19.03.2012

GÜNEL MÖVLUD GETDİ, AYNUR CAMALQIZI DEDİ...

Şef redaktor: “Mən bu məsuliyyətin altına girə bilməzdim”

Baş redaktor: “Bu, artıq əxlaq məsələsidir”

“Publika.az” saytının şef-redaktoru, yazar Günel Mövlud istefa verib. O, “Azadlıq” radiosuna deyib ki, istefasına saytda gənclərin 17 mart mitinqindən gedən yazılar səbəb olub: “Martın 17-də səhhətim pis olduğundan işə getməmişəm. Axşam saatlarında dostlarımdan xəbər gəlib ki, saytda gənclərin mitinqindən qeyri-peşəkar və tərəfli xəbərlər gedib. Açdım və gördüm ki, doğrudan da aksiyaçı gənclərin ünvanına təhqiramiz ifadələr işlədilib.

Dərhal təsisçi ilə əlaqə saxladım və tələb etdim ki, həmin yazılar saytdan çıxarılsın, oxuculardan üzrxahlıq edək. Razılaşmadı. Mən də bu məsuliyyətin altına girə bilməzdim. Ona görə istefa verməyə məcbur oldum”.“Azadlıq” radiosu bildirir ki, saytda mitinqi müşahidə etdiyini söyləyən jurnalist Turan İbrahimovun fikirləri yerləşdirilib. O, aksiyaya qatılan gənclərin əksəriyyətinin sərxoş olduğunu, küçə söyüşləri ilə danışdıqlarını və əlbəyaxa dava etdiklərini bildirib.
Publika.az saytının rəhbəri Aynur Camalqızı isə “Yeni Müsavat”a açıqlamasında durumu dəyərləndirdi. Müsahibimiz açıqlamasına bir məsəllə başladı: ”Türkiyə türklərinin cox sevdiyim bir deyimi var: “Bir kahvenin 40 illik hatırı var”. Yəni biriylə bir fincan qəhvə içdinsə, 40 il sonra belə unuda, ona kəm baxa bilməzsən. Bir gün öncəyədək biz Günellə yaxın rəfiqə olmuşuq. Günlərlə evimdə qalıb, hətta atamın Tərtərdəki evinə mənsiz belə ərklə ayaq basıb, günlərlə orada gecələyib. Mənim ağ saçlı anam onun qabağına yemək qoyub. Bir süfrəyə əl uzatmışıq, sevincimizi, kədərimizi paylaşmışıq. Münasibətlər bu həddə olanda nə olursa-olsun, nə baş verirsə-versin, ictimailəşməməlidi, müzakirəyə çıxarılmamalıdır. Ya güzəştə getməlisən, ya da sakitcə arxanı çevirib getməlisən. Əgər bunu etmirsənsə, fürsətdən bəhrələnib mediaya mövzu təklif edirsənsə, bu, artıq əxlaq məsələsidir. Mən bu duruma çox təəssüf edirəm”.
Müsahibimiz dedi ki, “Gündəlik Teleqraf” qəzeti kimi, Publika.az saytı da onun layihəsidir. “Onların uğuru da mənimdir, ziyanı, nöqsanı da”, deyən A.Camalqızına görə, bunu heç kəs bölüşə bilməz: ”Bu layihələrin siyasi yönünü mən müəyyən edirəm, buna da heç kəs qarışa bilməz. Günel Mövlud isə heç qarışa bilməz, çünki o, Publika.az-da ədəbi redaktor idi, siyasi məsələlərə mən məsulam. Əgər rəhbər mənəmsə, işçi necə iddia edə bilər ki, filan yazı dərhal çıxarılsın? Bu, nə etik, nə də peşəkarlıq, nə də subardinasiya baxımından doğru deyil. Əgər bir kəs bir media orqanında işləmək qərarı verirsə, ona əvvəlcədən  onun siyasi kursu aydın olur. Azərbaycanda elə bir mətbu orqan varmı ki, əməkdaş və ya ədəbi redaktor baş redaktora əmr eləsin ki, filankəs ictimai persona deyil. Belə mətbuat olar, sizcə? Əgər özümüz fərqli fikrə dözümlü olmayacağıqsa, başqalarından bunu necə tələb edə bilərik?”
Konkret aksiya ilə bağlı məqama gəlincə, müsahibimiz dedi ki, gənclərin aksiyası günün hadisəsiydi. O aksiya ilə bağlı saytda Samir Əsədlinin fikirləri, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, həmçinin Elnur Aslanovun açıqlamaları yer alıb, mitinqdən fotolent də yayılıb: ”Turan İbrahimovun açıqlamasının da saytda yerləşdirilməsi niyə qıcıq doğurmalıdır? Turan İbrahimov normal bir gəncdir. Əgər kimsə narazıdırsa, o da fikirlərini etik normalar çərçivəsində bizə çatdıra bilər. Saytda yerləşdirə bilərik. Turan İbrahimova gəlincə, o, əslində sosial şəbəkələrdə müzakirə edilənlərdən fərqli bir şey deməyib. Çıxışçıların bəzilərinin özləri içkili olduqlarını mitinqdə etiraf ediblərsə, əlbəyaxa dava düşübsə, söyüş söyülübsə, bunu Turanın da dilə gətirməsi nəyi dəyişir? Baş verənlərin mahiyyəti dəyişirmi? Mən də hesab edirəm ki, bu hakimiyyəti qəbul etməyən gəncin əxlaqı, mənəviyyatı, həyat tərzi, davranışı, ətrafdakılarla rəftarı təqdirəlayiq olmalıdı. Əgər özümüz nümunə göstərə bilmiriksə, başqalarını necə ittiham edə bilərik?”


Sevinc Telmanqızı                          musavat.com

Комментариев нет:

Отправить комментарий