15.03.2012

“Əli Bəy Hüseynzadə -Turan” Yazıçılar Birliyində

 
Cezmi Bayram: “Bu kitab “Türk Ocaqları”nın 100 illik yubileyində gördüyümüz ən dəyərli, mənalı işdir”


Martın 15-də Yazıçılar Birliyində “Türk Ocaqları “ Dərnəyinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsində Qənirə Paşayeva, Azər Turanın yazdıqları “Əli bəy Hüseynzadə-Turan” kitabının Türkiyə türkcəsində nəşr olunmuş variantının təqdimat mərasimi keçirildi. Tanınmış ziyalıların, KİV təmsilçilərinin və Türkiyədən gələn nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AYB-nin katibi Arif Əmrahoğlu qeyd edib ki, ölkəmizdə keçirilən bu yubiley tədbiri bütövlükdə türkçülüyün bayramıdır. 

“Türk Ocaqları” Dərnəyinin İstanbul Şöbəsinin başqanı Cezmi Bayram artıq üç gündür Azərbaycanda yubiley tədbirlərinin keçirildiyi hər bir məkanın bu ocağın ideyaları ilə bağlı olduğunu, bugünkü tədbirin isə məhz Yazıçılar Birliyində təşkil olunmasının da çox önəmli olduğunu vurğuladı. “Mən bilirəm ki, azərbaycanlı yazıçılar da türkçülüyə xidmət edən əsərlər yazıblar. Bu əsərlərin daha da çox olmasını diləyirik”. Ocağın yaranmasında azəbaycanlı mütəfəkkirlərin önəmli rol oynadığını xatırladan C.Bayram 100 il əvvəl ocağın qarşısına qoyduğu məqsədlərə çatdığını bildirdi. “Lakin bir məfkurə əgər bütün hədəflərə çatdığını düşünərsə, məhv olar, ona görə də yeni hədəflər qoymaq lazımdır. Artıq bizim də hədəflərimiz genişlənir və bu işdə yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür”. C.Bayram Ə.B.Hüseynzadənin də türkçülük ideyalarının yayılmasında önəmli rol oynadığını xatırladaraq, onun sadəcə fikir yox, həm də icra hərəkət adamı olduğunu dedi. “Qənirə Paşayeva və Azər Turanın Əli bəy haqqında yazdıqları kitabı türk dilinə tərcümə etdik və ilk dəfədir ki, burada təqdim edirik, Türkiyəyə qayıdandan sonra orada da təqdimat mərasimi təşkil edəcəyik. Bu kitab “Türk Ocaqları”nın 100 illik yubileyində gördüyümüz ən dəyərli, mənalı işdir”. Millət vəkili Qənirə Paşayeva da bu gün rahatlıqla hər yerdə türkçülükdən danışa bilməyimizin böyük bir xoşbəxtlik olduğunu dedi. Kitabın yazılma ideyasından danışan Q.Paşayeva Ə.B.Hüseynzadənin sadəcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün bir çox işlər gördüyünü xatırlatdı. ”Əli bəy bütün həyatını milli ideyaya həsr edib və bizim də borcumuzdur ki, həmin ideyaları gənclərimizə çatdıraq”. Yazıçılar Birliyinin sədri Anar türkiyəli və azərbaycanlı mütəfəkkirlərin türkçülük haqqında fikirlərini xatırlatdı. “Türkçülüyün tarixi çox mürəkkəbdir. Amma bu tarix həm də şərəfli tarixdir”. “Olaylar” qəzetinin baş redaktoru Yunuz Oğuz müstəqillikdən sonra həqiqi türk tarixinin yazıldığını bildirdi. “Lakin görülən işlər azdır. Artıq ortaq türk tarixinin yazılması, türk dilinin yaradılması bu günün əsas problemləridir. Bunlar olmadan türkçülüyün əsasını qoruya bilməyəcəyik”. Tədbirin sonunda C.Bayrama Gənc Yazarlar Birliyinin təsis etdiyi “Üstün xidmət nişanı” təqdim edildi. C.Bayram isə “Türk Ocaqları” Dərnəyinin xüsusi nişanını Anara təqdim etdi. 
 

Комментариев нет:

Отправить комментарий