05.01.2012

“BİR DƏ CİBİMDƏ NƏŞƏ GƏZDİRMƏYƏCƏM”


Murad Köhnəqala

Köhnə söhbətdi. Yay vaxtları kəndimizin köhnə məktəbinin həyətində vaxtaşırı müxtəlif kinolar göstərərdilər. Kinomexanik Əmir dayı gedib öz rayonumuzdan, Şəmkirdən, Gəncədən kino lentlərini gətirər, işıq dirəklərinə afişalar yapışdırardı. Əmir dayının köməkçiləri də olurdu.
İki çayın arasında yerləşən məktəbin siniflərinin birinin divarından gecə ekran asılar, camaat özü ilə gətirdiyi kətillərdə oturub kinoya baxardı. Köməkçi pul yığmaqda, lent daşımaqda, kinoaparata nəzarət eləməkdə kinomexanikə köməklik eləyərdi. Əmir dayının köməkçiləri tez-tez dəyişərdi.

Günlərin bir gözəl günündə kinomexanikin köməkçisinin anası oğlunun sevdiyi qızın evinə, qonşu kəndə elçi gedir. Qızın anası oğlanın nə işlə məşğul olduğunu soruşur. Oğlan anası ağızdolusu deyir, oğlum həm kinomexanikdi, həm də artist! Qız anası artistin nə olduğunu soruşur. Oğlan anası izah eləyir ki, oğlu kinonun içində də iştirak eləyir. Qız anası sevinib deyir, axşam kişi də gələr, məsləhətləşərik, razı olsa, uşaqları nişanlayarıq.
Arvad qayıdanda qonum-qonşu ondan elçiliyin necə keçdiyini soruşur. O da qız evindəki söhbəti başdan ayağa danışır. Məlum olur ki, kino göstərilən zaman oğlu ekranın qarşısından keçdiyini, ekranı düzəltdiyini dəfələrlə gördüyünə görə anası elə bilirmiş oğlu da kinoda iştirak eləyir...
Yaxınlarda azadlığa çıxan siyasi dustaq Cabbar Savalanla Çingiz Qənizadənin qovğasını oxuyanda yadıma bu elçilik əhvalatı düşdü. Elçi gedən arvadın oğlu həm kinomexanik idi, həm də artist. Çingiz Qənizadə isə həm hüquq müdafiəçisidir, həm də deputat. Diqqətlə fikir versəniz, burdakı oxşarlığı siz də sezərsiniz. Çingiz Qənizadə bir vaxtlar Mirzə Sakitlə də atışmışdı. Sonralar satirik şair bu qovğanın səbəbini “Azadlıq” qəzetində çap elədiyi türmə xatirələrində geniş yazmışdı.
Demək, Mirzə 14-cü təcridxanada cəza çəkəndə orda Türkiyə vətəndaşı Həmid Doğan adlı bir dustaq da varmış. Həmid türməyə girəndə cibində 1000 avro pulu olubmuş və pul onun adına rəsmiləşdirilibmiş. Təcridxana rəisi puldan imtina edərsə, onu “üçdə bir”ə buraxdırmağa söz verirmiş. Həmid də ona inanmadığından razı olmurmuş. Buna görə rəis Həmidi bəhanə ilə karsa saldırıb döydürəndən sonra yerdə oturdaraq şəxsən özü onun üstünü murdarlayır. Mirzə deyir, Həmid karserdən çıxandan sonra əhvalatı mənə danışdı və təhqirə görə intihar eləmək istədiyini bildirdi. Mən onu fikrindən daşındıraraq başa saldım ki, türmədə “poqon”un dustağa elədikləri təhqir sayılmır.
Çingiz Qənizadə hüquq müdafiəçi qismində 14-cü təcridxanaya gedərkən Mirzə əhvalatı ona danışır, rəisin bu əməlini ictimaiyyətə çatdırmasını xahiş edir. Çingiz Qənizadə sevincək halda onun dediklərini dəftərinə qeyd eləyir. Lakin çıxanda rəislə necə anlaşırsa, o söhbəti heç vaxt dilinə gətirmir...
Qənizadə indi də nəşə ilə şərlənib tutulmuş Cabbar Savalanın əfv ərizəsi yazaraq “sınıb” çıxdığını iddia edir. Adətən belə ərizələrdə dustaq tutduğu əməldən peşman olduğunu yazıb əfv olunmasını diləyir. Hüquq müdafiəçisinin dediyinə görə, Cabbar Savalan ölkə başçısının adına ərizə yazaraq bir də cibində nəşə gəzdirməməyinə söz verib. Qənizadə həm də deyib ki, lazım gələrsə, Cabbarın yazdığı ərizəni üzə çıxara bilər.
Əvvəla, əgər ölkə başçısı dustağı əfv eləyirsə, ona “sınma ərizəsi” yazdırılmamalıdır. İkincisi, ərizə ilə çıxan dustaq haqda “əfvə düşdü” yox, “sınmaya düşdü” deyilməlidir. Üçüncüsü, siyasi dustağın sındırılmasında hüquq müdafiəçisinin belə şıdırğı marağı nə üçündü? Dördüncüsü, hüquq müdafiəçisinin kiminsə ərizəsini üzə çıxarmaq hüququ yoxdu. Beşincisi isə budur ki, ömründə nəşə üzü görməyən, siyasi fəaliyyətinə görə şərlənib tutulan adam heç vaxt ərizə yazaraq “səhv eləmişəm, bir də cibimdə nəşə gəzdirməyəcəm” tipli şeylər bildirməz.
Mübariz bir gənci “sən sınmısan” deyə yenidən şərləmək hüquq müdafiəçisinə yaraşmaz!

Комментариев нет:

Отправить комментарий