Mayis Güləliyev
Azərbaycan ictimai-siyasi həyatında NATO-Azərbaycan əlaqələrinin zəruriliyinə əsas kimi göstərilən arqumentləri belə qruplaşdırmaq mümkündür. 1) bu əlaqələr Azərbaycanın gələcəkdə təhlükəsizliyinə tam əminlik yaradır; 2) Azərbaycan üçün həllini gözləyən vacib problemin-Dağlıq Qarabağ probleminin həlli reallaşacaq; 3) neft hasilatının və ixracatının təhlükəsizliyi təmin ediləcək, 4) Xəzərin statusunun həlli başa çatdırılacaq və nəhayət, 4) Azərbaycan ordusu NATO standartlarına uyğun olaraq formalaşacaq. Azərbaycan ictimaiyyətinə təlqin edilən bu arqumentlərin nə dərəcədə əsaslı olmasına həsr edilmiş elmi və ya siyasi tədqiqatlar demək olar ki, yox dərəcəsindədir. R. Mustafayevin “Azərbaycan dövlətçiliyi”, M. Qasımovun “Azərbaycan beynəlxalq münasibətlər sistemində”, Ə. Həsənovun “Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri” və digər tədqiqatlar NATO haqqında faydalı məlumatlarla zəngin olsa da NATO Azərbaycan əlaqələrindən Azərbaycan dövlətinin necə faydalanacağını əsaslandırmır. NATO-Azərbaycan əlaqələrinin zəruriliyini təbliğ etməklə öz siyasi məqsədlərini inkişaf etdirən Azərbaycan müxalifətinin əksəriyyəti də bu əlaqələrdən Azərbaycanın necə faydalana biləcəyini əks etdirən konkret siyasi platformaya malik deyildirlər.
NATO-Azərbaycan münasibətlərini tədqiq edənlərin və siyasi ekspertlərin əksəriyyəti NATO-nun Şərqə genişlənməsinə haqq qazandıraraq belə genişlənmənin məhz təhlükəsizlik üçün vacib olduğunu arqument kimi irəli sürürlər. Lakin belə təhlükəsizliyin mahiyyəti və ya hansı tərəfin təhlükəsizliyinin nəzərdə tutulduğu adətən qabardılmır. NATO-nun son 15 ildəki hərbi əməliyyatlarının mahiyyəti göstərir ki, belə əməkdaşlıq heç də yerli əhalinin təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirilmir. NATO-nun Balkan yarımadasındakı və Əfqanıstandakı hərbi əməliyyatları bu regionda ABŞ-ın gələcəyə yönəlmiş maraqlarından xəbər verir. Qərb imperializminin təcavüzkar siyasətinə müqavimət göstərə biləcək hər hansı bir
rejimin və ya “qloballaşaraq” “ABŞ-ın “müştəri ölkəsinə” çevrilmək istəməyən ölkələrin
parçalanması və ya məhv edilməsi NATO-nun genişlənməsinin gizli məqsədlərindəndir. Harvard Strateji Tədqiqatlar İnstitutunun direktoru professor Samuel Hantinqton NATO-nu Qərb sivilizasiyasının təhlükəsizliyi üçün təşkilat kimi xarakterizə edir və qeyd edir ki, onun əsas məqsədi bu sivilizasiyanı müdafiə etmək və qorumaqdır. O, NATO-nun daha uzaq məqsədlərini nəzərə alaraq kəskin aparteid mövqeyindən çıxış edərək israr edir ki, “NATO üzvlüyü Müsəlman və Ortodoks ölkələr üçün və ya öz dinlərinə və mədəniyyətlərinə görə qeyri-qərb ölkələri üçün bağlı olmalıdır”.
Azərbaycan cəmiyyətində NATO-Azərbaycan əlaqələrinin mahiyyətinin geniş müzakirə
olunmaması səbəbindən belə əlaqələrə Azərbaycanın gələcək təhlükəsizliyinin təminatı kimi yanaşanlar az deyil. Bu məsələ ətrafında ictimaiyyətin məlumatsızlığı mahiyyətcə 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” ilə bağlı vəziyyəti xatırladır. Belə ki, bir tərəfli məlumatların yayılmasının təmin edilməsi yolu ilə ictimai fikrin manipulyasiyası həyata keçirilir.
Qeyd edək ki, NATO-Azərbaycan əməkdaşlığı Azərbaycanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilərsə, onda hər şeydən əvvəl mümkün təhlükələrin xarakteri təhlil edilməlidir.
Yəni, Azərbaycan hansı ölkələrdən təhlükə gözləyir? Aydındır ki, Azərbaycanın indiki ictimaisiyasi vəziyyətində mümkün təhlükələr onun iqtisadi və siyasi maraqlarının toqquşduğu ölkələrlə daha ehtimallıdır. Beləliklə, təhlükələrin xarakterini və mahiyyətini düzgün dərk etmək üçün maraqların toqquşduğu sahələri müəyyənləşdirək. Bu hər şeydən əvvəl Xəzərin neft və qaz yataqlarıdır. Nəzəri olaraq, deyə bilərik ki, bu sahədə Azərbaycanın maraqları transmilli neft şirkətləri ilə və onları himayə edən ölkələrlə, o cümlədən ABŞ, Böyük Britaniya ilə daha ciddi toqquşur. Xəzərin neft yataqlarının işlənməsi sahəsində isə Azərbaycanın maraqları digər Xəzəryanı ölkələrlə, neftə və qaza olan ehtiyacların ödənilməsində isə Gürcüstan və Türkiyə ilə toqquşur. Neft hasilatının dünya bazarında rəqabət gücünü nəzərə alarıqsa Azərbaycanın neft
istehsal edən digər ölkələrlə, xüsusilə Yaxın Şərq ölkələri ilə də maraqları nəzəri cəhətdən toqquşur. Lakin maraqların nəzəri cəhətdən belə toqquşması bu qüvvələr tərəfindən Azərbaycanın təhlükəsizliyinə hər hansı real qorxunu yaradırmı?
Öz neft ehtiyaclarını ödəmək üçün Türkiyə və ya Gürcüstan Azərbaycana heç vaxt açıq hərbi müdaxilə etməz. Türkiyə özünə müttəfiq hökumətin formalaşması üçün Azərbaycanın daxili siyasi həyatına hər hansı müdaxilələr edə bilər, lakin belə müdaxilə hərbi toqquşma səviyyəsinə qədər inkişaf edə bilməz. Gürcüstanın Azərbaycana təsir imkanları daha çoxdur. Çünki orada beş yüz mindən çox etnik Azərbaycanlı yaşayır və onlar Gürcüstan ictimai həyatına çətinliklə inteqrasiya edirlər. Gürcüstan Azərbaycanlılarının Azərbaycana immiqrasiya etməsi
ehtimalı çox böyükdür və bu proses artıq gedir. Azərbaycanın ixrac neft kəmərlərinin və Türkiyə ilə quru yolunun Gürcüstandan keçməsi də onun Gürcüstandan asılılığını xeyli artırıb. Odur ki, Gürcüstanın Azərbaycana hərbi müdaxiləsinə heç bir zərurət yoxdur. Azərbaycanın Gürcüstana ucuz qiymətə qaz satışı və ya BTC boru kəmərinə görə tranzit qiymətlərində güzəştə getməsi də Azərbaycan-Gürcüstan əlaqələrində ikincinin əhəmiyyətinin getdikcə artmasından xəbər verir. Xəzəryanı ölkələrin, o cümlədən Rusiyanın və ya Türkmənistanın Azərbaycanla hər hansı bir sahədə, məsələn Xəzərin neft –qaz ehtiyatlarının istifadəsində mübahisələri olarsa, bu ölkələrin dərhal hərbi vasitədən istifadə etməsi mümkünsüzdür. Belə ki, tərəflər hərbi müdaxilədən daha əvvəl hasilatın dayandırılmasını və Xəzərin statusunun dinc yolla müəyyənləşməsi yolunu seçə bilərlər. Belə ki, bu ölkələr arasındakı maraqların hərbi toqquşması yalnız o zaman mümkün ola bilər ki, tərəflərdən hər hansı biri mübahisəli ərazilərdə hasilatı dayandırmaqdan kobudcasına imtina etsin və ya açıq-aşkar haqlı olmasın. Xəzəryanı ölkələrin hər birinə aid olan sektorlarda neft və qaz ehtiyatlarının kifayət qədər olduğunu nəzərə alsaq, tərəflərin bir-birinə müvəqqəti güzəştə getməməsi və Azərbaycanın haqlı olduğu hallarda mübahisələrin hərbi toqquşma səviyyəsinə çatdırılması qətiyyən inandırıcı deyil. Xəzəryanı ölkələr içərisində Azərbaycana təsir imkanları daha çox olan Rusiyadır. Belə ki, Rusiya hökuməti orada yaşayan Azərbaycanlılar və Azərbaycanda yaşayan Rusiya yönlü etnik azlıqlar vasitəsilə Azərbaycan hökumətinə ciddi təsir imkanına malikdir. Azərbaycan-İran
münasibətlərinə gəldikdə isə İranın Azərbaycana məxsus olan hər hansı neft və ya qaz yatağına görə zor tətbiq etməsi və ya hərbi təcavüzü İran cəmiyyətində, həm də beynəlxalq aləmdə mənfi qarşılana bilər və belə təcavüz onsuz da İrana güc tətbiq etmək üçün bəhanə axtaran Qərb ölkələri üçün katalizator ola bilər. Odur ki, Azərbaycanın haqlı olduğu hallarda neft və ya qaz yataqlarına görə bu ölkələr tərəfindən hər hansı mübahisəli məsələlərin hərb yolu ilə həll etməsinə heç bir səbəb yoxdur.
Eyni vəziyyəti Azərbaycanda maraqları olan transmilli şirkətlərə və onları himayə edən böyük dövlətlərə, xüsusilə ABŞ və Böyük Britaniyaya aid etmək olmur. Belə ki, ABŞ-ın iki yüz illik yaranma tarixi belə hərbi təcavüzlərin açıq –aşkar real ola bilməsinə işarə edir. Son 20 ildə Yaxın Şərqdə, Əfqanıstanda və Yuqoslaviyada baş verən hadisələr ABŞ-ın Azərbaycana və ya neftlə zəngin olan digər ölkələrə istənilən vaxt hərbi təcavüz etmək imkanında olduğunu sübut edir.
ABŞ-Azərbaycan əlaqələrinin xronologiyasını nəzərdən keçirəndə məlum olur ki, ABŞ
Azərbaycanın nəzarətə alınması üçün zəruri olan bir neçə addımı artıq atmağa müvəffəq olmuşdur. Bunlar ABŞ xarici siyasətinin mahiyyətindən irəli gəlir və əsasən aşağıdakılardan ibarətdir: 1) Azərbaycanın siyasi sistemində zəruri islahatların aparılması və ABŞ-ın maraqlarına xidmət edən hökumətin formalaşması; 2) ABŞ-ın nəzarətində olan transmilli şirkətlərin böyük mənfəətini təmin edən müqavilələrin imzalanması; 3) ABŞ korporasiyalarının təhlükəsiz və böyük mənfəətli fəaliyyəti üçün imkanların yaradılması; 2) Azərbaycanın siyasi və ictimai həyatına təsir göstərərək onun hər şansı müstəqil fəaliyyətinin digər ölkələr üçün nümunə ola biləcəyinə imkan verilməməsi; 3) idarə oluna bilən siyasi müxalifətin yaradılması və bu müxalifətdən lazım olan hallarda hakimiyyətə təsir göstərmək üçün istifadə edilməsi; 4) Azərbaycanın daxilində vətəndaş birliyinin olmaması üçün müxtəlif tipli potensial etnik
münaqişələr təhlükəsinin yaradılması; 5) Azərbaycanla onun birgə sərhədi olan ölkələr arasında və ya tarixi əlaqəsi olan ölkələr arasında potensial münaqişələrin yaradılması; 6) Azərbaycanda fundamental elmin və intellektual istehsalın inkişafının zəiflədilməsi və «beyin axınının» stimullaşdırılması və s. Göründüyü kimi, bu “zəncirdə” çatışmayan “son həlqə” Azərbaycanın yeni müstəmləkə dövlət kimi ABŞ-dan dayanıqlı asılılığını və regionda ABŞ-ın hegemonluğunu təmin edə
biləcək gücün formalaşmasıdır. Belə güc kimi ABŞ-ın öz hərbi qüvvələri və ya onun tam nəzarətində olan hər hansı qüvvələr də çıxış edə bilərlər. Lakin ABŞ hökuməti hesab edir ki, II Dünya Müharibəsindən sonra ABŞ xarici siyasətinin hərbi missiyasının əsas ağırlığını öz üzərinə götürmüş NATO bu missiyanın yerinə yetirilməsi üçün daha hazırlıqlı hərbi strukturdur. Lakin nəzərə almaq lazımdır ki, belə qüvvələrin bu və ya digər regionda, o cümlədən Azərbaycanda yerləşdirilməsi və ya ABŞ maraqlarına uyğun tətbiq edilməsi bu ərazilərdə “real təhlükənin olması” haqqında ictimai fikrin manipulyasiya edilməsini və “düşmən” imitasiyasının yaradılmasını zəruri edir. Beləliklə, NATO-Azərbaycan əməkdaşlığının siyasi gündəmə gəlməsi və Azərbaycana qarşı mümkün təhlükələrin getdikcə artması xəbərlərinin yayılması arasında
ciddi əlaqələr vardır.
Qeyd edək ki, NATO-nun genişlənməsi ABŞ-da da birmənalı qarşılanmır. Məsələn, Konqresmen Ron Paul 2004-cü ildə NATO-nun genişlənməsinə qarşı çıxaraq qeyd edirdi ki, “Artıq vaxtı keçmiş alyans olan NATO-nun genişlənməsi bizim milli maraqlarımıza xidmət etmir və gələcəkdə bizim milli təhlükəsizliyimizə təhlükə yarada bilər. ...Bu alyans Soyuq Müharibənin qalığıdır, başqa dövrün mirasıdır və indi mövcud ola bilməz. O, fəaliyyətini nə qədər tez dayandırsa, bir o qədər yaxşıdır”.
NATO-nun 50 il bundan əvvəl Qərbi Avropa və Birləşmiş Ştatları Şərqi Avropanın kommunist ölkələrindən müdafiə etmək məqsədilə yaradıldığını deyən Konqresmen, NATO-nun bəyan etdiyi missiyanı artıq yerinə yetirdiyini və Soyuq Müharibə
dövründə sülhü saxlanmağa müvəffəq olduğunu, hazırda isə köhnəlmiş və məqsədi olmayan alyans olduğunu israrla bildirir. O, tamamilə haqlıdır ki, Sovet sisteminin dağılması və hücum təhlükəsinin aradan qalxması ilə 1989-1991-ci illərdə NATO-nun mövcud olması üçün səbəblər aradan qalxdı, təəssüf ki, NATO-nun missiyasının sona çatması hələ NATO-nun özünün sona çatması demək olmadı. Doğrudan da NATO-nun üzv dövlətlərinin başçıları köhnəlmiş və məqsədi olmayan alyans üçün yeni missiyanı işləyib hazırlamaq üçün 1999-cu ildə bir yerə toplaşdılar. 1999-cu ildəki Vaşinqton Sammitindən sonra NATO öz üzvlərini xarici hərbi təcavüzlərdən qorumağa çalışan müdafiə xarakterli beynəlxalq təşkilatdan iqtisadi, sosial və siyasi problemlərlə, etnik və dini münaqişələrlə, ərazi mübahisələri və insan hüquqlarının pozulması və məsələlərlə məşğul olan təcavüzkar və hücum xarakterli təşkilata çevrildi. ABŞ hökuməti NATO-nun genişlənməsinin təhlükəsizlik tələblərindən irəli gəldiyini durmadan ictimai fikrə yeritməkdə davam edir. ABŞ hökumətinin Avropa və Avrasiya İşləri üzrə Bürosu qeyd edir ki, “ABŞ-ın təhlükəsizliyi bu gün bizdən tələb edir ki, artıq güclü təhlükəsizlik Alyansı olan NATO-ya daha yaxından diqqət yetirək və onun daha da güclü olması üçün yollar tapaq. Terrorizm və kütləvi qırğın silahının yayılması kimi qlobal təhlükələrin qarşısını almaq və onları məhv etmək üçün bizim dəyərlərə sadiq olan və bizimlə effektiv fəaliyyət göstərən ölkələrlə müttəfiq olmalıyıq. Soyuq Müharibə başa çatdıqdan sonra Avropanın yeni demokratik ölkələri həm Balkanda sabitliyin qorunmasının təşkilində, həm də Əfqanıstanda terrorizmə qarşı mübarizədə əməkdaşlıq bacarıqlarının olmasını sübut etdilər. NATO-nun genişlənməsi ayrı-ayrı üzvlərin bacarıqlarının cəmi ilə müqayisədə NATO-nu bütövlükdə daha güclü edərək həm ABŞ, həm də onun müttəfiqlərinin bəhrələrinin artmasını təmin edəcəkdir. NATO-nun genişlənməsi Avro-Atlantik məkanda bütün ölkələrin siyasi və iqtisadi sabitliyinin daha da inkişaf etdirilməsinə kömək edəcəkdir. Yaxşı idarəetməni, qanunun hökmranlığını və insan hüquqlarını gücləndirdikləri üçün Avropanın yeni demokratik ölkələrinə kömək etməklə NATO, həmçinin Amerika ticarəti və investisiyası üçün də daha yaxşı uzun müddətli ətraf mühitin formalaşmasına yardım edir”.
NATO-nun genişlənməsinin təhlükəsizlik tələblərindən irəli gəlməsinin imitasiya xarakteri daşıdığına əmin olmaq üçün onun Yuqoslaviyadakı fəaliyyətinə diqqət yetirmək kifayətdir. NATO nə ABŞ üçün, nə də Avropa üçün təhlükə yaratmayan suveren ölkəyə hücum etdi. NATO-nun Balkanlara qeyri-qanuni və mənəvi cəhətdən haqsız təcavüzü ABŞ-ın Şərqi Avropadakı maraqları ilə bağlı olduğu üçün NATO qoşunlarının Balkanlarda hələ uzun müddət qalacağı gözlənilir. NATO-nun Əfqanıstana hücumu da regionda sülhü təmin etmədi, əksinə regional gərginliyi daha da artıraraq region ölkələrinin sürətli silahlanmasına və terror aktlarının genişlənməsinə rəvac verdi. Konqresmen Ron Paul haqlı olaraq qeyd edir ki, “NATO-nun genişlənməsi ABŞ -ın Avropa ölkələrinin və ondan kənardakı ölkələrin daxili işinə qarışmasını reallıqda ört-basdır etmək üçündür. Bu, ABŞ-ın konstitusiyaya zidd xarici yardımının axını üçün kanal və üzv dövlətlərin, xüsusilə Şərqi Avropadan olan yeni üzvlərin daxili siyasətlərində ABŞ-ın müdaxiləsi olacaqdır”.
ABŞ xarici siyasətinin anatomiyası göstərir ki, “soyuq müharibə” dövründə Sovet İttifaqına münasibətdə, 1991-ci ildən sonra isə digər “Üçüncü Dünya” ölkələrinə münasibətdə ABŞ belə ölkələrin zəiflədilməsi və parçalanmaya məcbur edilməsi üçün daha “hiyləgər” variantdan, yəni belə ölkələrin iqtisadi blokadaya alınması və ya sürətli silahlanmaya sürükləndirilməsi variantından istifadə edir. Belə ölkələrin sərhədləri yaxınlığında təhlükə mənbələrinin yaradılması və onların sürətli silahlanmaya sövq edilməsi əksər hallarda daxili iqtisadiyyata və əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir və ölkənin parçalanması üçün
şərait yaradır. Beləliklə, NATO-nun Şərqə genişlənməsi ilə ABŞ bir neçə qat mənfəət əldə etmiş olur: 1) NATO-ya daxil olan ölkələrin tamamilə nəzarətdə saxlanması təmin edilir; 2) Bu ölkələrin qonşu olduqları və ABŞ-ın nəzarətə almağa çalışdığı ölkələr sürətli silahlanmaya sövq edilir və zəiflədilir; 3) ABŞ bazalarının NATO-nun yeni üz ölkələrinin ərazilərində, o cümlədən Sovet İttifaqı sərhədlərinin yaxınlığında genişlənməsi təmin edilir; 4) ABŞ-ın hərbi əməliyyatlarla müşayiət edilən beynəlxalq cinayətlərində məsuliyyət NATO üzvləri arasında bölüşdürülür; 5) yeni üzvlərin insan resurslarından, infrastrukturlarından istifadə edilir.
Qeyd edək ki, son zamanlar ABŞ-ın Çexiyada və Polşada yerləşdirmək istədiyi raketdən müdafiə sistemlərinin də əsas məqsədi məhz Rusiyanı sürətli silahlanmaya sövq edərək zəiflətməkdən ibarətdir. Qeyd edək ki, NATO-nun son genişlənməsi üçün tələb olunan 1,5 milyard vəsaitin 400 milyonu ABŞ tərəfindən ödənilmişdir. Lakin NATO-nun hər dəfə genişlənməsindən sonra ABŞ-ın NATO büdcəsindəki payı və Balkan əməliyyatındakı xərcləri azalmışdır. Deməli, NATO-nun genişlənməsi ABŞ-ın Alyansa xərclədiyi vəsaitin çəkisini də azaltmaqla ona əlavə mənfəət vermiş olur.
NATO-nun genişlənməsi ilə bağlı maraqlı bir məqam Yaxın Şərq ölkələri ilə bağlıdır. Belə ki, NATO-nun genişlənməsinə haqq qazandıran NATO rəsmiləri bunun qlobal təhlükəsizlik üçün zəruriliyini durmadan israr etsələr də ABŞ tərəfindən ən çox maliyə yardımı alan və qonşu ölkələr tərəfindən təhlükədə olduğu iddia edilən İsrailin NATO-ya daxil edilməsi bu günə qədər gündəmdə deyil. NATO-nun Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisi Daniel Frid yazır ki, “Soyuq müharibə dövründə NATO əsas diqqətini Avropaya yönəltmişdir, ona görə ki, burada təhlükə var idi. Hazırda əsas missiyasını tərk etmədən NATO kənara, Avropadan
uzaqda kökləri olan təhlükələrə də diqqətini artırır. Bu təhlükələr zorakı ekstremizmi, terrorizmi, nüvə silahının genişlənməsini, müvəffəqiyyətsiz ölkələrdən ola bilən təhlükəni, kibernetik hücumları və enerji resurslarının təhlükə altında olmasını əhatə edir”. Bəs belə olan halda dünyanın ən gərgin nöqtəsi olmaqda davam edən Yaxın Şərqin təhlükə ocağı kimi saxlanılmasında və İsrailin ayrıca silahlandırılaraq qonşu ölkələrə təhdid göstərməsində və onları sürətli silahlanmaya sövq etməsində məqsəd nədir? Ola bilsin ki, əsas səbəb kimi bu alyansın yalnız Avropa ölkələrini əhatə etməsi deyilə bilər. Lakin Azərbaycan və Gürcüstan da Avropa ölkəsi deyil, bununla belə bu ölkələr NATO-nun müxtəlif proqramlarında iştirak edir və bu ölkələrin təhlükəsizliyi bəhanəsi ilə NATO-ya qəbulu vaxtaşırı gündəmə gəlir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın enerji resursları ilə bağlı regionda üzləşə biləcəyi təhlükələr əslində real deyil, lakin ABŞ tərəfindən 1) imitasiya edilən və ya 2) provokasiya edilən təhlükələrdir. Azərbaycanda neft hasilatının ABŞ tərəfindən tam nəzarətə alınması və getdikcə genişlənməsi Xəzərin statusunun həll edilmədiyi şəraitdə Xəzəryanı ölkələrdə ciddi narazılığa səbəb olur. Digər tərəfdən, BTC boru kəmərinin və ya Xəzərdə neft qurğularının mühafizəsi adı ilə ABŞ-ın və ya NATO-nun məhdud həbi kontingentinin Azərbaycan regionlarında və ya Xəzərdə yerləşdirilməsi, həmçinin Xəzərdə mobil RLS qurğularının yerləşdirilməsi Azərbaycanı ciddi təhlükələrə provokasiya edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi belə təhlükələr Xəzəryanı ölkələrin Azərbaycanla iqtisadi maraqlarının toqquşması ilə bağlı təhlükə yox, ABŞ ilə Xəzəryanı ölkələrin maraqlarının toqquşması ilə bağlı təhlükədir.
Azərbaycan isə bu təhlükəyə ABŞ tərəfindən sürüklənir. Odur ki, ABŞ xarici siyasətinin
“parçala hökm sür” metoduna əsasən Azərbaycana Xəzəryanı ölkələrdən, xüsusilə Rusiya və İrandan təhlükələrin olması imitasiyasını ictimai şura yeritmək üçün ictimai-siyasi həyatda “düşmən obrazının” daim təbliğ edilməsi və belə təhlükələrdən qorunmaq üçün yeganə yolun NATO-ya inteqrasiya olduğunun təqdim edilməsi təsadüfi deyildir.
(Ardı var)
Комментариев нет:
Отправить комментарий