04.07.2012

Poz bu sukutu

 Ziba Xəlil

Elçin Mirzəbəylinin “Poz bu sukutu kitabına

Haray çəkib sukunətin üstünə.
Salıb kitabına yaz bu sukutu.
Səssizliyin acığına, qəsdinə.
Kimsəni  dinləmə poz sukutu.

Sukut etirazın  bir əlaməti.
Bəzən sözdən artıq deyər niyyəti.
Zamanı  gələndə bəşəriyyəti.
Silkələ təkindən poz bu sukutu.

Gülənə yoldaşlıq eləmək üçün.
Dərdliyə təsəlli söyləmək üçün.
İlahi dualar diləmək üçün.
Üz tutub Tanrıya poz bu sukutu.

Çox gördün  hədərə “kəsik başları”.
Düşmənə satıldı  öz qardaşları.
Töküb ətəyindən bütün daşları.
Təzə daş yığmağçun poz bu sukutu.

Nə qədər yazan var, mənasız, hədər.
Şeirinlə ovqata  sərinlik  gələr.
Bu qədər suskunluq deyilmi yetər?!
İşə sal qələmi, poz bu sukutu.
                (Necə ki, pozdu...)

24 saatdan çox

Gərgin  bir günün  yorğun yaz axşamı
Hər şey öz yerində sanki
Mənə nə
Dünya  suçlu
Bürkü darıxmağa bəhanə
Sərin, sənli  günlərdən ötrü
Səsini duymayalı 24 saatdan çox
Kimsəylə kəlmə kəsmək istəyi yox
Sukut  ən anlayışlı həmdəm
Sukut həm də sən
Fikirləri səhmana salmağa  güç yox
Səliqəsiz yaşamaq olmasa da mənə görə
Hər şey hədərə
İnternetdə ən maraqlı , şok xəbər belə mənasız
Hə nə olsun
Dünya  dağılsın
Səsini duymayalı  24 saatdan çox
Küçələrdən maşınlar evlərinə tələsir
Sevgili, sevgisiz
Kimi arzulanan yerə tələsir
Kimi  məcbur, nagöül
Amma gedir
Sənsə yox
Bu azmış belə
Səsini duymyalı  24 saadan çox
Cümlə hisslər beyindən sənə qarşı hucuma hazır
Qəlb güclə tutur
Qırğınlıq, acıq, küs
Adı belə olmayan hiss
Bütün istəklərə qarşı gəlmək mümkün
Fikir hucumuna qarşı yox
Səsini 
duymayalı 24 saatdan çox
Əfkar durulaşdırıcı məhlul bulmalı
Səbir, səbir, dözməli , durmalı
Yuxu da xəsis
Sənsiz
Başıma heç nə batmır
Zəng etsəm
Nifrət etdiyim bir  səs
“Bu nömrəyə zəng çatmır...”

Qısqan məni

Qısqan məni, necə belə qısqanırsan.
Yenə qısqan!
Yerə, göyə, çiçəklərə
Səhər, axşam, gündüz, gecə.
Qısqan məni  bax beləcə.
Yad baxışlar üzərimə sancılanda,
                                     kövrələndə, ağlayanda.
Göz  yaşıma qısqan məni.
Rəfiqəmə, yoldaşıma qısqan məni.
On dörd gecəlik hər aya,
                bahar, payıza, bu yaya.
Göydən leysan tökümünə qısqan məni.
Dünənimə,
                   bu günümə qısqan məni.
Bu qısqanclıq hərdən məni  bezdirsə də.
Hərdən inciyib küssəmdə -
 Mənə baxma –
                         yenə qısqan!
Bəlkə də mən eqoistəm -
                                           özün söylə.
Mən səni  çox qısqanmayım səbəb vermə.
Mən səni çox istəyirəm, elə bilmə.
Qısqan məni.
Yazdığım şeirlərimə,
                         beynimdəki  fkirlərə  qısqan məni!
Oxuduğum kitablara,
                          baxdığım filimlərə qısqan məni.
Bilirəm ki, sən beləsən-
                               yenə, yenə istəyirəm.
Dilindən çıxan sözünə
Üzümə yenik üzünə
Mənə dikilən gözünə
Hətta belə öz-özünə qısqan məni.
Qısqan məni!!!

Ögey şəhər

                                               Küsmüşəm bu şəhərdən!
Bu dənizdən, küçələrdən.
Doğmasını  ögey edən bu şəhərdə
                              tanımaz məni bir nəfər .
Arxamca daş-çınqıl yağır,
                                    yola salır məni şəhər.

Gedirəm
 Arxamda toz dumanı  içrə olan
                                         qaynar qazan buraxıb.
Köhnə tikililərini  insanları tək
dağıdan,  sökən qoyub gedirəm.
Bu şəhərə mən nənəmin cəhrəsini
Anamın nehrəsini  sındırıb gəlmişdim..
Rəngli  xəyallar,
                 böyük arzular,
                                      ulu amallar dalınca.
İnsan qiymətini azaldan şəhər!
İnsan qururunu alçaldan şəhər,
Səni  gecə tərk edirəm.
Günəş  Xəzərin çirkli sularından boylanmamış.
Görməsin yaşlı  gözümü tozla oyanmış səhər,
Arxamca daş-çınqıl yağır,
                                             yola salır məni şəhər.

Bu  şəhəri  sakit bilmə paklığdan heçnə saxlamır.
Soyundurur, bulandırır,
                                               külün içində yandırır.
Codlaşdırır,  yadlaşdırır.
 Səni özünə qandırır,
                                       düzlüyünə inandırır. 
Gec  anladım.
Demə paklıq , təmiz saflıq o nənəmin cəhrəsində.
 O anamın nehrəsində mövcud imiş-
                                                    bilməmişəm.
 Sizlik işim yox demişəm.
Gedim tapım yapışdırım.
                                  o cəhrəni , o nehrəni.
Çilik –çilik gəncliyimi,
                            o hüzuru, dincliyimi...

Mən gedirəm, artıq yetər!
 Əlvida belə demədən .
Danışmıram,
  dindirməyin, boğazımı tutub qəhər.
Arxamca daş-çınqıl yağır.
Yola salır məni  şəhər...

Bəla

Acısı içini göynədər.
Siyirib ata  bilməzsən.
Şirini qəlbini kövrəldər.
Özünü saxlaya bilməzsən.
Tərifi  dünyanın xoşbəxti edər.
Göylərə qaldırar.
Tənqidi  kal  əzgil kimi ruhunu büzüşdürər.
 Yerin altına soxar.
Varlığı – qazanılmış qayğı sindromu.
Dərd  okeanı.
Yoxluğu -cəza.
Tapmaca deyil bu.
Baladı, bala.
Allhdan gəlmiş, qarından çıxmış bəla.

Həyat  toru
               
Güllərin üstündəki  kəpənəkləri uçurub
Tor corablardan düzəltdiyimiz həlqələrlə tutarkən
Ağlımızdan da keçməzdi , anlamazdıq o zaman
Özümüzün  həyatın   sehirli  toruna düşdüyümüzü.
Kəpənəkləri  saxlamaq üçün onları şəffaf  bankalara qoyardıq.
Kəpənəklər  xiffətdən saralıb, solub quruyardılar.
Biz də dünya adlı bankada, zaman vaakumunda
Saralıb, solub quruyur,
Qonaq olduğumuz dünyadan
Ölüm deyilən əbədi  həyata  doğru gedirik  hiss etmədən...

Комментариев нет:

Отправить комментарий