02.02.2012

Həsrətə tuş olmuş sabahlarımsan


Şirinxanım Kərimbəyli Şadiman

DÜNYA, SEVİNCDƏN DOLDU, YA KƏDƏRDƏN GÖZLƏRİN?

Baxışından min əsrin dərdi-səri tökülür,
Gündüzünün əliylə min bir zülmət sökülür,
Gözlərinə gecənlə, sanki sürmə çəkilir,
O göz yaşın deyilmi çayların, dənizlərin?
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin? 

İdrakla çarpışmada hər yöndəmsiz duyğular,
Pak sinəndən çəkilməz dərdi-sərlər, qayğılar,
Yenə baş alıb gedir çarpışmalar, sayğılar,
Bu həyat meydanında bükülmədi dizlərin,
Dunya, sevincdən doldu, ya kədərdən gözlərin?

Tamah həddin aşanda ağıl gələr haraya,
Bəzən elə olar ki, ağ deyərlər qaraya,
Çox gəlib-gedən oldu bu bəşəri saraya,
Saxladın hafizəndə gedənlərin izlərin,
Dünya sevincdən doldu, ya kədərdən gözlərin?

Əsər çılğın küləklər bağrında sağa, sola,
Min ağrı-acı dolar köksündəki haqq yola,   
Atın çapar sinəndə min-min tale dördnala,
Ömrünü başa vurar şahların, kənizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Başında min bir qovğa əsirlər yola saldın,
Hər günü ötürəndə bir mərhələ qocaldın,
Namərd əlində enib, mərd əlində ucaldın,
Sinəndə köçün sürdü çirkinin, təmizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakının əliylə alim verdi kəşfini,
Tamah düşdü araya hey qıcıtdı dişini,  
Sən döndərdin düz yola zamanın gərdişini,
Naqislər qulağına çatmayanda sözlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Şadimanın köksündə tükənməzdir məhəbbət,
Haqsız haqqına çatar gec-tez qoynunda əlbət,
Gül açsın sinən üstə xoş məramlar, xoş niyyət,
Çox-çox «mənəm» dedilər, incitdilər özlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

VERİLİR HAQQA CƏZA

İblis nədir- cümlə xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan nədir? -İblis?
                                    Hüseyn Cavid

Verilir haqqa cəza,
Basıb hər yanı qəza,
Ağlayan gözlərə bax,
Maskalı üzlərə bax,
Hamı Allahlıq edir,
Haqq deyən haqqı didir.
Allahın səbri çoxdur,
Bəndənin rəhmi yoxdur.
Dünya utanır özü,
Yoxdu deməyə sözü.
Tökülən qanlarına,
Didilən canlarına,
Bəndənin içində şər,
Alışır, yanır bəşər!
Edib həlalı əsir,
Tikdirir haram qəsir.
Üzülür bədəndə can,
Haramdı damarda qan.
Bəndənin işlərinə,
O quduz dişlərinə-
Edir tamaşa fələk,
Görür haqq olur həlak.
Neyləsin göydə mələk?
Verdiyi canlarına,
Yazıq insanlarına-
Köməyi təkcə ölüm,
Bu da cisimə zülüm.
Tamah həddini aşıb,
Yerdə ara qarışıb.
Tazının tulası var,
Tulanın qalası var.
Bir deyən yoxdu, bəşər,
Nədir bu içində şər?
Səni insan eyləyən,
İşi asan eyləyən,
Hər şeyi düzüb-qoşan,
Başın üstə dolaşan,
Göydəkindən et həya,
Sal onu bircə saya.
Həm su, həm quru onun,
Gözünün nuru onun.
Göydə ki, o əndaza,
Dünya bir cismi-əza,
Başın üstə hər qəza,
Onun əmrinə əsir,
Yer ayağına həsir.
Edər çoxunu gəda,
Nədir bəs böylə əda?
Unudub haqqı-sayı,
Çəkmisiz başa vayı!
Canı qandan ayıran,
Cismi candan ayıran,
Əzrayılın işini,
Onun haqq gərdişini,
Kim edib əqlə əta
Ki, cahan yasa bata?
Dağılan yurdlara bax,
Ulayan qurdlara bax,
Gözlərin yaşı dəniz,
Saralır böylə bəniz.
Uçur haqqın sarayı, 
Canın dildə harayı..!
Arar şeytanı gözü,
Şeytan insanın özü?!

MAVİ YUXULARIM

Gecələr qara örtüklü fələklər,
Mavi donlu mələklər,
Mavi tüllər çəkir gözlərimə,
Alovdan don biçir sözlərimə,
Alır ağuşuna könlümü diləklər,
Sanki bəmbəyaz küləklər,
Mavi yuxular,
bağrımı didən qorxular,
Atır məni kainatın izlərinə,
Batıram fikir dənizlərinə,
Göydə durnalar təki,
Vücudum ən yüngül çəki,
Pənbə buludların üzəriylə uçuram,
Gah röyadan və yalandan qaçıram,
Gah da əlçatmaz, ünyetməz,
Bu sehirin sonu bitməz
ulduzları qucuram.
O qapqara buludlara acıram,
Sanki ayrı bir dünyanın,
Gözəlliklə dolu röyanın,
Qapılarını açır,
Günəş təki nur saçır
mavi donlu mələklər üzümə,
               ***
Bütün məmləkətlər mavi şəkildə 
görünür gözümə.
İçimdə acılarla dolu yasım,
Əynimdə mavi donlu libasım,
Nalə çəkən könül sazım,
Üzümə gülən alın yazım.
Qansız, savaşsız, ölümsüz,
Divansız, sərhədsiz, bölümsüz,
Bir səyyarədə dolaşıram,
Bu dünyadan çəkdiklərimi,
Vərəqlərə tökdüklərimi,
Mavi donlu mələklərə danışıram,
Bu atəşlə alışıram.
Ayrılmaq istəmirəm,
Heç kəsə demirəm,
Mavi yuxuların şirinliyindən,
Vücudumu bir heyrət bürüyür,
Və heyrət buzları əriyir,-
bu sehrin dərinliyindən.
Gecələr mavi paltarımda,
İçimdə ilham adlı yatarımda,
Mavi donlu mələklərlə,
Məni ovsunlayan fələklərlə
Tanrıya üz tuturam,
Haqqın dərgahına çatıram!..
Zaman naləsiz, ahsız,
ruhlar günahsız,
ruhlar günahkar,
ətrafımda dolaşır,
mənimlə pıçıldaşır.
Ömrün dönüklüyündən,
Cəzaların böyüklüyündən,
Dünyanın faniliyindən söz açırlar,
Önümdə o yan, bu yana qaçırlar!
Mən də mavi yuxularımla,
İçimi didən qorxularımla,
Dərdləşirəm onlarla,
Min bir dərdli canlarla!
Beləcə səhər açılır,
Nur saçılır,
Otağıma al günəş dolur,
Mavi donlu mələklər,
içimə sığınmış diləklər-
Harasa tələsən qaranlıqda solur-
Mavi yuxularımla,
Ölümdən ağır qorxularımla,
Bir göz qırpımında yox olur,
Əzab verən min bir xülya,
Qanla dolu dünya,
Sinəmə ox olur.

İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ                 

İkimiz də yanırdıq nə vaxtdan bu atəşə,
Biz ki, od-alov verdik bu sevgiylə günəşə,
Harda qaldı o istək, o od, o yanğı, nəşə?
İtirdik bu sevgini o boranda, o qarda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Qınadı tanıyanlar, tanımayanlar bizi,
Unutduq sevgimizə şahid gecə-gündüzü,
Məhəbbətin nə qədər dönük olurmuş üzü?
Soldu istəyimiz də, məramımız da darda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Çilədi sevgimizin üstünə həsrət zəhər,
O dəli duyğulardan ürək görmədi bəhər,
Qınadı bizi axşam, qınadı bizi səhər,
Aradakı hicrana dodaq büzdü sabah da,
İndi sən harda qaldın, mən isə söylə harda?

Gəl birləşsin ayrılan əllərimiz yenə də,
Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?
Sitəm edir bu illər həsrət, hicran mənə də,
İncidərmi bu qədər yarını sevən yar da?
İndi sən harda qaldın, mən isə söylə harda?

SƏN MƏNİM KÖNLÜMÜN MÖHNƏT YUVASI…

Sən mənim könlümün möhnət yuvası...
İçimdə ağlayan günahlarımsan.
Dilimin ovunmaz hicran duası,
Həsrətə tuş olmuş sabahlarımsan.

Qara gözlərimin yaşından doğan,
Dünyanı çalxadan dəryalarımsan.
Gecələr könlümü yataqda boğan,
Vüsala minnətçi röyalarımsan.

Mən simurq quşuna dönüb axşamlar,
Pəncərən önündə gizli səkərəm.
Qəfil otağında sönəndə şamlar,
Mən də göz yaşımla hicran əkərəm.

Səni ürəyimə buraxan gündən,
Artır, azalmır ki, işgəncələrim.
Bəxtimdə açılmaz min bir düyündən
Hönkürür mənimlə hey gecələrim.

Bir azca hərarət oduna möhtac,
Əfsus, ayaz vurmuş istəklərimsən.
Sən mənim dərdinə tapılmaz əlac,
Məzara gömülmüş diləklərimsən…

Hansı bəhanələr gətirim, fələk?
Hicran əzabını sınayanlara.
Cavabsız məktuba çevrilib ürək…
İndi Şadimanı qanayanlara!

Комментариев нет:

Отправить комментарий