09.07.2012

Dəyişən zövqlər və ya “ən yaxşı oğlan”

İlham Quliyev


İnsanlarımızın neçə deqradasiya etdiyini, zövqlərimizin necə dəyişdiyini hər gün sosial şəbəkələr vasitəsilə bir daha görürük.
Bu günlərdə Facebook sosial şəbəkəsində müasir bakılı oğlan və qızların müəyyənləşdirilməsi ilə bağlı keçirilən sorğunun nəticələri də bizi ciddi nəticələr çıxarmağa sövq edir.
Məsələ burasındadır ki, müasir bakılı müsabiqəsinin qalibi olan oğlanın geyim stili, istifadə etdiyi aksesuarlar yumşaq desək indiyədək Azərbaycanda o qədər də yaxşı qəbul edilməyib. Xüsusilə də onun əlində tutduğu çanta diqqəti cəlb edir. Hansı ki, bu cür çantalardan bizdə daha çox qadınlar istifadə edir.
Kimsənin şəxsiyyətinə toxunmaq niyyətində olmadığımızı vurğulamaqla qeyd edək ki, müsabiqənin qalibinin təmsil etdiyi oğlanın geyim stilindən indiyədək daha çox cinsi azlıqlar istifadə edirdilər.

Özü də nəzərə almaq lazımdır ki, müsabiqənin qalibi bakılıların təmsilçisi kimi təqdim olunur. Bakılılar bu günəmi qaldılar?
Əlbəttə, dünya qloballaşır və dünyanın müasir, inkişaf edən ölkələrində cərəyan edən proseslərdən yan qaçmağımız mümkün deyil. İnternet, ölkəmizdə yayımlanan çoxsaylı xarici telekanallar zövqlərimizə də təsir edir. Amma bu dəyişiklik tədricən olmalıdır.
Tutaq ki, 20 il əvvəl aerodrom kepkalı Balaqədeşin təmsil etdiyi bakılıları bu gün müsabiqənin qalibi olmuş gənclər əvəz edirsə, demək, keçid çox kəskin olub.
Bu müsabiqənin nəticələri bizi bir sıra nəticələr çıxarmağa da sövq edir. Belə çıxır ki, qlobal dünyanın təsir vasitələri, internet, televiziyalar bizim cəmiyyətimizə çox sürətlə təsir etməkdədirlər.
Analoji olaraq bu təsirlər milli-mənəvi dəyərlərimizi də ciddi şəkildə təsir altına salır. Obrazlı desək, “bizi biz olmaqdan çıxarır”.
İnsafla deyin, kim bu müsabiqənin qalibi olan oğlanın fotosuna baxanda onun bakılı olduğunu zənn edə bilər. Bu oğlanı olsa-olsa, Avropanın hansısa ölkəsində yaşayan Cənubi Amerika əsilli biri hesab etmək olar.
İkincisi, ortaya çıxan nəticə göstərir ki, cəmiyyətmizdə kişilik dəyərlərinin sürətlə aşınması prosesi getməkdədir. Bu proses mənəvi anlamda çoxdan başlayıb. Hətta “əsl kişilər 41-45-də öldülər” kimi tez-tez işlədilən zaraftımız da var.
İndi isə kişiliyin fiziki dəyərləri aşınır. Kişilərin sırğa vurması, qadınlar kimi qaşlarını alması, çanta gəzdirmələri adiləşir. Əgər əvvəllər bu kimi şeylərdən daha çox şou-biznesdəki oğlanlarımız istifadə edirdilərsə, indi yetişməkdə olan gəncliyin adi təmsilçiləri də bu yola baş vururlar.
Yəni əvvəllər əsasən qadınlara xas olan adətlər indi artıq gənc oğlanlar üçün də məqbul hesab edilir.
Bəlkə də kimlərsə bunun qarşısıalınmaz proses olduğunu düşünə, mövzunu problem kimi təqdim etməyimizin əleyhinə çıxa bilərlər.
Əlbəttə, azad cəmiyyətlərdə insanlara geyimlərini seçməkdə, stillərini müəyyənləşdirməkdə azadlıq verilməlidir. Razılaşmamaq mümkün deyil. Amma bu yazıya söhbət kiminsə qadınsayağı geyinməsindən deyil, sosial şəbəkədə keçirilən müsabiqədə bu cür geyinən birinin ən müasir və dəblə geyinən bakılı seçilməsindən gedir.
Narahatlıq doğuran budur! Narahatlıq doğuran bizə yad olan dəyərlərin milli dəyərlərimizi üstələməsidir. Bir də nəzərə almaq lazımdır ki, cəmiyyətin sağlamlığının qorunması, nəsillər arasındakı balansın saxlanılması üçün bu cür hallar heç də arzuolunan deyil.
Bunun ciddiliyini qəbul etmək üçün toxunduğumuz məsələ ilə bağlı sosial şəbəkələrdə, müxtəlif saytların səhifələrində gedən müzakirələrin mətni ilə tanış olmaq kifayətdir. İnsanlar, xüsusilə də düşüncə imkanları geniş olanlar ortaya çıxan nəticələrdən narahatdırlar.


gun.az

Комментариев нет:

Отправить комментарий