05.01.2012

Gülüstan qalasındakı qazıntılara dair

Gülüstan qalasındakı qazıntılara dairŞamaxı rayonunun Gülüstan qalasında Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası qazıntı işlərini aparmaqdadır. Qazıntı zamanı qala divarları olduğu güman edilən tikili hissələri, saraya məxsus mətbəx, çoxlu sayda təndirlər, ocaq yerləri, qazanlar, silah nümunələri (nizə və ox ucları), sikkələr, müxtəlif ölçülü saxsı və şüşə məmulatları, iri təsərrüfat küpləri, nəfis hazırlanmış şirəli qablar, daş kirkirə, əl dəyirmanı və s. aşkara çıxarıldı. Tədqiqat zamanı mətbəxdə, təndirin yanında bir neçə skelet aşkara çıxarıldı. Təəcüblü olsa da, bu skeletlər yaşayış yerinin altında dəfn edilmişdilər. Skeletlərdən biri 11-13 yaşlarında olduğu güman edilən uşaqdır.

Onun bədənində və baş hissəsində çoxlu sayda ox ucluqları aşkara çıxarıldı. Onurğa sümüyünə batmış ox ucluğunun ətrafında yanıq yerləri müşahidə edildi. Belə ehtimal etmək olar ki, yeniyetmə qatrana batırılmış yanar oxla vurulmuş, sümükdə olan yanıq izləri də qətranlı oxun nəticəsində yaranmışdı.
Maraq doğuracaq ikinci skeletin qismən (kremasiya olunmuş) sümüklərinin üzərində yanbayan qoyulmuş üç müxtəlix saxsı qab aşkara çıxarıldı. Birinci skelet islam qaydalarına əsasən üzü qibləyə dəfn edilmişdirsə, ikinci skeletdə islamdan əvvəlki dəfn ayini nəzərə çarpır. Bu da Gülüstan qalasında yaşayışın tarixdən də məlum olduğu kimi, VIII əsrdən başladığı güman olunsa da daha qədimə gedib çıxdığını sübut edir.
Şirvanşahlar dövlətinin müdafiə istehkamları bir-biri ilə sıx əlaqədar olduğundan burada kompleks tədqiqat işlərinin aparılması vacibdir. Bu səbəbdən Şirvanşahlar dövlətinin əsas müdafiə qalası olan və Gülüstan qalası ilə birbaşa əlaqədə olan Buğurt qalasında tədqiqat işlərinin aparılması gərəklidir. Şamaxı-Ağsu Ekspedisiyasının rəisi tarix elmləri namizədi Akif Arif oğlu Quliyevin verdiyi məlumata görə, Ekspedisiya yaxın günlərdə Buğurt qalasında ilkin kəşfiyyat işlərini də həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Buğurt qalası Gülüstan qalası ilə eyni əhəmiyyətli olmaqla bərabər həm də ikinci müdafiə sistemini oynamışdır. Tədqiqatların paralel olaraq aparılması Azərbaycan tarixində qaranlıq səhifələrin aydınladılması üçün mühüm faktlar verə bilər. Məlumat üçün bildirək ki, hər iki qala Səfəvilər dövlətinin şahları tərəfindən dağıdılmasına əmr verilmişdir.
Akif Quliyevin məlumatına görə, ekspedisiyanın internet saytı üzərində də işlər gedir. Yaxın günlərdə Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək.
Gülüstan qalasında aparılan tədqiqatlar halhazırda davam edir. Lakin qalaya aparan yolun bərbad olması üzündən ekspedisiya bir çox çətinliklərlə üzləşir. Şamaxı rayonu İcra hakimiyyətinə edilən həm yazılı, həm də şifahi müraciətlərə baxmayaraq, bu gün bu yol hələ də bərbad vəziyyətdə qalmaqdadır. Bu isə Gülüstan qalasının həm arxeoloji abidə baxımından, həm də turizm baxımından əlverişli olmasına əngəllər törədir. Nəzərə alsaq ki, 2011-ci il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən turizm ili elan edilmişdir, bu baxımdan Gülüstan qalası minillikdən də uzağa gedən tarixi ilə ölkəmizə gələn turistlər üçün böyük önəm və maraq daşıyacaqdır. Ölkəmizin tarixində böyük rola malik bu qalanın arxeoloji turizm baxımından böyük əhəmiyyəti vardır. Xatırladaq ki, Gülüstan qalası Azərbaycan tarixində ən dramatik səhnələrə şahid olmuş əzəmətli bir tarixi abidədir. Bu qala öz tarixi boyu Azərbaycanın ən çətin zamanlarında qanlı çaxnaşmaların tarixi şahidi olmuşdur. Ərəb və səlcuq işğalı, monqolların Azərbaycana dağıdıcı yürüşləri, Teymurləngin, Qızıl orda xanlığının, Səfəvilər imperiyasının, həmçinin osmanlı-səfəvi müharibələri zamanı Gülüstan qalası öz əzəməti ilə düşmən ordularına qarşı dayanan birinci hərbi istehkam tipli qalalarımızdan olmuşdur. Qala XVII əsrdə Səfəvilər tərəfindən dağıdılaraq xaraba vəziyyətdə qalmışdır.


Комментариев нет:

Отправить комментарий