17.02.2012

Gələcəyimizi necə tərbiyə edirik? - ARAŞDIRMA

Psixoloqlar: "Psixologiyada uşağın tərbiyəsi zamanı "mükafatlandırma və cəza" adlı tərbiyə metodu var..."

"Uşaqlar bizim gələcəyimizdır" - bu məşhur devizi də tez-tez eşidirik, gələcəyimiz olan uşaqların zorakılığa məruz qalmasını da, əzızlənməsini də. Gələcəyimizin qurucularını hərəmiz bir cür tərbiyə edirik - kimimiz sözlə, kimimiz kötəklə. Bu yazıdakı mövzu uşaqların necə tərbiyə edilməsi barədədır.


Zorakılıq narkotikdir?

Psixoloqlar bildirirlər ki, zorakılıq bir növ asılılıq kimidir, bir neçə dəfə tətbiq edəndən sonra insan bu vəziyyətə alışır, zorakılıq etməsə, dura bilmir. Hətta psixoloqlar zorakılığı heroinə bənzədirlər, amma zorakılıq tətbiq edənin bu həddə qədər keçdiyi yol var. 


Əvvəlcə tiryək çəkən bir narkomanın zamanla bununla kifayətlənməyib daha sərt narkotik vasitələrə əl atması eynilə xırda şillələrlə, dümsükləmələr və çımdikləmələrlə uşağını tərbiyə etmək istəyənə bənzəyir. Zamanla o şillələr, dümsük və çimdikləmələr böyüyür, daha qəddar vasitələrlə əvəzlənir.

Əgər konkret olaraq ifadə etsək, zorakılığı tiryəklə, nəticəsi olan cəzalandırma sistemini də narkomaniya ilə müqayisə edə bilərik. Valideynlər zorakılığa əvvəllər yavaş-yavaş meyllənir, lap tiryəkə meyl edən yeniyetmə kimi. Valideyn sonralar bununla kifayətlənməyib zorakılığını daha qəddar formada göstərir, uşağa cəzalar tətbiq edir. Lakin bir qədər sonra əməlindən peşman olur, “kaş belə etməyəydim” deyir. Eynilə heroini qəbul edıb, onun verdiyi “ləzzəti” dadıb, ayılandan sonra bir narkomanın “kaş ki, bunu etməyəydim” deməsi kimi.

Cəza nədır?

Təəssüfləndirici bir haldır ki, indi uşaq tərbiyəsində ən çox əl atılan üsul “cəza”dır. Psixoloqlar övladına cəza tətbiq edən valideynlərə birinci bu sualı ünvanlayırlar: “Ətrafınıza baxın, döyməklə, cəza verməklə adam olan bir uşaq gördünüzmü?”

Cavab həmişə “görmədim” olur, çünki döyərək, söyərək, zorakılığa məruz qoyaraq uşağı tərbiyə etmək olmaz. Əgər konkret olaraq fikrimizi ifadə etməli olsaq, o zaman cəzanı belə açıqlaya bilərik: "Cəza, düzəlmək üzrə olan bir uşağın yenidən pis davranış göstərməsınə, içindəki "pis uşağın" baş qaldırmasına stimul yaradan səbəbdir".

Valideynlər cəza verməyə, adətən, uşağı küncə qoymaqla başlayırlar. Əvvəllər üzü divara qarşı qoyulan uşaq buna narazılıq edır, durmaq istəmir, amma zamanla alışır. Bir müddət sonra üzü divara durarkən əllərini də yuxarı qaldırmalı olur, çünki valideyn bu dəfə bir qədər çox qəzəblənib - ikinci mərhələyə keçilib. Sonrakı etapda uşaq üzü divara, əllər yuxarıda və tək ayaq üzərində durmalı olur - bu 3-cü mərhələdır.

Sonrakı mərhələləri, zənnimcə, deməyə ehtiyac yoxdur. Əvvəlcə bir şillədən başlayır, sonra iki, üç və daha çox şillə, qulaqdartma, saçlarını çəkmə, əllərinə vurma. Vəziyyət getdikcə pisləşir, valideyn daha əllərinə güvənmir, uşağa cəza verəndə başqa əşyalardan istifadə edir. İlkin vaxtlarda uşağın arxasınca atılan bir ayaqqabı, hansısa bir oyuncağı, televizorun pultu, stol üstündəki qəndqabı, stəkan olur. Amma vaxt keçdikcə valideyn bununla da kifayətlənmir, indi mətbəxdəkı "köməkçilər" işə düşür, böyük taxta qaşıq, oxlov... və bu cür valideynlər bütün bu üsulları "cəza" adlandırmaqla övladlarına "tərbiyə" verməyə çalışırlar.

Zorakılıq uşağı zorla yedirtməkdən başlayır

Psixoloq Zamin Ramilov bildirir ki, zorakılıqla nəyəsə nail olmaq mümkün deyil, üstəlik, söhbət uşaq psixologiyasından, uşaq tərbiyəsindən gedirsə: "Uşaqları tərbiyə etməyin əsas şərti budur ki, usağa yalan danışmayasan. Uşağının hər zaman doğru danışmasını istəyən ana özü yalandan uzaq olmalıdır. Körpəyə ilk baxışdan sizə xırda görünən yalanlar deməklə özünüz də bilmədən onu yalana öyrədirsiniz. Bir çox valideyn var ki, uşağı zorla yedirir, zorla yatırdır. Uşağı heç vaxt məcburən yedirtməyin.

Əksər analar körpələrinin az yeməsindən narahat olur və onu çox yeməyə məcbur edirlər. Bu zaman uşaq anadan sevgi yox, zorakılıq görür. Çünki o anlamır ki, siz onu yedirtməklə onu sağlam böyütmək niyyətindəsiniz, o sizin niyə belə etdiyinizə təəccüb edir. Belə uşaqlar isə gələcəkdə hər şeyin yalnız zorakılıq sayəsində mümkün olduğuna inanırlar. Bunun nəticəsidir ki, həmin usaqlar böyüyüb valideyn olduqları zaman onlara göstərilən zorakılığı öz uşaqlarına tətbiq edirlər.

Psixoloq deyir ki, valideynlər çalışmalıdırlar ki, uşağın həm ata-anası, həm də ailənin başqa üzvləri ilə münasibəti sağlam olsun: "Uşağa özündən böyüklərlə istədiyi kimi rəftar etməyə icazə verdiklərindən onlar böyüklərin saçını dartır, əllərindəkini istəyirlər. Ana isə bunlara şıltaqlıq kimi baxır. Lakin uşaq böyüyən kimi bu xasiyyəti birdən-birə qadağan edirlər. Uşağa elə gəlir kı, onunla ədalətsiz rəftar edirlər. Buna görə o, tərslik edir və sözə qulaq asmır. Əvəzində valideyn uşağı cəzalandırır".

Dəcəllərlə necə rəftar edək?

Düzdür, bir çoxumuzun övladı həddındən artıq dəcəldır, hiperaktiv adlandırılan, çətin tərbiyə olunan tipdəndır. Zorakılığa əl atmağımızı, cəza verməyimizi də çox vaxt bununla əlaqələndiririk. Tərbiyə vermək deyəndə bir çoxunun ağlına ilk olaraq cəzalandırma gəlır. Hələ el arasında belə bir məsəl də var, “qızını döyməyən dizini döyər”. Burada “döyməyən” sözünü dırnaqda qəbul edib, tərbiyə verməyən kimi anlamaq lazımdır.

Əslində, tərbiyə etmək və cəzalandırmaq bir-birindən çox fərqli anlayışa malikdır. Tərbiyə - uşağa müsbət davranışların aşılanması, özünü aparma qaydaları, başqalarına münasibət, ətraf aləmə sevgi kimi dəyərlərı özündə birləşdirir. Cəzalandırma isə mənfi məna verir, uşağın bilərəkdən və ya bilməyərəkdən etdiyi bir hərəkətə görə çıxarılan “hökm”dür.
Uşaqlar zamanla verilən cəzaya bir növ adaptasiya olurlar, onlar artıq növbəti cəzanın necə olacağını düşünmürlər. Düşündükləri bircə şey var: “keçən dəfə də pis hərəkət etmişdım, bir şillə ilə cəzalandırıldım, qoy bu dəfə lap iki şillə olsun, heç nə olmaz”.

Bu hallarda onları tərbiyə etməyin ən yaxşı yolu iki şillə yerinə tənəlı bir baxış, danlamaq və yaxud da ondan küsməkdir. Uşaqlar valideynin onlardan küsməsinə daha çox reaksiya verirlər. Onlar ata-analarını çox sevdiklərindən onları bir də məyus etməmək haqda düşünürlər.

Uşağı rüşvətlə tərbiyə etməyin

Uşaq psixoloqu Ülkər Nadirova isə deyir ki, uşağın tərbiyəsi zamanı psixologiyada “mükafatlandırma və cəza” adlı tərbiyə metodu var: “Burada mükafatlandırma dedikdə birinci növbədə uşağın bacarıqlarını və gözəl əməllərini qabardıb onlara görə onu tərifləmək və ya xoşladığı sevinəcəyi kicik bir hədiyyə etməkdir.

Bu, uşağın xoşladığı şirniyyat və ya kicik bir gəzinti ola bilər. Uşağı pul və başqa qiymətli şeylərlə mükafatlandırmaq qəti olmaz. Bu, uşaqda rüşvətxorluğun formalaşmasına gətirib cıxarır. Zaman keçdikcə, uşaq artıq rüşvət verilməsə, hansısa bir işi etməyəcək”.

Cəzalanmaya gəldikdə isə psixoloq deyir ki, fiziki cəzadan söz gedə bilməz: “Uşaq nə qədər fiziki təzyiq görsə, o qədər tərsləşir və deyilən sözün əksini edir. El arasında deyilən kimi, "döyülən uşaq sırtıq olur". Cəzalandırma yalniz bu cür mümkündür - uşağın öyrəşdiklərinə, xoşladıqlarına qısamüddətli qadağa qoymaq.

Valideyn əvvəlcədən xəbərdarlıq etməlidir, məsələn, bunu etsən, səni bir günlük cizgi filminə baxmaqdan məhrum edəcəyəm və yaxud bazar günü gəzintisinə getməyəcəksən. Ən vacibi odur ki, valideyn sözünə əməl etsin. İstər bu, mükafatlandırma olsun, istər də bəhs etdiyimiz cəzalandırma. Əks halda, uşaqda inam itir və gələcəkdə valideynin hec bir sözünə əməl etmir”.

Düzgün tərbiyə üçün əsas şərtlər hansılardır?

Mövzumuza yekun olaraq əksər psixoloqların məsləhət gördükləri ən əsas məqama toxunmaq istəyirik. Uşağın düzgün tərbiyəsində 2 vacib şərt var;
1. Uşağa lazımi qədər vaxt ayrılmalıdır.
2. Valideyn savadlı və diqqətli olmalıdır.

Yalnız bu şərtlərin olduğu təqdirdə yuxarıda qeyd etdiyimiz tərbiyə metodları müsbət nəticə verə bilər. Əks halda, düzgün tərbiyə edilməyən uşaq həm öz ailəsi, həm də cəmiyyət üçün problemə çevriləcək. Buna heç cür yol verməməliyik.

Lalə Mehralı
               milli.az

Комментариев нет:

Отправить комментарий