01.08.2011

Niyə öz dilimizdə danışa bilmirik?

Gənc şairə Səhər Ahmet: " Bizim millətin az qala 90 faizi "müvəffəqiyyətlə" sözünü tələffüz edə bilmir və onu başqa sinonimlə əvəz etmək də ağıllarına gəlmir"


Yazar Aysel Əlizadə: "Dərslikləri bacardıqları qədər qəlizləşdirirlər"

Yazıçı-dramaturq Aygün Həsənoğlu: "Bizə heç bir zaman öz fikrimizi deməyə imkan verməyiblər" 



Oktay Hacımusalının araşdırması

Mətbuatın uzun illər boyu müraciət etdiyi mövzulardan biri də millətin əksəriyyətinin hələ öz doğma dilimizdə səlis danışa bilməməsi problemidir. Bəs niyə görəsən hələ də bizlər öz dilmizdə səlis danışa bilmirik? Azərbaycan təhsilində nitq mədəniyyəti niyə bu qədər aşağıdır? Bu suallarla ziyalılarımıza müraciət etdik.
Yazar Aysel Əlizadə hesab edir ki, zamanında dilin yolunu kəsmişik: "Dilin yolu açıq olmalıdır. Dildə ayrıseçkilik salmaq olmaz. Bu bədii, bu xalq dilidir deyə. Kim necə istəyir, necə bacarır, özünü necə ifadə edə bilir, elə də danışmalı, yaratmalıdır. Təhsil kitablarına baxanda adamın ürəyi sıxılır. Nə qədər "mışdır" olar?! Doldurublar kitabları "mış"larla. Güya elm yaradır zalım uşağı. Belə dil olar? Yaz da bunu rahat. Ona görə də öyrətməni, şagirdi danışanda çaşıb qalır. Bilmir o kitablardakı kimi desin, yoxsa öz bildiyi kimi. Bir tərifi elə əndrəbadi cümləylə yazırlar ki, heç nə anlamaq olmur. Orta məktəb dərsliklərinin dili çox bərbaddır. Rahat, yüngül anlaşılan şəklə salmaq lazımdır. Onlarsa bunun yerinə bacardıqları qədər qəlizləşdirirlər. Güya baxan deyəcək halal olsun, necə elmli yazıb. Hər şey də elə təhsildən başlayır. Ona görə də Nizami Cəfərovun sözü olmasın, bizim xalq danışa bilmir."
Jurnalist Ceyhun Nağının fikrincə, buna səbəb bizdə imtahanların testlə aparılmasıdır: "Bu bir tərəfdən yaxşıdır ki, insanlar rahat imtahan verirlər. Savadı olan qəbul olur. Amma digər tərəfdən narahatlıq doğuran məqamlar da var. Məsələn, sizin sualda olduğu kimi nitqi, yaxud yaxşı xətti olmayan insanlar institutlara qəbul olunurlar. Səbəb isə odur ki, imtahanlardan əvvəl sınaq imtahanları olmur. İllərdir bu müzakirə obyektidir. Amma qəti qərar yoxdur. Məncə hər bir abituriyent testdən qabaq nitq və yazı imtahanı da verməlidir. Yəni qabiliyyət kimi".
Şair Qurban Yaquboğlu hesab edir ki, deyəsən, Azərbaycanda orta təhsil adlanan bir sistemin darmadağın olmasından çox az adamın xəbəri var: "Yəni bu sistem çöküb, yerini repetitorluğa verib. Repetitorluq isə heç bir halda orta təhsil proqramını əvəz edə bilməz, o, yalnız uşaqlara test imtahanlarını cavablandırmağın yolunu və üsulunu öyrədir. Bu mənada orta təhsil proqramına aid hansısa bir çatışmazlıqdan söz eləmək mənasızdır, o cümlədən nitq mədəniyyətinin öyrədilməsindən."
Yazar Zümrüd Yağmurun fikrincə, son dövr Azərbaycanda təhsildə nəinki nitq mədəniyyəti, hətta digər məsələlər də yüksək səviyyədə deyil: "Təhsilin aşağı səviyyədə olmasını təsdiqləmək üçün tək bir faktı göstərmək kifayətdir ki, bu da repititorların bu qədər meydan sulamasıdır. Əgər orta məktəbələrdə təhsilin səviyyəsi aşağı olmasaydı repetitorlara bu qədər sosial sifariş olmazdı. Təhsilimizin demək olar ki, savadsılıqla eyni pillədə yer alması, insanların təhsilə və savada marağının itməsi, bu gün savadlı insanların özünü qabiliyyəti üzrə realizə edə bilməməsi təhsilə münasibəti neqativ hala gətirib çıxarıb. O ki, qaldı nitq mədəniyyətinə, bunu ölkədə aparılan anti-təhsil islahatları və kadrların savadsız olması ilə bir başa əlaqələndirmək olar. Kadralar işə alınarkən onların savadı, nitq mədəniyyəti nəzərə alınmır, daha çox düz olmayan yollardan təhsil sahəsində işləməyi əldə edənlər təbii olaraq Azərbaycan dilinin incəliklərini bilmir, nəticə etibarilə də indiki mənzərə ortaya çıxır."
Yazıçı-dramaturq Aygün Həsənoğlu hesab edir ki, sovet təhsil sistemində müstəqil düşüncə qəbul edilmirdi: "Fərdi fikirlər rejim üçün maraqlı deyildi. Ona görə təhsildə daha çox əzbərçilik vardı. Müəllim işlədiyim 5 il ərzində bu sistemlə mübarizə apardım, şagirdlərimin müstəqil fikir söyləmək, fikrini izah etmək və müstəqil inşa yazmaq qabiliyyətini inkişaf etdirməyə çalışdım. Amma yaşlı müəllimlər bunu qəbul edə bilmirdilıər. Müasir kurrikulum dərs üsulu bu problemi aradan qaldıracaq. Amma bu üsulun öz nəticəsini göstərməsi üçün zaman lazımdır. Hesab edirəm ki, yalnız sovet düşüncəli müəllimlər təhsil sistemindən ayrıldıqdan sonra bu baş verə biləcək. Biz ona görə səlis danışa bilmirik ki, bizə heç bir zaman öz fikrimizi deməyə imkan verməyiblər, bizi qorxu ilə tərbiyə ediblər. Ona görə həmişə düşündüyümüzü deməkdən çəkinmişik. İkincisi, çox mütaliə edən adamın nitqi gözəl və dolğun olur. Hər şey düzgün təhsil, düzgün ideologiya ilə bağlıdır."
Şairə Səhərin fikrincə, bunun səbəbini çox fikirləşsək də dəqiq bir nəticəyə gələ bilməmişik: "Məncə, bu təhsillə də bağlı deyil. Genetikdir, məsələn, başqa millətlərin məktəbəqədər uşaqları ilə bizimkilərin danışığı nə qədər fərqlənir. Yaxud da başqa millətlərdən olan heç təhsil görməmiş adamlar, süpürgəçilər, bomjlar bizim professorlardan yaxşı danışırlar. Birinci növbədə bizimkilərin danışığında səmimiyyət çatmır, bu da danışan adamın nitqini öldürür, ikinci savadsız danışırlar. Bu ikinci məni daha çox əsəbləşdirir. O üzdən heç bir telekanalına baxmıram. Hətta öz maşınımıza oturan kimi radionoun söndürülməsinə nail oluram. Amma bəzən bir ciddi verilişə, məsələn, xəbərlərə baxmaq lazım olur. Respublikanın adlı-sanlı adamları, hətta müəllimlikdən gələn adamlar belə anlamır ki, "arzulayıram" demək olmaz. Sonra vurğunu düz qoymurlar sözlərə, cümlənin qrammatik quruluşunun başına oyun açırlar. Məntiq anlaşılmır, danışanda elə zıqqanırlar ki, elə bil təzə öyrəndikləri bir dildə danışırlar. Bütün bunlar şişirtmə - zad deyil, bəlkə hələ azdır. Bizim millətin az qala 90 faizi "müvəffəqiyyətlə" sözünü tələffüz edə bilmir və onu başqa sinonimlə əvəz etmək də ağıllarına gəlmir."
Şairə Nigar Duyğu hesab edir ki, dilimizdə rus sözləri kök salıb: "Dilimizin elə 10 sözündən 7-si rus və ya fars kökənli sözlərdir. Öz dilimizi sarmaşıqlardan təmizləsək elə nitq mədəniyyətimiz də inkişaf etmiş olar..." Yazar Varis Yolçuyevin fikrincə nitq mədəniyyəti tək təhsillə formalaşmır: "Burda əsas yeri həm də televiziyalar tutur. Dilimizdə səlis danışa bilməməyimizin başlıca səbəbi mediamızın bərbad durumudur. Özəl kanallarımızda əksər aparıcılar dialekt və şivələrdən geninə-boluna istifadə edir. Məktəblərdə müəllimlər dialektlə danışır. Nəticədə formalaşan gənc nəsil ədəbi dil normalarından bixəbər qalır. Paralel olaraq dilimizə əcnəbi sözlərin, dialekt-şivə sözlərinin, jarqonların kütləvi həmləsi də başlayıb. Yaxın 5 ildən sonra yaranacaq vəziyyəti təsəvvür edəndə vəziyyətin katastrofik hədd alacağı proqnozunu vermək şübhəsizdir."
Şair Hafiz Hacıxalılın fikrincə, bu fikirlə razılaşmaq qeyri-mümkündür: "Nitq mədəniyyətinin aşağılığını təhsillə bağlamaq olmaz. Nitqin formalaşması və onun mədəni sferaya daxil olması üçün ilk növbədə mütailə lazımdır. Mütailəsiz sərbəst düşüncəyə və nitqə malik olmaq qeyri-mümkündür. Ancaq təəssüflər olsun ki, gənclərimiz kitabdan qaçırlar və əyləncə xatirinə internetə meyl edirlər. Dünyaya inteqrasiya baxımından internetin faydalarını danmaq olmaz, ancaq o, insanda ritorikanın, bəlağətli nitqin formalaşmasına kömək etmir. Şübhəsiz burada mühit amilini də nəzərdən qaçırmaq olmaz."



Oktay Hacımusalı               http://www.xalqcebhesi.az/

Комментариев нет:

Отправить комментарий