14.03.2012

Şirinliyində xumarlanan yuxu


Günay Ümid


O QADIN!


O qadın,
 çoxdan soyunmuşdu gözlərindəki qorxunu.
Əllərinin qabarı
Qəzəblənirdi göz yaşlarına,
Qəzəbləndikcə didirdi yanaqlarını…

Dərdini divarlarla bölməyi,
Taleyinə gülməyi,
Günü-gündən ölməyi də
Öyrənmişdi o qadın!!!

Hələ ta başından…
Telli duvağlı tənhalığı
Çoxdan bardaş qurmuşdu toy mağarında.
Güclə qoluna taxmışdılar qismətsizliyini.
Beləcə bir vağzalı da ağlamışdı…

Daha rəngli yuxular da görmürdü!
Süpürdüyü küçələrin tozu
Boğmuşdu arzularını,
Daha arzuları da cücərmirdi…
Nəfəsinə örtdüyü örpəyi ilə
Səsini kəsmişdi
Üsyanının…

Daha günahkar axtarmırdı!
Soyuq otağında
Addımlarının səsinə isinməyi də öyrənmişdi,
Masasının üstünə hər gecə iki boşqab qoyaraq
Özü-özünə qonaq olmağı da,
Gecələrin bağrını
Kiprik-kiprik yolmağı da
Öyrənmişdi
o qadın!!!
 

BİR AZ TƏLƏS

Yenə uçuq duyğuların
Qəm küləyi oynayan,
Parçalanmış ürəklərin
Eşq yarası qaynayan
Yuvasındayam.
Qamçılanmış mənliyimin
Göz yaşını silirəm…

Bu yuvanın
Qaranlığa açılan
Qapısında
Bir cüt göz zillənib gözlərimə.
İlıq baxışında
Döyənək olmuş qorxu,
Süzülən gözlərində
Yalançı sevginin
Şirinliyində xumarlanan yuxu.

Qaranlığa gizlənən üz
Mənə tanışdı
Gözlərindəki qorxu
Onu itirməkdən idi
Görünür onun da dili
Sevgisinin əzabına
Alışandan,
Baxışları danışandan
Susmuşdu…

Zəifləmiş iradəsinin
Gücdən düşmüş qollarında
Sürünə-sürünə açdığı qapıdan
İçəri girməyə halı qalmamışdı.
Niyə girəydi axı?
Bu yuvada
Sevinc adlanan qəm yaşayırdı,
Bu yuvada sevgi adlanan dəm yaşayırdı
Bu evdə
Xoşbəxtliyin gözləri oyuq
Bu evin bacasından
Həsrətin tüstüsü çıxsa da,
İçəri hey soyuq.

Bacarsan girmə içəri…
Çıxart məni də burdan!
Nə qədər ki, acılarım
Bu sevgiyə son mirasım olmayıb
Nə qədər ki, intiharım
Son xilasım olmayib
Məni də çıxart burdan.
Topla iradəni son kəs
Bir az tələs!...
 

ÜŞÜYÜRƏM


Üşüyürəm…
Qorxunun  kölgəsində
Bağlamışam  atımı.
Başımı zamanın
Sinəsinə  qoyub
Ürəyinin  ritminə
Kökləmişəm  həyatımı.
Zamanın  ürəyi  saat,
Mənim  ürəyimsə
Varlığıma  sitəm  daşıyan
Bir  parça ət…

Üşüyürəm 
Həyatımın  gözündə Nəfsimin əliylə
Pak  etməyə  çalışdığım
Qüsulsuz  sular,
Qulağımda  ünvansız
Öyüdlər,
Çarpayım  kor  arzular
Yorğanım  boş  ümidlər.
Üstümdən  sürüşüb   yorğanım
Üşüyürəm!

Cırıq,  sökük  qismətimi
Geyinmişəm  əynimə
Əsir  güman yelləri
Üşüyürəm !

Bu  yolun  çovğununa
Ömürlər ,  mərd  getməyib
Bu  soyuğa   çoxları
Tab etməyib
Cəhənnəmdə  isindirib
Ruhunu!

Ey  ruhların  tanrısı
Mənə  isinməyə  inam ver,
Mənə  göz  yaşında  islanmış
Qorxumu uyudacaq
Dam  ver!...

Aç bəxtimin  gözlərini
Oyuqdu  axı…
Bağla  günah pəncərəsin
Üşüyürəm 
Soyuqdur axı!...
 


Комментариев нет:

Отправить комментарий