18.03.2012

Cəlilabadda polis iş adamını şərləyib


Yerli xalqların genosidi davam edir!


Fermasında ov tüfəngi olan Əfqan Əsgərov həbs ediləndə təzyiqlərə dözməyib özünə xəsarət yetirdi


Müstəntiqi Oqtay Rəhimov 32 min dollar alıbmış


Cəlilabad rayon sakini Əfqan Əsgərov martın 11 də həbs olunub. Bu barədə “Azadlıq”a məlumatı rayondakı qaynaq verib. Onların sözlərinə görə, rayonun mərkəzində yerləşən parkda Əfqan Əsgərova bir neçə polis əməkdaşı yaxınlaşıb:
“Əfqan Əsgərova evində silah olduğunu deyiblər. O da bildirib ki, fermada ov tüfəngi var. Fermaya baxış keçirib silahı müsadirə ediblər. Əfqan Əsgərovu da özləriylə polis bölməsinə aparıblar”.

Məlumat verən şəxslər deyirlər ki, həbs edilən şəxsə təzyiq edirlər: “Əfqan təzyiqlərə dözməyib özünə xəsarət yetirib. Bıçaqla bir neçə dəfə qarın nahiyəsinə ciddi zərbələr endirib. Əfqan Əsgərovu xəstəxanaya aparmaq əvəzinə bölməyə həkim dəvət ediblər. Həkim oradaca onun qarnına tikiş vurub. Bundan sonra o, Bakıya - Kürdəxanıdakı təcridxanaya köçürülüb. Əfqan özünə gələndə yenidən tikiş vurulan yerə zərbələr endirib. Daha sonra o, Cinayət axtarış şöbəsi rəisinin şəxsi maşınında Kürdəxanı təcridxanasının xəstəxanasına aparılıb”. 
Məlumatı Əfqan Əsgərovun kürəkəni Kamal Məlikov da təsdiqləyib. 
Oğlu Toğrul Əsgərov “Azadlıq”a açıqlamasında daha şok faktlar səsləndirib. Onun sözlərinə görə, atasını bu ilin yanvarında şərləyiblər: “Yanvarın 3-də onu narkotika ilə şərlədilər. Mən də onu azadlığa çıxarmaq üçün Cinayət axtarış şöbəsinin müstəntiqi Oqtay Rəhimova 32 min dollar verdim. Onlar bizim fermada olanda ov tüfəngini gördülər, ancaq aparmadılar. Bu, öncədən qurulmuş plandı. Düzdür, ov tüfənginin sənədləri yoxdur, amma onu öncədən apara bilərdilər, ya da sənədi olmadığına görə kiçik məbləğdə cərimə edə bilərdilər. Lakin heç nə etmədilər. Məqsədləri atamı yenə həbs edib pul qoparmaqdı. Onu martın 11-də aparanda məndən 10 min manat pul istədilər. Bu pulu verə bilməyəcəyimi dedim. Çünki birinci dəfə həbs edəndə var-yoxumu satıb atamı buraxdırdım”. 
Bu işdə adı hallanan Oqtay Rəhimovla da əlaqə saxladıq. O, yanvarın 7-də üç günlük Bakıda olduğunu dedi: “O, çox söz deyir. Gəlin şöbəyə, mövqeyimi bildirərəm. Cəlilabada gəlin, biz sizə hər bir açıqlamanı verək”.


Ramin DEKO                   http://azadliq.info

Комментариев нет:

Отправить комментарий