05.01.2012

Şeyx Nizamidən gözəl şeirlər

Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm, mən sənə ondan da şirinsən?
Dilbər, necə bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, bəs necə tab eyləsin hicrə Nizami,
O, xəstə ikən sən kimə dərman olacaqsan?


Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Dedi:-Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan...Yeri var, gəlmiş idi.
Ey Nizami!- dedi,- birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.


Sevgili canan

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, “Könlün hardadır”, aldım bu cavabı
“Heç sorma, tapılmaz onu axtarsa da insan.”
Rəhm eylə, deyib,sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-təban?

Gözüm aydın, gözümə surəti canan görünür

Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükr edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdicəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
"Gözüm aydın, gözümə surəti canan görünür".

Sənsiz

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: “Yox yarə hacət sənsiz!”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var- arayım mən səni, bəxtim də ki, yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz
Sən Nizamidən əgər arxayın olsan da gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!



Nizami Gəncəvi

Комментариев нет:

Отправить комментарий