19.02.2012

DƏM QAZI


Akif Abbasov. Hekayə

Şənbə günlərinin biri axşamüstü idi. Hamamı yan­­dır­mışdılar.Vaqif yuyunacaqdı. Onunçun dəyişik, dəs­­mal, kisə, maçalka qoymuşdular. Vaqif çayını içib aya­ğa qal­xanda Nigar:
– Atacan, cinsi şalvarım köhnəlib, – dedi.
Vaqif onun saçlarını sığallayıb:
– Köhnəlib, təzəsini alarıq, – deyə söz verdi. – Elə buna görə ürəyini sıxırsan?
Nigar:
– Ürəyimi sıxmıram, ata. Dedim  məlumatın olsun. Pulumuz olanda...

Vaqif zarafata saldı:
–  Yəni deyirsən bir cinsi şalvar almağa da pulu­muz çatmaz?!. Pul bizdə, bir də ingilisdə.
Nigarın dayanıb baxdığını görüb əlavə etdi:
– Yəni fikirləşirsən ki, bütün bunlar sözdür, nə za­man alacağam şalvarı? Qızım, neçə gündür su gəlmirdi. Bu gün axır ki, suyu buraxdılar. Nə qədər ki, su var, ge­dim çimim. Allah qoysa, sabah səninçin şalvar almağa gedərik. Oldu?
Nigar başını tərpədib razılığını bildirdi.
Hamam yaxşıca qızmışdı. Su da gur gəlirdi, isti idi. Vaqif kisələnir, neçə gündən qalma kirini tökürdü. Amma gic yuxu onu girələmişdi. Axşamlar başı kompyuterdə oyunlara qarışır, doyunca yatmır, gündüzlər də ayaq dö­yür, “o idarə sənin, bu ev mənin” deyə gəzir, təmirlə məş­ğul olurdu.
İnsan sağlamlığının bir şərti də doyunca yatmaqdır. Yuxu ki, var, gəldi, gərək başını atıb yatasan. Yuxunun vaxtını ki, keçirdin, sonra nə billah edirsən, yata bil­mirsən. Yerində o yana, bu yana o qədər qurcalanırsan ki, altındakı döşəkağı, başının altındakı yastıq üzü bir günə düşür ki, gəl görəsən... Vay onda ki, arvad da səndən əvvəl yatağa uzana və dərhal da yuxuya gedə. Yuxuya getməyi ilə də bir xorna çəkə ki, qonşular gəlib qapını dağıdalar ki: “Ay balam, sizdə nə olub, dalaşan yoxdur ki? Bəlkə kimi isə boğurlar?”
Yox, bu yuxugəlməyə oxşamırdı. Vaqif başa düşdü ki, qızdırıcı kalonkadır naxələflik edən. Dəm qazı idi onu yuxuya vermək istəyən. Uşaq deyildi ki, bunu bilməyə. Aləmə o papış tikirdi. Qışqırmaq istədi. Səsi çıxmadı.  Qızdırıcını söndürmək istədi – qolu qalxmadı. Ha­mam­xananın qapısını açmaq istədi – bacarmadı. Huşunu itirib yıxıldı.
Vaqif hamamxanada çox  ləngiməzdi. Uzağı 20-25 dəqiqəyə çıxardı. Amma indi çıxmaq bilmirdi. Nigar mətbəxdə qurdalanan Sevilin üstünə qaçıb:
– Ay ana,  atam qırx dəqiqə olar ki, hamam­xa­na­da­dır, – dedi. – Bir yoxla.
Sevil xanım əhəmiyyət vermədi, zarafata saldı:
– Yəqin qırx ildən qalma kirlərini çıxarıb qur­tar­mayıb. Su  gec-gec gələndə belə şeylər olur. Neçə gündür çimmək istəyirdi. İndi əlinə girəvə düşüb. Mən dovğa bulayıram. Sən qapını döy, cavab verəcək.
Nigar tez hamamxanaya sarı qaçdı. Qapını döydü. Yanan qazın fışıltılı səsi gəlsə də, Vaqifdən səs çıxmırdı..
Nigar həyəcan içərisində anasını çağırdı:
– Ay ana, cavab vermir. Başında bir iş var deyəsən.
Qızının səsindəki təlaşı duyan Sevil xanım özünü mətbəxdən çölə atdı.
Kiyev layihəli binalarda, hamamxana ilə ayaqyolu mətbəxdən aralı olur, dəhlizin o biri başında inşa edilir. Sevil qaçaraq özünü hamamxanaya çatdırdı və başladı var gücü ilə qapını döyməyə:
– Vaqif, Vaqif!!!
Səs gəlmirdi. Qapıni itələdilər. Açmağa gücləri çat­madı. Arxadan bağlanmışdı. Sevil xanım hər şeyi başa düşdü və ucadan qışqırdı: “Evim yıxıldı!”
Ana-bala qonşuları köməyə çağırdılar. Qonşular tö­külüşüb gəldilər, qapını sındıranda gördülər ki, Vaqif  hə­rəkətsiz döşəmədə sərələ qalıb. Onu özünə gətirməyə çalışdılar. Fəqət səyləri əbəs idi. Dəm qazı öz işini gör­müş, onu zəhərləmişdi. Sevil xanım vay-şivən qoparıb üzünü cırdı. Nigar da özünü öldürürdü: “Ata, ata!!!”
Qaçaraq Həsən də gəldi. Atasını bu halətdə görüb anası ilə bacısına qoşulub hönkürdü.
 (700x516, 75Kb)
Həkim artıq yoxlayıb ölüm aktı tərtib etmişdi. Ev adamlarla dolmuşdu. Qohum-əqrəbanın da gəldiyini gö­rən qonşular çəkilib getdilər.
Meyiti qonaq otağının ortasında döşəyin üstünə qoy­­muş, üstünü də örtmüşdülər. Baş verən hadisəyə hamı təəssüflənirdi. Onun nə yaşı vardı?! Həsən molla dalınca getmişdi. Bundan sonra görüləcək işlər barədə söhbət gedirdi. Birinci növbədə ölü yuyulmalı və dəfn olunmalı idi. Sonra yasxana qurulmalıydı.
Bakı kimi yerdə adam ölməyə də qorxur. Dəfn üçün yer yoxdur. Əslində yerdən çox yer var. Bir əlcə tor­pağı od qiymətinə satırlar. Yasxana üçün çadır gətirt­mək, üç, qırx vermək üçün bir ətək pul lazımdır. Bu da hər adamın cibinə görə deyil. Amma nə edəsən? Heç kim ölüsünü ürvatsız etmir, yerdə qoymur. Borca düşüb dəfn də edir, üçü­nü də, qırxını da, ilini də verir, baş daşı da qoydurur.
Molla gəlib çıxdı. O, meyitə sarı gedirdi ki, ayaq saxladı. Meyit tərpənirdi. Bu, ətrafdakı digər şəxslərin də, Həsənin də diqqətini cəlb etdi.
Vaqifin sevimli bir pişiyi vardı. Fikirləşdilər ki, yəqin pişik xəlvəti özünü meyitin yanına verib ki, onunla halallaşsın. Vasifin pişiyə acığı tutdu. İrəli yeriyirdi ki, pişiyə həddini göstərsin, bir də  gördü ki, meyit qalxıb ye­­rində oturdu. Həsən diksindi və geri çəkildi. Meyit əli ilə işarə etdi. Hamı çəkildi. Sevil xanım pal-paltar gətirib ərini geyindirdi. Nigarla Həsən özlərini atalarının üstünə atdılar. Onlardan bir yanıqlı hönkürtü qopdü ki, gəl görəsən. Qəlb parçalayırdı:
– Ata!!! Atacan!!!
Onlar sevincdən az qala dəli olacaqdılar. Sizə za­rafat gəlməsin, ölmüş atalarına yenidən qovuş­muş­du­lar. Vaqif ətrafa göz gəzdirərək:
– Bu adamlar buraya niyə yığışıblar? Deyəsən çox yatmışam.
Sevil xanım istədi desin ki, “yatmaq nədir, ölmüş­dün!”. Amma demədi, özünü saxladı. Qoy bilməsin. Ca­vab olaraq bildirdi:
– Hamamxanadakı qaz buraxır deyəsən...
Vaqif fikirləşdi:  Sevil qaza görə bu qədər adamı bu­raya niyə yağıb, mənə deyə bilmirdi. Nə olsun yat­mışdım, oyadaydı. Buna görə onun xətrinə dəyəcəkdim?!
Yadına salmağa çalışdı: “Hə, yuxusu gəlirdi. Amma şirin yuxu deyildi. Gic yuxu idi, adamın başını ağrı­dırdı. Ayılmaq istədi – ayıla bilmədi. Hamamxananın qapısını açmaq istədi – aça bilmədi. Deməli, boğulurmuş”.
Vaqifin başı gicəllənir, ürəyi bulanırdı. Özünü sax­laya bilməyib Sevil xanımın qolları arasına düşdü. Nigar qorxub qışqırdı. Atasının bu dəfə doğrudan-doğ­ru­ya ölə­cəyindən qorxurdu. Həsən bibisi oğlu Adillə Vaqifi aşağı düşürüb maşına mindirdilər və xəstəxanaya apar­dılar. Həkimlər dərhal tədbir gördülər, iynə vuruldu, sis­tem qoşuldu. Bu minvalla Vaqif bir neçə gün xəstəxanada yat­dı. Sonradan başına gələnləri əzizlərinə, onu yolux­mağa gələnlərə danışdı:
– O dünyanı görüb qayıtdım. Ətrafımda  ağ  rəngli mələklər uçur, məni də öz ardınca aparırdılar. Səhv etmirəmsə, bir qara quş mənə yaxınlaşmaq istəyir, qa­nad­lı mələklər  məni dövrəyə alıb buna yol vermirdilər. Mə­ləklərin əhatəsində ənginliklərə gedirdim. Yer gö­rün­mür­dü. Evimiz görünmürdü. İnsanlar görünmürdü. Özümü heç zaman elə rahat, qayğısız, bəxtiyar hiss etməmişdim. Sonsuzluğa doğru gedirdik. Birdən-birə narahat oldum. Bu gedişin qayıdışı da olmalı idi. Bu isə çox vaxt aparacaqdı. Birisi gün işə gecikə bilərdim. İş cəhənnəmə. Qızıma, Nigarıma söz vermişdim, o da səbirsizliklə göz­ləyirdi ki, bazar günü birlikdə gedib onunçun qəşəng bir cinsi şalvar alacağam. Gözü yolda qalmaq yaxşı deyil.
Odur ki, üzümü mələklərə tutub soruşdum:
– Hara gedirik? Çox uzaqlaşmayaq. Yarımçıq iş­lərim qalıb.
Dedilər:
– Səfərimiz uzun sürəcək.
– Nə danışırsınız, mən qayıtmalıyam.
– Olmaz.
– Necə yəni olmaz?! Qızıma söx vermişəm. Sö­zü­mə əməl etməliyəm. Əks halda haqqımda nə fikirləşər?!
– Dedik ki, olmaz. Əgər qayıtsan, sonra geri dönə bilməyəcəksən.
– Sizə söz verirəm. Qızıma cinsi şalvar alım, sonra hara deyirsiniz gəlim...
Bu sözlərim mələklərin xoşuna gəlmədi:
– Belə görünür, sən xoş həyat istəmirsən. Geri dönsən, yenə əzablı həyatını yaşamaqda davam edəcək, peşman olacaqsan.
– Cinsi şalvarı alıb qızıma versəydim, indi geri dönməzdim...
Mələklər artıq dözmədilər. Əsəbi halda dedilər:
– Elə isə get, əzablarınla yaşa.
Vagif söhbətini tamamladı:
– Hə, əzizlərim, mələklərə qulaq asmayıb, geri döndüm. Qayıdan kimi əlimi gözlərimə apardım. Onlar qa­palı idi. Gözlərimi açanda gördüm ki, hamı ağlayır. Nigarım, Həsənim  ağlayır. Fikirləşdim ki, Nigar cinsi şal­varı vaxtında almadığıma görə ağlayır, Həsən də onun göz yaşlarına tablaşmayıb ona qoşulub. Sonra gördüm yox, məsələ özgə cürmüş. Bir müddət klinik ölümdə olmuşam.
Vaqif Nigarı yanına çağırıb saçlarını tumarladı:
– Qızım, məni ölümün pəncəsindən sən qurtardın, sənə verdiyim söz qurtardı. Sağ ol. Sabah gedib səninçin cinsi şalvar alarıq.
                                                                         
 (459x313, 190Kb)                                                         Akif Abbasov,
     pedaqoji elmlər doktoru, professor, Pedaqoji və
                               Sosial Elmlər Akademiyasının həqiqi üzvü,,
                               Azərbaycan Yazıçılar Birliyinin üzvü

Комментариев нет:

Отправить комментарий