13.08.2011

NATO: ABŞ MÜSTƏMLƏKƏÇİLİYİNİN SON AKKORDU -4


Mayis Güləliyev
mayis_gulaliyev@yahoo.com

IV məqalə

 Qeyd edək ki, əvvəl Gürcüstanın sonra isə Azərbaycanın NATO-ya qəbul edilməsi NATO-ya üzv dövlətlərin, xüsusilə ABŞ-ın Qafqazdakı maraqlarına uyğundur. Bir daha qeyd edək ki, NATO qoşunları üzv dövlətlərin sərhədlərinin qorunmasını həyata keçirmir. Odur ki, Azərbaycanın da işğal edilmiş torpaqlarının erməni qoşunlarından NATO vasitəsilə ilə azad edilməsi “arzusu” əsasızdır.

 Etnik münaqişələrin sülh yolu ilə həllində və ya regionda dayanıqlı sülhün təminatında BMT daha çox rol oynaya bilərdi. Təəssüf ki, getdikcə BMT üzərində ABŞ nəzarəti də artmaqdadır və yaxın gələcəkdə bu qurumun ilkin nizamnaməsinə uyğun öz missiyasını yerinə yetirə biləcəyi ciddi sual doğurur. Bununla belə, BMT və NATO missiyaları arasındakı nəzəri fərqlər, həmçinin NATO və BMT qoşunları qarşısında qoyulmuş vəzifələr arasındakı fərqlər Qafqazdakı münaqişələrin həllində BMT-nin daha effektli ola biləcəyinə əminlik yaradır. Qeyd edək ki, NATO-nun genişlənməsi Şərqi Avropa və Qafqaz respublikalarının resurslarının ABŞ maraqlarına xidmət edən şəbəkəyə qoşulmasını təmin edirsə, müxtəlif fəlsəfəyə və missiyaya malik olan NATO və BMT birgə işləməyə məcbur edilməsi bu şəbəkəyə Üçüncü Dünya ölkələrinin və ABŞ-a rəqib olan güclü ölkələrin resurslarının da qoşulmasını təmin edir.

 Missiyaları bir birinə zidd olan bu iki qurumun bir araya gətirilməsi əslində BMT-nin öz missiyasından uzaqlaşdırılması deməkdir. Nizamnaməsinə əsasən NATO, sülhü qorumaq üçün, zəruri hallarda, müharibə yolu ilə mübarizə aparan müdafiə xarakterli təşkilat olmalı idi. Əslində isə Qor Vidalın qeyd etdiyi kimi “NATO Birləşmiş Ştatların Qərbi Avropada hərbi, siyasi və iqtisadi üstünlüyünü təmin etmək üçün yaradılmışdır”. BMT isə sülhü təmin etmək üçün müharibələrin qarşısını almaq üçün nəzərdə tutulan təşkilatdır. Başqa sözlə desək, BMT əslində NATO-nun son on beş ildə müdafiə xarakterindən hücum xarakterinə transformasiya olunmasına qarşı ciddi mübarizə aparmalı idi. Yəni NATO-BMT birgə fəaliyyətinin gücləndirilməsi istiqamətində deyil, əksində NATO-nun fəaliyyətinin BMT tərəfindən məhdudlandırılmasına cəhdlər olmalı idi. NATO öz üzvlərinin hərbi imkanlarının artırılmasını və təkmilləşməsini stimullaşdıraraq dünyanı sürətli silahlanmaya və ya hərbi qruplaşmaya sürükləyir. BMT isə nizamnaməsinə uyğun olaraq hərbi qüvvələrin azaldılması, daimi tərksilah yolu ilə bəşəriyyəti mümkün hərbi toqquşmalardan çəkindirməyə çalışmalıdır. Təəssüf ki, BMT-NATO birgə fəaliyyəti BMT-ni öz sülhsevər missiyasından getdikcə daha çox uzaqlaşdırır. Samir Amin NATO-nu BMT ilə razılaşmağı lazım bilməyən, lakin müəyyən şəraitdə ona ciddi oxşarlığı olan bir qurum kimi xarakterizə edir:  “...NATO BMT-yə faşist hakimiyyəti Millətlər Liqasına baxdığı kimi baxır və yalnız BMT-nın mandatı əsasına fəaliyyət göstərmək məsuliyyətdən azaddır”.

 BMT və NATO missiyaları arasındakı ciddi fərqlərin olması və BMT-nin getdikcə öz missiyasından NATO xeyrinə geri çəkilməsi Yuqoslaviya və Əfqanıstan hadisələrində sübut olundu. NATO-nun bu ölkələrdə geniş hərbi əməliyyatları BMT-nin neçə zəiflədiyini və ABŞ-ın əlində oyuncaq quruma çevrildiyini əyani göstərdi. Qeyd edək ki, Təhlükəsizlik Şurasının əsas üzvlərindən bir çoxu elə NATO-nun da mühüm üzvləridir. Odur ki, BMT-dən NATO-nun fəaliyyətini məhdudlaşdırmaq istiqamətində ciddi addımlar atmağı gözləmək çox çətindir . Odur ki, hava hücumuna səlahiyyət vermək üçün “dual-key” prinsipinin istifadə edilməsi əsasən BMT-nin nəzarət mexanizmi olduğuna baxmayaraq NATO tərəfindən bunun qeyri-qanuni tətbiq edilməsi BMT-də ciddi narazılıq doğurmadı.

 NATO ilə BMT missiyaları arasındakı ciddi ziddiyyətlərin daha çox tarixi xarakterli olmasına istinad edən ekspertlər belə ziddiyyətlərin nizama salınması üçün siyasi əlaqələrin yaxşılandırılmasını məsləhət görürlər. Məsələn, BMT-nin Siyasi İşlər üzrə departamentinin nümayəndəsi Derek Busbay qeyd edir ki, “Mən inanıram ki, bu iki təşkilat arasında olan problemlər siyasi əlaqələrin yaxınlaşması ilə yaxşılaşdırıla bilər. Lakin burada tarixi fərqlər yenə də etiraf edilməlidir. 45 il bundan əvvəl NATO və Varşava Müqaviləsi BMT-yə məhəl qoymayan və bir-birinə qarşı iki hərbi alyans idi. Üzvləri tərəfindən hərbi xərclərə limitin qoyulmasına cəhd edilən və silahların azaldılmasını məsləhət görən BMT dairələrində bu iki hərbi alyansa problemlərin aradan qaldırılmasına tövhə verən tərəflər kimi yox, əksinə problemlərin vacib hissəsi kimi baxılırdı”.

 Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT-nin yerinə yetirilməyən dörd qətnaməsi vardır. Fələstin torpaqlarının İsrail təcavüzündən azad edilməsi ilə bağlı 162 qətnamə qəbul edilmişdir. Bu qətnamələrin icra edilməsi üçün BMT təsirli mexanizmə malik deyil. BMT-NATO əməkdaşlığı BMT-nin yerinə yetirilməyən qətnamələrinin icrasına kömək edə bilərmi? Təəssüf ki, bu yalnız o hallarda mümkündür ki, qəbul edilmiş qətnamələr ABŞ maraqlarına xidmət etsin. Belə ki, ABŞ-ın hər iki qurum üzərindəki nəzarət gücü bu əməkdaşlıqdan yalnız NATO-nun “beynəlxalq jandarm” rolunu oynaması üçün legitimlik imitasiyası kimi istifadə etmək imkanı yaradır. BMT-NATO əməkdaşlığının beynəlxalq sülhün və haqq-ədalətin bərqərar edilməsi naminə genişləndirilməsi və möhkəmləndirilməsi isə yalnız “xoş məramlı arzudur”. NATO heç bir ölkədə daxili separatizmin qarşısını almaq üçün istifadə edilməyib, əksinə separatizmi qızışdırmaq və ondan bəhrələnmək ABŞ-ın xarici siyasətinin prioriteti olduğu üçün NATO-dan da separatizmi dəstəkləmək üçün, Məsələn, Kosovada istifadə edilmişdir. Odur ki, Dağlıq Qarabağ probleminin NATO vasitəsilə Azərbaycanın xeyrinə həlli nəinki mümkün deyil, əksinə Dağlıq Qarabağdakı separatizmdən gələcəkdə Azərbaycanın əleyhinə istifadə etmək ehtimalı hələ xeyli böyükdür.

 Azərbaycanın NATO-ya qoşulmasının zəruriliyini qeyd edən siyasətçilərin və politoloqların növbəti arqumenti ondan ibarətdir ki, NATO Azərbaycanda neft hasilatının və ixracatının təhlükəsizliyini təmin etməyə kömək edəcəkdir. Bu arqumentin də əsassızlığını sübut etmək üçün iki suala cavab axtaraq: 1)neft hasilatı və onun ixracatı üzərində nəzarət kimindir? və 2) Bu sahələrə təhlükə hansı qüvvələr tərəfindən mümkündür?

 Qeyd edək ki, Azərbaycanda son 15 ildə bağlanmış neft müqavilələri əsasən Hasilatın Pay Bölgüsü Sazişi modelini tətbiq edən müqavilələrdir. Bu müqavilələrə əsasən Azərbaycan hökuməti yalnız hasilatdan müəyyən şərtlər daxilində natura formasında paya malikdir. Son 10 ildə Azərbaycanda tətbiq edilən və reallaşan müqavilələrə əsasən Azərbaycanın hasilatda payı 15% ötmür. Belə ki, hasil edilən neftin böyük hissəsi əsasən ABŞ-ın və digər NATO ölkələrinin nəzarətində olan neft şirkətlərinin payına düşür. BTC boru kəmərində isə Azərbaycanın payı cəmi 25%-dir. Yenə digər 75% ABŞ və Avropa ölkələrinin nəzarətində olan transmilli şirkətlərin payına düşür. Göründüyü kimi, Azərbaycanın neft və qaz hasilatının və ixracatının təhlükəsizliyi dedikdə əsasən ABŞ və Avropa ölkələrinin nəzarətində olan şirkətlərə məxsus mülkiyyətin təhlükəsizliyi başa düşülməlidir. Bu sahələrin təhlükəsizliyinin təminatı hazırda Azərbaycanın xüsusi təyinatlı hərbi qüvvələri tərəfindən həyata keçirilir. Bu faktın özü ABŞ-ı o qədər də razı salmır. Belə ki, neft hasilatının və ixracatının ABŞ-a daha etibarlı olan qüvvələr tərəfindən qorunması daha zəruri hesab edilir. Onlar belə hesab edirlər ki, belə qüvvələr kimi yalnız NATO-ya ümid etmək mümkündür. Amerika prezidenti G. Buş NATO-nun Amerika üçün zəruri qurum olduğunu dəfələrlə açıq bildirərək qeyd edir ki, “NATO Avropa və ABŞ üçün təhlükəsizlik lövbəridir. ...11 sentyabrdan başlayaraq terrora qarşı mübarizədə NATO müdafiə hasarı olmuşdur. 12 sentyabrda NATO öz tarixində ilk dəfə V maddəni, yəni NATO üzvü olan hər hansı bir ölkəyə hücumu bütün üzvlərə hücum kimi elan edən maddəni, həyata keçirdi. ...NATO bunu etməklə ABŞ-ı ciddi dəstəklədiyini göstərdi. NATO ölkələri öz sözlərinin arxasında fəaliyyətləri ilə durdular. Bizim NATO müttəfiqlərimizin böyük əksəriyyəti Əfqanıstanda terror əleyhinə müharibəyə öz qüvvələrini əsirgəmədilər. NATO təyyarələri Amerikanın təhlükəsizliyini təmin etmək üçün bizim hava məkanımızda nəzarət üçün döyüş vəziyyətinə gətirilmişdir. ... NATO üzvlərinin hava məkanı da koalisiya əməliyyatları üçün vacib idi. Birləşmiş Ştatlar bu dəstəyə görə dərindən məmnunluğunu bildirirlər”. Əlbəttə, NATO tərəfindən V maddənin qeyri-qanuni yerinə yetirilməsinin və Əfqanıstan xalqına qarşı geniş miqyaslı zorakılığın tətbiqinin prezident Buş tərəfindən etiraf edilməməsi heç də təəccüb doğurmur.

 ABŞ-ın imperialist ambisiyası və qlobal hegemonluğu üçün “zor aləti” olan NATO Azərbaycanın 15%-lik neft payını qorumaq üçün doğrudanmı zəruridir? Azərbaycan iqtisadiyyatına və ictimai –siyasi həyatına mənfi təsiri artıq göz qabağında olan neft sənayesinə təhlükə mənbəyi hansı istiqamətlərdə mümkündür? Bu təhlükələri NATO dəf etmək gücündədirmi? Regionun hazırkı hərbi, iqtisadi və siyasi vəziyyəti bunu deməyə əsas verir ki, heç bir Qafqaz və ya Xəzəryanı ölkə Azərbaycanın neft sənayesinə və ya ixrac boru kəmərlərinə açıq şəkildə və ya dövlət səviyyəsində təcavüz edə bilməz. Potensial təhlükə yalnız terror vasitəsilə mümkündür. Azərbaycanda mövcud dini, siyasi və millətlərarası münasibətlərlə bağlı vəziyyət isə geniş miqyaslı terrorun inkişafına zəmin olmadığından xəbər verir. Lakin neft gəlirlərinin artması və hakimiyyətə yaxın qruplar tərəfindən mənimsənilməsi, cəmiyyətdə sosial ədalətsizliyin artma istiqamətində inkişaf etməsi, korrupsiyanın getdikcə bütün sahələrə nüfuz etməsi, həyat şəraitinin bahalaşması, təhsil və səhiyyə xidmətlərinin geniş təbəqə üçün əlçatan olmaması və yoxsulluğun artması cəmiyyətdə gərginliyi artıra bilər. Bu problemlərin həlli əvəzində NATO-nun “terrora qarşı mübarizə” bəhanəsi ilə Azərbaycan ərazisini hərbi nəzarətə alması Azərbaycan cəmiyyətində ciddi narahatçılıqlar və gərginlik yarada bilər. Məhz belə gərginlik və ictimai haqsızlıq cəmiyyətin terrora aktlarına sürüklənməsinə və terrorun müqavimət elementi kimi inkişafına rəvac verə bilər. ABŞ xüsusi xidmət orqanlarının “nəzarətə alınması planlaşdırılan” ərazilərdə geniş təxribatla məşğul olmaq təcrübələrini nəzərə alsaq, NATO-nun da “terrora qarşı mübarizə” bəhanəsi ilə Qafqaz regionuna gəlməsi üçün neft boru kəmərlərində və ya neft platformalarında təxribat xarakterli terror aktlarını qəsdən törədə bilməsini gözləyə bilərik.

 NATO-nun neft ixracının təhlükəsizliyini qorumaq məqsədilə regiona gəlməsi Azərbaycan cəmiyyətinin böyük hissəsini ona aid olmayan neft və ya qaz hasilatına görə narahatçılıq keçirməyə sövq edəcək. İctimaiyyətin narahatçılığı isə ciddi hüquq pozuntuları və sosial gərginliklə müşahidə edilə bilər. Beləliklə, NATO-nun Azərbaycan neft və qaz sektorunun təhlükəsizliyini təmin etməsi səyi də ABŞ maraqlarına xidmət edir və Azərbaycana zəruriliyi şişirdilmiş və əsassız arqumentdir. 

Комментариев нет:

Отправить комментарий