04.07.2012

Bir bəndlik hədiyyə

 Furqan Sadıq

    Balaca əmimoğlu Ülvinin (yeri gəlmişkən, adını mən qoymuşam) bir yaşını qeyd etməyə İsmayıllının yuxarı kəndlərindən biri olan Buynuz kəndinə getmişdik. Əgər səhv etmirəmsə 2006-cı il idi. Ad günü olan gün, yəni iyulun dördündə bərk yağış yağdığından gəzintimizi iki gün sonraya atmışdıq və şükür Allaha ki, iki gün sonra hava əməlli-başlı düzəlmişdi. Ad gününü iki gün sonra da olsa qeyd edəcəkdik. Sevincliydim. Ailəylə, qohum-əqrəbayla, dost-tanışla gəzməyin öz ləzzəti var axı...
    Nə isə... Sözüm onda deyil... Qəbələnin “Yeddi gözəl” şəlaləsini gəzdikdən sonra qayıtdıq İsmayıllıya, düz Buynuz kəndinə. Bəh, bəh, bəh! Kənd nə kənd! Yaşıllıq içində əriyən,itib-batan səfalı bir yer... Oturub ancaq quşların səsinə qulaq asasan, yaşıl don geymiş təbiəti seyr edəsən...

   Ülvi özü nəyə görə bura gəldiyimizi hiss etməsə də yaman sevincliydi. İməkləyə-iməkləyə çəmənin üstündə, ağacların kölgəsində bir ilinin tamam olması ləzzətini yaşayırdı. Nə isə... Sözüm heç bunda da deyil...
   Günümüzü sevinc, şənlik  içində axşam elədik, “şələ-küləmizi” yığışdırdıq və oturduğumuz yerdən bir xeyli uzaqda saxladığımız maşınlara doğru daşımağa başladıq. Yavaş-yavaş qaranlıq düşməyə başlayırdı. Birdən kimsə astadan:
   - O tərəfə baxın, o tərəfə baxın, kimdi o gələn, tanıyırsız?- dedi.
   Mən də “görəsən, kimdi ki” marağıyla baxdım. “Bu kişi mənə tanış gəlir, hardasa görmüşəm”- deyə fikirləşdim.
   Yenə kimsə dilləndi:
   - Musa Yaqub deyil bu?
   “Hə, yadıma düşdü. Evdə atamın balaca kitabxanasındakı  “Mənim sevgi taleyim” adlı şeirlər kitabının müəllifi Musa Yaqubdu. Hə, hə! Kitabda şəkli də var. Deyirəm axı, hardasa görmüşəm... Şəkildə deyəsən ağaca söykənib- bəlkə də yox...
   Musa Yaqub təbiəti seyr edə-edə, göy üzündəki bəyaz buludlara baxa-baxa asta-asta gəzinirdi. Necə deyərlər, təbiətdən ilham alırdı.
   Birdən atam əlindəki balaca videokameraya baxdı, sonra çönüb Musa Yaquba baxdı və yaxın qohumumuz olan Seyid müəllimə müraciətlə:
   -Bəlkə gedək bir balaca müsahibə alaq, qoy kasetə düşsün- dedi.
    Seyid müəllimin ürəyindən xəbər verdi bu təklif və dərhal razılaşdı, getdilər. Biz də maşınlara doğru yolumuza davam etdik.
                                                           *          *          *
    İndi Ülvinin ad günü videoyazısına baxanda kasetin sonunu səbirsizliklə gözləyirəm. Ona görə ki, Musa müəllim atamın xahişi ilə orda üzünü dağlara tutub  bir bənd şeir deyir:

                                   Mənimlə üz-üzə dağlar dayanır,
                                   Görən o ağaran quzey qarımı?!
                                   Burda gün altında bədənim yanır,
                                   Orda qar üşüdür baxışlarımı...

   Mənə görə o videoyazının ən maraqlı yeri, necə deyərlər “kulminasiya nöqtəsi” buradı...
   Xudahafizləşəndəsə Musa müəllim Ülvinin ad gününü təbrik edir və arzularını çatdırır:
   -O uşaq da böyüsün, böyüsün, böyüsün, toyun görəsiz...
                                                           *          *          *
   Ülvi artıq ikinci sinif şagirdidi. Bir az da böyüsün, hər dəfə o videoyazıya baxanda özünə “hədiyyə olunmuş” bir bəndi dinləyib uçmağa qanad axtaracaq. Musa Yaqubdan aldığı “ad günü hədiyyəsini” inanıram ki, ömrü boyu yadigar saxlayacaq: nə cibində, nə evdə - ürəyində...

Комментариев нет:

Отправить комментарий