04.02.2012

YEMƏK OLAN YERDƏ NƏ ERKƏK, NƏ DİŞİ


Oqtay Salamov

İnanan inansın, inanmayan özü bilər. Elə hər şeyə qəmiş qoymağı öyrənmisiniz, necə olur ki, dekabr ayında evdə ağcaqanad olduğuna inanırsınız, gözünüzlə görür, canınızla hiss edir, maqazində pulunuzun xırdası əvəzinə ağcaqanad dərmanını razılıqla qəbul edirsiniz, amma ağcaqanadların danışmağına inanmırsınız? Özünüz bilin, istəsəniz köhnə "Agidel"imi prokata verə bilərəm. Deyirəm qoy əhvalatı danışım, bəlkə elə inananlar da oldu, hə?

O gün evdə köhnə-külüş şeyləri safçürük eləyəndə sovetin vaxtından qalmış "Agidel" üzqırxanı üzə çıxdı. Yadımdadı, o vaxt xarab olandan qabaq bu üzqırxanın maraqlı bir xüsusiyyətini kəşf eləmişdim. Üz qırxmasa da, o vaxtlar evlərdə olan radio xəttinə qoşanda yerli radionun verilişlərinə qulaq asmaq olurdu. Elə bu nostalji ilə üzqırxanı qoşdum 220-yə. Möcüzə baş verdi, aparat evdəki ağcaqanadların öz aralarında danışdıqlarını adam dilində transliyasiya eləməyə başladı. O dəqiqə professional damarım tutdu, diktafonu qoydum üzqırxanın qabağına. Sonra bəzi senzuradan qıraq ifadələri, naqolay fikirləri bir az redaktə elədim və belə bir şey alındı:
-Neyleyssən aaz, dəlimi olufsan, başına keçirdiyin nədi ellə?
Qoy bu başdan balaca bir izahat verim ki, sən demə, hansı ağcaqanad hansı regiondan olan adamı sancırsa, onun ləhcəsində "danışırmış". Bir də, yenə sən demə, adamı ancaq dişi ağcaqanad sancırmış, erkəklər meyvəynən-zadnan dolanırmış. Bunu uje alimlər deyir.
- Nağayrajam, protivoqaz taxmışam ki, evdə "pif-paf"-zad yandırarlar, xosunvay olaram.
"Bakılı" ağcaqanad gülə-gülə vızıldadı:
- Ağəz, boşun xərəb olub? Bu kitaylar mınnarı herifleyib, girdirmə "pif-paf"soxuşdururlar, iyneyende adamı kayf tutur. Ağəz çıxart bu şoğəribi boşunnan, priçoskan pozulur...
Russkoyazıçnı ağcaqanad əda ilə vızıldamağa başladı:
- Çuvixa, ne snimay, bu barbarlara extibar vaar, posmotriş fumiqator-zad votknut v rozetku, adamın ciyərini vıtaşit.
O biri ağcaqanadların arasında pıçı-vızı başlandı:
- Mən başa düşmürəm, habının haburda nə ölümü var, bəs alimnər diyir çi, adamı dişdiyən ancaq dişi ditdililərdi, haindi habunun pasportunda kişi yazıtdlar, dişilərin arasında nə işi var?
- Qıza, pasportuna baxma daa, özü ayıb da olsa kişilikdən bixəbərdi daa. Qıza o adamların "qoluboy"ları olan kimi bu da mığmığanın qoluboyudu daa...
- Səsiizi kəsin da bə, donqili, isdiyirsiz milçəköldürənnən belimizi qırsınnar bə niyə?..
- Aaz nöhün qorxursan. Eycahannıxdı kii.
Ağcaqanadların evdə belə söhbətlərini eşidəndə onların iclaslarında, konfranslarında nə kimi söhbətlərin olacağını düşünüb "udilinitel"in ucunu salladım podvala, "Agidel"i də qoşdum. Diktafon da öz yerində. Sağ olsunlar rəhmətə gedəndən türməyə gedənə qədər bütün JEk müdirlərimiz, indiki də onların içində. Elə şərait yaradıblar ki, ağcaqanadlar hər yığıncaqlarını onların canına dua ilə açırlar:
- Gəlin bu münbit şəraiti yaratdığına görə ərazimizin JEK müdirinə təşəkkür eləyək və imkan olduqca onu sancmamağa söz verək. Bu boyda bir podval suyu, özü də istisini- soyuğunu, bu qədər münbit zibil və çirkabı heç kəs bizim üçün yaratmazdı. Özü də o qədər ağıllı adamdı ki, bizim qayğımıza qalmaqla pul da qazanır. Hesabatlarını oxusan, buralarda nə bir qram su olar, nə zibillər tığ vurar, nə də dərmandan biz yaşaya bilərik. Bu adamlar ona da bizim kimi qaniçən deyirlər. Gəlin adamların qanını içəndə birinci damlanı JEK müdirinin sağlığına içək!
Bir vızıltı qopdu ki, ikinci mərtəbədə bələkdə uşaq diksinib ağlamağa başladı. Spiker ağcaqanad gündəlikdəki məsələləri açıladı:
Bu gün sizin müzakirənizə kamikadze ağcaqanadların hazırlıq mərhələləri, dərman zəhərlənmələrindən müdafiədə son yeniliklər və bir də elmi bir məsələ durur. Birinci məsələ ilə bağlı çıxış üçün söz verilir ideologiya komissiyasının sədrinə.
- Cənablar və cənabələr! Adamlar ağıllanmağa başlayıblar, evləri, podvalları təmizləyirlər, zibilləri yandırırlar, pəncərəyə sıx setkalar tuturlar. Bir sözlə, həyət şəraitimiz ağırlaşıb, dünya böhranının nəticələri özünü göstərməkdədir. İş o yerə çatıb ki, pensiyaçı ağcaqanadlar həftələrlə qan içmirlər, çürümüş böyurtkən mürəbbəsi ilə yaşayan pensiyaçılarımız var. Dünyanın terror təşkilatlarında olduğu kimi, bizdə də kamikadze ağcaqanad qrupları var ki, belə hallarda özlərini öldürməklə düşmənlərimizin də qanını alsınlar. Belələri üçün şərait yaratmışıq, ailələrinə baxacağımıza söz vermişik, sənəd imzalamışıq. Amma qrupda özbaşınalıqdır, o gün bir kamikadze öz əcəli ilə ölüb. Buna yol vermək cinayətdi!
Yerdən vızıltılar eşidildi:
- Reqlament, reqlament!
Lap bizim iclaslardakı kimi, kamikadzelərin özlərini niyə öldürməli olduqları, bununla nə qazanacaqları yaddan çıxdı, keçdilər növbəti məsələyə. Dərmanlardan qorxmamaq məsləhət görüldü. Dedilər ki, bunların öz adamlarını sağaltmaq üçün hazırladıqları dərmanlar özlərini qırır, bizi qırmağa hazırlanan dərmanlar pul qazanmaq üçündür. Dərmanları öldürsə, bazarları bağlanar. Ona görə də qəti qorxusu yoxdur!
Sonuncu məsələ qəliz oldu. Fəlsəfə doktoru ağcaqanad dedi ki, bəs ölümcül Denge qızdırması ilə mübarizə üçün adamlar Kayman adaları ərazilərinə genləri dəyişdirilmiş ağcaqanadlar buraxıblar. Amma ekoloqlar qorxurlar ki, bu innovasiya fəlakətə gətirib çıxaracaq. Mütəxəssislər narahatdır ki, steril mutantlarla məskunlaşdırma Yer kürəsinin 20 faiz ərazisində epidemoloji şəraitə təhlükə yaradır. Pit Rayli adlı bir alim deyəsən bizim adamdır, deyir ki, ekosistemdən ağcaqanadların yığışdırılması çox ağır, hətta nəticəsi gözlənimləz hallara gətirib çıxara bilər.
Alim deyir ki, ağcaqanad süfrələri müxtəlif heyvan və quşların yemidir. İndi bütün ağcaqanadları mutant eləmək istəyirlər, yəni nə dişi olacaq, nə də erkək, qatır kimi bir şey olacaq. Dişi yoxdursa, deməli yumurta qoymaq, nəsil artırmaq da olmayacaq. Onlar bununla da ağcaqanad dişləməsi ilə yayılan Denge qızdırmasının qarşısını almağa çalışırlar. Artıq uğurları da var. Süni yolla alınmış, yəni genlərində dəyişiklik edilmiş 3 milyona qədər mutant buraxıblar, ərazidə həmcinslərimizin 80 faizi qırılıb. Təklif eləyirəm ki, Kayman adalarındakı diasporamızla əlaqə saxlayaq, köçüb gəlsinlər buraya. Şəraiti şərait, mübarizəsi də yaxın onillikdə görünmür. Onlardan götürməli şakərlər də var. Bizdən fərqli olaraq oranın ağcaqanadları gündüz, istinin lap cırhacırında da sanca bilirlər. ..
Yığıncaq qəfil pozuldu. Xəbər gəldi ki, 6-cı mərtəbədə toyu olan oğlanın rayondan qonaqları gəlib. Bu da ağcaqanadlar üçün humanitar yardımı kimi bir şeydi. Harada görmüsünüz ki, humanitar yardım paylananda iclasda oturan olsun. Hamısı cumdu yuxarıya. Dişisi də, erkəyi də. Bu vurçatlasında onların cinsini müəyyənləşdirən kimidi ki...

Комментариев нет:

Отправить комментарий