04.02.2012

NƏ QƏDƏR Kİ MACAL VAR...

Xelil rza uluturk.jpgXəlil Rza Ulutürk

Əslinə baxsan elə
Ömür- bircə macaldı.
Çoxu hədər yaşadı
Azı ondan bac aldı.
Nə qədər ki, macaldı,
    Böyük işlər görməyə
    Tələs, qardaşım, tələs!
Bu səadət, bu fürsət
    Həmişə ələ düşməz,
Nə qədər ki, qolların
    Quca bilir göyləri,
Nə qədər ki, oynaşar
    Palıd kökünə bənzər
    Ürəyinin kökləri,
Nə qədər ki, sağ əlin
    yumruqlu, qüvvətlidir,
Nə qədər ki, sol əlin
    hələ baxır sözünə,
Barmağını sox şərin
    çesməkli, kor gözünə!

Əldən düşsə qılıncın,
    qandalı dişinlə qır!
Deyirlər ki, mərd əli
    qılıncın davamıdır! 
Hər insanın içində
    Gizli qəhraman yatır.
Oyatmasan, əfəlsən,
    oyatsan ,ər – bahadır!
Nə qədər ki, baxışın
    od salır qaranlığa,
Nə qədər ki, addımın
    sədlər dağıda bilir,
Nə qədər ki, isti, pak
    nəfəsin gedir, gəlir,
Tələs, qardaşım, tələs
    böyük işlər görməyə.
Qara yellər önündə
    sal divarlar hörməyə!
Endir zərb ilə gürzü,
    boyan al şəfəqlərə.
Qaldır çiyninə ərzi,
    apar al üfüqlərə!
Tələs yaxşılıq üçün.
    Səncə nədir yaxşılıq?
Yanar qum səhrasında
    bir saf, sərin yaşıllıq!
Yaxşısansa, deməli ,
    dərdlilərə şəfasan.
Heç olmasa bir evdə
    təmiz, sağlam havasan.
Sən gərək qansızların
    dik burnunu ovasan!
Bil ki, zülmət içində
    doğru söz də işıqdır.
Namərdləri ram etmək
    mərdlərə yaxşılıqdır.

Комментариев нет:

Отправить комментарий