16.03.2012

Kiçik bir xatırlatma


 Turan Türk
"Millətim" qəzeti

Bakıda yaman vurhavurdur. Zarafat deyil, o boyda Avropa məkanının mahnı müsabiqəsi paytaxtımızda keçiriləcək. Gərək bu mahnı yarışına gələn hər kəs ən azı şəhərimizin zahiri görünüşündən razı qalsın. Hər şeyə bir qulp qoymağı bacaran avropalıların şəhərimizdən razı qalması üçün hər kəs qolunu çırmayıb işə girişib. Həyata keçirilən bütün işlər başlıca olaraq bir məqsədə xidmət edir: təki Bakı müasir Avropanın zövqünü oxşaya bilsin. Ona görə də görülən bütün işlər Avropa standartlarının bərpasına hesablanıb.

Tikilən yeni otellər (hərçənd ki, xalqın əksəriyyəti bu otellərin əsrarəngiz görüntüsünə yalnız efirdən tamaşa edə bilər), genişləndirilən küçə və parklar şəhərimizin simasını əməlli başlı dəyişir. Doğrudur, sadə şəhər sakinlərinin bu dəyişiklikdən qazancı yalnız gözəl simaya malik şəhərləri ilə öyünməkdir. (Bu lap varlı qohumu ilə yerli-yersiz öyünən zavallı bir kasıbı xatırladır). Bununla belə Bakımızın dünyanın müasir şəhərləri səviyyəsini xatırladan simasına laqeyd qalmaq mümkün deyil.
İntəhası vətəndaşları narahat edən bəzi yersiz dəyişikliklər də əslində ağını çıxartdığından bir az əndazədən kənara çıxır. Belə ki, möhkəm tikili simvolu kimi tanınan “Cənub” mehmanxanasının sökülməsi bu bina ilə qürur duyan ölkə vətəndaşlarını pərişan etməyə bilməz. Deyəsən bizimkilər Avropalıların zövqünü axtara-axtara lazım olduğundan çox uzağa getdilər. Axı Avropada binaların hündürlüyü deyil, onun gözəlliyi və möhkəmliyi əsas amil hesab olunur. Bu baxımdan Avropanın ən məşhur şəhərlərində demək olar ki, çoxmərtəbəli binalara rast gəlinmir.
Hər halda keçənə güzəşt etməyə öyrəşdiyimizdən bu dəfə də vəziyyətlə barışmağı ən doğru seçim hesab edirik. Təki şəhərimizə gələn əcnəbilər, illah da ki, Avropalılar bizdən razı qalsınlar. Ancaq vurhavurla bu hazırlıq işlərini görənlərə kiçik bir xatırlatma istəyimiz var. Belə ki, Avropa mahnı müsabiqəsinin keçirilməsinə lap az qaldığından bütün qüvvələr Bakını ancaq arzu olunan görkəmə salmağa bəs edəcəkdir. O ki qaldı Bakıətrafı kənd və qəsəbələrə onlara əl gəzdirməyə sadəcə olaraq vaxt qalmayacaqdır. Ölkəyə gələn qonaqların Bakının məlum durumda olan kənd və qəsəbələrinə getməsi isə təəssüratı başdan ayağa dəyişə bilər. Onların bircə faktla- Bakıətrafında çox təsadüf olunan su və kanalizasiya sisteminin qarışmasını görmələri bəs edər ki, onlar vaxtından əvvəl Bakını tərk eləsinlər. Həm də bizi elə züy düdüyünə qoyarlar ki, bir də əcnəbilərin Bakıya gəlişinə təminat verən bir tədbirin adını tuta bilmərik. (O ki, qaldı iddiasında olduğumuz olimpiadanın).
Bu durumda istər-istəməz biz “nə etməli” sualını çözməyə məcburuq. Çünki biz heç cürə əcnəbilərin Bakıətrafına çıxmasını yasaq edə bilməyəcəyimizdən bu təhlükə hər an baş verə bilər. Əslində bu durumdan çıxış yolunu rəhmətlik C.Cabbarlı (Allaha  və axirətə inanmasa da, ölənə rəhmətlik deməyi borc bilirəm) 80 il bundan qabaq “Sevil” əsərində göstərib. Hər kəsə məlum olduğu kimi, qonaqlarını qarşılayarkən Balaş öz atasının görkəmini dəyişmək üçün ona ölü paltarı geyindirmişdi. İndi də Bakıətrafı bütün kənd və qəsəbələri, xüsusən də görünüşü arzulanmayan yerləri elə süni hasara almaq lazımdır ki, buranı əcnəbilərin görməsi imkansız olsun. İşdi şayət maraqlansalar da, həmin yerləri inşaat meydançası kimi təqdim eləmək lazımdır. Qoy həriflər paxıllıqdan çatlasınlar ki, ölkəmizdə heyrətamiz quruculuq işləri gedir. Yoxsa... yoxsa rüsvayçılıqdan qurtarmağın çarəsi görünmür. 
 

Комментариев нет:

Отправить комментарий