07.03.2012

Bakı komediyası: Saakaşvili Fəzail Ağamalını təhqir edib

Ağamalı Saakaşvilidən qisas almaq istəyib, ancaq qoymayıblar

„Vur, adın çıxsın“ dövrüdür. Gürcüstan prezidentinin Azərbaycan parlamentində çıxışında Məmməd Əmin Rəsulzadəni müstəqil Azərbaycan dövlətinin banisi adlandırması və Rəsulzadənin „Bir kərə yüksələn bayraq bir daha enməz!“ kəlamını Azərbaycan dilində təkrar eməsi, onun "ulu öndər"i Heydər Əliyevin adını çəkməməsi Fəzail Ağamalının xoşuna gəlməyib. 


Mixail Saakaşvilinin bu hərəkətini özünə təhqir hesab edən „Ana vətən“çi söz alıb Gürcüstan prezidentinin dərsini vermək istəyib, amma „Konstitusiya hüququ“ adlı dərsliyin müəllifi Ziyafət Əsgərov Ağamalının susdurub. Ona söz verməyib. Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndindən çıxıb, Naxçıvan şəhərində orta məktəb müəllimi olandan sonra Azərbaycana demokratiya gətirən Fəzail Ağamalı bərk inciyib. Qorxmaz deputat deyib ki, çöldə mətbuat konfransı keçirib sözümü deyəcəm. Nə deyəcəkdi? Deyəcəkdi ki, Saakaşvili Rusiya ilə problemlərini Gürcüstanda həll etsə yaxşıdı. Deputat düz deyir. Niyə Rusiyanı Tiflisdə söymür, Bakıda söyür!? Alqış, Fəzail Ağamalı! Bunun üçün Qızıl Şəfəq kəndindən Bakıya gəlməyə dəyərdi!
Əvvəldə nə dedik? Dedik ki, „vur, adın çıxsın“ dövrüdür. Düzdür, amma müdriklər deyib ki, adın çıxınca, canın çıxsın...


Mirzə Xəzər

Комментариев нет:

Отправить комментарий