Ziba Xəlil
Sözlər də insan kimi
Mərhum jurnalist Elmar Hüseynova
Doğru söz acı olur,
Həqiqətsə kəsici.
Söz var ürək yandırır.
Söz də var kəsəriylə
Cəmiyyəti qandırır.
Söz yaşam səsi olur,
Canlı insan nəfəsi.
Söz var həyat qurtarır,
Xilas edir bir kəsi.
Söz var-göz yaşı olur.
Söz var-baş daşı olur.
Sözlər də insan kimi
Sadə, qəliz, mürəkkəb,
Sözlər də naşı olur.
Sözlərin də rəngi var-
Ağı, bozu, qarası.
Nədən deyib atalar-
“Qılınc yarası gedər,
Sağalmaz söz yarası.”
Sözə hər zaman hörmət,
Sözdən qorxanlar olub.
Ya itaət, ya nifrət.
Hər zaman düz söz olub.
Düzün deyəni boğub
Xalqa qan qusdurdular.
Gücdən qorxmayan sözü
Zor ilə susdurdular.
Tarix-tarix sözləri
Alıb, verib, satdılar.
Haqq səsin kəsmək üçün
Sözə güllə atdılar.
Комментариев нет:
Отправить комментарий