20.02.2012

Balıqçı qiyamının təfərrüatları

Dənizə kimlər elektrik cərəyanı buraxıb?

Hərbi maşının yaraladığı sakin kimdir?

Doğrudanmı, hərbi hissənin komandiri girov götürülüb?

“Buranı Xocalıya döndərəcəyik” deyənlər nədən belə düşünür?

Balığın canı suda olan kimi, əvvəl Sarı, indi Nərimanabad (Lənkəran rayonu) adlanan, eləcə də balıqçılıqla məşğul olan Şahağacı (Astara rayonu) və digər ərazilərdə yaşayan sakinlərin də canı balıqdadır. Yəni, balıq olsa, həmin ərazidə həyat var, balıq yoxsa, həyat da yoxdur. 

Müharibə dövründə bu kəndlər balıqla təkcə özlərini yox, qonşu kəndləri də dolandırıblar. Bu gün isə həmin ərazidəki balıqçıların özü balıq tapa bilmir. Biz iki ay öncə çap etdiyimiz “Sarını saraldan dərdlər” yazısında balıqçıların acınacaqlı vəziyyətindən ətraflı bəhs etmişdik. Yazının sonrakı hissələrində bu məqamlara yenə də qayıdacağıq. İndi isə bu ilin 15 dekabrında Lənkəranın Nərimanabad-2 qəsəbəsində hərbiçilərlə yerli sakinlər arasında baş vermiş qarşıdurma barədə bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq.
 
Son 5 gündə az qala hər gün, hər saat bu ərazidən müxtəlif xəbərlər gəlir - balıqçılar sərhəddi pozub, kənd mühasirəyə alınıb, hərbiçilər evlərə girib insanları döyürlər, kəndə giriş nəzarətə götürülüb və sair. Öncə, rəsmi məlumatdan başlayaq.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, dekabrın 15-də saat 17:30 radələrində Lənkəran rayonunun Nərimanabad - 2 qəsəbəsinin bir qrup sakini dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər qəsəbə sakini ilə sərhəd zastavasına gələrək hərbiçilərə təzyiq göstərib, saxlanılanların azad olunmalarını tələb ediblər. Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları qəsəbə sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb”.
 
Müstəqil informasiya mənbələrinin və yerli sakinlərin dediklərində isə rəsmi məlumatda olanlarla yanaşı digər məqamlar da yer alıb. Həmin məlumatlarda bildirilir ki, balıqçılara məxsus qayıq dənizdə nəzarətçilərə məxsus böyük gəmi tərəfindən saxlanılıb. Balıqçıları ram etmək üçün dənizə elektrik cərəyanı buraxılıb və bundan sonra balıqçılar tutulub. Həmçinin, bildirilir ki, həmin balıqçıların 4 qayığı da xüsusi qurğu ilə həmin gəmiyə qaldırılıb. Bundan sonra, necə deyərlər, bütün qəsəbə ayağa qalxıb. Onlar dəstə ilə yaxınlıqdakı kiçik hərbi hissənin qarşısına gedib. “Bizim yol” qəzetinin yazdığına görə, xeyli söz-söhbətdən sonra hərbi hissənin komandiri girov götürülüb. Bundan sonra balıqçılar sahilə buraxılıb və onlar polis şöbəsinə aparılıb. Qəsəbəyə Lənkəran polis işçiləri ilə yanaşı daxili qoşun hissələrinin əsgərləri gəlib. Turan agentliyinin yaydığı məlumatda isə deyilir: “Dekabrın 15-də saat 23.00 radələrində əraziyə daxili qoşun hissələri çağırılıb, daxili qoşunlar hər hansı xəbərdarlıq etmədən etirazçılara qarşı rezin güllələrdən, gözyaşardıcı qazlardan, zirehli texnikadan istifadə edərək onları dağıdıblar. Bununla kifayətlənməyən daxili qoşun əsgərləri evlərə daxil olaraq qadına, kişiyə fərq qoymadan sakinləri evlərində döyüblər. Daxili qoşunlar etirazçıları dağıdarkən Rabil Kərimov adlı sakin əl və ayağından xəsarət alıb”. Qəsəbə dekabrın 15-i axşam, eləcədə sonrakı günləri az fövqəladə şəraitdə keçiriblər. Hazırda qəsəbəyə giriş nəzarətə götürülüb.
 
Bəs balıqçılarla sərhədçilər və nəzarətçilər nədən bir-birini başa düşmürlər? Biz dəfələrlə bu məsələyə qayıtsaq da, bir daha bəzi məqamları xatırlamağa məcburuq. Məlum olduğu halda, quruda olduğu kimi dənizdə də hər hansı işi elə-belə görmək mümkünsüzdür. Bəzi işbazlar dənizi tam nəzarətə götürdükdən sonra dənizkənarı ərazidə yaşayan sakinlərin balıqçılıqla məşğul olması demək olar ki, mümkünsüz olur. Yenə də Turan Agentliyinin məlumatını xatırladaq: ”Sakinlər arasında gəzən söz-söhbətlərə görə, bu, sərhədçilərlə baş verən ilk insident deyil. Belə ki, bir tərəfdən sərhədçilər balıqçılardan 2 mil uzaqda balıq ovu etməyə icazə vermir. Balıqçılar isə sahilə 2 mil yaxındakı sularda demək olar ki, balığın olmadığını bildirirlər. Bundan əlavə, dənizə çıxan hər bir qayığa görə balıqçılardan 100 manat tələb edirlər, amma sakinlər bunu heç kəsə sübut edə bilmirlər”.
 
Bizimlə söhbətləşən qəsəbə sakinləri deyir ki, dənizə girəndə balıqçıları məcbur edirlər ki, özləri ilə sənəd götürsünlər. Çünki nəzarətçilər onları dənizin ortasında saxlayanda birinci əlindəki sənədi alırlar. Sonra... Sənədin sorağı DİN-dən, MTN-dən gəlir. Sənədi alınan balıqçıya soraq göndərirlər ki, sən dəniz sərhədini pozmaq istəmisən. Səni sərhəd pozucusu kimi həbs edəcəyik. Balıqçı xeyli ziyana düşəndən sonra güc-bəla sənədini geri ala bilir.
 
Şahağacı balıqçıları da məmurlardan gileylidir. Onlar bildirirlər ki, əvvəllər sənədləşdirmək üçün Lənkərana gedərdik. İndi bu sənədləşmə Neftçala rayonunda gedir. 1-2 ay Neftçalaya ayaq döyürük. Fikrimiz var ki, dənizi tərgidək. Dövlət tərəfindən dənizçilərə yardım yoxdur. Çətindir, tor bahadır, ağac bahadır. Külək tez-tez dənizdə olan torların hamısını dağıdır. Torları bərpa etmək üçün isə 2-3 min manat pul borc etməli olursan. Balıqçı sonra qabarlı əllərini göstərərək deyir:
“Dənizçi nə tox kimi toxdur, nə ac kimi ac. Bu azmış kimi ümumi xərclərdən əlavə hər qayıqçı nəzarətçiyə əlavə bir balıq da verməlidir. Dəniz insanlardan, insanlar dənizdən küsüb. Bir tikə çörək üçün həyatımızı riskə qoymuşuq”. 
 
Nərimanabadda hadisələrin qızğın vaxtında orada olmuş Müstəcəbin müşahidələrində və apardığı söhbətlərdə maraqlı məqamlar az deyil:
“Burada yaralananlar da var. Dəqiq say deyilmir. Yenə də qəsəbə sakinlərinin dediklərinə görə, bir nəfərin halı daha ağırdır. O, Rahil Vəliyevdir. Üstündən PDM keçib. İndi o, Lənkəranda «Böyük Xəstəxana» kimi tanınan müalicə müəssisəsinə yerləşdirilib.
«Daha bir nəfər də yaralanıb. Ramiz Xankişiyev, qardaşımdır. Onu öz həyətimdə vurublar. Ona atılan güllə də əlimdədir. Gecənin bir yarısı öz xalqına belə basqın olar? Belə deyirdilər ki, biz sizi Xocalıdan betər edəcəyik».
 
Bunu qəsəbə sakini İsrail Xankişiyev deyir.
«Bu, prezidentə qarşı təxribatdır. Camaatı veriblər gülləbarana. Elə adam var, evinin içində yaralayıblar. Gözyaşardıcı qazdan istifadə ediblər. 70 yaşında ananın ürəyi getdi».
İsrail Xankişiyev deyir ki, Nərimanabad sakinlərinin yeganə dolanışıq yeri dənizdir. Amma onlara da balıq ovlamağa imkan vermirlər. Dünən dənizə çıxan balıqçıları da buna görə saxlayıblar:
«Balıqçılar dənizə gedirlər çörəkpulu qazanmaq üçün. Dənizçilərin qayıqlarını tutub batırıblar, sındırıblar. Dünəndən əsir-yesir olmuşuq. 9 nəfər tutublar. Camaat da xahiş elədi ki, uşaqları buraxın. 
 
Bir də gördük ki, Daxili Qoşunlar qəsəbəyə doluşdu».

İsrail Xankişiyev deyir ki, saxlananlar arasında eləsi var, yeməkxanadan çıxıb evinə gedirmiş:
«Elə adam var, yolda tutublar, qohum evinə getdiyi yerdə. Eləsi də var, yeməkxanadan çıxanda, içkili halda tutublar. Ağlı başında olmayan adamı aparıblar ki, guya dövlət əleyhinə çıxıb...».
Nərimanabad sakini Tamilla Ağayeva həyəcandan çox danışa bilmir:
«Balalarımızı öldürürlər. Dünən bütün qəsəbəni gülləbaran etdilər. 20 yanvar 15 dekabrla əvəz olunub».
Qəsəbə sakinləri deyirlər ki, həbs olunanlar buraxılmasalar, Bakıya gələcəklər.
Yaralananlardan yalnız 1 nəfər Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu da Nərimanabad sakini Rahil Vəliyevdir. O, Azadlıq Radiosunun müxbiri ilə söhbətdə deyib ki, hadisə zamanı zirehli texnikanın altında qalıb. Nəticədə sınıqları var.
Xəstəxanadan da bildiriblər ki, R.Vəliyevin qolunda və ayağında 2 yerdən sınığı var. Son məlumata görə, R. Vəliyev artıq evə buraxılıb.
 
Əməkdaşımız Lənkəran rayon Prokurorluğuna da gedib. Amma əməkdaşlar sualları cavablandırmaqdan imtina ediblər, yalnız «araşdırma aparılır» deməklə kifayətləniblər.
Prokurorluqda izahat verən balıqçı Fədail Orucov isə deyib ki, hüquq-mühafizə orqanları balıqçıların 3 qayığını müsadirə edib. Bir qayıq isə hadisə zamanı batıb. Hərbi gəmi qəfildən qayığın üstünə hücuma keçibmiş. Nəticədə qayıq batıb. Qayıqdakılar isə canlarını birtəhər qurtarıblar.
 
AzadlıqRadiosunun müxbiri deyir ki, dəyənəklərin izi bəzilərinin üzündə qalmaqdadır.
Hazırda Nərimanabad polis maşınları ilə əhatə olunub, polis kəndə nəzarət edir.
İsrail Xankişiyev: «Burda ancaq balıqqulağı var. Nə zavod var, nə fabrik... 2500-3000 nəfər əhalisi olan qəsəbə dənizdən dolanır. Sərhəd Qoşunu da deyir ki, hər ay 100-200 manat verməlisiniz. Camaatın da imkanı yoxdur, qışdır, adam var evdə heç odunu yoxdur. Bütün qəsəbə banklara faizə girib».
Bu mövzuda internetdə yayımlanan yazılara rəy bildirən oxucular yazır ki, bu ərazilərə nəzarətçi təyin edilənlər, həmin posta sahib olmaq üçün 20-30 min manat pul verirlər. Belə qəddarlıq eləməsələr, həmin pulları necə çıxararlar.
 
Olayla bağlı “Yeni Musavat” qəzetinin müxbirinə isə yerli sakinlər aşığıdakıları bildiriblər: “Ailəsini balıqçılıqla dolandırdığını deyən Adışirin Vəliyev isə bildirir ki, balıq ovuna məhdudiyyət qoyulması səbəbsiz deyil. “Dövlət Sərhəd Xidmətinin Lənkəran üzrə rəisi Adil Abdullayev camaatdan rüşvət tələb edir. Balıqçılardan ayda 200 manat istəyirdi. Sərhəd onları maraqlandırmır. Hər qayıqdan pullarını da, balıqlarını da almasalar, əl çəkmirlər. Kişilərimiz dənizdə ölür, ailələri də acından qırılır”.
“Kənddə 400-500 balıqçı qayığı var. Əvvəllər hər qayıqdan 150 manat ”haqq" istəyirdilər, indi 200 manata qaldırıblar. Nəzərə almırlar ki, küləkli havalarda dənizə çıxa bilmirik. Qayığın motoru xarab olanda ehtiyat hissələrini də od qiymətinə alırıq. Dövlət bizə heç nə vermir. Qayıqların böyük hissəsini banklardan götürülən kreditlər hesabına almışıq. Bilmirik bankların kreditlərini ödəyək, ailəmizi saxlayaq, yoxsa isti kabinetlərində oturub başımıza oyun açanlara pay-püş göndərək. ".

 
”Adını da qoyublar ki, İranla sərhəddən narkotik keçir. Əgər narkotik keçirsə, onda siz nə işlə məşğulsunuz? Qayıqları radarla müəyyən edə bilirlər. Əgər kimsə qayıqla İran sərhədini keçib bizim sularımıza gəlirsə, narkotik keçirirsə, onu tutub cəzalandırsınlar. Biz İranla sərhəddə gedib çatmırıq. Dənizə çıxmamışdan əvvəl DSX əsgərləri bizim nə qədər benzin götürdüyümüzü yoxlayır. 20 litrdən artıq benzin götürəndə artığını bizdən alırlar. Həmin 20 litrlə istəsək də neytral sulara gedib çıxa bilmərik.”
 
Olayla bağlı son məlumatda deyilir ki, dekabrın 18-də Lənkəran rayonu Nərimanabad qəsəbə sakinləri Lənkəran şəhər İH-nin başçısı ilə görüşüblər. .İcra başçısı sakinlərə bildirib ki, daxili qoşunlar qəsəbəyə yeridilən vaxt o, rayonda olmayıb. O, deyib ki, məsələ araşdırılacaq və tutulan 4 balıqçı 4 gündən sonra buraxılacaq. İcra başçısının vədi ilə qane olmayan sakinlər yenidən küçələrə çıxıb etiraz edirlər. Onlar bildirirlər ki, tələbləri yerinə yetirilməsə, Bakıya, Prezident Administrasiyasına gedəcəklər.
Rəsmi qurumlar bu deyilənlərə aydınlıq gətirməkdən imtina ediblər.
Nərimanabadda isə gərginlik davam edir. Hava qaralan kimi nə yolda-izdə adam görünür, nə də gündüz bazarda balıq.

Zahir Əmənov, “Cənub xəbərləri” 

Комментариев нет:

Отправить комментарий