17.02.2012

KÖHNƏ HAQQ-HESAB


Aliq Nağıoğlu

Aprel ayının ortaları idi. Bir həftəydi Rusiyadan qa­yıtmışdı. Bu bir həftədə aramsız yağan yağış kanalları dol­durmuşdu, payı bəlli əkin yerlərində su durmuşdu. Kənd camaatının elliklə yolqırağı xəndəkləri hamarlayıb ye­rində hündür daş hasarları tikmələrinin ziyanlı tərəfi özü­nü göstərirdi; həyət- baca, kəndarası yollar da to­pu­ğa­can suyun içində idi. Kənd həyatında çox şeyin: otun, odu­nun, dənin tükəndiyi məqamda fasilələrlə verilən işıq onun sakinlərinin yaşam tərzinin bütün əzablarını bir an­da­ca göz önünə gətirirdi. 

Havalar da xeyli soyumuşdu. Ona görə gələndən iki dəfə evdən bayıra çıxmışdı, qohum- əq­rə­badan eşidən- bilən gəlib görüşmüşdü, dünənsə arvadının təkidi ilə ge­yinib-keçinib ucqar dağ kəndinə türkəçarə həkimə getmişdi.
Be­karçılığa öyrəşmədiyindən bir neçə dəfə talvarın al­tın­da toyuqlara dən atmışdı, həyətə çıxan kimi arxasınca dü­şür­dülər. ”Demişdim axı, bunları özünə öyrətmə. Quş olanda nə olar, ələba­xım­lığa həssasdılar, dalına düşüb pələdə çıxacaqlar,”- hü­zür yerinə hazırlaşan arvadı səhərdən qarasınca deyinirdi. “Qo­num-qonşuda toyuq qalmayıb, xəstəliklər hamısını tə­miz­lə­di, kəsib yeməyə çatdırmadılar. Bizimkiləri də yaman göz qıracaq”. “Bəs sənin arxanca niyə düşmürlər?”, fər­qi­nə varmadan soruşmuşdu. “Mən bunlarla cücəlikdən bir yer­dəyəm, öyrəşiblər mənə, sənisə indi görürlər. Bir də gə­ləndə bunlar olmayacaq, başqaları yerinə gələcək.” “Kim bilir, bu səfər bəlkə mən qabağa düşdüm”. “Onu Allah bilər. Gorbagorlar deyirdilər, guya qadınlar xırda­çı­lı­ğa meyllidir, bizdə tamam əksinədir”,- başını acıqla yel­lə­­yərək tikanlı danışmaqda davam edirdi.
Səbəbini təxmin edirdi. Gəldiyi günün gecəsi ona anlatmışdı ki, “bu gəliş, fərli- başlı pul gətirməmişəm, bir yandan işləyə bilmirəm, artıq canım əl vermir, o biri yan­dan da dərslərə vaxtım çox gedir. Uşaqlar da hələ indi-indi işlərini qururlar, özlərinin pula daha çox eh­ti­yac­­ları var”. Ona görə hər hərəkətinə mız qoyurdu. Su çə­ni­nə su vurmaq üçün mühərriki cərəyana qoşduğunu bi­lən kimi acılayırdı, “heç nəyə əlini vurma, bura sənə Ru­siyət deyil, quyular tez quruyur, səndə də yaddaş deyilən şey yoxdur, motor yansa, yenisini almağa pulun da ol­ma­yacaq”. Qalırdı yemək, yatmaq, arada yaz­dıq­la­rı­nı tək­rar­la­maq. Cibində bir şey olmayanda kənd həyatının can­sıxıcılığı o saat gözə girir.
Amma bu gün səhərdən yağış kəsmişdi. Hava açıl­mış, gün çıxmışdı. Günortaya yaxın yığılan sel suları ya­vaş-yavaş çəkilirdi. Atasının balacalıqda dedikləri ya­dı­na düşdü: “Bizim əkinlərə yağış o qədər də gərək deyil, dağ­la­rın şehi bəs edir ki, əkdiklərimiz cücərsin, sonrası Allah kə­rimdir. Yağışlar çox olanda mütləq taxılı ota çe­vi­rə­cək.”
Talvarın altında fikirli gəzişirdi. Diplomqabağı prak­tikanı kənd məktəbində keçirəcəkdi. Yaşadığı, iyirmi il çörək qazandığı yad şəhərdə yaşlaşdıqca artıq ayaqüstə, qa­ça­raq şəraitə taplaşa bilmirdi. Ən çox ayaqları əziyyət ve­rir­di, bu səbəbdən dünən özünü ucqar dağ kəndinin türkəçarə hə­ki­mi­nə göstərmişdi. Həkim ali təhsilli biologiya müəllimi idi, am­ma dağlardan yığdığı bitki köklərindən ən müxtəlif dər­manlar hazırlayaraq, çoxlarına şəfa verib xeyli məş­hur­laşmışdı, hətta mərkəzdən sayılan professorlar sorağına gəlirdi. Boydan balaca, sısqa bu adam onun Ru­si­ya­dan gəldiyini eşidəndə yaman sevindi, özünün də qür­bət­də iki oğlunun olduğunu dedi. Düzdü, başqa- başqa şə­hər­də yaşasalar da, onlar soyuq Sibirdə olurdu, biologiya mü­­əllimi ümumi vəziyyəti bilmək istəyirdi. “Get- gedə hər yerin zibili çıxır, ağqulaqlar da ayılıblar, qabaqkı kimi deyillər, yanlarına getmək lazımdır, bekara veyil­lən­mək­dən nə çıxar, maraqlanmağına düz edirsən. Avarala­nır­larsa, gərək vaxtında götürüb gətirəsən, gec olmasın. Al­lah eləməmiş, bədbəxt hadisə baş verəndə güc yenə özü­­nə düşəcək, adamlar biganələşib, qabaqkı zaman de­yil, bura necədi, ora da elədi.” Həkim əlüstü razılaşmışdı: “Yay­da fikrim elədir, üç ildə bir manat göndərməyiblər, ailə­ləri, uşaqları da mənim üstümdədir.” Sonra ağ dəftər vərəqinə səliqə ilə dərmanların adını, qəbul etmə vaxtını yazdı: “Düz on günün tamamında gələrsən, xeyri olma­lı­dır, başın qarışıb pul qazanmağa, canın yaddan çıxıb. Qon­şu kənddə yeznəm olur, o da sənin kimi səhlənkar idi, düşmüşdü pulun dalına, onda ayıldı ki, artıq rakdır”,- bic-bic irişdi. Ümidini tamam üzdü. Qəribə adamdı: “Heç belə sözü də şax üzə deyərlər”, - canından vicvicə keçdi, indi bunun yanına ikinci dəfə gəl görüm.
Arvadı həkimə getmək istədiyini biləndə xeyli deyinmişdi.“Camaat sağalmağa canını götürüb, Rusiyətə qaçır, sənsə, əksinə edirsən. Bizim həkimlərin bildiyi bir şey yoxdur, çürüyən yerin qalacaq, ağrımayanı tərpədəcək. Səninki yenə türkəçarə həkimdir. Pu­lun olmayan vaxtı hoqqa çıxardırsan. Mayın əvvəli kiçik yez­nə uşağı kəsdirəcək, deyirdim, heç olmasa min dollar köməklik edərdik. Tifil uşaq, istilər düşməmiş xeyir işi yerbəyer eliyərdi. Sənsə ərköyün gənclər kimi bivec diplomları yığırsan. Kimi aldadırsan, bu günəcən sən, balaların diplom çörəyi yemisiniz?” Mübahisəyə baş vur­mur­du, onsuz da arvadı qınamağına dəyməzdi, illər uzu­nu ev- uşaq qayğısı, elin hampalığına duruş gətirmək vər­di­şi əsəblərini yetərincə pozmuşdu. Görüşə gələndə diq­qə­tini çəkmişdi ki, qızlara əl daldası hələ çox edilməlidi, əbəs yerə deməyiblər: “Oğlan evi- alanacan, qız evi- ölə­nə­cən.”
Qocalıqda yorğalıq etmişdi, beş il öncə yaşadığı şəhərin universitetinin təbii coğrafiya fakultəsinə daxil olmuşdu. Uşaqlıq arzusuna altmış yaşında çatırdı, müəl­lim olacaqdı. İki diplomu olsa da, müstəqillikdən sonra çö­rəyi qürbətdə çıxırdı. Soruşana deməyə də xəcalət çə­kir­di, çürümüş, atılmalı olan kələmi duza qoydurub “za­kus­ka” əvəzi xırda budkalara paylayırdı. Əvvəl- əvvəl çətin idi, tədricən öyrəşdi, çörəyə çatdı, yük maşını aldı, bu işləri yoluna qoymaq üçün iki qadın fəhlə götürdü. Heç vədə ürəyinin qızdığı adama belə ordakı məşguliyyə­tindən danışmazdı: “Hamı kimi mənim də dolanışığım bazardan çıxır”, - söhbəti müxtəsər edirdi. Rusiya həyatı onu sirqayın etmişdi, iç sözünü hətta doğma arvadına ürək qızdırmırdı. Bu, minvalla qızları oxudub ərə verdi, oğlanları da yanına apardı. Hər ikisi ali təhsil aldılar.
Yaşlaşmışdı, iyirmi il mütəmadi gördüyü işlərin davamını gətirə bilmirdi. Çarə nəydi, qalan ömrünü doğma kəndində müəllimliklə başa vurmalı olacaqdı.
Bu gün Rusiyada dünyasını dəyişən həmkənd­li­si­nin yeddi mərasiminə də getməliydi. Mərhum ağır xəstə idi, çox bahalı cərrahiyyə əməliyyatından sonra, pəhriz sax­lamadığından bir neçə saatın içində halı xarablaşmış, ölü­­sünü qürbətə salmışdı. Rusiyada min zülümlə çörək qa­zanmağa cəhd edən, Allah bilir neçənci kənd sakini acınacaqlı taleyini bəlli sonluqla bitirmişdi...
Bu arada arvadına işarə etmişdi ki, varlı olanda nə olar, kəndin məşhur sahibkarı ilə görüşüb hal- əhval tutmaq istəyir, ölümlü- itimli dünyadır, gör aradan nə qə­dər sular axıb. Amma necə bilsin burdadır, yoxsa yox? “Sə­nin qarnının dibini bilmək olmaz. Onun da nə vaxt gəlib-getdiyini kimsə görməz, bilsə- bilsə qarımış çuxotka bacısı bilər.” Əlüstü də eyham vurmuşdu, ancaq səbəbini soruş­ma­ğa dirənməmişdi. Xəstə bacı qonşuluqda ata evində olur­du, dünən arvadına qoşulub hüzürə gedəndə ağzından qa­çır­mış­dı ki, qağası sabah qısa zamanda evinə baş çəkəcək, hələ istəsə, hər zaman bağlı olan giriş qapını açmaqda da yardımçı ola bilər, bu şərtlə ki, kimsə bilməsin. “Vaxtı itirmə, yubanmasan görüşərsən”,- xəbər­dar etmişdi.
Əslində, aralarında köhnə haqq-hesab vardı. Düzü, bu barədə hətta qadınına bir kəlmə deməmişdi. İndiyə kimi gəl- geti seyrək olduğundan, işləri rəvan getdiyindən, sanki yada düşməmişdi. Bir halda ki, görüş üçün yaxşı für­sət yaranıb, yubatmağına dəyməz.
Sahibkarın evi asfalt yolun üstündə olduğundan gözə görünməmək üçün günorta vaxtının seçilməsi ondan asılı olmadı; sırf təsadüf idi. Əslində daxilən çox nara­hat­dı, amma indiki vəziyyətində başqa çıxış yolu görmürdü. Tə­rəddüdlə, təzə rənglənmiş çox bahalı darvazanın bala qapı­sını yavaşca itələdi, doğrudan açıqdı. Qəribə inad­kar­lıq­la içəri keçib arxasınca qapını möhkəm çəkdi. Təmir iş­ləri yenicə qurtarmışdı. Deyirdilər, yeni il girəndən bur­da şıdırğı iş gedirdi. Düzdü, çoxdandı bu həyətdə ol­ma­mış­dı, ancaq işlərin binanın fasadından tutmuş həyətinə kimi böyük zövq və səliqə ilə görüldüyü diqqət çəkirdi.
Onu görən kimi tanıdı, bircə saçlarına dən düş­müş­dü, alt mərtəbənin içəri otağından çıxırdı:
- Buyurun, eşidirəm sizi, - əlüstü dilləndi, - lakin bayır qapısı bağlı olmalı idi, hardan girdiniz...
- Balaca qapı açıqdı, bağışla narahatçılığa görə... Deyəsən, tanımadın məni...
- Vallah, demək yava çıxmasın, kəndə gəlməyinə peş­mansan, o qədər dərdi-səri olan axışır ki... Onsuz da nə qədər çalışsan, hamının möhübünü düzə bilmirsən...
- Mən də elə o vaxtı kənddən gedənəm... Arada üç- beş günlüyə gəlirəm, o da xeyir iş, ölüm- itim olanda, hesabnan on ildə, iki-üç dəfə. Cəmiləm də, çoxdandır görüşmürük...
- Həə, xoş gördük, xoş gəldiniz, - cəld irəli yeriyib görüşdü, amma narahat olduğu açıq görünürdü,- buyurun əyləşin... Təkəm, hazır çay var, bir stəkan içək, vaxt az olsa da, dərdləşək...
- Əziyyət çəkməyin, evdən gəlirəm, durub hüzürə gedəcəm, bu gün mərhumun yeddisidir...
- Mən də vaxt tapıb beş dəqiqəliyə gələcəm, ancaq gün­ortadan sonra, bir dəfə olmuşam... Kənd qırıldı, qur­tar­dı... - üzbəüz oturdu.- Evdə uzun müddətdi iş gedirdi, təzə başa çatıb, indi kimsə yaşamır, lakin nəzarətçi var. Elin xeyir-şərində tez- tez oluram, gördüm şər- şəraitim pis gündədir, əl gəzdirməli oldum. Qəti çəkinmə, özünü sərbəst hiss elə, danış görək nə var, nə yox...
- Min şükür, çətin olsa da, birtəhər edirik. Uzun müddətdi Rusiyada fırlanırdım, uşaqları böyütdüm, qız­la­rı yerbəyer etdim, artıq qocalıq da öz işini görür, baxıram ki, oralar, indi mənim yaşında olanların yeri deyil...
- Fabrik üçün yaşlısan, - şəhərdə və əyalətdə dün­ya­ca məşhur olan fabrikləri olduğunu eşitmişdi,- yoxsa, bur­da işə götürərdim səni... Amma yadındadır, oraların yolu təzə açılanda əsasən qocalar qabağa düşmüşdülər. Bir xeyli də başardılar...
- Ölülərini ora saldılar, ondan sonra cavanların dalğası gəldi. Bir ara, məktəb yaşlı uşaqlar da yaxşı qa­zan­dılar, ən azından bir ilə hərbi biletin pulunu rahat top­la­maq olurdu. Getdikcə hər şeyin zibili çıxdı, son vaxt­lar­sa vəziyyət lap pisləşib...
- Maşallah sir- sifətdən yaxşı qalıbsan...
- Sir-sifətə nə verirlər, aldadır adamı. İçimdən xəbə­rim olmayıb. Uzun illər ayaqüstü çörək qazanmaq axı­rımıza çıxdı. İstəyirəm yığışam gələm, əlləşənə burda da çörək var...
- Heyf ki, kəndçi, yaşlısan, həm də özün dediyin kimi xəstəliklərin çoxdur, yoxsa sənə kömək edərdim...
- Nahaq əziyyət çəkirsən, cənab, onsuz da mən işimi qabaqcadan ehtiyatlı tutanam. Beş il əvvəl müəl­lim­liyə girdim. Ona qədər iki diplomum olsa da, karıma gəl­mə­di, heç yanda münasib iş olmadı. Baxanda, kəndçininki müəllimlikdir, kənd məktəbində dimlomqabağı praktika keçəcəyəm, bir-iki aya da yığışıb gəlirəm. Estafeti ve­ri­rəm oğlanlara... Hər ikisi ali təhsil alıblar, böyük burda iş axtardı, ona da qəhətə çıxdı. Orda isə hər ikisi işləyir, min şükür...
- Deməli, sən bizim məktəbdə müəllim işləyəcək­sən. – Sifəti işıqlandı. – O, məktəbi mən tikdirmişəm! Ye­nilə­nən Azərbaycana yeni məktəb! Lap yaxşı oldu! Mən uzaqgörən adamam, bilirdim gec-tez öz kəndimizin sa­vadlı müəllimləri yetişəcək. Necə ki, yetişir. Yadında olar, uşaq vaxtı Səfər kişinin at tövləsinin yerində yaman gün­lük məktəbin olmağı?
- Bə nədi, hamımız orda oxumuşuq, onun həyətin­də az top qovmamışıq...
- Yalan deyərəm, uşaqlıqdan kitab oxumaq, top qov­maq həvəsim olmayıb... Mənimki başqa şey olub, ar­zu­ma da çatmışam... Keçən il beş ayın içində yeni mək­təbi istifadəyə verdim. Müəllimlərə də hər cür köməklik edirəm, ali məktəbə girənlərə pul ayırıram, əlsizlərə, hüzü­rü düşənlərə yardım edirəm... Onsuz da bizim haq­qı­mız­da hamı hər şeyi bilir, danışır, deməyim yersizdir. De­məli, vaxtında bu ilahi varlığa meylimi düzgün salmışam, həə? - Bir an nəyisə xatırladı.- Deməyə məcburam, bizim adamların toyuqlarla oxşarlığı ondadır ki, yemək- içmək verdin, alaqarın oldular, rahatca dalına düşəcəklər. Fərq­lə­ri də var: toyuqlar doyandan sonra, fikir veribsən, yoxsa yox, dən qabaqlarında qalar, öldür yeməzlər, adamlarsa p.xunu çeynəyə-çeynəyə üyütməkdə davam edərlər. Söh­bət ondadır ki, bizimkilərin toyuq qədər mədəniy­yət­lə­ri yoxdur.- Sınayıcı nəzərlə qəfildən susdu.
- Düz sözə nə deyəsən...- söhbət ürəyincə olmasa da razılaşdı. Sahibkarın cib telefonu zəng çaldı. “Yarım saata ordayam”,- başını razılıqla tərpətdi.
- Dinclik yoxdur. Başçı ilə görüşəcəyəm... Səninlə söh­bətləşmək xoşdur... Açığı heç nə xahiş etmirsən, yoxsa mə­nim yanıma, harda olsam, tapa bilsələr, ancaq nəsə um­maq, qopartmaq üçün gəlirlər... Ona görə köçdüm bur­dan şəhərə, bezdim obalılardan...
- Sağ ol ki, çoxuna çörək veribsən, nə qədər eləsən, narazılar yenə olacaq...
- Yaralı yerimə toxundun. Mənə obalının ruhu yaxındır, amma onun səhvinə terpet edə bilmirəm... Bi­zim­­kilərə iş-çörək verirsən, lakin tez də cızıqlarından çı­xır­lar. Sən ki bilirsən, indi çörək daşdan çıxır. Bu işləri qu­rana kimi ev, arvad-uşaq üzünə tamarzı qaldım, ömrüm qatar­larda, təyyarələrdə, qostinlərdə keçdi. Dözə bilməz­dim böyük dayım olmasaydı, on il yatandan sonra sağ­lam­lığını itirsə də, türmə həyatı ona çox şeyi qandırmışdı. Ağıllı, bacarıqlı, həm də riskli adamdı. Özümə qalanda ba­şım müsibətlər çəkdi, şəkər tapdım, indi də normal ailə hə­yatım yoxdur... Hərdən fikirləşirəm ki, bu qədər hən­ga­mə­dən sonra doğma arvadınla bacı- qardaş kimi ya­şa­ya­caq­dınsa, sadəlövhcəsinə can çürütməyə nə hacət var­mış?! Tanıdığım yerli iş adamlarının çoxu bu gündədir, ha­mısı qorxu xofu içində yaşayır, demək- danışmaq da ol­maz! Gendən baxana hər şey ütülü görünür. Elə­dik­lə­ri­min müqabilində düşünürəm ki, nə vaxtsa yıxılsam, pi­ya­da kəndin mərkəzindən keçsəm, yadları demirəm, heç doğmalarımdan da quru salam verən olmayacaq, ancaq yenə yaxşılığımdan əl götürmürəm. Hərçənd, imkanım daxilində... Yaxşı, gərək məni bağışlayasan, başağrısı ver­dim, lazımsız çərənlədim. Hələ kənddə bundan sonra çox olacaqsan, hamı kimi sən də gəlməyimi biləcəksən. Te­lefon nömrəmi vermirəm, kəndin iti- pişiyi də bilir. Mö­cüzə də istisna deyil: bəlkə özüm səni aradım...- Uşaq­lıqdan xasiyyətinə bələddi: qeybətcilliyi vardı, uzun müd­dət görüşmədiklərindən ürəyi lap dolu imiş. Özü də darıxdı, ürəkaçan söhbət deyildi.
- Bilirsən nəyi yadına salmaq istəyirdim, iyirmi il bun­dan əvvəl sənə... - ümidsiz halda susdu.
- Çəkinmə, yadıma sal, mən xatırlaya bilmirəm...
- Onda sənin çətin vaxtın idi, gəldin, istədin, mən də otkaz etmədim, həm də varımdı, verdim...
- Pul olar... Düzünü de, nə qədər idi?- tələsik soruşdu.- Mən uzun müddətdir ki, şəkərdən əziyyət çəkirəm, yaddaşım korşalıb...
- Dünənki uşaqsan, bu, mərət səni nə tez xır­xa­la­dı?.. Anladım, işindən miras qalıb... Pis çıxmasın, de­mə­yə də utanıram, o vaxtkı pulnan iki min manat idi...
- Sən canın, bu vaxta kimi heç adını da tutma­mı­san, nə qəribə adamsan.
- Ehtiyacım yoxdu, indi mənim özümə, xəstəliyimi mü­alicə üçün lazımdır...
- Gör üstündən nə qədər vaxt keçib eyy... - əlini qara dərili gödəkçənin içəri cibinə saldı.
- Üstümdə olandı...- Bir büküm yüz dollarlıq idi.- Götür, çəkinmə, dədə malı kimi halal edirəm... O vaxtı sən mənə pis vaxtımda əl tutmuşdun, xatırladım. Nankor de­yiləm, əks halda, Allah mənə bu qədər sərvət qismət elə­məzdi. Amma heç yerdə bir kəlmə danışmırsan, səni ta­nıyıram, xəbərdar etməyi də özümə borc bilirəm. - Bir az fikrə getdi. – İstəsən, Almaniyada müalicəni təşkil edərəm, böyük dayım orda yaşayır, o həm də mənim biznes ortağımdır...
- Narahat olma, fikirləşməyə vaxt var, hələ bir ay burdayam...
- Təhsil müdirinə tapşıraram işə düzələndə sənə problem yaratmazlar. Özün bilirsən də, bura- Azər­bay­can­dır! Hef ki dar macalda rastlaşdıq. Özünü qoru, çalış ölmə, arvadlar düz deyib: üç günün ölüsü, üç ilin ölüsü, o saat unudulacaqsan, səbəb – ölən çoxdur. İndi arxamca maşın gələcək. Hələ də annaşdıra bilmirəm, darvazanın bala qapısını kim açıq qoyub... Lap skleroz olmuşam... – Gülümsədi. – Qismətə baax, belə olmasaydı, görüşə bilməzdik.
Oğrun-oğrun qapıya baxdı.
- Tələsmə,- dedi, - birlikdə çıxarıq, mən - maşına, sən - hüzürə...

Комментариев нет:

Отправить комментарий