09.01.2012

Bu başda həyacan, o baş da sükut


Dayandur Sevgin

Düşür

“Yadindan çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım”
                         Məmməd İsmayıl
  
Vətənin acısın biz çəkirik, biz
 Acı görməyənə sədəf, dürr düşür.
 Bircə damlasını qıymayır, bizə,
 Kimə Araz düşür, kimə Kür düşür.

 Axı yarandığım günə nə deyim,
 Qəm üstə köklənib yaralı neyim,
 Uğursuz şeirdi mənim taleyim,
 Ya duyğu çatışmır, ya fikir düşür.

 Nə deyim bu qanlı fələyə Məmməd,
 Yol açır hər dürlü kələyə Məmməd,
 Dovşana qurulan tələyə Məmməd,
 Elə qururlar ki, gəlib şir düşür.

 Sənə yalvarıram, haçandan sənə,
 Bilirsən bağlıyam mən candan sənə,
 Sitəmlər verdiyin insandan sənə,
 Tanrım özün söylə gör, zikir düşür?

 Ədalət istədim, ədalət Haqdan,
 Odu var eləyən hər şeyi yoxdan,
 Narazı olsam da taledən, baxtdan,
 Dilimdən Allaha çox şükür düşür.

 Dilini bilsəmdə qayanın, daşın,
 Heç vaxt ayrılmadı bəladan başım,
 Kiminə ev gəlir, kiminə maşın,
 Dayandur Sevginə təşəkkür düşür.

Yadından çıxıb

Əllərin üzündə qalar İlahi,
Adam gözləriylə baxsan rəngimə.
Nolar bu gözələ insaf verginən,
Bircə cavab versin mənim zəngimə.

Dəryada gəmiyəm uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə “ALO” sözü kəsər kəndiri.

Dillənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağı kəpənək kimi,
Qonqydı  üstünə “YES” düyməsinin.

Bu başda həyacan, o baş da sükut,
Aya, ilə dönür hər keçən anım.
Çağırır, çağırır telefon susur,
Bir cavab verməyir qəlbi daş xanım.

Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrın bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadindan çıxıb.  

* * *
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.

Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.

Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir.

Комментариев нет:

Отправить комментарий