04.07.2012

Qarışıq vətəndaşlar, bəndə soydaşlar

Sayman Aruz


Mən güclüyəm, ona görə də düşmənim yoxdur


Keçən həftə AYB-nin Natəvan klubunda, dostlarımın birinin tədbirində mənə də söz verdilər ki, Güney Azərbaycan şöbəsinin müdiri kimi Güneylə bağlı öz fikirlərimi söyləyim. Elə o tədbirdə baş verən hadisələr də bu köşəni yazmağım üçün tutarlı bir səbəb oldu.
Mən İran ərazisində olan güneylilərimizin həqiqi durumu haqda danışmağa başladım. Dedim ki, biz hələ də güneyli soydaşlarımızın içində, tam olaraq milli birliyi yarada bilməmişik, elə ona görə də 40 milyon azərbaycanlı demək olar ki, millət kimi formalaşa bilməyib və onlardan bir çoxu molla hakimiyyətinə xidmət edir”. Dedim ki, biz çalışmalıyıq onların içində milli və mədəni dəyərlərimizi təbliğ edək və onları Azərbaycanımızın dövlətçiliyi ətrafında cəmləşdirək.

Dedim: ”Mənim fikrimcə nə qədər ki, insanlar öz milli kimlik və milli varlıqlarına biganədirlər, o qədər də kölə qalacaqlar. Quzey Azərbaycan vətəndaşları elə o fars köləsı olan güneyli “soydaş”larımızın əlində əsirdirlər. Biz onları oyada bilsəydik, onlar bilərdilər ki, həbs etdikləri gənclər onların öz soydaşıdır və onların özü kimi azərbaycanlı qanını daşıyırlar. Bax elə ona görə də İranda yaşayan soydaşlarımızı öz milli kimliklərinə biganə saxlayırlar. Ümmətçiliyi millətçiliyin qarşısına qoyub milləti bəndə eləməyə çalışırlar. Söhbətimin bu yerində, bir xanım ayağa qalxıb icazə almadan və tərbiyəsizcəsinə bağıra-bağıra şantaj xarakterli sözlərlə dedi:
“Yox, sən özün farssan. Təbrizdə farslar uşaqları tutublar. Təbrizlilərin hamısı oyaqdı. Sən farsları müdafiə edirsən, fars düşməndi. Sən özün farssan!”. Onu da xatırladım ki, 3-cü dəfə idi ki, o xanım müxtəlif yollarla məni şantaj eləməyə çalışırdı. 
Əslində teokratiya və din kölə və bəndə yaratmaq üçündür. Hakimiyyətlərə kölə və bəndə xalq daha çox sərf edir. Ona görə də heç bir hakimiyyət xüsusilə də Şərqdə dinə qarşı heç bir addım atmır və atmayacaq da. Necə ki, sovetlər sosializmə əsaslanaraq rus imperiyasının əsasını qoydular. Necə ki, Amerika demokratiya adı altında dünyanı fəth eləməyə qalxıb, eləcə də vaxtı ilə din adı altında insanların beyni və ərazilərini fəth etdilər. Əslində Amerika-İran müharibəsi xalqların müharibəsi deyil, bəlkə iki imperiya ideologiyasının qarşılaşdığı yerdir. Təbii ki, qalib gələn hakimiyyətlərin hansısa biri, uduzansa həmişəki kimi xalq olacaq. Güneydə insanların beynini fəth eləyiblər. Yalan yalandır, istəyir yekə yalan olsun, istər kiçik yalan. Eləcə də kimin qabağında əyilib-qalxmağın da fərq etmir. Kölə kölədir, istər hakimiyyət köləsi, istər teokratiyanın köləsi. Xalqı canlandırmaq üçün güclü mədəni-ədəbi iş aparmaq lazımdır. Xəstə öz xəstəliyini boynuna almasa, ona necə dərman eləmək olar? İlk öncə gərək problem və xəstəliyin nə olduğunu anlayasan, sonra isə dərman eləmək çox asan olacaq.
Mən ona təəssüflənirəm ki, öz içimizdə olan qarışıq insanlar bizi millət olaraq formalaşmağa qoymurlar. Mənim düşmən kəlməsinin özü ilə problemim var. Xalqın xalqla düşmənçiliyi yoxdur. Həmişə zəif insanlar və zəif xalqlar özlərinə bəraət qazandırmaq üçün bu kəlmədən istifadə edərlər. Əslində həqiqi düşməni öz içimizdə axtarmalıyıq. Erməni, rus və farsı bilərək, ya bilməyərəkdən təbliğ edən və milli insanların yolunu kəsən hər bir qarışıq insan düşmən, o da ən ucuz variantından sayıla bilər. Həmişə demişəm, yenə də deyirəm ki, bizim düşmənimiz öz millətimizin cəhli və içimizdə olan qarışıqlardılar.
Güneydə bizə işgəncə verən, zindana salan, basqı altında saxlayanlar elə, özümüzdən olan satılmışlardır.
Həqiqət acı olsa da deyilməlidir. Bir olmayan xalq güclü ola bilməz, ona görə də hamıya düşmən gözündə baxar. Güclü insan və güclü xalqın düşməni yox, rəqibi olar. Rəqiblərimizi “kontrol” eləməyə çalışmalıyıq. Bütün xalqlar inkişaf və böyümək üçün çalışırlar, döyüşürlər və bu yolda min bir yola da əl atırlar. Biz həmişə deyirik ki, güclü və qədim millətik. Türk millətinin qəhrəmanlığı, mədəniyyəti və imperiyalarından danışırıq. Mənim özümün şəxsən düşmənim yoxdur, hətta bu qarışıq millətdən olan xanıma da düşmən gözüylə baxmıram. Mən güclüyəm, ona görə də düşmənim yoxdur.


kulis.az

Комментариев нет:

Отправить комментарий