10.01.2012

Səslə məni, gələcəyəm...

Canlı şəkillər
Gülzar İbrahimova

Sevgim sevgisiz  qaldı

«Mən səni  sevirəm», yalandan dedik – sevgi bizdən incidi, küsdü. Ağladı getdi.
Biz durmadan yalan dedik. «Mən səni sevirəm», söylədik. O qədər dedik ki, yalanımıza özümüz də inandıq. Yalana inana inana özümüz də yalan olduq.
Durmadan yalan dedik. «Mən səni sevirəm», söylədik. O
andan özümüz də yalana çevrildik.

Dayanmadan, durmadan «Mən səni sevirəm», söylədik. Həyat bizdən küsdü, heç bilmədik necə ötdü. 
«Mən səni  sevirəm» – həyəcansız, hissiz deyilmiş yalandan qaçdı sevgi. Yalan ayaq açdı, sevgiyə çatdı. Sevgi özündən qaçdı, yalqız qaldı, bizdən uzaqlaşdı.
Mən səni sevirəm – yalanından ailə qurduq, ev düzəltdik. Bünövrəsini yalandan qazdıq, dirək əvəzinə yalan basdırdıq. Evimiz havadan asılı qaldı.
Külək evimizi hara apardı? 
«Mən səni sevirəm» – yalan söylədik. Sevgini aldada-aldada sevgisiz qaldıq.  

Gözlərindən öpəcəyəm

Səsin gəldi qulağıma. Gəldim səsin sorağına, gördüm yoxsan! Yenə yoxsan!
Winter avatarsUzaqdasan, yaxındasan, fərq eləməz çağır məni harda olsam gələcəyəm, çağır, gəlim. Yayın qızmar istisində, qışın kədər nəğməsində. Fərq eləməz çağır məni, çağır gəlim. Harda olsam, gələcəyəm. Çağır məni, çağır məni.
Gur yağışda çağır məni, lap soyuqda çağır məni, islansam da, lap donsam da fərq eləməz, çağır məni, çağır gəlim.
Xəstə yatsam, əsim-əsim titrəsəm də yorğanımda, zarısam da yatağımda, çağır gəlim.
Lap can versəm ölüm qoxan yatağımda, gələcəyəm, çağır məni. Heç fərqi yox harda olsam gələcəyəm, bircə dəfə çağır məni.
Ruhum göydə olsa belə, səslə məni yenə səslə, gələcəyəm. Səslə məni, bulud olub başın üstə gələcəyəm lap yanına gələcəyəm. Yağış olub pəncərəni döyəcəyəm. Tək bir dəfə, bircə dəfə gözlərindən öpmək üçün gələcəyəm.

Müqəddəs yer

«Gözlə məni, mütləq gələcəyəm», demişdin. Mən də gözlədim. Bir saat yox, iki saat yox, bir il gözlədim. Gəlmədin. Dalğalar şillə kimi üzümə çırpıldı: «Aldadır, inanma, gözləmə, get», dedilər, getmədim. Külək saçlarımı yoldu: «Sevmir, bəsdir, gözləmə», dedi. İnanmadım. Yağış məni islatdı, getmədim, qar başımı ağartdı, getmədim.. Gözlədim. Axır ki, gəldin...   
Amma tək gəlmədin. Gərək tək gələydin. Axı səni çox gözləmişdim.
Keçmə, keçmə səni gözlədiyim yerdən, keçmə yanımdan, keçmə səni illərlə gözlədiyim yerdən! O yer müqəddəsdir. Məhəbbətim çilik-çilik həmin yerə səpilib. Mənimdi o müqəddəs yer. Səni ora buraxa bilmərəm.
 Canlı şəkillər  
Tənha qalanlara qoşuldum

Başımı qaldırdım «Mən səni sevirdim!». – sakit-sakit deyib düz gözlərinə baxdım.
Gözlərini gözlərimdən ayırıb yerə baxdı.
«Mən səni sevirdim!» - deyib mən də yerə baxdım. Yer ayaqlarımın altından qaçdı.
«Mən səni sevirdim!» Elə dərdili-dərdli dilləndim ki, sevgimizin şahidi Günəş dözə bilməyib buludlar arasında yoxa çıxdı.
«Mən səni sevirdim!»- eşidəndə yağış yağdı, göz yaşlarıma qarışdı.     
«Mən səni sevirdim!»- elə bərkdən qışqırdım ki, səsimə bütün sevənlər dönüb mənə baxdı.
«Mən səni sevirdim!» - deyib başımı qaldırdım, Aya baxdım, Ay ulduzlara baxdı, ulduzlar axdı.
«Mən səni sevirdim!» - sonuncu dəfə taqətsiz-taqətsiz diz üstə çökdüm. Qəlbim alışdı, göz yaşlarım bulağa qarışdı. Özümlə birgə. Bulaq məni apardı, apardı, axar çaya saldı. Çay məni selinə, suyuna qatıb dənizə axıtdı.
Elə o vaxtdan da bütün tənha qalanlara qoşuldum. 
Canlı şəkillər

Комментариев нет:

Отправить комментарий