15.01.2012

Qismət: “İki S-ə” Səlimə və Seyfəddinə (şeir)

Misafirlik

Sahildə axşamdı.
Hardasa uzaqda
qağayılar uçur, ağ qağayılar…
Dilini bilmədiyim turist qayğılar
məndən ünvanımı soruşur.
Yazıb verirəm
və başımı aşağı salıb evimə gedirəm.
Sərçələr uçur, dəcəl sərçələr…
məni evimizə aparan küçələr
susurlar axşam dilində.

Demirlər ki,
qayğılar artıq sizdədi.
Demirlər ki,
tələs, qonağı gözlətməzlər.

Milçəklər uçur, mızmızı milçəklər…
“xoş günlər bir az gecikəcəklər” –
bunu mənə qayğ
ılar deyirlər.
Oturub bizdə
başımın ətini yeyirlər,
kefimə soğan doğrayıblar.
“Nuş olsun”, -deyirəm, “nuş olsun”
“Kaş”,-deyirəm xoş günlər quş olsun,
qanadlanıb uçmuş olsun,
bu bəlalı yolların tıxacından qurtulmuş olsun
gəlsin evimizə, süfrəmizə, boşqablarımıza.
Kitablarımıza…
Ağlımdakı kimi olmasın, eybi yox
Ürəyimə yatmasın, zərər yoxdu
Qoy topal olsun,
gözü çaş olsun,
dili pəltək olsun,
əynində bir nimdaş pencək olsun.
Lap qulağı gücnən eşitsin,
beli zornan düzəlsin.
Gəlsin, təki, gəlsin.
Allaha da qurban, qonağına da…

Комментариев нет:

Отправить комментарий