19.02.2012

HAQSIZLARDAN HAQLILARA

Canlı şəkillər - 10

Cəfər Talıb

Bu gecə Zərnigar xalanın ağrıları daha da artmışdı. Artıq ikinci dəfə idi ki, təcili yardım həkimləri gəlmişdilər. Həkim qız pambığı suya batırıb onun dodaqlarını isladırdı. Hərarəti artıq 40-ı keçirdi, elə bil 44 illik ömrünün ağrı-acıları yanırdı bədənində. Saçları son iki ayda sürətlə ağarmışdı, əti tökülmüş, dərisi sap-sarı olmuşdu. Həkimlər onun qanında xərçəng tapmışdılar.
Ölkənin bütün xəstəxanaların gəzmişdi, amma nə faydası...

Günbəgün həyat onu geriyə dartırdı. Bu gecə halı tamam dəyişmişdi. Qızdırmadan yansa da üzünə nur gəlmişdi. Neçə gündür tutulan dili artıq söz tuturdu. Hamı onun sağaldığını fikirləşirdi, təkcə başının üstündəki 24 yaşlı həkim qızdan başqa... Çünki o onlarla Zərnigar xalaların qızdırmadan yandığı anlarda dodaqlarını islatmış, sonra da onların həyatdan doymayan gözlərini zərif əlləri ilə örtmüşdü...
Artıq öyrəşmişdi, bilirdi ki, onun gözündən çıxan xırda bir göz yaşı yanındakı ümid dolu insanların ümidlərinə sapanddan çıxan daş kimi çırpıla bilər.
Zərnigar xalanın 3 qızı vardı. 2 qızı ərə getmiş, evinin son beşiyi Aynurə isə xəstə anasına baxırdı. Əri isə... Əri 15 il öncə paytaxtdan maşın alıb qayıdarkən yol qəzasında dünyasını dəyişmişdi. Həyat bu ailənin əvvəldən üzünə gülməmişdi. Zərnigar xalanın yaşamaq üçün yeganə həyat eşqi 3 ciyərparası idi.
Həkim qız Zərnigar xalanın halının yaxşılaşdığını deyib, Aynurəyə nə edəcəyini tapşırıb getdi. Əslində Zərnigar xala qızı ilə son dəfə danışmaq istəyirdi, amma istəmirdi ki, bu söhbətin şahidi olsun.
Aynurə həkimi yola salıb anasının çarpayısında oturdu, Zərnigar xala qızının əli sıxdı, kədərli bir səslə danışmağa başladı:
- Gözəl qızım, sən balaca olanda atan bizi tərk etdi. Onda özümü dünyada ən tənha adam kimi hiss edirdim. Amma dözdüm, atanın xatirəsinə belə xəyanət etmədim. Qonşumuz Zahid onda ailəsi ilə Rusiyaya getmişdi. Onun bizim ailəmizə yazığı gəldi. Mənə Rusiyada işləməyə kömək etdi. Onların evində qalıb Sibir küçələrində limon satırdım. Bəzən o qədər yorulurdum ki, ağlayırdım, göz yaşımı gözlərimdə şaxta dondurdu, buz bağlayırdı. Amma yenə də dözürdüm. Bir babat pul qazanıb sizi böyütdüm, qayıtdım yanınıza. Sizi min bir əzabla böyütdüm... İndi isə...
Artıq Aynurənin gözləri dolmuşdu... Zərnigar xala qızının bu halını görüb sözünə davam edə bilmədi. Üzünü yana çevirib pıçıldadı: - Bu qədər əzablardan sonra övladlarımın xoş gününü görmək mənə qismət olmayacaq!
Səhər artıq Zərnigar xalanın bütün ağrıları keçmişdi. Kabus qoxuyan gecənin qaranlıqları onu bütün ağrılardan azad etmiş, haqqın olduğu bir dünyaya aparmışdı...

Комментариев нет:

Отправить комментарий