19.02.2012

Qərb psixotexnoloqları Azərbaycan telekməkanı vasitəsi ilə psixoloji terror həyata keçirir


ANS telekanalının “Yüzüncü baxış” verlişinin aparıcısı, şair, yazıçı publisist Həmid Herisçi qəzetimizə müsahibəsində olduqca maraqlı məqamlara toxunub. O, teleməkandakı hazırki durumu dəyərləndirib, problemlərin səbəblərini açıqlayıb. Xatırladaq ki, Həmid Hersçinin verlişi sentyabr ayında başqa tərzdə efirə çıxacaq.

- ANS telekanalında apardığınız “Yüzüncü baxış” verilişinizi böyük maraqla izləyirdim - əla seçilmiş qonaqlar, əsl peşəkar montaj ustalığı,  tamaşaçının “saqqızını” ( yox, qulağını!) oğurlayan musiqi tərtibatı, dərin fəlsəfi-ədəbi fikirlər, üstəgəl sizin aparıcılıq məharətiniz, unutmaqda olduğumuz köhnə filmlərə verdiyiniz yeni “dirilik suyu”...bəli, bütün bunlar düz dörd ay bütün ölkə tamaşaçılarının diqqətini sizə yönəltdi. Dediklərimə daha nə əlavə edərdiniz? Özü də, üzümüzə gələn seçki günlərində siz deyəcəklərinizin çox əhəmiyyəti var-nə gizlin, TV-lər bu yarışmada axı sonuncu yerdə deyillər.
- Bəli. Ancaq mən istərdim ki, bu “seçki ili” daha çox “seçim ili” kimi yadda qalsın. Razısız?

- Bəli.
- Keçək əsas sualınıza. Mən televiziya ekranlarında yad birisi deyiləm. Üç-dörd il “Space”kanalının ən baxımli “Gecə kanalı” layihəsinin aparıcısı, müəllifi olmuşam, layihə xəyanət nəticəsində qapandıqdan sonra isə onun qəzet, yəni yazılı versiyasını “Gündəlik Azərbaycan” qəzetində oxucularımın diqqətinə çatdırmışam. Bu yazılı verilişlər 600 səhifəlik “Gecə kanalı” kitabımda çap olunub, oxucu kütləsi tərəfindən sevilib. Azərbaycan teleməkanından bax bu yeni dəvəti alarkən, artıq bilirdim nə edəcəyəm...Hamı bilir ki, bayağı-şit zarafatlar, əttökən müğənnilər artıq hamını yorub. Sovet teatrını bizdə kim yıxdı, hə, soruşuram?

- Kim?
- Necə bəyəm kim? - Akademik Azdramanı, bəli, bayağılığı əlində bayraq etmiş Muzkomediya yıxıb böyrü üstə qoydu. “Azərbaycanfilm”in anasını kim ağlatdı?
 
- Kim?
- Satirik “Mozalan” verilişi. SSRİ çökən zaman ordakı “rejissor”lar hoppandılar irəli, bayağı, şit “film”ləriylə ilə kino sənətimizin “fatehə”sini verdilər. Yəni bax bu məzhəkəçilər bütün akademizmin, peşəkarlığın, elmin-helmin gizli-açıq düşmənidirlər, vəssəlam. Teatr, kinomuzun kərə yağını götürüb marqarin eləyəndən sonra, deyirsiz bu tayfanın nəfs qazanı soyudu? Yox! Gördülər SSRİ artıq yoxdur, dərə xəlvət, özəl telekompaniyalar bəy, hə, girişdilər musiqiyə, TV məkanına. Belə yerdə adamın yadına Lenin ordenli Süleyman Rüstəmin “Oxuma tar, oxuma tar, səni sevmir proletar” şeri düşür, fəqət indi məqam gəlib o yerə çatıb ki, biz gərək mütləq bu şerin bir az “üz-göz”ünü dəyişib salaq onu “Oxuma Azəristar, oxuma Azəristar, səni sevmir proletar” şəklinə.

- Siz belə bir şeir yazacaqsız, yaxud yazıbsız artıq?
-Hə, deyəsən, nə qədər gülməli görünsə də! Süleyman Rüstəmə nəzirə yazmağın vaxtı yetişib...

- Kino ustalarımızın bir sözü düşür yadıma. “Filminizin yalançılığı Nizami kinoteatrının 24-cü sırasından da görünür!” Ancaq, işin kreativ tərəfi teletamaşaçı üçün tam başqadır, o həmişə ekran qarşısında birinci sırada oturur. 24-cü sırada oturan tamaşaçıya yoxdur teleməkanda-orda hamı birinci sırada oturur, elə ordan da ekrandakı bütün abırsızlıqları izləyir-“kor kor, gör-gör!”
- Mövzumuzu icazə versəydiz davam etdirərdim...TV-lərdəki əsl faciələrdən biri görüntüylə deyil, səslə bağlıdır. Fikir verin: ekrandakı əksər kişi aparıcılar cır, bir növ qadın səsiylə qımıldanır. Qadın aparıcılar isə öz səsləriylə daim zəngulə vurur, zilə qalxır, diqqət etsəz, kişi, bəli, məhz kişi səsiylə “konuşmağ”a meyillənirlər. Bəli, bu gün qadın aparıcıların sayı day öz həddini  keçib, qalxıb kəlləçarxa. Bircə məqsədləri var-kişi qonaqları mətbəxə dartsınlar, əyinlərinə önlük keçirib yemək bişirmək öyrətsinlər bu bədbəxtlərə. Bəli, TV-lərdə qender bölgüsü, qadın-kişi bərabərliyi kobud, həyasızcasına pozulub. Ən vacibi isə burda kişi səsinin, Levitanın “davudu” (tenor) səsinin ekranlarımızdan eşidilməməyidir. Bilirsiz, belə bir anlayış var radio, TV-lərdə-səslə gipnoz! Məsəlçün, Hitler Almaniyası öz müharibə siyasətində buna çox güvənirdi: aparıcıların səsi opera səhnəsində sınanır, Vaqner ariyalarını oxumağı bacarmayanlar efirə buraxılmırdılar.
 
- Yaxşı biz hansı ariyaları onlara oxutmalıyıq sınaq dövründə?
- Koroğlunun ariyasını...Bu çox vacibdir, inanın mənə. Azərbaycan öz Levitanını yetişdirməyənə qədər Şuşanın dağları bizimçün həmişə dumanlı qalacaq,- görərsiz!

- 19-cu əsr rus maarifçi-inqilabçısı məktəbinin aparıcı imzası sayılan Çernışevskinin sualına gəlib yetişdik sanki: “Nə etməli?”
- Bəzən “Nə etməli?” yox, “Nə etməməli?” demək, vallah, daha düzgün olar. Məncə, zaman göstərir ki, Azərbaycanda özəl telekanallar olmasa yaxşıdır. Bir-iki dövlət telekanalı, sonra “Mədəniyyət” kanalı, üstəgəl “İctimai kanal”, vallah, bəsimizdir. Kommersiya telekanalları tamaşaçıya amansız zərbə vurur. Ordan xalqa qarşı əsl “psixotron” müharibə aparılır. Bəli, xarici yad qüvvələr bizi hələ düşmən “postsovet insanı” kimi qəbul edir, tamaşaçımızı “müstəqil kommersiya telekanalları” vasitəsiylə zombiləşdirmək istəyir. Bunu bir sıra kreativ üsullarla həyata keçirirlər. Məsəlçün, Sovet vaxtlarında telekadr, fikir verin, ağıl-zəkanın “qavrama xronometrajı”nı nəzərə alırdı. Bu səbəbdən o vaxtkı telekadrın “standart ömrü” indikindən dəfələrlə sürəkliydi. İndi qəbul olunmuş “Qərb standartı” qısa ömürlüdür. Cəld dəyişən kadrların məqsədi ondadır ki, tamaşaçının beynini yox, şüuraltısını, şəhvətini tərpətsin. Onu nəinki dərrakəyə, instinktə doğru yönəltsin. Əfsuslar olsun ki, biz artıq sovet telestandartını itirməkdəyik.

- Başqa nümunələr göstərə bilərsinizmi?
- Fikir verin, indiki telekanallar nədənsə öz verilişlərini həmişə ingilisdilli “xəbər bülliteni” ilə bitirirlər. Ən son verilişin necə, hansı dildə, hansı üsulda getməsi teletamaşaçını sözün əsl mənasında hipnoz edir, onun yuxusunu, “gecə nağılını”, şüuraltısını təyin edir. İngilisdilli son veriliş, tamaşaçımızın şüuraltısını, yuxusunu  bayağı, standart Qərb təfəkkürünə yönləndirmək məqsədi daşıyır özündə.  Azərbaycan teleməkanını “özəl” telekanallar vasitəsiylə nəzərdə saxlayan Qərb psixotexnoloqları, məhz buna görə ən son verilişləri ingilisdilli xəbər büllitenləriylə bitirirlər. Bu onların xüsusi sifarişidir!
Yaxud həmişə bir Hollivud “kino”su (mən deyərdim “Hollivud hipnozu”) təqdim edirlər bizim gecə tamaşaçılarına. Bəli, onlar məhz oyaq “gecə tamaşaçı”sından qorxurlar. Axı o narahatdır, yatmır! Hə, bax bu “yatmayan” tayfanı məhv etmək, bizdəki Qərb psixotexnoloqlarının əsas məqsədidir.
 
- “Space”- də “Gecə kanalı”nı apararkən bunu hiss edirdinizmi?
- Bəli. Mən, Qərb psixotexnoloqlarının  teleməkanımızda hansı şər əməllərlə məşğul olduğunu çox yaxşı bilirəm. Bu sahəni çoxdan tədqiq edirəm, əlimdə ciddi sənədlər var. İnşallah onlar tezliklə mətbuatda öz əksini tapacaq. Bəli, postsovet insanına qarşı ekranlarda əsl “psixotron” müharibə aparılır. Qanun məcəlləmizdə bu cinayətə görə məsuliyyət maddəsi yoxdur, ancaq mən deyərdim artıq bunun vaxtı gəlib çatıb. Xalqımıza qarşı aparılan bu müharibə, inanın, odlu silahla aparılsaydı, vallah yaxşıydı...O teleməkanda aparılır. Axı 21-ci əsrin müharibəsi odlu deyil, psixotron silah vasitəsiylə keçirilir, evlərimizi yıxır, ailələri dağıdır, gender bərabərliyini pozur...
Bu yaxınlarda Səməd Seyidovun çox maraqlı “Yaradıcılığın fenomenologiyası” kitabını oxudum. Orda qeyd olunur ki, Amerikada indi gedən elmi araşdırmaların mütləq əksəriyyəti psixoloji sahəylə bağlı olub əsasən qapalı xarakterlidir. Bəli, Qərb bizə qarşı “psixoloji silah”lardan istifadə edir - ayılın! Özü də ilk olaraq reklam çarxları, şit, səs-küylü verilişlər yoluyla teleməkanda bunu edirlər. Qərb psixotexnoloqlarının hədəfi, yadda saxlayın, şüur deyil, şüuraltımızdır ilk növbədə. Onlar bu hədəflərini-yəni, şüuraltını, daha önəmli bilir, ilk növbədə onu dəyişmək istəyirlər. Şüur, dərrakə, zəka aləmi onları o qədər də maraqlandırmır. Xarici reklam çarxlarının kommersiya məqsədi yoxdur. Məqsəd başqadır! Şüuraltımızı dağıdıb sonra şüurumuzu heçə endirmək!

- Siz bunu necə hiss etdiz?
- “Yüzüncü baxış”da köhnə sovet filmlərimizi təqdim etdiyim vaxt. Bilin, xalqımızın şüurunu, altşüurunu ən çox məhz “Azərbaycanfilm” kinostudiyasıda çəkilən gözəl kinolentlərimiz təyin edib. Sovetlər, bəli, psixoloji layihələrini məhz kino vasitəsiylə həyata keçirirdilər. Bax, Bakıdakı Qərb “mütəxəssisləri”, xarici agentura, “qrantgəmirici həşaratlar” məhz bunu həzm edə bilmədi. Axı sovet “kinostandartı”, kinokadrı elə bircə adi nəfəsiylə, Azərbaycan teleməkanında onların törətdiklərini yox edirdi.

- Sizin dediklərizdən belə çıxır ki, bizim telekanalları Prezident Administrasiyası, Əli Həsənov, Nuşərəvan müəllim deyil, xarici “mütəxəssislər”, Qərbin beynəlxalq, şübhəli mərkəzləri gizlincə idarə edir, eləmi? Nəyə söykənirsiz bu iddianızla?
- Sənədlərə. Onları əldə etmişəm. “Yüzüncü baxışla” axtarış aparıb qənaətimin, şübhələrimin düz olduğunu görmüşəm. Tezliklə bu haqda çap etdirəcəyim məqalə mətbuatı silkələyəcək. Xüsusən bəzi, reklam çarxları gənc tamaşaçılarçün təhlükəlidir - gənclərin şüurunu, şüuraltısını dağıdan “psixoloji gəmiricilər, həşaratlar” xüsusi gizli kodlarla ordan beynimizə yedizdirilir.
 
- “Dəli Kür”, “Dağlarda döyüş”, “Sehirli xalat”, “Qatır Məmməd”, “Bizim küçə”, “İşarəni dənizdən gözləyin, “İstintaq davam edir”, “Bir qalanın sirri”, “Sevil”, “Bakıda küləklər əsir”, “Ögey ana”, “Bir cənub şəhərində”, “İstintaq”, “Uzaq sahillərdə”, “Şərikli çörək” kimi filmlərdə “Yüzüncü Baxış”la nələr tapdınız daha?
- Məsəlçün, götürək “İşarəni dənizdən gözləyin” filmini. O 1987-ci ildə rejissor, aktyor Ceyhun Mirzəyev tərəfindən çəkilib. 1920-ci il 28 aprel hadisələrində inqilabçı Çingiz İldırımın fəaliyyətinə həsr olunan bu filmdə mən möcüzəylə rastlaşdım.

- Nəydi bu möcüzə?
- Bəlli oldu ki, üç rəngli bayrağımız 1920-ci ildən sonra ilk dəfə 1988-ci il Meydan hadisələri zamanı deyil, məhz bu filmdə rejissor Ceyhun Mirzəyev tərəfindən dalğalandırılıb, özü də, 1987-ci ildə.
Filmin müzakirəsi vaxtı qonaq çağırdığım alimlərə sual verdim - “1920-ci ilin aprelində Azərbaycanda daha hansı üsyan baş verib?” Cavab gəlmədi onlardan. Dedim ki, 1920-ci ilin 14 aprelində Təbriz fədailəri, başda Şeyx Xiyabani olmaqla, qırmızı fədai bayrağını Ərk qalasına sancıblar. Sonra başqa bir dəlil də gətirdim: 1920-ci ilin baharında Cəlil Məmmədquluzadə Təbrizə gedib. Orda Nərimanovun tapşırığıyla Xiyabani ilə məxfi əlaqələrdə vasitəçi olub. Bütün bunlar Cəlilin həyat yoldaşı Həmidə xanımın xatirələrində qələmə alınıb.

- Belə çıxır ki, 1920-ci ilin aprelində ölkəmizin hər iki paytaxtında qırmızı bayraq dalğalanıb? Demək, bu, bir böyük gizli planın bir başqa məxfi tərəfiymiş? 11-ci Qızıl Ordu Təbrizə də girməliymiş, hə? Demək, Təbriz o vaxt Bakıdan da cəld tərpənibmiş? Demək, vətənimizin vəhdəti hələ 1920-ci ildə də həyata keçə bilərmiş? Cəmil Həsənlinin bu vəhdəti ancaq 1941-46-da axtarması səhvdir?
- Əlbətdə. Həmin filmdə Çingiz İldırım, hakimiyyəti devirmək üçün iki tərəfdən sifariş alır  - ingilislərdən və bolşeviklərdən. Yəni o vaxt Britaniya da bizim milli-demokratik hökuməti devirmək, əvəzində diktatura qurmaq istəyirdi. Polşa diktatoru Pilsudski kimi o da bolşeviklərin qənimi olmalıymış. Demokratik cümhuriyyət sözdən əmələ keçməyən bir qurum kimi özünü doğrultmayırmış...
Bir sözlə, o veriliş çox xoşuma gəlir. “Dəli Kür”, “Sehirli xalat”, “İstintağ”ın müzakirələri də çox gözəl idi.
 
- Neynək. Boynumuza alaq-siz bizim teleməkanda çox nadir elmli peşəkarlardansız. Siz həm də akademik Ramiz Mehdiyevin son,- televiziya sahəsinə həsr olunmuş məqaləsinə də çox maraqlı şərh vermişdiniz. Bu məqaləniz hətta Rusiya saytlarına da gedib çıxıbmış. Sizin teleməkana qayıdışınız bununla əlaqədər deyildimi?
- Bilmirəm. Dəvət etdilər, getdim. O məqalədə yazdıqlarımı indi də təsdiqləyirəm. Bizim teleməkana dövlət müdaxilə etmirsə, bu yaxşı deyil, pisdir. Bu halda həmin müqəddəs yerə özəl şirkətlər, kapital akulaları qonur. Sovet dövründəki müdaxilə nə qədər həddini aşırdısa, indiki “müdaxiləsizlik” də bir o qədər qorxuludur. Ortadakı qırmızı xətt tapılmasa, heç, teleməkanımızın qara günləri davam edəcək.

- Çıxış yolu varmı?
- Var. Akademik Ramiz Mehdiyevin bu mövzuya həsr olunmuş son məqaləsi indi lap aktualdır. Ordakı fikirlərlə tam razıyam. Dövlət teleməkana qayıtmalıdır. Yoxsa özəl telekanallar bizim tamaşaçının sonucu nəfərinə qədər məhv edəcək. Az.TV-yə biz hələ çox şükürlər oxuyacağıq. Bir sözlə, tezliklə mətbuatda çap edəcəyim o məqaləmi gözləyin. Bu söhbətimiz sadəcə onun anonsu idi.

Elmar                     “BizimYol

Комментариев нет:

Отправить комментарий