15.01.2012

Tehran Əlişanoğlu. Yeni dünyanın köhnə yazarı

Aliq  Memmedov
Aliq Nağıoğlunun hekayələri haqqında

Yenə də kitabın və kitab almağın reklamından başlayasıyam. Bu günlərdə “Yaradıcılıq Fakültəsin”dən olan uşaqların əsərlərini əldə etmək qəsdilə yolumu “Əli və Nino”dan salmışdım. Tamam başqa kitablar alası oldum: MKM sırasından Fəxri Uğurlunun “Hekayələr”ini (4.50 AZN); “Ən yeni ədəbiyyat” seriyasından Qan Turalının, ətrafında hay-küy qopardığı “Mustafa” romanını (3.50 AZN) – deyim ki, kitabın iç qabığından bu sıradan çıxmış və çıxası kitabların reklamının itməsi məni heç açmadı, “Qanun”un müdiri Şahbaz Xuduoğlu hara baxır, axı bu, Oxucunun seriyaya marağını azaltmaq deməkdir; və bir də “Mütərcim”in nəşr etdiyi Aliq Nağıoğlunun “Hekayələr”ini (4.20 AZN). Qiymətləri həmişəki tək qəsdən qabardıram; kitabın elə də baha olmadığına Oxucunun diqqətini çəkməkdən ötəri.

Aliq Nağıoğlu imzasına marağım da Milli Kitab Mükafatı (MKM) müsabiqəsindəndir; bir Ekspert kimi Müsabiqədə peşəkar dəyərlərin tərəfində olduğumu yazılarımda vurğulamışam artıq, digər mətnlərlə yarışmada Aliq Nağıoğlunun hekayələr kitabı (“Görüş”, 2010) 20-liyə düşə bilmədisə də, birbaşa həyatdan gələn və müəllifinin də məhz həyatın nəfəsini görükdürmək-bəlirtmək həvəsilə qələm işlətdiyi həmin hekayələr yaddaşımda özünə yer eləyə bildi… Orda bir hekayə vardı: yad şəhərdə hansısa zavodda hansısa məsul işdə keçən həyatından darıxan-darılan-yorğun qəhrəmanın yanına atası görüşə gəlir; özüylə birgə doğma yerlərin doğma nəfəsini gətirsə də, bu, yadlıq duyğularını azaltmır, əksinə, daha da görükdürür… Hekayə qəhrəmanın içindən, iç nəzərlərindən qurulduğundan bütün detallar-təfərrüatlar – ətrafına qarşı yadlaşan, iç etirazları duyan, ağrıyan insanı xəbər verirdi; burda Yazıçı qələmini görməmək-duymamaq olmazdı; yazılma tarixi – 1981. 


Mən Aliq Nağıoğlunu belə tanıdım; ümumən “Görüş” kitabındakı hekayələrinin bir çoxu köhnə idi; yəni köhnə tarixlə yazılmışdı: “Dumu kişi” (1981), “Quduz səslər” (1985), “Günah” (1985), “Cavabsız məktublar” (1985), “Üçüncü səbəb” (2000)… – qocalan, kor olan, ölümqabağı, istisi-qılığı-sevgisi tükənmiş, yadlaşmış-özgələşmiş, cırlaşmış-cılızlaşmış köhnə dünya… Axı yazarın özü də köhnə adamdır, qəhrəmanları da dünəndən qalma; amma mətləbləri heç boyata oxşamır, yazıldığı qədər bugün də oxunurdu. “Məni asma körpüdən ötürərsən ha” (2005), “Lalın ölümü” (2006), “Heç” (2007) hekayələrində günün-güzəranın ağırlığı altında əzilən insanlardan söhbət gedir; və bir qayda, özləri burdadır, gözləri-keçmişləri-yaxınları-dolanışıqları… – Rusiyada; ömür də – bu, ölümlər də burada…


Gerçəkçi (realist) hekayələri çox xoşlayıram; təsəvvür edin, kitabı açıb, hardasa lap indilərdə baş verən maraqlı bir əhvalat, yaxud da tanımadığın, yüz il qala xəbərsiz qalacağın bir insanın barəsində nələrsə oxuyub-bilirsən; ümumən bildiyinin üstünə təzə-konkret informasion gəlir… Bu heyndə, təbii ki, duyğulanıb, düşünüb-daşınırsan, için tərpənir, hətta nəsə eləmək istəyirsən… Amma bu o halda olur ki, müəllifinin də niyyəti bu: düşünüb-daşınıb-duyğulandırmaq, bildiyini bölüşmək ola… Elə olmaya ki: onu əzən-bezdirən-bezikdirən gerçəyi-əhvalatı-həyat yükünü candərdi tökə qəhrəmanın-hekayənin-Oxucunun üstünə, canı qurtara; və naçar Oxucu, həməncə həyatda dərdinə çarə axtarırdı, biri də bu yandan gəldi… 


Təzə “Hekayələri”ndə (“Mütərcim”, 2011) Aliq Nağıoğlunu tükənməyib-usanmayıb, əksinə, bugünə, yeni dünyaya açıq və mətin görəndə sevindim. Demək, hələ yaşamağa dəyər bir az da. “İy” adlı bir hekayəsi var, birinci kitabın sonunda da verilib və sanki “köhnə dünya” ilə təzənin aralığını simvolizə edir; ərlə arvadın giley-güzarında yaşanan illərin hesabı aparılır: “Xeyir-şər, ev-eşik qayğıları başımızı elə qatdı ki, ömür nə vaxt gəldi, getdi – xəbərimiz olmadı. Kimlər risq elədi, çoxları tələf oldu, qalanların da sorağı Antalyadan, Dubaydan, Moskvadan… nə bilim hansı cəhənnəmdən gəlir. Qəribədir, bu zəhrimar pula görə insanlar özünü lap keçi gününə salıblar…”; həmin haqq-hesab ailənin içinə də sirayət edib, münaqişə yaradır: “Sən dünyasını dəyişən, lakin daha yaxşı həyata layiq olanlardan niyə danışmırsan? Şükür ki, sağ-salamatıq. Cəhənnəmə olsun oralar, hansı ki, sən adlarını çəkdin!” Və elə bir psixoloji gərginliyin kontekstində gedir ki, qadın ərinin qoxuduğunu deyib, yaxınına buraxmır; pisi odur ki, nə qədər yuyunsa belə, kişi də özündən şübhəlidir: iy verdiyini, hansısa xəstəliyə tutulduğunu zənn edir. Məsələyə daha sonra aydınlıq gəlir, yay istilərindən hər yeri – evi, həyəti, küçəni siçovul ölülərinin bürüdüyü bəlli olur, qonşu Umud kişinin fikrincə, “kənd evlərinin adamsız qalması ilə kütləvi çoxalan siçovullar” indi də aclıqdan qırılırlar… Hekayədə realist mündəricəyə müdaxilə edən rəmzi qat yerindədir: ətrafda, cəmiyyətdə baş verən çürümə insan içinə, insan münasibətlərinəcən yeriyir; köhnə dünyanın məhv olub da, qoxumasını xarakterizə edir…

“Bir faiz” hekayəsi, əksinə, yeni dünyanın başladığı yerdən mövzu alır; doğrudur, əsas qəhrəman yenə də “köhnə adam”lardandır, həm də o qədər “köhnə” ki: sadə “dolanışığından razı”, “toxdoyum”, tamahsız; təzə, özəl şirkət açarkən, bacı uşaqlarının üç şərikdən qalma, məhz onun üçün nəzərdə tutduqları bir faizdən imtina edir: “həm də o vaxtlar maddi durumum çox yaxşı olduğundan heç nə eynimə deyildi…”. Zaman keçir, şirkət tərəqqi edir, “köhnə adamlar” isə – iflasa uğrayır; yalnız bu zaman dayı peşiman olur: “hər zaman belə olub: nəyisə vaxtında çırpışdıra bilmədinsə, günahı özgələrdə axtarma. İndi həmin bir faizə nəinki mən, iki oğlum, onların gələcək ailələri və nəvələrim süd gölündə üzərdilər…” Amma bir şeyə əmindir ki, öləndən sonra onlar ona adlarına layiq yas mərasimi keçirəcək, “ölülərinə sahib çıxacaqlar, həmişə belə olub: canımız çıxandan sonra mataha minirik”… Burda da bir simvolizə var; ayaqlaşa bilməyənlər ölkəyə yeriyən kapitalizmin ayaqları altında qalır…


Daha bir yeni situasion “Gecikən” hekayəsində qeydə alınıb. Hekayənin qəhrəmanı bacarıqlı sənaye kadrı olub, özəl şirkətdə çalışır: “xaricdə təhsil almış”, “sovet dövrü uzun müddət sənaye müəssisələrində ən müxtəlif vəzifələrdə özünü yaxşı göstərə bilmiş”, “cinayət tərkibli işi olmamışdı. Odur ki, özəl müəssisədə hamı onunla hesablaşmaq zorunda qalır…” Amma bütün bunlar fabulaya aid mündəricədir; süjet anı qəhrəmanı nəhs bir gündə – işdən üzülüşməyi qərar verdiyi anda haqlayır. Həmin gün rastına çıxan hər kəs – icraçı direktor, şöbə müdirləri, işçilər, qəbuluna gələnlər müəmmalı rəftarı ilə onu qıcıqlandırır; o cümlədən ani olaraq bu və ya digər məqamlar: şirkətdə üzləşdiyi ziddiyyətlər, ikili əmək haqqı, ikili kadr siyasəti, mənəvi narazılıqlar və s. də xatırından keçir. Qəhrəmanın halında metamorfoz baş verir: “…zaman yaşının ahıl çağında ona bəzi şeyləri anlatmağa başlamışdı ki, düşündüklərini gerçəkləşdirmək üçün dəmir intizam, yaxşı bacarıqdan savayı da nəsə lazımdır. Amma o “nəsə”nin nə olduğunun gecikmiş də olsa, deyəsən, son vaxtlar fərqinə varmağa başlamışdı…”


Hekayə boyu yeni cəmiyyət atmosferinə xas həmən “nəsə”nin axtarışı ilə qəhrəmanın içi arasında savaş gedir; o, sadəcə, bu cür dəyişmələrə özünü hazır bilmir, “gecikmiş” sayır… Hələ vaxtilə dostu ona: “işləyə bilməyəcəksən orda, niyəsini soruşma” demiş; yaxınlarda kollektiv iştirak etdikləri toyda “məclisdə hamı növbəyə durub patronun qarşısında oynadığı”, “tullanıb-düşdüyü” halda “o nəinki oynamamış, oynayanlara qoşulub əl də çalmamışdı”, bunu eşidən arvadı onu tənbeh etmişdi: “Səfeh iş tutubsan, ay kişi, görmürsən indi nə zəmanədir, yaltaq olmasan, gözə girən olmasan, mümkün deyil, yoxsa işləyə bilməyəcəksən…”; hətta işdə düz gəlmədiyi baş dizayner də qəhrəmana ağıl öyrədir: “Böyüklərə işləmək üçün operativlik önəmli bir şeydir. İşverən olmasan, çətin olacaq… Canıyananlığın bir şey olmadığının nəticəsini yaxın zamanlarda görəcəksiniz”… Əksinə, “O isə ancaq işlə, onun problemləri ilə, istehsalatı daha rahat idarə etmək, keyfiyyətli məhsul buraxmaq, yeni modellər yaratmaq üçün yollar arayır…”

Göründüyü kimi, Aliq Nağıoğlunun realist qələmi gəldikcə gəlişən kapital, pul mühitini törətdiyi mənəvi fəsadlarla birgə, ən müxtəlif təzahürlərində izləməyə çalışır. Əslində, pulun-varın-varidatın yadlaşdırıcı xisləti,insanlar arasında soyuqluq yaratması yazıçının ilk, hələ sovet dönəmi hekayələrində də var. Amma orda müəllif qəhrəmanın sırf iç dünyasına söykənərək, bu maneəni dəf etmək yolu tutur. Yeni hekayələr isə məhz ətrafda şəriksiz bərqərar olan pul mühitini tədqiq predmeti seçmiş. Pulun sirayətedici rolu insanların ömrünü-həyatını-mənəvi dünyasını əlindən alır (“Rəngli noğullar”). Kəsbkarlıq da pul üçündür, var-dövlət də: “Son vaxtlar kürəkəni olduğum kənddə işləyirəm. Usta, yaxud ev yiyəsi ilə razılığımız olanda gecə yarısına kimi qalıb işləyirik, təki pul çıxsın, hərdən yatmağı da ora salırıq. Bu kənd bəlkə də dünyanın ən bəhskar, hampabaz kəndlərindən biridir. Kimsə həyətində nədəsə xırda yenilik etməyə peşmandı, əlbəəl bəhsə girib suvağı qurumamış tikilini sökdürüb həmən cürə yenilədəcəklər. Odur ki, dünya alt-üst olmasa, burda tikinti işləri qurtarmaz. Uşaqlı-böyüklü Rusyətdədilər, çoxu da canını qürbətdə tapşırır…”; hekayədə fiziki deyil, mənəvi pəltəkliyin böyük dərd olması hədəfdədir (“Mən pəltəyəm”).


İlk baxışda elə görünür ki, Aliq Nağıoğlu kortəbii, stixiya ilə, qələmə nə gəlirsə, onu yazmağa tələsir. “Cöngə” hekayəsində əhvalat bundan ibarətdir ki, Təhmasib kişinin cöngəsi xəstələnir, olan-qalan pulunu dava-dərmana versə də, heyvanın sağalmaq şansı yoxdur: “Yooox, cöngə Təhmasibin indiki halında ölə bilməzdi, nədən ki, onun ümidləri satılacaq heyvanla gerçəkləşəcəkdi: qalan iki baş heyvanın yem pulu, üstəgəl ailənin qış odun pulu, bir də dən pulu… Hər üçü də ceyranın belinə qalxmışdı…” Elə yazıçının son, bugünlərdə Kultaz saytında yayımlanan “Tırıq” hekayəsi də oxucular arasında bu növ bir giley doğurdu; hekayə sanki gözlənilməz nəsə vəd edən etnoqrafik bir çizgi – nişanlı qız üçün paltar aparmaq mərasiminin təsviri ilə başlanır, amma tezliklə oçerk materialı olan gerçək bir kənd probleminin ətrafında söhbətə ilişib-qalır…


Amma “ilk baxış” öz yerində, nə cür təəssürat doğurmasından asılı olmayaraq, Aliq Nağıoğlunun hekayələri heç vəch naturaya aludə deyil, məhz düşünülmüş hekayələrdir. Elə ki, xəstə cöngəni qoyub Təhmasib kişi küçəni sulamağa başlayır və bu yerdə qonşu kəndə yas mərasiminə gedən polis işçiləri maşından düşüb, həmin quyu suyundan içirlər, rəis onun dərdindən hali olur – oxucu hiss edir ki, hər şey aydınlığa doğrudur. Və həqiqətən də, hekayənin sonunda, çağırmadığı halda, qəssab, Təhmasib kişinin hayına yetir, həm də xəstə cöngəyə yaxşıca pul verir. Eyni bir məqamı “Tırıq” hekayəsində də gözləyirik və görürük; elə ki, biznesmen kənd qəbristanlığını murdarlayanı tapmaq üçün dollar təklif edir, hekayənin mətləbi quyruğunu göstərir, yazıçı niyyəti bütövlükdə pul mənəviyyatına köklənmiş mühiti göstərməkmiş… 
Doğrudur, Aliq Nağıoğlunun hekayə yaradıcılığında tələskənlik də var, amma bu, yaxşı mənada tələsməkdir. Yazıçı yaşadığımız yeni dünyanı müşahidə edir, yaranan yeni münasibətlərə həssasdır, qəhrəmanlarını ədəbiyyatımızda təzə olan biznesmen-sahibkar, pullu-imkanlı adamlar, məmur-rəis, bir sözlə: yeni azərbaycanlılar içərisindən görüb-görükdürməyə çalışır. Həm də onlar çox müxtəlif, hərəsi bir cür tühəfdir. “Cöngə” hekayəsində möcüzəyə inanmayan Təhmasib kişi üçün möcüzə yaratmış rəis vəzifə və pulun hökmünün imkan verdiyi qədər tühəf birisidir: “…bu dəfə sürücünün yanında oturacağa yayxanmış rəis dəsmalla üzünü tutsa da, çiyinlərinin aramsız titrədiyi aşkarca görünürdü”.


Yaxud “Hörmət”sizliyin cəzası” hekayəsində satış şöbəsinin rəisi Sədi müəllim maşınını vurub-əzmişkən, varlı qohumunun əl yetirmədiyini görüb, onu cəzalandırmaq fikrinə düşür. İşçilərini göndərib vaxtilə çəkdirdikləri oğurluq xətti aşkara çıxartdırır, daha sonra köməyə yetib, ondan aldığı min manatı cibinə qoyur; üstəlik daha bir rəzillik edib, işçilərinə “o boyda rəzilliy”ə görə vur-tut on manat verir. “Köhnə haqq-hesab” hekayəsində pulsuzluğa giriftar olmuş qəhrəman vaxtilə əl tutduğu, indi sahibkar olan, kəndə gizli gəlib-gedən tanışından borcunu almaq üçün tikdirdiyi imarətə yol tapır. Dərd-sər açılır: “Tanıdığım yerli iş adamlarının çoxu bu gündədir, hamısı qorxu xofu içində yaşayır, demək-danışmaq da olmaz! Gendən baxana hər şey ütülü görünür. Elədiklərimin müqabilində düşünürəm ki, nə vaxtsa yıxılsam, piyada kəndin mərkəzindən keçsəm, yadları demirəm, heç doğmalarımdan da quru salam verən olmayacaq, ancaq yenə yaxşılığımdan əl götürmürəm. Hərçənd imkanım daxilində…” Sahibkar borcu xatırlamırsa da, “bir büküm yüz dollarlıq” çıxarıb verir, hətta indiyəcən borcu niyə istəmədiyinə təəccüblənir, onu Almaniyaya müalicəyə göndərəcəyini, müəllimliyə işə düzəlməyə kömək edəcəyini də vəd edir… Amma başqa pənah gətirənlərdən gizlənmək üçün yenə də qapıdan oğrun-oğrun çıxır. Ciddi tonallıqda qələmə alınsa da, hekayədə Cəlil Məmmdəquluzadənin “Quzu” hekayəsinin duzu var. Ümumən Aliq Nağıoğlunun hekayəçiliyində milli realizm gələnəkləri qorunub-saxlanır; hadisələrə dərindən nüfuz etdiyi halda, yazıçı qəhrəmanlarını qınamağa tələsmir. Qınamağa nə var ki; başlıcası – düşündürməkdir, gərəkərsə, qoy Oxucu qınasın.
Aliq Nağıoğlunun özünəxas hekayəçi üslubu, təhkiyə poetikası var. Hadisələr bir qayda olaraq qəhrəmanın altşüuruna, iç nəzərlərinə köklənərək nəql olunur; qəhrəmandan ayrıldığı məqamlarda belə, müəllif təhkiyəsi qəhrəmanın nöqteyi-nəzərini unutmur, hadisəni o məxrəcdə davam etdirir. Bu təhkiyə tərzi daha çox 1960-80-ci illərin sosial-psixoloji nəsrinə xasdır; bir yandan cəmiyyət və ətrafın qəhrəman üzərində basqısını, digər tərəfdən qəhrəmanın dünyaya münasibətini özündə cəmləyir. Detal, təfərrüat poetikasına meyl, mətləbi birbaşa-publisistik yox, prozanın dili ilə ifadə bu üslubun üstünlüklərini ehtiva edir. Aliq Nağıoğlunun nəsr dili – bədii müşahidə dilidir; bu onun ilk hekayələrində xüsusən barizdir.

Yeni hekayələrində yazıçı üslubunu tam qoruya bilmir; çünki bircə qəhrəmanına köklənmiş təhkiyədən fərqli olaraq, qarşısına daha çətin vəzifə qoymuşdur: “Mən onunla əvvəllər özəl bir şirkətdə çalışırdım. Daha doğrusu, mən işləyirdim, amma tanış olana kimi bilmirdim ki, o hansı işin yiyəsidir. İlk tanışlığımız isə təsadüfən oldu…” – “Bir faiz” hekayəsi belə başlayır; və dərhal görünür ki, yazıçının niyyəti təhkiyəçi-qəhrəmanı itirmədən, daha da çox yeni qəhrəmanını tanıtmaqdır. Beləcə təhkiyə planı ikiyə bölünür. Əksər təzə hekayələrində belədir: Aliq Nağıoğlu həm bilavasitə dünya-münasibətini ehtiva edən, prototipi daha çox özündə gizlənmiş “köhnə”, prinsipial və idealist qəhrəmanını qoruyub-saxlamağa çalışır; həm də getdikcə bu qəhrəmanın yerini daraldan, onu istihaləyə uğradan, daha çox görünməyə və daha haqlı olduğunu sübuta cəhd edən yeni dünya nöqteyi-nəzərlərinə, yeni qəhrəmanlara açılır…


Odur ki, yazıçının hekayələrində birbaşa dialoqun və dialoji yanaşmanın çəkisi artır. “Mən pəltəyəm” hekayəsində iki pəltək – qəhrəman və bələdiyyənin sədri; “Məni asma körpüdən ötürərsən”də iki qoca – “orta boylu, eynəkli” və “uzun boylu, ağ saçlı”; “Rəngli noğullar”da ər və qadını; “Gecikən”də qəhrəman və ətraf nöqteyi-nəzərlər arasında bilavasitə və dolayısı münaqişə-mükalimə-çəkişmə məhz bunun ifadəsidir. “Qəbir əzabı” hekayəsində qəhrəman dünyadan köçmüş anasına müraciətlə dialoqa girir; ana düşdüyü əzablar içrə ona dayaq olmağa çalışır: “Hər kəs sizin dünyada çörəyinin quludur, bu psixologiyanı sən dəyişmək gücündə ola bilməzsən. Ona görə də taleyinlə barışmaqdan başqa çarə görmürəm. Sən susma, danış…” Beləliklə, “danışan” qəhrəman müşahidəçi mövqeyinə çəkildikcə Aliq Nağıoğlunun hekayələrində “yeni dünya”nın ərazisi də böyüyür…


Bununla belə, təzə hekayələr sanki hələ axıracan poetikasına otuzdurulmayıb, burda əməlli-başlı redaktəyə hacət var. Yazıçının ilk hekayələrində (xüsusən, “Görüş”də, “Dumu kişi”də, “Günah”da) üslub o qədər cilalıdır ki, bircə detalın belə yerində işlənmədiyini söyləmək olmur. Əksinə, təzə hekayələrdə cümlə səliqəsizliyinə də, təfərrüat artıqlığı və detal yayğınlığına da, hətta söz israfçılığına rastlamaq olur. Geniş misallar gətirməyə lüzum görmürəm, bir qədər soyuq yanaşsa, müəllifin özünün də bunu görüb-islah edəcəyinə əminəm.


Sanki internet əsrinin bəlasıdır, bugün qələmə alınan hekayə təkrar nəzərdən keçirilmədən, cilalanmadan, artıq sabahısı oxucuya təqdim olunur. Nə lazımdır ki: elə bir mətləb-fikir və bu fikrə oxucu rəyi-münasibəti olsa bəsmiş. Halbuki hekayə mətləb ətrafında nə qədər israfçılığa yol verməsə, diqqəti yayındırmasa bir o qədər təsirli olar; təkcə ideya-məzmunu ilə yox, hər növ bədii sirayətediciliyi ilə. Əslində, Aliq Nağıoğlunun gündəm axtarışları kimi, bədii müşahidələri də yerindədir. Bu da sadəcə bir xatırlatmadır, – edirəm; yazıçı mətn üzərində nə qədər çox işləsə, Oxucunu bir o qədər qazanar. Gecikən oxucu – ən uzunömürlüsüdür.


ann.az

Комментариев нет:

Отправить комментарий