02.02.2012

Alı Vüsal - Reforma

“Tas”ları bütün xalq bilir və başqa söhbətə ehtiyac yoxdur

 Deyirəm ki, onsuz da kim-kimi soydu, taladı, qanun-filan çoxdan ayaq altına düşüb. Olmaz ki, elə hər ay nə alacaqlar, nə umacaqlar bunu kağıza yazıb hər yerə vuralar? Ağıllarına girsə, edərlər. Amma qorxasan ki, elə həmin kağızın da pulunu həmin şəxslərin özündən alalar. Bir tərəfdən də hər bir idarədə və onun ətrafında o qədər dəllal-filan var ki, obyektə yaxınlaşmağını görürsən, özləri dərhal qabağına qaçıb, hər işin tasını deyirlər, yəni elana-filana ehtiyac qalmır.
 Bizim başçılardan biri gedir xaricə dincəlməyə. Arada orda rayon icra hakimiyyətinə də baş çəkir ki, görsün bu ölkədə başçılar nədən pul vurur. Buradakı başçı da hiyləgərin biri imiş. Bizdən gedən başçıya deyir ki, əvvəl sən “priyom”larını de, sonra mən deyim. Bizimki də deyir ki, əsas qazancımız vəzifə, torpaq və sovetdən qalma zavodların əmlakını satmaqdır. Məsələn, vəziyyətdən asılı olaraq torpağın kvadratmetrini ya 500, ya 600 manata satırıq. Artıq bizim “tas”ları bütün xalq da bilir və başqa söhbət yoxdur. Kasıblar da elə yığışıb domino oynamaqla başlarını qatırlar. Hərdən onlara ehsan da veririk ki, bir az razı qalsınlar. Varlılar da haqq-hesabını düzəldəndən sonra yanımıza gəlib deyirlər ki, pulundan asılı olmayaraq filan yeri mənə sat. İşləri də elə qurmuşuq ki, qiyməti də dalaşa-dalaşa özləri qaldırırlar. Yuxarıda da hamısı öz yerlilərimizdi, odur ki, dəyib-dolaşan yoxdu, biçib-tökürük.
 Həmin xarici ölkədəki icra başçısını fikir götürür. Bir müddət dumkaya gedib deyir ki, bizim belə xırdaçılıqla işimiz yoxdur. Məsələn, bu ərazidə qədim hökumətdən qalmış bir ticarət obyekti olur. Hay salırlar ki, kim 200 min versə ona satacağıq. Biri də xam düşüb qohum-əqrəbadan 150 min yığıb gəlib ki, həmin yeri ver mənə, 50 mini də sonra gətirərəm. Bu xaricdəki icra başçısı da həmin 150 mini alıb qoyub cibinə və deyib ki, bu qədər pul səndə haradandır? Adi adamlarda bu qədər pul ola bilməz. Belə böyük pullar şahlara, başçılara layiqdir. Biz həmin məlumatı əhalidə kimlərdə pul olmasını yoxlamaq üçün yaymışdıq. İndi get, bu pul da mənimdir, həmin ticarət obyekti də. Həmin adamın da yaxası qalıb qohum-əqrəbasının əlində, hamı borcunu istəyir, yazıq da bilmir ki canını hara qoysun.
 Soruşacaqsınız ki, yəni xaricdə də belə vicdansızlıq edib. Yəqin ki başa düşdüz ki, bu hadisə olub, amma xaricdə yox, elə bizdə olub.
 Misir hadisələrindən sonra bizdə də bəzi irəliləyişlər olub. İcra başçılarından biri pul yığanlarını dəyişib. Özü də gəncləri çox sevdiyindən bu işi cavanlara etibar edir. Bələdiyyədə yer istəyənlərdən haqq-hesabı bir gənc yapçı yığır. Banklardan, şirkətlərdən və buna bənzər yerlərdən haqq-hesabı isə ayrı gənc yapçı toplayır. Humanitara da humanitar yapçı baxır. Sonra da deyirlər ki, bizdə Misir hadisələrinin heç izi-tozu da yoxdu. Əsl gənclər inqilabıdı. Bu mövzuda danışılası o qədər söz var ki. İntəhası bizə ayrılan burada itir. Bir həftədən sonra dərdləşənədək.
P.S: Çanaqqala savaşından sonra Mustafa Kamal əsgər cəsədlərinin arasında ağlaya-ağlaya addımlayırmış. Atatürkü görən ağır yaralı topçu zorla ayağa qalxıb hərbi salam verir: “Paşam, əmr icra olundu”. Bizsə millətə kələk gəlib, qaz vurub qazan doldururuq.

"Yeni xəbər" qəzeti

Комментариев нет:

Отправить комментарий