17.03.2012

"Səhv elədim, gərək saytı dağıtdıraydım"

 
"Bu insanların nə saytdan anlayışı var idi, nə ədəbiyyatdan"

"Qan Turalı mənə qarşı etdiyi hərəkətləri heç olmasa, özümə izah eləsin"

"Necə ola bilər ki, bir gündə "Mustafa" romanı haqqında 5 yazı gedə bilər, amma mənim romanım haqqında yazılmış 1 yazı saytda cəmi 2 saat qalır, sonra isə çıxarılır?"

"Sən onun yerini deginən, özümüz onu çırparıq”.

"Böyüdüyümüz mühit bir az "qədeşyana"dır"

"Bu nə dostluğa, nə yazıçı etikasına, nə də jurnalist əxlaqına sığır".

"Mən yaxşılığı və kəsilən çörəyi ayaqlayan adam deyiləm"

"Söz adamı" adlanan layihəmizdə həmişəkindən fərqli olaraq, bu gün iki qonaq var. Müasir ədəbiyyatımızda öz imzaları ilə tanınan gənc yazarlar Cəlil Cavanşir və Oktay Hacımusalı ilə olan söhbətimiz yəqin ki, oxucuların da marağına səbəb olacaq.

- Oktay, "Bu vaxtın sahibi" çap olunmamışdan öncə yarıciddi-yarızarafat bu romanla "master-klass" keçəcəyinizi demişdiniz. Sizcə, istəyiniz baş tutdu?
O.H.: - "Master-klass" keçməyin dövrü artıq bitib. Çünki balaca uşaqlar da əlinə qələm alan kimi roman yazırlar. Əlbəttə, bu yazılanların roman olub-olmaması məsələnin başqa bir tərəfidir. Azərbaycanda az sayda da olsa, ciddi oxucu nəyin nə olduğunu, kimin haradan yararlandığını, təsirləndiyini, oğurladığını, o tərəf-bu tərəfini düzəldib ortaya çıxardığını çox yaxşı bilir. Əslində belə demək olarsa, mən bir az "oynadım", kitabın üzərinə roman yox, roman-gündəlik yazdım.
C.C.: - Özünü əvvəlcədən sığortaladı. (gülür)
O.H.: - Vəziyyətdən çıxmaq üçün elədim ki, kimsə üstümə gələndə deyim ki, "qardaş, mən roman yazmamışam ki, bu, roman-gündəlikdir." "Master-klass" məsələsinə gəlincə, şükürlər olsun ki məndən sonra bir neçə roman-gündəlik yazmaq fikrinə düşənlər oldu. Hətta sosial şəbəkələrdə də yazdılar ki, sizin açdığınız cığırın arxasınca getmək istəyirik. Əlbəttə, bu bir zarafatdır. Onu deyə bilərəm ki, bu roman ən azından müəyyən şeyləri dəyişdi. Təbii ki, uğurlu qəbul edənlər də oldu, bəyənməyənlər də. Hətta pinti yazıldığını, uzun bir hekayəyə roman adı verdiyimi deyənlər də oldu. Mən bütün tənqidlərə açığam. "Bu vaxtın sahibi" çap olunduğu andan etibarən mənim üçün "öldü". Başqa cür mümkün deyil. İnsan bir şeyin üzərində ilişib qalırsa, bu heç də yaxşı əlamət deyil. O roman yazılmasaydı, "Zeynəb hər yerdə Zeynəbdir" də yazılmazdı, "Malvuran"ın bir hissəsini yekunlaşdırmazdım.
 
- Oktayın romanını tənqid edənlərdən biri də elə, Cəlil Cavanşir olmuşdu...
C.C.: - Oktayın roman-gündəliyinin dil və struktur məsələsinə tənqidi yanaşmam olmuşdu. Bir də onu tələskənlikdə günahlandırmışam. Yazımın tam detallarına varmaq istəmirəm. Amma mən Oktaydan daha böyük həcmli, geniş bir şey gözləyirdim. Çünki romanın ilk fəsillərini Oktay hərbi xidmətdən gələndən sonra mənə oxumuşdu. Həmin hissələri dinlədikcə hiss edirdim ki, ortaya nə isə daha ciddi bir şey çıxacaq. Mənə elə gəlir ki, o, romanı yazmağa başlayanda çox ciddi və iddialı olub. Sonra mühitdə gedən prosesləri müşahidə etdikcə görüb ki, hərə qoltuğunda bir romanla ədəbiyyata gəlir. O da yəqin düşünüb ki, mən niyə əziyyət çəkib ortaya ciddi bir şey qoyum, elə roman-gündəlik yazaram, gedər. (gülür) Oktayın potensialını bildiyim üçün düşünürəm ki, daha ciddi və geniş bir roman yaza bilərdi. O, ədəbiyyatı daha dərindən bilən və duyan adamdır. Demək istəmirəm ki, bu əsər zəifdir, qeyri-ciddidir. Sadəcə, bu bir gediş idi. Növbəti gediş nə olacaqsa, onu gözləmək lazımdır. Hesab edirəm ki, bu gedişi tənqid etməyə haqqım var idi. Növbəti gedişdə isə yəqin ki, Oktayın "piyadanı qurban verməsi"nin səbəbi məlum olacaq.
 
- Elə sizin "İtirilmiş əlyazma" romanınız da birmənalı qarşılanmadı. Tənqidləri necə qəbul edirsiniz?
C.C.: - Mən də Oktayın o fikrinə qatılıram ki, roman yazıldığı andan müəllif üçün bitmiş mərhələdir. Hal-hazırda "İtirilmiş əlyazma" haqqında heç düşünmürəm də. İndiyə qədər kitabım haqqında yeganə tənqidi yazı bir gənc bloggerə məxsusdur. Ola bilər ki, yenə də yazılsın. Təbii ki, mən tənqidlərə açığam. Yazımın qarşısında sipər kimi dura bilmərəm ki, məni tənqid etməyin. Mən Heminquey deyiləm ki, kitabım haqqında tənqid yazanı vurub aşıram. Lakin sözügedən yazıda qərəz olduğu üçün cavab verməli olmuşdum. Mən onun yazdıqlarını oxuyanda gördüm ki, o adam məni tənqid etməklə kimlərəsə xoş görünmək istəyir. Əgər qərəzsiz yazı olsa, ona cavab vermərəm. Məsələn, Oktay məni tənqid eləsə, mən ona heç vaxt cavab vermərəm. Çünki bilirəm ki, o, kiməsə xoş gəlmək üçün məni tənqid etməyəcək. Düşünmürəm ki, ədəbiyyatla sırf məşğul olan adamlar tənqidi kimlərəsə xoş görünmək üçün etsinlər.
O.H.: - Amma məncə, bundan sonra səni tənqid edib kimlərəsə xoş görünmək istəyəcəklər. Axı bir neçə gün əvvəl mətbuatda sənin tikanlı yazın çıxıb.
C.C.: - Yəqin ki, Qənirə Paşayeva ilə bağlı yazını deyirsən. İndi desəm ki, bəli, tənqidlər gözləyirəm, bir növ özümü sığortalamış olacağam. Qoy, tənqid etsinlər, yazsınlar. İndiyə qədər minə yaxın yazı yazmışam. Böyük əksəriyyəti də kitab və filmlərlə bağlıdır. Amma heç vaxt kiməsə xoş gəlmək üçün və ya başqalarının uğuruna paxıllıq etdiyimə görə tənqid eləməmişəm. Çalışıram ki, bacardıqca dostlarımın uğurunu bölüşüm. Qan Turalının, Kəramət Böyükçölün, Mirmehdi Ağaoğlunun, Oktayın, Xanəmirin əsərləri haqqında fikirlərimi yazmışam. O fikirlərin əksəriyyətində tənqid olub. Ancaq mən tənqid etməklə kiməsə xoş görünməyə çalışmamışam.
 
- Tənqid etdiklərinizin hamısı yazıları səmimi qəbul edib? Aralarında qərəz axtaranlar olmayıb?
C.C.: - İndiyə qədər yazdıqlarımdan cəmi bir nəfər narazı qalıb - Cavid Zeynallı. O da narazılığını şəxsən özümə bildirməyib. "Facebook" hesabında paylaşmışdı ki, "mənim haqqımda qərəzsiz yazan müəllifin əllərindən öpərəm." Cavid potensialı, qələmi olan nasirdir.
O.H.: - Bir haşiyə çıxım: Cəlilin mənim romanım haqqında yazısı Yeni il ərəfəsində çap olundu.
C.C.: - Bayram sürprizi idi (gülür).
O.H.: - Yanvarın 1-də sayta baxıb gördüm ki, mənim haqqımda belə bir yazı var. Böyüdüyümüz mühit bir az "qədeşyana"dır. Bir az keçmədi ki, gördüm biri zəng elədi: "Sən bir dənə onun yerini deginən bizə, daha işin yoxdur, özümüz onu çırparıq." (hər ikisi gülür).
C.C.: - Səmimi bir şey deyim ki, tək-tük yazılar var ki, onları yazı xətrinə yazmıram. Bir var, kitabı oxuyasan, yazmaq iddiası yaranır, bir də var, sevgi ilə yazılan yazılar. Oktay məni ona görə döydürməyib ki, onun haqqında yazını sevgi ilə yazmışam. Əgər qərəzli tərəfini hiss eləsəydi, 100 faiz döydürərdi.
O.H.: - Əslində mən səhv elədim. (gülür) Ümumiyyətlə, gərək saytı dağıtdıraydım.
C.C.: - Hə, "Kulis"ə hücum eləmək istəyirdin?
 
- "Kulis"dən danışmışkən, ədəbiyyat saytlarının vəziyyəti haqqında nə deyə bilərsiniz?
O.H.: - Cəlil də bilir ki, Azərbaycanda ədəbiyyat saytı ənənəsi "Bizimki" ilə başlayıb. Bu sayt da çiyinlərimizdə böyüyüb. Bir gün gördük ki, onun erası bitib. Bəziləri deyir ki, Oktay çəkildi. Amma əslində belə deyil. Sayt bir ildən çox davam eləyə bilməz. Uzun müddət fəaliyyət göstərən sayt marağını itirir və fiaskoya uğrayır. Bundan sonra müxtəlif saytlar yaranıb. Hər biri də öz gücü ilə inkişaf edib. Bircə "medeniyyet.net" konkret olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərirdi. Onu da "bacıoğlular" darmadağın elədi. Çünki konkret olaraq bu insanların nə saytdan anlayışı var idi, nə ədəbiyyatdan. Sadəcə, kimlərinsə qohumları, yaxınları, "apar-gətirləri" idilər. Uzun müddət fəaliyyət göstərən saytlardan bircə "Kultaz.com" qalıb ki, məncə, o da əvvəlki marağını saxlaya bilmir.
C.C.: - Əksinə, mən fikiləşirəm ki, "Kultaz" yeganə ədəbiyyat saytıdır ki, hələ də marağını itirməyib. Çünki o sayt istənilən tərəfi çap edir, ayrıseçkilik qoymur. Onların yeganə problemi maliyyə məsələsidir. Əgər yaxşı maliyyə mənbələri və bir neçə əməkdaşı olsa, o sayt çox yaxşı fəaliyyət göstərə bilər. Hazırda bu sayt faktiki bir ailənin - Zahir Əzəmətin və Sevinc Çılğının çiyinləri üzərində durub.
O.H.: - "Azadlıq radiosu"nun "Oxu zalı"nda da kriteriyalar, çap olunma şərtləri bəllidir. Orada da mən "filankəsin dostunun dostuyam və orada da filankəsin dostu işləyir deyə, çap olunmalıyam" prosesi gedir.
 
- Əslində, hər hansı bir sayt deyə bilməz ki, mən filankəsləri çap edirəm, o biriləri isə yox?
C.C.: - Bir məqam var: əgər sən müəyyən bir çevrəyə məxsussansa, o zaman çevrədən kənar şəxsləri çap etməmək ixtiyarına da sahibsən. Azad Yazarlar Ocağının "Adyazar" adlı bir saytı var idi. Saytın redaktorunun ixtiyarı var idi ki, AYB-nin üzvü olan şəxsləri çap eləməsin. Məsələn, AYB-nin görünməyən orqanları var: "Ulduz" jurnalı, "Ədəbiyyat" qəzeti, "Azərbaycan" jurnalı. Onların "Cəlil Cavanşiri çap eləmirəm" demək ixtiyarı var. Amma eyni şeyi Oktay haqqında deyə bilməzlər. Çünki Oktay məndən fərqli olaraq AYB-nin üzvüdür.
O.H.: - Heç məni də çap eləmirlər.
C.C.: - Səni çap eləməmələri haqsızlıqdır. Amma mənim çap olunmamağım haqsızlıq deyil. Prezident təqaüdü almağa iddia edə bilmədiyim kimi, o mətbu orqanlarda çapa da iddia etmək haqqım yoxdur. Amma "Oxu zalı", "Kulis.az", "Kultaz.com" kimi tərəfsiz, açıq olduğunu deyən saytlar onlara göndərilən yazıların arasından yaxşısını seçməklə çap eləməyə borcludurlar. Əvvəldə dediyim kimi, "Kultaz"ın bu cəhətdən heç bir problemi yoxdur. "Oxu zalı" da mənim şeirlərimi, romanımdan parçaları, kitabımın təqdimatı haqqında informasiyanı çap edib. Bu baxımdan onlardan heç bir narazılığım olmasa da, Oktayın dedikləri ilə razılaşmaya da bilmirəm. Orada da qohumluq, tanışlıq, yerlibazlıq çox böyük rol oynayır. "Kulis"də də təxminən, 8 ay fəaliyyət göstərmişəm. Orada ən çox oxunan 5 yazardan biri olmuşam, yazılarıma yüzlərlə şərh yazılıb. Bu layihəni, saytı yaradanların və idarə edənlərin planları var. Və o plana uyğun hərəkət edirlər. Bilirəm ki, bu, biznes proyektidir. Amma hər şey insafla olmalıdır. Sayt rəhbərliyi tərəfindən mənə qarşı göstərilən münasibətdən razı deyiləm. Düzdür, ən çətin vaxtlarımda Qan Turalı mənə kulis.az-da şərait yaradıb. Mən yaxşılığı və kəsilən çörəyi ayaqlayan adam deyiləm. Məni əziyyət çəkdiyim, sevdiyim, uğrunda çalışdığım işdən uzaqlaşdırmağa heç bir arqument göstərməyiblər. Məni hər gün oxuduğum saytdan küsdürüblər. Ancaq yenə də bu saytı oxuyuram. Çünki orada hər zaman oxuduğum müəlliflər, Qan Turalı, Kənan Hacı, Mirmehdi, Sevda Sultanova, İlqar Rəsul yazır. Onları oxumaq ehtiyacım olduğu üçün saytı açıram. Bununla belə, orada çox mənasız imzalar da var ki, özümü onların heç birindən zəif hesab etmirəm. Fikirləşirəm ki, mənim oradan uzaqlaşdırılmağım öz haqqımı tələb etməyimlə bağlıdır. Çünki mən rəhbərlikdən kəsilmiş maaşımı və qonorarımı tələb eləmişəm. Harada çalışmışamsa, haqqını verməyə çalışmışam. Mənim üçün bir kriteriya var: yaxşı yazmaq və işini sevmək! İndi onlar müxtəlif arqumentlər səsləndirə bilər ki, özü istəmədi, yazıları xoşumuza gəlmədi. Əgər yazılarım kiminsə xoşuna gəlmirdisə, 8 ay bir yerdə saxlamaq zorunda deyildilər. Hər şeyi vaxtında demək lazım idi. İstərdim ki, Azərbaycanda ədəbiyyat adına saytlar bir az da tərəfsizliyini qoruyub saxlasınlar. Şəxsi kini, nifrəti ümumi işə yansıtmasınlar. İstəyirəm, özəlliklə bu detal sizin qəzetdə getsin: Romanım çap olunanda mən hələ "Kulis.az"ın yazarı idim. Mən özümə ögey münasibəti heç cür başa düşə bilmirəm. Heç soruşmaq da istəmirəm. Çünki özüm üçün hər şey getdikcə aydınlaşır. Necə ola bilər ki, bir gündə "Mustafa" romanı haqqında 5 yazı gedə bilər, amma mənim romanım haqqında yazılmış 1 yazı saytda cəmi 2 saat qalır, sonra isə çıxarılır? Romanımın təqdimatı haqqında belə, o saytda kiçik bir məlumat getdi, tədbirlər haqqında isə heç nə verilmədi. Halbuki digər saytlar, qəzetlər bu barədə məlumat verirlər, amma çalışdığım sayt belə münasibət göstərir. Bunun adını qoy, oxucular, Turalı və məni tanıyanlar desin. Adama konkret demək olar ki, biz səninlə işləmək istəmirik. Mən işimi itirmiş hesab olunduğuma görə, çox da bu məsələnin üstünə getmək, hər şeyi maddiləşdirmək istəmirəm. Amma mənəvi tərəflər var. İstəyirəm, Qan Turalı mənə qarşı etdikləri hərəkətləri heç olmasa özümə izah eləsin. Məni arxayın edib, yazılarımı çap etməmək, məni qonorarla, maaşla aldatmaq dost münasibəti deyil. Axı Tural baş redaktor olmadığı vaxtlarda da mənim dostum olub. Bu insan niyə bu qədər dəyişir? Niyə məni incidir? Niyə mənə yalan danışır? Bu nə dostluğa, nə yazıçı etikasına, nə də jurnalist əxlaqına sığır.
 
- Eşitdiyimə görə, yeni sayt üzərində işləyirsiniz.
O.H.: - Bəli, Cəlillə birlikdə yeni bir mədəniyyət portalı hazırlayırıq. Hələ ətraflı heç nə demək istəmirik. Bircə, bunu qeyd edim ki, digərlərindən çox seçilən, samballı portal olacaq.

Şəbnəm Xeyrulla               “Gündəlik Bakı”

Комментариев нет:

Отправить комментарий