17.03.2012

O...

Faiq Balabəyli


O, çox qəribə adam idi. Özünü qəribə aparmağı ilə kənd uşaqlarının da diqqətini çəkirdi. Yaşlılar ona məhəl qoymazdılar. Elə gənclər də. Amma, arada kefləri kök olanda, kənd toylarında “geydirmə” arağın, çaxır zavodundan oğurladıqları çaxırın təsiri başlarından getməyən anda onunla məzələnərdilər də. Uşaqlara isə o çox maraqlı görünərdi. Hamı onu Pətə deyə çağırardı. Sonradan bildim ki, onun adı heç də Pətə deyilmiş, İltifat imiş. Üst-başı tozlu, sir-sifəti isə çirkli olduğu üçün onu belə adlandırırdılar. Səhərdən axşama qədər kənddən rayon mərkəzinə payi-piyada bir-neçə dəfə gedib-gələrdi. 

Dodaqlarının altında deyinər, kimi isə söyər, arxasınca düşən uşaqları incitməzdi. Zəndlə üzünə baxıb, kimin nəvəsi olduğunu deyər, və bəzi uşaqlara isə xüsusi ilə əlavə edərdi ki, sənin baban mənim dədəmin nökəri olub. Uşaqların babaları onun dədəsinin ya mehtəri, ya çobanı, ya quzuya gedəni, ya da başqa işlərini görərmiş. Bir dəfə də mənə zəndlə baxıb, baban yaxşı kişi idi, amma əmisi oğlu atamın bütün torpaqlarını alıb, onları Qazaxıstana “vısılka” eliyəndə səsini çıxarmadı- demişdi. 
Ona ürəyi yanıb, maşın saxlayanlara, sən sür get, mən tələsirəm, deyərdi və uzaq yolu piyada gedib-gələrdi.
O boyda nəsildən qalan deyəsən təkcə o, idi. Uzaq qohumları vardı. Bəziləri, elə kənd də yaşayayırdı. Amma onları o qədərdə sevməzdi. Torpaqları əllərindən alınanda, atası, babası, əmiləri, bütün nəsil sürgün olunanda hökumətin tərəfində olublar, onlara qahmar çıxmamışdılar.
Sovet hökuməti onlara məxsus olan torpaqları kəndlilərə bərabər şəkildə paylamışdı. O, sovxozun əkin yerlərinə də iddialı idi. Camaatın həyətinə fikir verərdi, əkin-biçinin, bostanın, bağ-bağçanın içində gəzərdi. Yuxusu gəldimi, kiminsə həyətində, ağacın kölgəliyində yatardı. Amma heç kəsin bir tikə çörəyini yeməzdi. Cibində pulu həmişə olardı. Əlindəki kağız torbada peçenyesi, çörəyi, yavanlığı vardı. Özündən yeyib içərdi. Kənd cavanları iddia edirdilər ki, “bu oğraşın (bizim tərəflərdə bəzən adam haqda xoş söz deyəndə də bu epitetdən istifadə edirlər) qarnının altını bilmək olmur. Dədəsinin qızıllarının yerini bilir, arada çıxarıb birini əridib xırd eləyir özü üçün”. Başqa cür fikirləşənlərdə var idi. Bəzən üst-başı təmiz olanda, qonşu Andreyevka kəndində ki, Mariyadan danışardılar. “Filankəs öz gözləri ilə görüb, Mariyagildən çıxanda. “Binun belənçiyliyinə baxma e, eşşək kimidi (bu məqamda da “eşşək” müsbət çalarlarla bəzənir), Mariyada dul, qısır madyan, cibin xərcliyi də o, qoyur”.
Hər kəs bilirdi ki, indi yurd-yuva saldıqları, ev-eşik qurduqları, bağlı-bağatlı, əkinli-biçinli, dirrikli yerlər onun babasının olub. Elə ona görə də onun həyətlərdə, dirriklərdə gəzməsinə mane olmazdılar. Bir növ halallıqlarını alırmışlar kimi onunla davranardılar. O, da bir vaxtlar özlərinə aid olan torpaqların keşiyini çəkirdi, sanki. O ümüdlə yaşayırdı ki, dədəsi qayıdıb gələcək, torpaqlarına yiyə çıxacaq.
O, yox olmuş, sürgündən qayıtmamış, Qazaxıstan səhralarında tələf olmuş böyük bir nəslin, varlı-karlı bir nəslin yeganə sağ qalanı idi.
Onu o dövrün qırmızı şeytanlarının əlindən gizlədib saxlamışdılar. Kimliyini təsdiq edən sənədi də yox idi.Bir müddət keçəndən sonra adiləşmişmiş, heç müharibə illərində də, sonralar da hərbi xidmətdə olmamışdı. Neçə yaşı vardı, dəqiq bilən də yox idi. Fəhmlə yaşını müəyyənləşdirmək istəyirdilər. Adı “it dəftərində” olmasa da, hər kəsin qəlbində vardı, hər kəs ona fikir verməməklə, onu qoruyurdu, ona hörmət edirdi.
Iki il öncə ölüm xəbərini eşitdim. Yox, küçədə-zadda ölməmişdi. Uzaq qohumlarından birinin evində dünyasını dəyişmişdi. Kəndimizdə basdırılmağını istəmişdi. Ən köhnə, ən qədim, yiyəsi bilinməyən, qəbirlərdən birinin yanında dəfn olunmağı arzulayıbmış. Arzusunu gerçəkləşdiriblər. 
Ona elə gəlirdi ki bu yiyəsi bilinməyən qədim qəbirlər onun əqrabasının qəbrləridi. Hər kəs Novruz bayramında əzizlərinin qəbirlərini ziyarət edib, üstündə şam yandıranda bu köhnə qəbirlərin başdaşlarının dibləri zülmət içində qalardı. Təkcə o, bu qəbirləri ziyarət edər, şam yandırar, üstünün otunu-ələfini təmizləyərdi. Ötən il kənd adamları onun və yiyəsiz qəbirlərin hamısının üstündə şam yandırdılar, qəbirləri səliqə-shmana saldılar.
Novruz bayramında kəndə gedəcəm, mütləq onun da qəbrinin üstündə şam yandıracam, onun ruhuna yasin oxutduracam.
 

Комментариев нет:

Отправить комментарий