07.03.2012

Yaradıcı gənclər Sabir Rüstəmxanlı ilə görüşdü

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin bir qrup tələbəsi Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriblər. 


“Qafqazinfo”ya Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, gənc yazarların istəyi ilə baş tutan görüşdə Sabir Rüstəmxanlı öz təcrübəsini, ədəbi baxışlarını, dilə münasibətini gənclərlə bölüşüb. Görüşdə ana dilinə və ədəbi ənənələrə laqeydlik, nəsillərarası narazılıq da müzakirə olunub.
Ədəbi nəsillər arasındakı mübahisələrə münasibət bildirən Sabir Rüstəmxanlı hər zaman gəncliyin mövqeyini müdafiə etdiyini dilə gətirib: “Yeni nəslin özlərindən əvvəlki ədəbi nəsli qəbul etməməsi qanunauyğunluqdur. Biz də siz yaşda olanda belə mübahisələr vardı. 

Amma bu mübahisələr ədəbiyyatın sərhədlərini aşmamalı, şəxsi nifrət səviyyəsinə enməməlidir. Təəssüf ki, ədəbi gənclik mübahisələri bəzən şəxsi düşmənçiliyə çevirir” deyən S.Rüstəmxanlı yeni nəslin özünü ifadə etməsinə şərait yaratmağın, istedadların əlindən tutmağın yaşlı nəslin ədəbi borcu olduğunu söyləyib: “İmkanım daxilində gənclərdən heç bir dəstəyi əsirgəməmişəm və bu gün də əsirgəmirəm”.
Ədəbiyyatın ictimai həyatdan kənar olmadığı, dövrünün və mühitinin ağrı-acılarını hər zaman daşıdığı da müzakirə olunub. “60-cı illərdən başlayaraq milli şüurun formalaşmasında ədəbiyyatın gördüyü işi heç nəylə müqayisə etmək olmaz. Millətin varlığını qoruyan mənəvi nüvəyə vurulan zərbələrin, yad təsirlərin qarşısında hər zaman ədəbiyyat, mədəniyyət dayanıb” söyləyən S.Rüstəmxanlı ədəbi nəsillərin böyük bir missiya daşıdığını dilə gətirib.
“Ömür kitabı”ndan sonra S.Rüstəmxanlı yaradıcılığında növbəti mərhələ olan “Göy Tanrı” romanı barədə də ayrıca müzakirə aparılıb. S.Rüstəmxanlı BSU Yaradıcılıq fakültəsinin gerçəkləşdirmək istədiyi “Göy Tanrı” romanının geniş müzakirəsində iştirak edəcəyini bildirib. 
Daha sonra Xalq şairi dünya ədəbiyyatı, ədəbi cərəyanlar, sənət incəlikləri, yaradıcılıq mətbəxi və s. bağlı gənclərin suallarını cavablandırıb.
Görüşdə gənclərin şeirlərini dinləyən və onlara münasibət bildirən S.Rüstəmxanlı hələ çap olunmamış yeni şeirlərini də səsləndirib. Sonda gənclərin istəyi ilə S.Rüstəmxanlı imza mərasimi keçirib.

Комментариев нет:

Отправить комментарий