03.02.2012

İlqar Əlfioğlu: “Qorxuram yenə aparıcı olaram...”


Vüsalə Məmmədovanın “Ustad dərsi” layihəsinin qonağı telejurnalist İlqar Əlfioğludur

Televiziyada fərqliliyi yaratmaq üçün obyektiv mühit olmalıdır. Sosial sifariş olmasa, heç nə ayaq açıb yeriməz. “Dalğa”nın yaranmasında da (1987-ci ildə) sosial sifariş var idi. Uğur qazanmasının səbəbi də o idi ki, ekranda görüntü fərqi oldu. Demirəm ki, “Dalğa” ilk müəllif verilişi idi, amma ilk müəllif verilişlərindən biri idi. Ona qədər “Bayatı”, Kamal Abdullanın “Qoşma” verilişi var idi. Çox sevilən verilişlər idi. Amma onlar müəyyən bir kəsimə ünvanlanmışdı. “Dalğa” isə bütün cəmiyyətə ünvanlanmışdı, auditoriyası geniş idi.


“Dalğa” ümumi süjet xətti olmayan, koleydeskop şəkilli bir şey idi. 10 mövzu seçilir, bəziləri studiyada qonaqlarla müzakirə olunur, bəziləri tarixi araşdırma şəklində, bəziləri süjetlərlə, bəziləri sənədli film şəklində olmaqla bir neçə janrda təqdim olunurdu. İçində əyləncə də olurdu, amma tamaşaçı orda bir müğənnini görmək üçün məcbur idi ki, əvvəlki 5 süjetə baxsın, nə isə öyrənsin, sonra. Kimi “Dalğa”ya gözəl musiqi nömrəsi görmək üçün baxırdı, kimi araşdırma axtarırdı, kimi də indiyə qədər eşitmədiyi xəbəri eşitmək üçün. “Dalğa” da çalışırdı ki, cəmiyyətin bütün kəsimlərinin tələbatını təmin etsin.

Biz ürəyimiz nə istəyirdi, onu edirdik və xoş halımıza ki, bu, cəmiyyətin də ürəyindən xəbər verirdi. Böyük komanda ilə çalışırdıq, “Dalğa” böyük fədakarlığın məhsulu idi. Operator var idi ki, yaxşı kadr çəkmək üçün vertolyotun qapısından sallanırdı. Mən yerdə uzanıb onun kəmərindən tuturdum ki, sürüşüb aşağı düşməsin. Kameramız az idi, ordan-burdan borc edib kirayəyə toy kamerası götürürdük. Yanaşmamız fərqli idi. Televiziyaya qazanc yeri kimi baxmırdıq. Düzdür, gəlirimiz ordan idi, amma istədiyimiz çox qazanmaq yox, çox sevilmək idi. İnsanlar bizi sevsə, bizim qaldırdığımız məsələləri də sevəcəkdilər.

Sıfırdan başlayan jurnalist birinci növbədə xəbər yazmağı öyrənməlidir. Televiziyada da, qəzetdə də hər şey xəbər yazmaqdan başlayır. Bu, adamın beynini zirək edir, fikrini lakonik ifadə etmək öyrədir. Düzgün xəbər yazmağı bacarandan sonra başqa janrlara müraciət edə bilərsən. Xəbər yazmaq işin 50 faizidir. O biri 50 faizi isə dünyagörüşü tələb edir. İnsan televiziyada işə başlayanda gərək xəbərdən başlasın və göz-qulağı dörd olsun. Özünə bütün informasiyaları analiz etmək, nəticə çıxarmaq qabiliyyətini aşılasın. Bir az da dilin qayğısına qalsınlar.

Əgər teleaparıcı barmağını bir mövzuya toxunduracaqsa, gərək əvvəlcədən o barmağın qoyduğu izin qeydinə qalsın. Televiziya aparıcısı istənilən mövzuda söhbətə hazır olmalı, təsəvvürü geniş olmalıdır. Məndə zahirən, fiziki cəhətdən yox, beyin cəhətdən cavan qalmaq kompleksi var. Yeni çıxan texnikanı, kompyuteri, proqramları belə, axtarıb öyrənirəm ki, xəbərim olsun. Qorxuram yenə nə vaxtsa aparıcı olaram, bu mövzu düşər və mənim xəbərim olmaz. İnkişafa meylli olmaq yaxşı şeydir. Həyatla ayaqlaşmağı bacarmaq lazımdır.

Televiziya siması maraqlı olmalıdır. Bu, birinci şərtdir. Maraqlı olmaq isə böyük mənada fitri istedad olmaqdır. Ümumiyyətlə, müasir insan dünya görüşü geniş olan insandır. Elmin bir sahəsində çox böyük alim ola bilərsən, amma maraqlı insan ola bilməzsən, çünki ondan başqa heç nə bilmirsən. Sən kvant mexanikasından başqa heç nə bilmirsənsə, nə qadına maraqlısan, nə uşağa, nə də qohuma.

Televiziyanın missiyası: bir addım öndə olmağa çalış. İnsanlar özlərindən ağıllı adamı görməyi xoşlamırlar. Teleaparıcı gərək optimal ortanı düzgün hesablayıb, ondan bir qarış öndə olsun. Bu, mənim öz konsepsiyamdır. Televiziyada aparıcılığa başlayanda gördüm ki, belə olmaq daha maraqlıdır. İnsanın resursu, ehtiyatı qalır. Birdən bir ağıllı adamı qonaq çağırırsan və sən ondan bir qarış ağıllı olursan. Bu tamaşaçının çox xoşuna gəlir. Çünki sən artıq ona qarşı yox, öz həmsöhbətinə qarşı ağıllı görünürsən. Efirdən ağıl öyrətsən, sənə nifrət edəcəklər.

Televiziyada kiminsə xahişini yerinə yetirməyi özünə ayıb bilən insanlar işləsə, hər şey düzələcək. Amma indiki şəraitdə bunu etmək mümkün deyil. Heç olmasa indiki şəraitdə televiziyalar cəmiyyət üçün səciyyəvi olmayan pis şeyləri təbliğ etməkdən utansınlar. Bəzi süjetləri hazırlayanda fikirləşsinlər ki, evdə buna öz qızları, xanımları da baxır.

Millətin arxasınca getməyin axırı uçurumdur, çalışıb milləti arxanca aparmalısan. Ona görə də çalışıb bir az ağıllı görünməlisən ki, millətin sənin səviyyənə əli çatsın. Çatmazsa, sənə nifrət edəcək, heç baxmayacaq.

Televiziyada musiqi verilişlərini hazırlayan insan elə biri olmalıdır ki, müğənni onunla üz üzə gələndə çəkinsin. Öz üzərində işləməyə çalışsın ki, birdən hansısa sualı verər və cavab verə bilmərəm. Bizdə Aztv və İctimai Televiziyadan başqa bütün kanallar eynidir. Hamısı şou proqramları zərurət bilir. Dünya təcrübəsində isə hər kanalın öz tamaşaçısı var.

Dünya televiziyalarında telepersona məsələsinə iki yanaşma var. Bir ulduz televiziyaları var ki, ayrı-ayrı personalardan, müəllif verilişlərindən ibarətdir. Onların xəbər aparıcısı bəlkə də o ölkənin prezidenti qədər populyar olur. Şou proqram aparıcısı da onun kimi. Bir də var, televiziya komanda kimi. Bizdə də müxtəlif yanaşma var. Məsələn, ANS televiziyası.

ANS ulduz televiziyası deyil və buna ANS-in qəti ehtiyacı yoxdur. Onların ümumi bir konsepsiyası var. Orda hamı ümumi mexanizmin bir vintidir. Sabah o vint qırılanda gərək onu çıxardasan ki, mexanizm işləyə. Bu da çox məhsuldar yanaşmadır. Əgər sənin işin sırf informasiya verməkdirsə, onda heç simaya ehtiyac yoxdur. Yox, əgər sənin işin publisistik proqramlar aparıb ictimai fikrə təsir etməkdirsə, onda təbii ki, simalar lazımdır. Bir vaxtlar ANS-in simaları var idi, sonra prioritetlər dəyişdi, indi onlara ulduz lazım deyil. O vaxtkı simalar da ulduzlaşan dəqiqədən efirdən uzaqlaşdırılırdı. Bu, televiziyanın siyasətidir. Buna görə onları qınamaq olmaz.

Euronews kanalına baxaq, bir sima yadda qalmır, sırf xəbər verir. Bütün qərəzi verdiyi xəbərin təqdimatında yox, seçimindədir. Bütün günü xəbər verirlər və xəbər aparıcıları yoxdur. Kadr arxası səsləri də boz- bulanıq seçirlər ki, yadda qalmasın. Bu, ona görədir ki, tamaşaçının diqqəti ancaq xəbərdə olsun. Bu yanaşmaların ikisi də mövcuddur, ikisi də maraqlıdır və ikisinin də yaşam haqqı var. Əgər biz bu gün cəmiyyəti düzəltmək istəyiriksə, bizə müəllif, ulduz televiziyaları daha faydalıdır.

Gənclər üçün müəllif proqramı hazırlamaq çətindir, çünki, insanlar belə verilişləri artıq cəmiyyətdə formalaşmış insanlardan qəbul edirlər. Çox gənc və istedadlı jurnalist müəllif verilişi hazırlaya bilər, amma hardasa iki ildən sonra sevilə bilər. Səviyyəli insanın fikri maraqlıdır, amma insan savadını, səviyyəsini birdən-birə isbat edə bilməz. Zaman lazımdır. Tamaşaçının səni qəbul edəcəyi səviyyəyə də müxtəlif sahələrdə işləyə-işləyə yüksəlmək olar.

Cavan jurnalistlərə deyirəm ki, yazdığınız hər xəbərdə belə kiçicik də olsa, bir kəşfiniz olmalıdır. Böyük bir material əslində bir cümləyə görə yazılır. Bütün mövzular yazılıb, fərqli yanaşma yoxdursa, yazma.

Hər verilişdə bir kəşf olmalıdır. Verilişi edəndə gərək indiyə qədər deyilməmiş nəsə deyə biləsən. Həmişə misal gətirirəm. Rus jurnalistikası çox güclü jurnalistikadır. Sovet vaxtı onların ən primitiv qəzetində çap olunan, ən mənasız məqalə belə bizim ən yaxşı məqalədən güclü idi. Çünki, orda mən deyən o prinsip var idi. Yazının içində nəsə kəşf var idi. Ya qeyri-adi başlayırdı, ya qeyri-adı qurtarırdı, ya axarı qeyri-adi olurdu. Standart heç nə vermirdilər. Söhbət yazmaqdan yox, baxışdan gedir. Sənin baxışın insanlara maraqlı olmalıdır.

Qoca adamların veriliş aparmağının tərəfdarı deyiləm. Rus və Türk kanallarında elə yaşlı simalar, xəbər aparıcıları var ki, onların yerində başqasını təsəvvür edə bilmirsən. Bu adam işini yüksək səviyyədə görür. Bizdə isə yaşlı birini qoşurlar cavan uşağın yanına ki... Əslində bu çox gözəl ideyadır. Bir yaşlı və bir gənc aparıcı, ikisi bir yerdə veriliş hazırlasın. Təsəvvür edin ki, orda nə qədər dramaturgiya, daxili konflikt, eyni məsələyə müxtəlif münasibət, müxtəlif baxışlar, bu baxışlardan doğan mübahisələr yaranacaq. Belə bir veriliş mənim çoxdankı arzumdur. Amma o adamların hər ikisi böyük-kiçik yeri bilən olmalıdır. Obrazlar şişirdilməməli, yaşlıdırsa, ağıllı, gəncdirsə, yelbeyin olmamalıdır. Əvvəlcədən amplua veriləndə maraqsız olur. Elə mövzu var ki, orda bir gəncin fikri yaşlının fikrindən doğru ola bilər. Mövqelər müxtəlif olanda maraqlı olur. Məncə, yaşlı, orta və gənc nəslin bir yerdə hazırladığı veriliş də maraqlı olar, amma hərənin öz yanaşması olmaq şərti ilə. Hərənin özünəməxsusluğu olmalıdır.

Televiziyada işləyib özünü ziyalı sayan hər bir insan bilməlidir ki, efirdə tərbiyəsizlik sayılan heç nə göstərmək olmaz. Bura oturuşdan-duruşdan tutmuş, təqdimata qədər hər şey daxildir. Efirdən insanlar üçün pis örnək ola biləcək, cəmiyyətə fəsad verə biləcək heç nə göstərmək olmaz. Bədbinlik olmaz. Televiziya verilişi ümumi bədbin ruhda gedə bilər, amma sonda tamaşaçıya bir ümid verməlidir. Efirdə özünü həqiqətdə olduğundan ağıllı göstərmək olmaz. (Ağılsızlığın birinci göstəricisi də elə odur). Efiri müxtəlif yollarla pul qazanan insanların əlində alətə çevirmək olmaz. Bir balaca baş işlətmək lazımdır. Elə veriliş hazırlamaq lazımdır ki, kimdənsə oğurladığın bilinməsin. Kimdənsə bəhrələnəndə də (qoy oğurlamağı bir az yumşaq deyim) hər halda ora bir az dəst-xətt qoyun.

Kriminal mövzuda veriliş hazırlayanda bu ya sırf xəbər xarakterli olmalıdır, ya da müəyyən ümumiləşdirmə, araşdırma olmalıdır ki, bilinsin, bu insan bu problemi nədən törədir. Əgər bu psixoloji anları aça bilirsənsə, onu etməyə dəyər. Aça bilmirsənsə, xəbər şəklində göstər. Xəbər kimi isə qan, meyit göstərmək olmaz.

Televiziyada elə danışmalısan, elə yazmalısan ki, birinci dəfədən başa düşülsün. Əgər fikirləşib başa düşülməlidirsə, onda bu, qəzetdə olmalıdır. Mir Şahindən xoşum gəlir, amma deyirəm ki, o, telejurnalist yox, qəzet jurnalisti olmalıdır. Televiziyada qəzet ifadə tərzi mənə çatmır. Mir Şahinin elə cümlələri var ki, adam istəyir onu 2-3 dəfə yenidən oxusun. Orda bir az söz oyunu, çətin jurnalistika, publisistika, abstrakt şeylər var. Elə məqamlar olur ki, tuta bilmirsən. Televiziyada axı bir də əvvəldən qulaq asmaq imkanı yoxdur.

Mir Şahinin arxasınca jurnalistikaya çox adam gəldi, amma Mir Şahin özü kimi birinin olmasını istəmədi. İkinci bir Mir Şahin yaratmaq üçün heç bir əziyyət çəkmədi, istəmədi ki, ikinci Mir Şahin olsun, Mir Şahinlər olsun.

Efirdən elə bir kumir göstərmək lazımdır ki, uşaq ona oxşamaq istəyəndə valideyn qorxmasın. Efirdə mütləq kişi obrazı göstərmək lazımdır. Cəmiyyəti ona sırınan dəyərlər formalaşdırır. Ona görə deyirəm ki, biz cəmiyyətdən bir addım öndə olaq. Bir addım öndə olmaqla, artıq nəyi vermək lazımdır, nəyi yox, bunu özümüz biləcəyik.

Bu gün təklif olunarsa, məmnuniyyətlə dublyajla məşğul olmaq istəyərdim. Sovet dövrünün cizgi filmlərini səsləndirmək uşaqlar üçün çox gözəl olardı. Bunu ruslar tək çəkməyib ki. Hamımız bir yerdə çəkmişik. Az-çox bizim də əməyimiz olub. O cizgi filmlərinin hərəsi bir tərbiyə məktəbidir. Timsah Genadan tutmuş, Vinni Puxa qədər hamısında bir əxlaq, sevgi var. Uşaq cizgi filmlərinə həvəslidirsə, gərək yeni komikslərə baxmağa qoymayasan. Orda öyrənməli heç nə yoxdur, qəddarlıqdan başqa.


kulis.az

Комментариев нет:

Отправить комментарий