16.01.2012

Dönər qidalandırır, yoxsa zəhərləyir?

Dönər tez hazırlanan yemək olsa da, onun ətinin tam termiki emala uğramaması səbəbindən istənilən xəstəlik baş verə bilər. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, dönərin hazırlanması üçün istifadə edilən ətdə finnoz (qurd xəstəliyi) varsa, onu yeyən insanlarda da finnoz yarana bilər. Dönər hazırlanarkən ət düzgün emal olunmadığı üçün ətdə olan mikroorqanizmlər məhv olmaq əvəzinə artır.
“Cünki dönər hazırlayan aparatın üstündə xeyli ət gün ərzində qalır. Ət qaldıqda onun üst qatı bişsə də, içində yüksək temperatur əmələ gəlir. Belə temperaturda da mikrobların inkişafı getdikdə artır. Havasızlıq olduğuna görə bu şəraitdə anaerob mikroblar (bakteriosidlər) da arta bilər”, – Abdullayev qeyd edib.

O deyib ki, bu zaman həm də müxtəlif zərərli mikroorqanizmlərin artmasına şərait yaranır. Belə ki, ətdən ayrılan su aşağıda qoyulan qaba tökülür, qızardılan ət də bu qabın içinə doğranılıb tökülür. Həmin ət tikələrini çörəyin arasına qoyduqda isə artıq zərərli mikroorqanizmlərin yetişməsi üçün tam şərait yaranır.
Digər tərəfdən, dönərçi tərəfindən çörəyin içinə qoymaq üçün mikroorqanizmlə zədələnmiş ətlər daha çox doğrandığı və ətin bişən hissəsi ilə bişməyən hissəsi təmasda olduğuna görə də dönərdən zəhərlənmə təhlükəsi meydana gəlir.
Abdullayev deyib ki, dönər çörəklərin və termiki emala uğrayan yeməklərin arasında ən riskli yeməklərdən biridir.
Onun sözlərinə görə, hazırda yalnız mal ətindən dönərin hazırlanmasına icazə verilir. Toyuq ətindən dönərin hazırlanmasına isə 2006-cı ildən qadağa qoyulub və bu qadağa hələ də qüvvədədir. Bu qadağa qoyularkən ölkədə “quş qripi” xəstəliyinin olması təhlükəsi nəzərə alınıb.
Qadağanın indiyədək davam etməsinə gəldikdə, Abdullayevin sözlərinə görə, “quş qripi” xəstəliyinin quşlar, toyuqlar arasında yayılması təhlükəsi hələ də mövcud olduğu üçün bu qadağa aradan qaldırlmayıb. Qadağanın götürülməməsinin digər səbəbi toyuq dönərindən zəhərlənmə riskinin çox olması və belə faktların sayının artmasıdır. Ötən illər ərzində toyuq dönərindən zəhərlənmə halları olsa da, ət dönərlərindən zəhərlənmə halları indiyədək baş verməyib. Bununla belə, zəhərlənmənin baş verməsi mümkündür. Çünki hər hansı qidanın hazırlanması və emalı düzgün həyata keçirilmədikdə zəhərlənmənin baş verməsi üçün imkan yaranır.
Dönərlərdən zəhərlənmə hallarının baş verməməsi üçün onların qazla hazırlanması da qadağan edilib. Çünki təbii qaz yandıqda ondan çoxlu miqdarda toksiki maddələr ayrılır ki, həmin maddələr də dönərin əti ilə təmasda olur. Belə dönərlərlə daim qidalanan şəxslərdə həmin toksiki maddələrdən zəhərlənmələr baş verə və xroniki xəstəliklər yarana bilər.
“Biz bu toksiki maddələri görə bilmirik, amma görsək, bir daha dönər yemərik. Ona görə də biz dönər hazırlanmasında qazdan istifadəni qadağan etmişik”, – RGEM rəsmisi qeyd edib.
O bildirib ki, ümumilikdə dönərlə bağlı mərkəzə daxil olan şikayətlər digər sahələrə nisbətən daha çoxdur. Yalnız ötən ilin 11 ayı ərzində mərkəz tərəfindən 109 dönər satışı obyektlərində müayinə aparılıb. Yoxlama nəticəsində sanitariya qaydalarını pozan və təbii qazla fəaliyyət göstərən 21 dönər sahəsinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib, 53 dönər sahəsinin sahibkarı inzibatı qaydada cərimələnib, 14 nəfər haqqında materiallar inzibati orqanlara göndərilib. Eyni zamanda, 23 obyektdə toyuq dönərinin hazırlanması və satışı ləğv edilib.

Trend

Комментариев нет:

Отправить комментарий