17.03.2012

Novruz və Ocaq bayramları


İşıqlı Atalı  
Mütləqə İnam Ocağının Yükümlüsü

Novruz bayramı min illərdir ki, ulusumuzun yaşamında özünəməxsus yer tutur. Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi türk öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb.

Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə möhtac olmayıb. Minillər boyunca türkün əski inancı cilalanıb, babamız Zərdüştün dönəmində sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün “təmiz söz, təmiz fikir, təmiz əməl” ideyası türkün ruhani təsdiqidir.
***
Bu gün Novruzla bağlı müəyyən məqamlar adamların təsəvvüründə yenə də qarışıqdır. İslamın da Novruzdan yararlanma cəhdləri var. Ümumşərqi olduğu dərəcədə də ümumtürk səciyyəsi daşıyan Novruz bayramının milli sınırlarını anlamağımız və anlatmağımız hərdən lap çətinləşir.
Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz türk ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb.
Millət o zaman var olur ki, ruhunun qədim soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belədə millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin zəngin çalarları var. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşayıb.
Bayram hər şeydən öncə insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək gərəkdir ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, bayağılaşmasın. Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin yaradılması, həşirçilik, bayağı mahnılar, əyləncələr, fişənglər selinə bürünməsi də yanlışdır. İndi Novruzun bayağılaşması gedir. Od bu bayramın başlıca rəmzidir. Belə olduqda fişəngə, süni atəşfəşanlığa nə gərək var?
***
Xalqımızın tarixi taleyində özgələrin gətirdiyi və yaşatdığı bayramlar da var. Ocaq bayramlarına qədərki bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Konkret olaraq dinlə bağlı olan bayramlar xalqımızın taleyində Novruz qədər dərin kök sala bilməyib. Bunun da gerçək səbəbləri var. Novruz bayramı milli ruhumuzu təsdiq eləyir, ona görə bizə belə doğmadır.
İnam Atanın (Asif Atanın) Novruz bayramına ayrıca yanaşması var. O, bu bayramla bağlı “Novruzluğumuz” adlı fəlsəfi-bədii məqam da yazıb. Yazıda Ata, Zərdüştlüyümüzü “Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz” kimi qiymətləndirir, özünün müəyyənləşdirdiyi 7 böyük dəyərimizdə Od amilinin müqəddəsliyini, yaşarılığını, birxətliyini  əsaslandırır: “Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün”.
Milli ruhumuzda olan ülvi, gözəl nə varsa, hamısı ulusumuzun yaranmasına, əbədi var olmasına xidmət etməlidir.
***
Novruzu türk idrakından gələn, cilalanan bayram kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı xalqların yaşamında var, bu baxımdan yayğınlığına görə onu din kimi qəbul edə bilərik. Başqa yandan, Novruz qədim çağların bayramıdır, dünyagörüşüdür. Bayramın özülündə duran həqiqi elm, fəlsəfə adamların təsəvvüründə demək olar, yoxa çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi qalıb. Bu hissədəki əyləncələr isə onu adiləşdirir.   
Novruz bayramının mahiyyətində duran od isə insanı daxilən təmizləyici motiv olaraq aparıcıdır. Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunub.
***
Mütləqə İnam Ocağı 34 ildir ki, ulusal və bəşəri mahiyyətinə uyğun olaraq özünəməxsus yaşam yönü yaradıb. Bura Ocağın bayramları, mərasimləri, İnama qovuşdurma törəni, doğmalaşma, ailə günləri, ayrı-ayrı tədbirlərimiz daxildir. Ocaqdaxili tədbirlərin mayasında xalqyaratma məsələsi durur. Mütləqə İnam Ocağı olaraq təkcə Novruzu Ocaq  bayramlarının doğması sayırıq. Ancaq dünyanın hər mənada tükəndiyi bir çağda Türk Ulusu olaraq özümüzə və dünyaya təqdim etdiyimiz “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik” bayramları sabahımızda xalq olaraq möhtəşəm yaradıcılığımızın sübutu kimi dərk və təsdiq olunacaq. İllərdir ki, Ocağımızın Ruhani Mərkəzində bu bayramlar böyük coşquyla keçirilir, bayramlarımızda Ocaqçı və İnamçılarımızla yanaşı, Azərbaycanın tanınmış aydınları, elm, mədəniyyət xadimləri iştirak edirlər. Bayramların hamısı İnsanla bağlıdır.
Bəşər yeniləşməlidir, deməli, ona yeni dünyabaxış, yeni bayramlar gərəkdir. Biz bu bayramları ardıcıl keçirir, xalqımıza və bəşərə sunuruq. Ocaq bayramları yeni dünyanın, Mütləqə İnam sivilizasiysının bayramlarıdır, kamilləşən, ruhaniləşən insanın, bəşərin əyləncədən, süfrə hay-həşirindən uzaq ruhani (insani-milli-bəşəri) bayramıdır. Bu isə onları çağdaş toplum bayramlarından əsaslı şəkildə ayırır.
Atamız var olsun!
 

Комментариев нет:

Отправить комментарий