11.03.2012

Sarvansız ağaclar

Vasif Əlihüseyn

Ömür

Bax belə,
sənə zarafat gəlir,
hər şey.
Əzrayılın
əsəblərinə  toxunur,
güldüyümüz dəqiqələr.
Nə vaxtsa,
adamların qolları
metro eskalatorları olacaq.
Biz isə
metro sərnişinləri kimi,
qollarında enəcəyik
yerin altına.
Minəcəyik 
o dünyanın qatarına
gedəcəyik,
“Nizami” dayanacağında
düşmək şərtilə

Ənvər dayının xatirəsinə...           

(İş yerimizin bağbanı Ənvər dayını yolu keçərkən gözlərimin önün də maşın vurdu)      

Ağaclar sarvansız
dəvə karvanı tək,
pozub nizamını,
Ənvər dayı!

Kimsəsiz  uşaq kimi,
su dilənir keçənlərdən
həyətdəki alma ağacı.

Mən şahidiyəm
əzrayılın qucağına
qaçdığın günün.

Düşdüyün
dayanacaqdan keçirəm
yoxluğuna,
salam verərək. 

Ana               

(Uşaq vaxtı anam bizi ev süpürgəsi ilə döyərdi)

Baxışların
ürək dağlayır, ana!
Ağlayır arxamca
uşaqlıq xatirələrim.

Və bir ev süpürgəsinin
izi qaşınır kürəyimdə.

Bilirəm,
nələr çəkdiyini...
Dünən ilk dəfəydi
qapımızı döyən qayğılara
qapı açdım,
Salam!
Nə sözünüz var,
mənə deyin.

Комментариев нет:

Отправить комментарий