08.03.2012

Hüzünlü sevgi qoxan İçərişəhər küçələri

Əsəd Qaraqaplan

(“SAVAŞroMAN”dan bir parça)

Mənim keçmişim yox idi, daha doğrusu, mən özün onu silib atmışdım içimdən. Nilanla qarşılaşandan sonra bunu daha çox duymağa başladım. Uşaqlıqda, ilk gənclikdə, tələbəlikdə yaşadığım ehtiyaclar, uğursuz sevgilər, yersiz acılar mənə daha çox görünməz olmağa başlamışdı.
Dünən Nilanla söhbətin bir yerində əllərini tutub ona belə demişdim:
-Mən heç vaxt xatirələrlə yaşamaq istəməmişəm, çünki mənim elə bir xatirəm yoxdu ona söykənim, ayaqda qalım. Həyat indiki məqamda mənimçün daha gözəldi...

Axşamçağı saat 6-da İçərişəhərdəki Şirvanşahlar sarayının yanındakı balaca parkda görüşməliydik. Heç vaxt dəqiqliyi, məsuliyyəti sevməsəm də, özümdən asılı olmadan, düz saat 6-da ordaydım. Sözləşdiyimiz kimi, Nilan da həmin vaxt kursdan çıxıb gəlməliydi ora. Yolun uzaqlığını düşünsək, 15-20 dəqiqə gecikə bilərdi, bu da məni çox da yormaz, çox da intizarda saxlamazdı.
Ama vaxtın uzanmasından anladım, onu daha çox gözləməli olacam. Parkda var-gəl eləyir, bəzən həmişə oturduğumuz skamyada oturur, durmadan siqara alışdırıb çəkir, bəzən parkdan çıxıb onun gələcəyi yollara baxırdım.
Bakıda adamı ruhən sakitləşdirə biləcək İçərişəhər kimi bir yer olmasa da, bu gərginlikdə, gözləntidə sakit olmaq mənə nəsib olmurdu.
Köhnə auralı iki-üç mərtəbəli evlərdən, parkın ətrafında dayanan səfirlik maşınlarından, ara-sıra keçib-gedən adamlardan, parkda gəlib-oturub, tez də çıxıb gedən sevgili cütlüyündən başqa heç nə gözə dəyməsə də, ətraf mənə daha canlı, daha ruhlu görünürdü.
Şirvanşahlar sarayı, onun yanında olan qədim məscid gəzişdiyim istiqamətin arxasında olduğundan, onlara çox da fikir vermirdim. Əslində bu intizarda, demək olar, gözümə yuxarıda saydığım, saya bilmədiyim heç nə görünmürdü. Təkcə qara saçlı, həyat gözlü bir qadını axtarırdım hər tərəfdə.
İçərişəhər – bu, böyük, qədim ruhlar məkanı qulağımda səslənən musiqilərlə məni elə alıb götürmüşdü, həyatımın Nilandan başqa tərəfləri haqqında düşünməyə yer qoymamışdı.
Bu qədər real, gözlə görünən hər şey mənə bir xəyal, bir yuxu kimi gəlirdi. Hava da tutqun, bulanıqdı, elə bil Nilanla mənim ilişgimin natamamlığını anladır, hələ də aramızda aşılmaz böyük sədlər olduğunu göstərməyə çalışırdı.
Nilan bugün məndən  “Niyə həmişə biz görüşəndə hava belə olur...” soruşanda bunu daha yaxşı anlamışdım.
Görüşüb bu qədər yaxın olarkən, bəzən əl-ələ tutub, nəfəs-nəfəsə gələrkən heç düşünmək olmazdı aramızda bu İçərişəhəri əhatə eləyən hündür qala divarları kimi keçilməz sədlər var.
Ailələrimiz, yaşadığımız cəmiyyət, Nilanın övladları... hər şey bizə sədd olduğu halda, biz yenə görüşür, şirin-şirin söhbətləşir, deyib-gülüb hər şeyi unudur, ruhumuzun yaxınlığını hiss edirdik.
Bəzən hissə qapılıb olmaz xəyallar qurur, hər şeyin çox sadə olduğunu, bütün sərhədləri rahatca keçə biləcəyimizi düşünürdük. Ama ayrılıb gedərkən hər şey yenə əvvəlki görkəminə qayıdır, uzaqlıqda hər şey bizə sərhəd olurdu. Aqressiyamız çoxaldıqca bir-birimizi tez-tez acılayır, elə bil ətrafın acığını bir-birimizdən çıxmağa çalışırdıq...
Düz bir saatdan sonra Nilan gözlədiyim yuxarı yoldan yox, aşağıdan, Şirvanşahlar sarayı tərəfdən göründü.
Əvvəlcə onun qarşısına yürüyüb qarşılamaq istəsəm də, nədənsə özümü saxladım, yalnız parka ilk addımlarını atanda, özümdən asılı olmadan ona tərəf yeriyib salamlaşdım.
İntizarda, gözləntidə keçən bir saatdan sonra onu görəndə bir anlıq mənə hər şey adi gəldi. Düşündüm: “bu idimi mənim bu qədər intizarımın, gözləntimin nəticəsi...” Yenə hər şey öz yerini alıb gözəlliyə çevrilməyə başlayanda hər şeyin bu qədər adi və sadə olmadığını da anladım.
Görüşüb skamyada yanaşı oturandan sonra elə bil ətrafımı ilk dəfə görməyə başlayırdım. Hətta bizdən biraz aralıda, çəmənlikdə yayxanan sarı, xallı iti elə bil Nilan gəlməsəydi görməyəcəkdim. Hələ onun boz hamilə pişiyi qovub ağaca dırmaşdırdığını, sonra aşağıda çömbəlib pişiyin yerə düşməsini gözləməsini heç fərq etməyəcəkdim.
Hələ parkın gözətçilərini də elə bil bu ana qədər görməmişdim. Nilan gələnə qədər çox şey mənə görünməz olmuşdu. O gələndən sonra isə yavaş-yavaş hava qaraldıqca, ətraf təbii qaranlıqdan daha çox görünməz olmağa başlayırdı. Hələ onun əllərini tutub, gözlərinə baxanda, yandan ona sıxılıb boynundan öpəndə heç nəyin fərqinə varmırdım.
Gecə lampaları da məkana biraz daha qəribə ruh qatır, elə bil bizi özündən çıxarmaq istəyirdi.
Nilana ilk toxunuşdan sonra bayaqdan duyduğum soyuq da keçib gedib, elə bil havanın tutqunluğu param-parça olub dağılmışdı.
O, mənim söhbətlərimdən yorulmadığını, yanımda özünü çox xoşbəxt hiss elədiyini dedikcə, mən ayağa durub gəzişə-gəzişə danışır, biraz daha coşurdum.
Bu söhbətlərdən, ab-havadan o qədər cəsarətlənmişdim, bütün sərhədlərə, uyğunsuzluqlara rəğmən, onun atasıyla danışmaq istədiyimi, ilişgimizi rəsmiləşdirmək amacında olduğumu da deməkdən çəkinmədim.
Biz çox şeydən danışırdıq, ama bizə danışılan söhbətlər deyil, keçirdiyimiz hallar daha çox şey deyir, bu xoşbəxt anları çoxaltmaqdan ötrü nədən gəldi danışmalı, vaxtı biraz daha uzatmalı olduğumuzu anlayırdıq.
Bəzən savad, bilgi adama xoşbəxt anları uzatmaqdan ötrü də lazım olur.
Yanaşı oturduğumuz, mənim ona sığındığım anların bir yerində qəfildən onun dodaqlarından astaca öpmüş, Nilanın bu boyaqsız, çatlaq dodaqlarından həyatın, sevginin təbii dadını almışdım. Nilan buna etiraz eləsə də, bir də belə etməməyimi istəsə də, bu, mənə çox da ciddi görünməmiş, ətrafın bu öpüşdən nə qədər iyrənc, nə qədər xırda olduğunu duyurmuşdum.
Gecə keçəndən sonra getmək vaxtının gəldiyini anlayanda ikimiz də məyus olsaq da, onu xalasıgildə gözlədiklərindən gecikmək də olmazdı.
Uşaqları babası apardığından, Nilan bu gecə evdə tək qalmasın deyə xalasıgilə getmək zorundaydı. Ətrafın basqısı burda da özünü göstərdiyindən, bu xoşbəxt anları da bizə çox gördüyündən içimdə hər şey parçalanırdı. Nilan bu an nə hisslər keçirirdi, bilməsəm də, getməyin onun da ürəyincə olmadığını da duyurdum.
Nilan biraz daha vaxtı uzatmaqdan ötrü hardasa oturub çaydan, qəhvədən içib biraz daha söhbətləşə biləcəyimizi deyəndə anidən ayrılacağımızın hüzünündən ayrılıb, onun təklifini çox bəyəndiyimi dedim.
Qalxıb parkdan çıxdıq, aşağı tərəfə düşməyə başladıq. Bu an gözlərimə gedəcəyimiz istiqamətin əksinə hüzünlü sevgi qoxan bir dar küçə sataşdı. Onun əsas yola çıxacağını bilmədən Nilandan ordan getməyimizi xahiş elədim. Əvvəlcə tərəddüd eləsə də, sonradan arxamca gəlməyə başladı.
Yaşadığımız sevincli anlardan nəşələnən Nilan körpə uşağa dönmüşdü. Hətta indi o, mənə öz uşaqlarından da körpə kimi gəlirdi.
Arxamca gələ-gələ şirin-şirin mənə lağ edir, zarafatından qalmırdı. Bu dar küçənin ortasına çatanda sakitlikdən boynumun ardında onun nəfəsini duyduqca, məni qəribə hisslər bürüyürdü. Nilansa zarafatından, məni ələ salmağından qalmayıb, təkcə nəfəsiylə yox, səsiylə də hisslərimi yerindən oynadırdı.
Küçənin tam ortasında qəfildən dönüb onu qucaqlayıb divara sıxdım, dəli kimi dodaqlarımı dodaqlarına yapışdırıb öpməyə başladım. O da mənə eyni tərzdə qarşılıq verir, dodaqlarıyla dodaqlarımı, diliylə dilimi sorur, əllərini saçlarımda, bədənimdə gəzdirirdi...
Xoşbəxtlikdən ətrafda heç bir ins-cins görünmürdü, elə bil gecə hər şeyi bizim belə xoşbəxtcə öpüşməyimizçün ayarlayıb, qaranlığını üstümüzə çökdürmüşdü. Elə bil küçənin bu qədər dar olmasını da o vaxt bizim xəlvəti öpüşüb xoşbəxt anlar duymağımızçün hesablayıb tikmişdilər...
Bu öpüşümüz İçərişəhərədəki görüşümüzün pik nöqtəsi olsa da, qısa sürdü, kiminsə qəfildən üstümüzə çıxa biləcəyindən xəbər verdiyindən ayrılmalı olduq.
Ətraf öz basqısını gecəyarı, bu xəlvəti, dar, kimsəsiz İçərişəhər küçəsində də üstümüzdən əskik etməmişdi. Bu boyda məkanda bizə aid bircə otaq da yox idi, rahatca görüşüb öpüşək, sevişək. Halbuki həmişə Nilanın İçərişəhərdə bir balaca otaq da olsa, istədiyi bir guşə olduğunu bilirdim. Özümün də belə bir istəyim olsa da, indiki durumda bunu ağlımdan belə keçirməyin nə qədər dəhşətli olduğunu da duyurdum...
Bu dar küçədən çıxıb qala divarlarının dibindən keçən əsas yola çıxanda ilk dəfə getmək istəmədiyimi bütün varlığımla duydum. Bircə dəqiqə də olsa, bu anları uzatmaqdan ötrü dayanıb, Nilanı da saxladım. Ondan qala divarına çıxıb bircə anlıq uzaqdan işıqları bərq vuran Bakıya baxmağı xahiş elədim. Elə bilirdim zaman bu qısa anda donacaq, bu qısa an heç vaxt bitməyəcəkdi.
Divarın dibinə çıxıb pəncərədən baxmaq istəmədən, yoldan keçən maşınlara, adamlara da fikir vermədən Nilana dəli kimi sarıldım. Elə bil bununla onu ruhumda əritmək, bir parçama çevirmək, onu getməyə məcbur edən ətrafından ayırıb özümküləşdirmək istəyirdim. Nilanın da bunu duyduğunu bilirdim. İçərişəhərdən bu ayrılıq anında ikimizin də gözləri dolmuşdu... bəlkə də qürurumuzdan güclə özümüzü saxlayırdıq.
Nəhayət, əllərimi, dodaqlarımı ondan çəkib, üzüaşağı düşüb qala qapısından çıxdıq. İçərişəhərə ilk dəfə gəldiyimizdə gördüyümüz hamilə boz pişik yenə bizi görüb əl-ayağımıza dolaşmağa başlamışdı. Elə bil bu tövrüylə bizdən getməməyi xahiş edir, biraz daha bu xoşbəxt anların ömrünü uzatmağımızı istəyirdi.
O an mən düşündüm, Allahın heyvanı da bizi anlayıb duyur, ama ətrafımız, ailəmiz, cəmiyyət bizi anlamaq istəmir.
Qala qapısından çıxanda duyduğum bu sarsıntıdan mənə elə gəldi, biz özümüzü Qız qalasından yerə – uçuruma atırıq...
Bundan sonra bizim çaydan, qəhvədən içib bu xoşbəxt anları biraz daha uzatmaq istəyimiz də puça çıxdı. Gec olduğundan tanıdığımız bütün yerlər üzümüzə bağlı idi. Elə bil cansız kafelərin də bizi gözügötürməməzliyi vardı.
Ama ətraf bütün canlı, cansız basqısıyla üstümüzə gəldikcə, biz biraz daha xoşbəxt olduğumuzu, bir-birimizə aid olduğumuzu duyurduq. Heç bir sərhəd, heç bir ətraf basqısı bizi bu gecənin bu anına qədər duyduğumuz gözəl anlardan ayıra bilməmişdi. Bu gecənin möhtəşəmliyi də bundaydı...
Gəlib dayanacağa Nilanı xalasıgilə yola salmalıydım. Ama içimdə nələrinsə yarım qaldığını duyduğumdan ondan ayrılmaq istəmirdim. İsrarla onunla xalasıgilə qədər gedəcəyimi deyəndə Nilanın da eyni hissləri keçirdiyini duydum. Etiraz etmədi...
Biz yol boyu onun bugün abunədən götürdüyü kitablardan danışsaq da, fikrimiz, hisslərimiz bu gecəni sevgilicə paylaşmaqdaydı. Ən azından mən belə düşünüb, xoşbəxt olmağımdaydım.
Yol bizə çox qısa göründü, nə vaxt gəlib çatdığımızı heç duymadıq da. Elə bil marşrut sürücüsü də qəsdən sürətlə sürür, bizim bu gecəmizə paxıllıq edirdi.
Düşüb bir anlıq qaranlıq gecədə binaların arasında dolaşıb ayrılmaq istəmədik.
Ətrafımızdan qisas alırmış kimi bu gecəni uzatmaq bizə sonsuz zövq verirdi. Nə yaxşı binaların arasında oturmağa bir balaca park varmış. Nilan məni parkdakı bir skamyaya çəkib otuzdurdu.
Elə bil o da ətrafını düşündükcə dəhşətə gəlir, məni buraxmaq istəmirdi.
Artıq bizi bir-birimizdən bu gecədə bir neçə addım ayırırdı, o, yaxındakı binanın girişindən içəri girəndə elə bilirdim hər şey bitəcək.
Biz skamyada oturan kimi bir-birimizə sarıldıq. Bu an mənə elə gəldi, nə mənim həyatda heç bir qayğım var, nə də Nilanın qayğılarıyla bərabər övladları. Biz bir-birimizə sarılıb heç bir qayğısı, heç kəsi olmayan özgür adamlar kimi öpüşürdük. Barış Mançonun “Gül pəmbə” mahnısı qulaqlarımda səsləndikcə, elə bil bu gecənin son gözəl akkordlarını vururdu.
Nilan tez-tez pişik kimi burnunu burnuma sürtür, dodaqlarımdan öpməkdən doymurdu. Mənsə özümü unutmuş halda susmağa çalışır, bir söz deyib bu gecəni zədələməkdən qorxurdum.
Ətrafda yenə adamlar dolaşır, elə bil bizi bu gecənin son akkordlarından da ayırmaq istəyirdilər...
Ama bütün basqılara rəğmən, biz bu gecədən dəli bir sevgiylə qalib ayrıldıq. Nilan xalasıgilə, mənsə tək yaşadığım otağıma tərəf addımladım. Qulağımda yenə bu gecənin son akkordu olan Barış Mançonun “Gül pəmbə” mahnısı...
Nə yaxşı bu gecədə Nilanla bərabər İçərişəhər, ordakı park, öpüşdüyümüz xəlvət dar küçə, nə yaxşı bu binaların arasındakı bu kiçik park,  nə yaxşı Barış Mançonun “Gül pəmbə” mahnısı varmış...
Gecə yatmamışdan qabaq, mən “Savaşroman”dan yazarkən, Nilan mənə məktub yazdı: “Yata bilmirəm... susduqca içim üsyan edir... Belə ki cismən də, ruhən də səni istəyirəm... heyhat...”
Mən də gözümə yuxu getmədən uzanıb bütün bunları xəyal edib düşünürdüm. İçimdən nə gəlirdisə, onu da yazırdım.
Bu, əsl savaş – əsl sevgi deyildimi, – bəs nəydi...

Комментариев нет:

Отправить комментарий