19.02.2012

Mən bir qız istəyirəm


Lalə Mehralı

Mən bir qız istəyirəm,
Gəlişini duyanda sevincim min qat olsun,
“Qızım olacaq” deyim, dünya duysun.
İçimdə qızım sevinsin
Qorxmasın, ürkməsin.
Gəlişindən sevindiyimi bilsin.
Sevildiyini anlasın…
Qaçaraq gedim həkimə,
Qızımı göstərsin deyə

Mən bir qız istəyirəm.
Gözəl qonur gözləri, qıvrım-qıvrım saçları olsun.
Kiçik, totuq əlləri ilə yolsun, yolsun saçlarımı.
Hər gün bəzəyim onu, saçlarından asım rəngbərəng lentləri.
Əlindən tutub gəzim şəhəri,
Görənlər “bəxtəvər!” desin
“Nə gözəl, nə gözəl qızın var” desin.
Qürurlanım, qürrələnim, sevinim
“Nə gözəl qızım var” deyim!

Mən bir qız istəyirəm
Qızların sevilmədiyi yerdə
Qız olmasından bezməsin
Sinəsini versin irəli,
Var gücü ilə söyləsin:
“Mən qadınam, duysun aləm,
Qadınların sevilmədiyi yerdə
Qadınların səsiyəm!”

Mən bir qız istəyirəm,
“Qızım var” deyə meydan oxuyum hər kəsə
Utandırmasın məni.
Kişlərdən daha cəsarətli,
Daha mərd olsun.
Amma…
Qadın kimi qadın olsun!

Mən bir qız istəyirəm,
 
Varlığını hiss etdirsin.
Mənə arxa olsun, dayaq olsun.
Mən bir qız istəyirəm,
Yüz illərin gəlmiş-keçmiş
Adətini heç etsin,
“Oğlum var” deyənlərə
Dərin-dərin
Köks ötdürsün.

Mən bir qız istəyirəm,
Gözəlliyi dastan olsun,
Onun üçün oğul anaları
Qapımda növbə qursun
Söz istəsin, söz alsın,
Dönə-dönə təkrarlasın
“Qızın oğlumun olsun!!"

Mən bir qız istəyirəm,
Oğlanı qızdan üstün qılan
Bu toplumun acığına.
Mən bir qız istəyirəm
Qız olduğuna görə
Övladını qətl etdirən
Anaların, ataların acığına!

Комментариев нет:

Отправить комментарий