08.07.2012

Hicran məngənəsi qəlbimi sıxsa

Tərlan Saleh

Dönmüşük fəsillərə

Yenə külək sovurur
vaxtımızı yellərə...
Özümüz də bilmədən
əsir düşdük illərə...

Aylar, günlər, həftələr,
saçımıza qar ələr...
Məcnuntək gözə gələr,
eşqim düşər çöllərə...


Günəş düşüb dumana,
ömür sığmır zamana...
Nə söyləyim gümana,
gələcək nəsillərə...

Qış-anamın saçları,
payız-eşqimin barı,
bahar-yarın ilqarı,
dönmüşük fəsillərə...

Yox deyəndə mən

Baba Vəziroğluna nəzirə

Bu necə əzabdı, bu necə zillət,
sənin tamaşana dururdu millət,
dedin “bircə kərə başını yellət”,
dilim quruyaydı “yox” deyəndə mən...

Sən qəlbimdə idin, qəlbim də səndə,
ruhunu görərdim dumanda, çəndə,
görüşdük buluddan qar ələnəndə,
dilim quruyaydı “yox” deyəndə mən...

Çəməndə, çiçəkdə izlərimiz var,
həsrətlə boylanan gözlərimiz var,
neçə deyilməmiş sözlərimiz var,
dilim quruyaydı “yox” deyəndə mən...

Burda nə günahı bədxahın, bədin,
yazısı beləymiş qədər-qismətin,
məndən son məktuba cavab istədin,
dilim quruyaydı “yox” deyəndə mən...

Eşq sınağa çəkdi, yaman əyildim,
dəmirtək pasımdan özüm yeyildim,
mən ki bu sevdadan dönən deyildim,
dilim quruyaydı “yox” deyəndə mən...

Bəxt öz karvanından dala düşəndə,
bülbül gülzarından kola düşəndə,
elçilər düzəlib yola düşəndə,
dilim quruyaydı “yox” deyəndə mən...

Ağlamaq

Bulud Günəşin yolunu
haçanadək bağlayar?!
İşıq kəsən, yol bağlayan
sonda özü ağlayar...
Ağlamaq etirafdı...

Nə qalacaq bu yurddan
hərə bir cür böləndə?!
El qurtular əlindən
namərd kəslər öləndə...
Ağlamaq da hayıfdı...

Qabağında

Yüz dəfə ağlasam bircə dəfə bax,
birin naz eyləsin yüz qabağında...
Qəlbimi doğrayıb çəksən də şişə,
kabab neyləyəcək köz qabağında?!

Baxışım üzündə nura qarışar,
vəsfində ozanlar sazla yarışar...
Tək bir sözünlə ellər barışar,
fatehlər baş əyər söz qabağında...

Baxtın zəlzələsi taxtımı yıxsa,
hicran məngənəsi qəlbimi sıxsa,
sevgiyə səadət kitabı çıxsa,
Tərlan, əksin olar üz qabığında...

Yol gedir dünya

Yaxşının içində yaman,
şübhənin içində güman,
kəssə də yolunu duman,
yol gedir dünya...

Bir əbədiyyət yaşında,
cavanlıq eşqi başında,
qara dəyirman daşında
yol gedir dünya...

Dünəni var, bu günü var,
öz səsi var, öz ünü var,
bağlanır bütün qapılar,
yol gedir dünya...

Ömrümün ilk baharıdır,
vurulub, Günəş yarıdır,
işıqfor yaşıl-sarıdır,
yol gedir dünya...

Xoş günündə,bəd günündə
öz yeri var böyüyün də...
Ağsaqqalın öyüdündə
yol gedir dünya...

Qocalar demi eşəndə,
çəlikləri görüşəndə...
Üçayaqlı yerişində
yol gedir dünya...

Dünyanın savaş yarası,
nənəmin türkəçarəsi...
Gəlir yenə ayaq səsi,
yol gedir dünya...

İşindədir xəlbir-ələk,
bizi də ələyər fələk,
yolçu öz yolunda gərək,
yol gedir dünya...

Heç boşalan, dolan deyil,
çərxi xarab olan deyil...
Öz yolundan qalan deyil,
yol gedir dünya...

Комментариев нет:

Отправить комментарий