör nə qədər zəngindir o birindən. İnsanların varlı-kasıb olması onların əlində olanla yox, içində olanla ölçülür mənim üçün.
“Bax, ikimiz də bu dünyadan boş gedəcəyik,
Bom-boş.
Heç kimin heç nəyi yoxdur,
əzizim Bomj”.
- Yeni kitabınız çap olunub. Bu kitabdan sonra yaradıcılığınızda bir dəyişiklik olacağına inanırsınızmı?
- İlk kitabım 2007-ci ildə çıxdı. İndi kitabımın çıxmasına daha çox ehtiyacım var idi, nəinki onda. İndi azdan-çoxdan beş-üç oxucum var, imzama bələd olan var. Bu kitab mənim üçün bir növ hesabat xarakteri daşıyır. Birinci kitabımdan sonra bir müddət heç nə yaza bilməmişdim və çox qorxmuşdum. Elə bilmişdim ki, daha yaza bilməyəcəm. İndi bu kitabım təzə çıxıb da hələ. İyulun 15-də çıxdı. Ad günümüə iki gün qalmış. Kitabdakı şeirləri mən yazmışam, ancaq kitab söhbətini əvvəlindən axırına qədər dostum, həmkarım Cəlil Cavanşir həll etdi. Kitabın ad günümə qədər işıq üzü görməsi də onun planı idi və bunun üçün çox çalışdı. Əsl sürpriz oldu. Sağ olsun, çox zəhmət çəkdi. Nəhayət, “Kişi etirafı” gəldi. Şahbaz Xuduoğluna da təşəkkürümü bildirirəm ki, bu işi boynuna götürdü. Kitab çıxarmaq çox məsuliyyətli işdir. Həm necə qarşılanacağını düşünürəm, həm də bundan sonra nə edəcəyimi. Dəyişiklik olub-olmayacağı zamanın işidir. Deyilənə görə, üslubumda çox ciddi dəyişiklik var, özüməməxsus intonasiya formalaşıb son dövrlərdə. Görək bundan sonra nə olur...
- Kitabınızı ədəbi camiəyə nə zaman təqdim edəcəksiniz?
- Sözün düzü, təqdimat söhbətinə tələsmirəm hələ. Həm oxucular tanış olsun kitabla, təqdimata gələnlər nədən ötrü gəldiklərini bilsinlər, həm də istilərdə dostlara əziyyət vermək istəmirəm. Havalar çox istidir deyə, təqdimat məsləsini saxlamışıq.
- Nəsr kitabınızı nə zaman çap etdirməyi düşünürsünüz?
- Bu çox məsuliyyətli işdir. Baxmayaraq ki, neçə illərdir şeir yazıram, şeir kitabımı çox tərəddüdlə çıxardım. Nəsr daha çox zəhmət tələb edir. Ancaq boynumda belə bir borcun olduğunu hiss edirəm. Çünki Nəsimi Milli Ədəbiyyat müsabiqəsində hekayələrimin birinciliyə düşməsi mənə “nəsrə davam!” şüarını xatırladır tez-tez. Dostlarım, yaxınlarım məni bir az tənbəllikdə suçlayırlar. Ancaq bilirsiniz, yazı işinə bir xeyli komplekslə yanaşıram. Özümə inamsızlıq da deyil bu, sadəcə olaraq, elə bilirəm ki, yazmağa başlayanda kimsə əlimə baxır,”görək bu nə yazacaq,” - deyə. Yazıya başlayıncadır çətini. Sonra hər şey yoluna düşür. Özümü qismən hazır hiss edəndə, yəqin ki, nəsr kitabı da çap etdirmək istəyərəm inşaAllah. Heç vaxt axına qoşulamğın həvəskarı olmamışam. Hamı nəsr kitabı çıxarır, mən də çıxarım, hamı filan şey edir, mən də edim və sair mənlik deyil. Şeirdən də nəsrə keçməmişəm, şeir şeirdir, nəsr nəsr. Nəsrə başlamışam demək daha düzgündür. Çünki hekayələrimi 2005-ci ildən yazıram, sadəcə, üzə çıxarmaq haqqında düşünmürdüm, hər şeyin vaxtı var deyirdim. Hər şey zamanında gözəl olur. Nəsr şeirlə deyə bilmədiklərimi ifadə etməkdə sağ əlimdir. Ayrı-ayrı zöqləri verirlər. Hansı asandır, hansı çətindir söhbəti də yoxdur. Düzdür, nəsr daha çox zaman alır və zəhmət tələb edir. Ancaq hərəsinin öz yeri var. İkisi də tam olduqdan sonra xoşbəxt oluram.
Oktay Hacımusalı
Комментариев нет:
Отправить комментарий